Uzun illər zəhmətinin apogeyi
Telman ORUCOV
Şəxsiyyətinə
hörmət bəslədiyim, ədəbi
yaradıcılığını (jurnalist fəaliyətini də
bura daxil edirəm)
lap çoxdan böyük maraqla izlədiyim Əli
İldırımoğlunu öz yaxınları, dostları və pərəstişkarları
yaxınlaşan yubileyi münasibəti ilə təbrik edirlər
və mən də bu sevincli hisslərdən kənarda qalmaq
istəməzdim.
Yubilyara ən xoş sözlər ünvanlanır, onlar
həqiqəti ifadə etdikdə isə, paxılların
münasibətinin izləri də bu qiymətə elə bir təsir
göstərə bilmir. Təbiət mənzərəsinin gözəlliyi
ona laqeydlik göstərənlərin hisslərindən
heç də yara almır, çünki bu gözəlliyi ən
mahir rəssam - təbiətin özü
yaratmışdır. Yaradıcı
insanların da həyatı daim müşahidə altında
olur, ona rəğbət bəsləyənlər, hətta pərəstiş
edənlər olduğu halda, onların sayının
çoxluğu qarşısında tək-tək bəyənməmək,
qəbul etməmək və ya inkar halları əslində,
elə bir əhəmiyyət kəsb etmir. Axı zövqləri bir universal nəcib qəlibə
salmaq da mümkün deyildir. Bəsit, vulqar zövqlər
yalnız öz xüsusiyyətinə uyğun olanları məqbul
dəyərlər cədvəlinə daxil edir (Şekspir
“yaddaş cədvəli” ifadəsini işlədirdi) və
layiq hesab etmədiklərini isə özlərinin aqnostika məhbəsində “cəza çəkməyə”
göndərirlər.
Əli
İldırımoğlu jurnalistikanın dərəli-təpəli
yolu ilə uzun müddət addımlayıb, yaxşı ad
qazandıqdan sonra ədəbi yaradıcılığa
keçmiş və artıq
yazıçı şöhrətinin şərəfli
daşıyıcısına çevrilmişdir. Onu həm yazıçı, həm də jurnalist
adlandırılar. Bu titullar onun adı yanında təbii səslənir.
Lakin mən
onu bütövlükdə “ədəbi istedad sahəsinin zəhmətkeşi”
adlandırardım. İnadkar zəhməti
hesabına onun istedadı uzun müddət ərzində
çiçəklənməkdə, bar verməkdə davam
edir və onun bu sahədəki məhsuldarlığına isə
hətta cavan ədiblər də həsəd apara bilərlər.
Son 25 ildə o, bir-birinin ardınca çox sayda
romanlarını və povestlərini çap etdirmişdir.
Persiyanın
Persepolisdəki (Bisütun dağındakı) Nəqşi-Rüstəmdə
çar I Daranın sərdabəsi üzərində
yazılmışdı ki, Allah ona iki xüsusi keyfiyyət -müdriklik və fəallıq
vermişdir. Əli
İldırımoğlu isə bu keyfiyyətlərlə
yanaşı, həm də zəngin bədii təxəyyülə
malikdir. Trubadurlar Orta əsrlərdə poeziyaya canlı hisslər
axını gətirdiyi kimi,
Əli müəllim də
ölkəmizdə mövcud olan kənd nəsrinə
yeni hava, yeni nəfəs gətirmişdir. Onun romanlarında kənd
həyatının
isti, doğma nəfəsini hiss edirsən. Orada təsvir
edilən obrazlar bizi patriarxal, ancaq saf mənəviyyatla
qidalanmış cəmiyyətin qaydalarını, orada baş
verən hadisələri duymaq, təhlil etmək və qiymətləndirmək
məkanına istiqamətləndirir. Onun öz rəncbər
atası haqqındakı hekayəti mərdlik rəmzi sayılan əyalətdə
yaşayan kəndli kişilərin ümumi obrazını əks
etdirən abidəyə bənzəyir.
