Əşrəf akademik Əşrəf
Hüseynov
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
Ölkəmizin
elmi ictimaiyyəti müasir Azərbaycan riyaziyyat məktəbinin
yaradıcılarından biri, böyük elm və təhsil təşkilatçısı,
fizika-riyaziyyat elmləri doktoru, professor, əməkdar elm
xadimi, akademik Əşrəf İskəndər oğlu
Hüseynovun anadan olmasının 110 illiyini qeyd etməyə
hazırlaşır.
Onun tələbələrindən biri kimi hörmətli
müəllimimin əziz xatirəsini bir daha yad etmək və
“525-ci qəzet”in oxucularına bu böyük ziyalının həyatının
bəzi məqamları haqqında məlumat verməyi
özümə borc bildim.
Əşrəf
Hüseynov 1907-ci il sentyabrın 20-də Cəbrayıl
rayonunun Əmirvarlı kəndində İskəndər bəy və
Sara xanım Hüseynbəylilərin ailəsində
dünyaya gəlmişdir. O, beş
yaşında anasını, 12 yaşında isə
atasını itirdikdən sonra yaxın qohumlarının himayəsində
böyümüş, ilk təhsilini Füzuli rayonu kəndli
gənclər məktəbində almışdır. Qeyd etmək
lazımdır ki, ömrü boyu Əşrəf Hüseynovla
dostluq etmiş Azərbaycanın tanınmış alim və
ictimai xadimləri
Həsən Həsənov və Mehdi Mehdizadə də
sonralar həmin məktəbdə təhsil almışlar.
Əşrəf Hüseynov 1927-ci ildə Bakı Dövlət
Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil
olmuşdur. 1928-ci ildə hələ universitetin I kurs tələbəsi
ikən onu Bakı şəhərinin Lenin (Sabunçu)
rayonunda fəhlə-gənclər məktəbində dərs
deməyə dəvət edirlər. O, elə burada gələcək
həyat yoldaşı Nəsibə xanımla tanış
olur. Universitetdə təhsil alarkən, Azərbaycanın ilk ali məktəb müəllimlərindən
biri olan, professor Məmmədbəy Əfəndiyev ona dərs
demişdi. Valideynlərindən və ilk müəllimlərindən
mükəmməl tərbiyə dərsi almış
Əşrəf Hüseynov, elmin akademiklik zirvəsinə
çatanda belə, Məmmədbəyi görən kimi
ayağa durar, müəllimi onu oturmağa dəvət edənə
qədər əyləşməzdi. Bu
münasibət Məmmədbəy dünyasını dəyişənədək
davam etdi.
1931-ci ildə universiteti bitirdikdən sonra onu Azərbaycan
Neft İnstitutunun (İndiki Azərbaycan Neft və Sənaye
Universiteti) riyaziyyat kafedrasında assistent vəzifəsində
saxlayırlar.
İnstitutda oxuduğu illərdə Əşrəf
Hüseynov bəy ailəsindən olduğuna görə
çox təqib edilir, onun haqqında çoxlu sayda anonim məktublar
yazılırdı. 1931-ci ildə o, aspiranturaya qəbul
olunur və Azərbaycan SSR Maarif Nazirliyi tərəfindən
Moskvaya - Lomonosov adına Dövlət
Universitetinin Riyazi Tədqiqatlar İnstitutuna göndərilir.
İki il orada oxuduqdan sonra, yenə
yazışmalar başlayır və bəy nəslindən
olduğuna görə onu aspiranturadan çıxarırlar.
1935-ci ildə Əşrəf Hüseynov Dadaş
Bünyatzadənin qızı Nəsibə xanımla ailə
həyatı qurur. O zaman Nəsibə xanım Tibb İnstitutunun birinci kursunda oxuyurdu.
Dadaş
Bünyatzadə (1888-1938) Azərbaycanda Sovet Hakimiyyəti
qurulanda ilk maarif və dini etiqadlar naziri vəzifəsində
çalışmışdır. Daha sonra isə
Azərbaycan SSR Nazirlər Sovetinin Sədri vəzifəsində
işləmişdir. 1935-ci ildə
Dadaş Bünyatzadə həbs edilir və 1938-ci ildə
güllələnir. Bu səbəbdən
Nəsibə xanımı Tibb İnstitutundan xaric edirlər, həyat
yoldaşı Əşrəf Hüseynovu işdən
çıxarırlar və hökümət qərara gəlir
ki, onları Sibirə sürgün etsin. Əşrəfi
sorğu-suala çəkirlər. Sonralar
o, danışırdı ki, sorğu-suallar çox uzun
çəkirdi və qəbullarda çox gözləməli
olurdum. Ona görə özümlə
riyaziyyat kitabları və kağız qələm
götürüb elə orada mühazirələrə
hazırlaşırdım. Sən demə,
məni sorğu-suala çağıranlar bunu müşahidə
edir və təəccüblənirmişlər.
