Taleh Eminoğlunun şeirləri

 

Taleh Eminoğlu 1992-ci ildə Bakıda doğulub. 32 saylı tam orta məktəbi bitirib.

 

Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərmiş Yaradıcılıq fakültəsinin məzunudur. Üç ilə yaxındır dövri mətbuatda ədəbi saytlarda şeirləri, tərcümələri ilə çıxış edir.

 

Hazırda Azərbaycan Yaradıcılıq Fondunda çalışır. Multikulturalizmjurnalının məsul katibidir.

 

Payız

 

Nərmin üçün

 

külək saçlarımızı dağıdıb

                    paltarımızdan dartıb

                       tıqqıldadıb pəncərəmizi

- payız gəldi - deyir

yağış ona inanmayanları qovur küçələrdən

eynəyimdəki damcılara sığan adamlar

hər göz qırpımında bir-bir

                      iki-iki yox olur səkilərdən

yarpaqlar yaşıllığını itirib ölür

quşlar qanadlarını götürüb

                     uçur məmləkətimdən

günəş saçını hörür

        

başlayır ömrümdə sənin sərçəlik dövrün

 

Çarpayı

 

öncə çəkilir pərdə

gözünü yumur pəncərə

otaq tutur nəfəsini

paltarlar soyunulub

            bir-bir düşdükcə yerə

 

yenə yata bilmir

gözünə getmir yuxu

bu gecə deyinir

çarpayısı qonşunun

 

bu son olsun, son

Cem Karacaya

 

Satılmasın oyuncaq dükanlarında

donuq üzlü əsgərlər

  əjdaha ağızlı toplar

     kəpənək qanadlı təyyarələr

kimsə evindən uzaqda

bir gün kəsiləcək ağac

 quruyacaq çay üçün ölməsin

uşaqlar atalarını sınıq kuklalar kimi

əlsiz

       ayaqsız görməsin

günəşlə

 dənizlə

       küləklə oynasın uşaqlar

biz çağırmayaq

ölüm özü gəlsin

 

Ay altında düşüncə

 

bu gecə çox yorğunam

ölümü gözləyən bir halım var

göy üzündə ay da yorğun

onu bilmirəm

məni yoran zalım var

 

baxışlarım divarda

xəyallarım kim bilir hardadı

heç kim toxunmasın

səsləməsin

belə daha yaxşıdı

 

o qədər yorğunam ki

unutmuşam hamını

gözü açıq ölənlərdən fərqim

ancaq baxışlarımdı

 

məni yoran zalım - mənəm

sadəcə yaşamaq istədim

əlimdə tək ümid var

həyat sükut kimidi

səs salsam pozacağımdan qorxuram

 

Gülümsəyin

 

Denize, Yusufa, Hüseyne

 

asacaqlar bizi

bar verəcək yenə

çiçəyi heç solmayan dar ağacları

gülümsəyin

nağıllardakı üç alma kimi

sevəcək bizi

 bizi asanların uşaqları

gülümsəyin

indi azadlıq

  səmanın

  dənizin mavisi

bir sübh çağı sıxılarkən boğazımızda kəndir

gözlərimizingünaydın dünyademəsi

 

yol

 

mənim evimə gələn əyri yol

 kimin evindən başlayır görən

Evimin çürümüş taxta qapısı

 Kimin qapısına oxşayır görən

qar

 

qar yağdı

qondu sərçə kimi

ağaca

 səkiyə

  eyvanıma

əridi

yox oldu

uşaqlığımız kimi

 bir göz qırpımında

 

iki qapı arasında

 

ayaqlarım yer üzünə

əllərim göy üzünə

mismarlanıb elə bil

  qopuram göydən

  yerə hopuram

çəkilmişəm tarıma

yerlə göy arasında

ayaq izim

 əl izim

  tanrı qapılarında

yer qapını döyürəm

 göy qapını döyürəm

açan yoxdu

 açan yox

səs gəlir

  hənir

gizlincə baxan yox

 

çiyələk

 

çiyələk var

 çiyələk var

- küçə satıcısı bağırır

arxasınca bir əl arabası

 qadın dodaqları aparır

 

alça

 

gözünü yumur

 dişini qıcayır

  üzünü yana çevirir

piştaxtada alça görən qadın

ərinin söyüşünü bədənində

 yumruğunu başında

       şərab qoxusunu üzündə hiss edir

 

çörək

 

yaşıl yarpağı yeyir yaşıl qurd

çörək doğrayanda barmağını kəsən

qadın kimi

sızlayır ağac - səssizcə

uşaqlar çörək gözləyir

dözmək gərək ağrıya

eynən o qadın kimi

saat

 

biləklərimizdən

 divarlarımızdan

  masalarımızdan

bizə baxır təpəgöz

o elə bir düşməndi ki

ox batmaz

 qılınc kəsməz

  yetməz söz

biz onun zindanında

biz onun qulu

bu zindandan

olmadı

 olmur

  olmayacaq çıxış yolu

ölüm belə azadlığa çıxarmır

bizdən sonra bizsizliyin

saniyəsini

 dəqiqəsini

  saatını

gününü

 ayını

  ilini

sayır doğmalar

dost görünür

dost deyirik

düşmən çıxır saatlar

 

körpə yuxusu

 

balaca Süleymana

 

pişiklər yatmaq üçün

 yer axtarır yenə

addım addım çəkilir

 səkilərdən adamlar

ay nənələrindən

 nağıl eşitmək üçün

yavaş yavaş toplanır

 ətrafına ulduzlar

 

indi sonuncu quş da

 uçur öz yuvasına

iştahla baxır tırtıl

 sabah yemi olacaq

 təzə yaşıl yarpağa

 

otlar layla söyləyir

 dağlarsa keşiyində

yorğun torpaq da yatır

 yer adlı beşiyində

 

kabus

 

evinizin qapısını bağlasanız da

 örtsəniz pəncərəni

 pərdəni çəksəniz

 yandırsanız da gecə lampasını

uşaqlar müharibəni yuxuda görür

 onlar alınlarında ana öpüşü

 üzlərində ata nəfəsi

 qucaqlarında oyuncaq

şirin yuxuda ölür

 

Taleh EMİNOĞLU

 

525-ci qəzet 2017.- 11 noyabr.- S.23.