Bu abidə əsl ehtiram obyekti olduğundan, hətta
zamanın dağıdıcı təsirinə məruz qalsa
da, öz kristallığını, qranitliyini qoruyub
saxlayır, keçmişdən boylansa da, bizim mənəviyyat
dünyamıza işıq salan ulduza bənzəyir. Yazıçı heç də mumiyalar sərgisi təşkil
etmək mqəsədini güdmür, canlı, ölməz
obrazlar qalereyası yaratmaq qayğısına qalır və
buna əsasən nail olur.
Əli İldırımoğlu haqqında çoxlu
elmi, təhlili məqalələr yazılmış, onun
yaradıcılığı diqqətdən kənarda
qalmamışdır. Oxucuları arasında isə xalq kütləsindən
olanlar, sadə insanlar çoxluq təşkil edir. Onlar bu kitablardan
öz ata-babalarının bəlkə də yaddaşlardan
silinməyə üz qoyan xatirələrini axtarır və
onları tapdıqda müəllifə rəğbətlə dolu hisslər
bəsləyirlər.
XIV əsrdə
yazıb, yaratmış və Renessansa öz əsərləri
ilə cığır açan böyük italyan şairi
Petrarkanı Aristoteli öyrənənlər bəyənməyib,
onu “yaxşı adam..., ancaq savadsız və
faktiki olaraq səfeh adlandırırdılar”. Petrarkanın
yeganə günahı
onda idi ki, o, Aristotelə aid edilənlərdən
daha çox, məsləkinə yaxın olan
xristianlığın doqmatlarına, müddəalarına
inanırdı. Petrarkanı həmin təhqir edənlər toza çevrilmişlər, dahi
şair isə artıq yeddi əsrdir ki, minnətdar oxucularının
könlünə hakim kəsilməkdə davam edir.
Kənd
prozasının nümunələrinə ağız büzənlər
də vardır,
özünü “müasir” hesab edən bu adamlar əcdadlarının
adətlərinə, ənənələrinə də
laqeydliklə, bəzən hətta istehza ilə yanaşdıqlarından Əli
İldırımoğlunun romanlarına da arxaik həyat tərzinin
təbliğ vasitəsi kimi baxırlar. Böyük rus yazıçısı
A.İ.Gertsen yazırdı ki, “Ruslar
hıçqıranda turş kələm iyi verir”, bizim
kökünə naxələf çıxan, millətin
“çürük dişini” andıran bəzi
adamlarımız isə gəyirəndə
ağızlarından şotland viskisi iyinin gəlməsi ilə
qürrələnirlər. Hansısa kiçik
bir budaq quruyursa, günahı ağacın kökündə
axtarmaq ağılsızlıqdır. Yazıçının
əsərləri isə bizə, xüsusən Şərq
xalqlarına xas olan bir qaydanı - nəslin mənşəyinə,
əcdadlara böyük hörmət bəsləmək
lüzumunu təlqin edir. Əgər millət
yaşayırsa, onun əcdadları da, ənənələri
də yaşayır
və onlar heç də unutqanlıq dənizinin
dibində qərar tutmamalıdır.
Psevdomüasirlik adətən tez sıradan
çıxır, tarix isə özünün mütləq
üstünlüyünü qoruyub saxlayır.
Əli
İldırımoğlu yaradıcılığında olduğu kimi, həyata bəslədiyi
münasibətdə də öz riqorizmi ilə seçilir. Onun inamı sarsılmazlıq mineralını yada
salır və bu keyfiyyətində o, Babil qülləsi
qurcularının cəsarətini xatırladır. O,
doğma xalqına xəyanət etmiş qonşu etnosdan
olanların nankorluğuna dözə bilmir, erməni qatı
millətçilərini real faktlar əsasında ifşa edir.