Həmin
dövrdə Əşrəf Hüseynovu yaxşı
tanıyan və Nazirlər Sovetinin Sədri vəzifəsində
işləyən Teymur Quliyev və Mərkəzi Komitənin
Katibi vəzifəsində işləyən Həsən Həsənov
Azərbaycan Kommunist Partiyası Mərkəzi komitəsinin
birinci katibi Mircəfər Bağırovun yanına gedirlər
və onu inandırmağa
çalışırlar ki, Əşrəfin böyük gələcəyi
var, riyaziyyatçı kimi o, Azərbaycana lazımdır. Mircəfər Bağırov deyir ki, yalnız bu
şərtlə Əşrəfi saxlamaq olar ki, həyat
yoldaşından ayrılsın. Bu zaman
Əşrəf müəllim ailə üzvləri ilə birlikdə
dəniz vağzalında Sibirə getmək üçün
öz növbələrini gözləyirdilər. Teymur
Quliyev Mircəfər Bağırovun fikrini Əşrəf Hüseynova deyəndə, o,
bildirir ki, mən haraya getsəm, Nəsibə ilə
olacağam. Teymur Quliyev onun fikrini Mircəfər
Bağırova çatdıranda, o, deyir ki, Əşrəf
Hüseynov kişi adamdır, onunla
işiniz olmasın. Bəli, həyatın
ağrı-acıları, təqiblər, heç bir əsası
olmayan yazı-pozular Əşrəf müəllimin
simasını, mənliyini, şəxsiyyətini, qürurunu,
onun çox ağır sanbalını sındıra bilmədi.
Ömrünün sonuna qədər o, öz
müdrikliyini, ləyaqətini, ziyalılığını,
bəyzadəliyini və nəhayət, böyük
insanlığını qoruyub saxlaya bildi.
Onu sakit buraxdıqdan sonra Nəsibə xanımı
instituta bərpa edirlər, Əşrəf isə Moskvaya elmi
işini davam etdirməyə gedir. Əşrəf Hüseynov 1940-cı
ildə Moskva Dövlət Universitetinin elmi şurasında
görkəmli riyaziyyatçı A. A. Buxştabın rəhbərliyi
ilə “Potensiallar nəzəriyyəsinin bir məsələsinə
dair” mövzusunda namizədlik dissertasiyasını müdafiə
etmişdir. Müdafiədən
sonra Bakıya qayıdır və elə həmin ildən Azərbaycan
Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin
dekanı vəzifəsində, eyni zamanda, Funksiyalar nəzəriyyəsi
və həndəsə kafedrasının müdiri vəzifəsində
çalışmağa başlayır. Bundan
əlavə o, tez-tez rayonlara gedir, istedadlı uşaqları
axtarıb tapır, onların hər birinə elmin keşməkeşli
yollarında irəliləmək üçün
cığırlar açırdı. Universitetdə
mühazirələrindən sonra Əşrəf müəllim
ehtiyacı olan tələbələri və aspirantları
evinə gətirər, həyat yoldaşı Nəsibə
xanıma deyərdi ki, bu uşaqlara yemək ver. Cəfakeş
Nəsibə xanım həyat yoldaşının xasiyyətini
yaxşı bildiyindən həmişə xörəyi
böyük qazanlarda bişirərdi.
1945-ci ildə Əşrəf Hüseynov doktorluq
dissertasiyası üzərində işləmək məqsədi
ilə Moskvaya ezam olunur. 1948-ci ildə Moskva Dövlət Universitetində
akademik Andrey Nikolayeviç Tixonovun rəhbərliyi ilə
“Qeyri-xətti sinqulyar inteqral tənliklərin həllinin
varlığı və yeganəliyi teoremləri və
onların bəzi tətbiqləri” mövzusunda böyük
müvəffəqiyyətlə doktorluq dissertasiyasını
müdafiə edir. Onun doktorluq
dissertsiyasının opponentlərindən biri dünya
şöhrətli alim, akademik Mıstislav Vsevolodoviç
Keldış olmuşdur. Əşrəf
Hüseynov ölkəmizin tarixində riyaziyyat üzrə elmlər
doktoru olmuş üçüncü azərbaycanlıdır.
O, riyaziyyatın “İnteqral tənliklər və onların tətbiqləri”
sahəsində görkəmli mütəxəssis idi. Onun 1940-1950-ci illərdə qeyri-xətti sinqulyar
inteqral tənliklər sahəsində aldığı
fundamental nəticələr görkəmli alimlər A. N.