Axı onlar yazıçı hələ
uşaq olarkən, onun doğma kəndini
yandırmışdılar. XX əsrin
sonunda isə bu azğınlıq daha böyük miqyas
almışdır. Yazıçı
torpaqlarımızın erməni işğalında
olmasını dözülməz bir hal kimi təsvir edir və bu ləkənin tezliklə silinəcəyinə
böyük ümid bəsləyir.
Əli
İldırımoğlu “inqilab” ruhu ilə yaşayan az saydakı fərdləri də qəbul etmir,
onlar hakimiyyəti ələ keçirmək xatirinə istənilən
əcnəbiyə qulluq göstərməyə, xalqı bir
daha ağır sınaqlara sövq etməyə
hazırdırlar. Bircə
şeydə təsəlli tapır ki, xalq bu saxta
“fırtına quşlarına” inanmır və onların
uydurma bəyanatlarını və
çağırışlarını ümidsizlikdən
yaranan haray kimi qəbul edir. Axı xalqımız ən
azı İslam dininə keçəndən sonra, hətta
yadlara da “salam” sözü, “sizə sülh olsun” diləyi
ilə müraciət edir. Ancaq bəzi adamlarımızın
bu müraciətə dirsək göstərməklə cavab
verməsi, dincliyi, sabitliyi qəbul etməməsi yazıçının səmimi kədərinə səbəb
olur.
Əli İldırımoğlu real həyat həqiqətlərini
təsvir edir. O, virtual aləmdə də nə
Dante kimi Beatriçaya, nə də Petrarka kimi Lauraya
vurulmamışdır. Onun pərəstiş mehrabı Azərbaycan kəndidir, onun
insanlarıdır. Kimsə onu köhnəliyə
pərəştişdə ittiham edə bilər, bu, daha
çox həmin adamın dar idrakından irəli gəlir,
onun qnoseoloji səhvi hesab edilməlidir.
Əli
İldırımoğlunun yubileyi əslində, onun ədəbi
yaradıcılığındakı zəfərinə həsr
olunmuşdur, bu yaradıcı insan ömrünün ixtiyar
çağında da yorulmaq bilmir, ən uca zirvələrə
dırmaşmaqda davam edir. Zirvəni fəth etməyə çalışanlar
isə öz məqsədlərinə heç vaxt xilaf
çıxmırlar. Yazıçı
bir əsrə yaxınlaşan illərlə vidalaşır,
ancaq onun öz apogeyinə çatan zəhmətinə qiymət
verdikdə, gərginliyinə, müəmmalarına görə
bu illərin əsrə bərabər olduğu qənaətinə
gəlirsən.
Yaşlı adamların nailiyyətlərindən
söhbət gedərkən, Şərq ölkələrində
uğurlu övladların, nəvələrin, nəticələrin
olması da onların aktivinə yazılır. Lakin unutmaq
olmaz ki, yaradıcı insanların öz qələminin
gücü ilə həyat enerjisi verdiyi övladları - qəhrəmanları
da mövcuddur. Balzak “İnsan komediyası”nda 3 min, Marsel
Prust yeddi seriya romanında 2 min, Mikelancelo Vatikanın Sikstin
kapellasındakı məşhur “Qiyamət günü”
freskasında 300 obraz yaratmışdır. Əli
İldırımoğlunun personajlarının sayı dəqiq
bilinməsə də, onlar ən azı iri bir türk
tayfasını təşkil edərdi. Bu
tayfa nə osmanlılar, nə də Əmir Teymur kimi hərbi
yürüşlər etməmiş, şəhərlər
almamış, ərazilər işğal etməmişdir.
Lakin bu tayfa daha böyük qələbəsi
ilə öyünə bilər - insan könülləri
adlanan hədsiz, hüdudsuz bir səltənəti fəth
etmişdir. Qoy, qocaman yazıçı
gizli bir ağrı ilə ötüb keçən
ömrünə nəzər salarkən, bu qalibiyyətli
ordusunun zəfərləri ilə iftixar hissi keçirdiyi
anları da unutmasın.
525-ci qəzet 2017.-
11 noyabr.- S.12.