Tixonov, M. V. Keldış, M. A. Lavrentyev və başqaları tərəfindən
yüksək qiymətləndirilmişdir. Bu
nəticələr inteqral tənliklər nəzəriyyəsində
sözün əsl mənasında bir dönüş
yaratmışdır, bu istiqamətdə davam etdirdiyi tədqiqatlar
və çoxsaylı tələbələrinin
aldığı yeni nəticələr sayəsində Azərbaycanda
beynəlxalq miqyasda qəbul olunan, qeyri-xətti sinqulyar inteqral
tənliklər məktəbi yaranmışdır. Akademik Əşrəf Hüseynov qeyri-xətti
inteqral tənliklərin tədqiqində tərpənməz
nöqtə prinsipindən istifadə edən ilk
riyaziyyatçı, qeyri-xətti sinqulyar inteqral tənliklər
nəzəriyyəsinin banisi, hələ 1946-cı ildə
klassik Riman-Hilbert probleminin lokal həllinin
varlığını isbat edən böyük alim idi. Hələ 50-ci illərin əvvəllərində
o, Privalov teoremini Hilbert nüvəli sinqulyar inteqral operator
üçün ümumiləşdirmiş və bunun köməyi
ilə yeni yaranmaqda olan funksional analiz metodlarını tədbiq
edərək Hölder fəzalarında qeyri-xətti sinqulyar
inteqral tənliklər üçün varlıq və yeganəlik
teoremlərini isbat etmişdi. Əşrəf
müəllimin sonrakı fundamental nəticəsi
açıq kontur üzrə qeyri-xətti sinqulyar inteqral tənliklərə
həsr olunmuşdur. Məhz burada o,
Koşi nüvəli sinqulyar inteqral operatorlara nəzərən
invariant olan açıq intervallarda kəsilməz
funksiyaların Banax fəzalarını qurmuşdu. Elə bu fəzalar sonralar dünyanın
tanınmış riyaziyyatçıları tərəfindən
Əşrəf Hüseynov fəzaları
adlandırılmışdır. Onun kəşf
etdiyi və adını daşıyan “Hüseynov fəzaları”
riyazi fizikanın müxtəlif problemlərinin tədqiqində
sonrakı nəsil riyaziyyatçılar üçün bir
örnək olmuşdur.
O, əmək
fəaliyyətinə tələbəlik illərindən
başlayaraq 1928-ci ildə fəhlə kurslarında, 1929-cu ildə
Sənaye Texnikumunda dərs demişdir. 1931-ci ildə Azərbaycan
Sənaye İnstitutunun “Ali riyaziyyat” kafedrasında assistent,
1933-cü ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun “Riyazi analiz” kafedrasında dosent, 1934-1938-ci illərdə isə
həmin kafedranın müdiri vəzifələrində
çalışmışdır.
Akademik
İbrahim İbrahimov Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun üçüncü kursunda oxuyarkən
Əşrəf müəllim ona “Həqiqi dəyişənli
funksiyalar nəzəriyyəsi” kursundan mühazirə
oxumuşdur, hətta ona ilk kurs işinin mövzusunu da
Əşrəf müəllim vermişdir.
O,
1940-1955-ci illərdə Azərbaycan Dövlət Universitetin
(İndiki Bakı Dövlət Universiteti) “Funksiyalar nəzəriyyəsi
və cəbr” kafedrasının müdiri, 1940-1943-cü illərdə
Fizika-riyaziyyat fakültəsinin dekanı olmuşdur. Eyni zamanda, 1944-1948-ci illərdə ADU-nun Fizika və
riyaziyyat Elmi Tədqiqat İnstitutunun Riyaziyyat bölməsinin
müdiri, 1946-1953-cü illərdə akademiyanın Fizika və
Riyaziyyat İnstitutunun şöbə müdiri vəzifələrində
çalışmışdır.
1955-1965-ci illərdə ADU-nun “Funksiyalar nəzəriyyəsi
və funksional analiz” kafedrasının müdiri, eyni zamanda,
Mexanika-riyaziyyat fakültəsinin dekanı vəzifəsində
çalışmışdır. Akademik Əşrəf
Hüseynovun indiki Bakı Dövlət Universitetinin
Fizika-riyaziyyat və Mexanika-riyaziyyat fakültələrinin
yaradılmasında və inkişaf etdirilməsində, həmin
fakültələrdə dövrün tələblərinə
uyğun kafedraların təşkilində, elmi kadrlarla təmin
olunmasında tarixi xidmətləri olmuşdur.
O, 1962-ci
ildə Azərbaycan Elmlər Akademiyasının müxbir
üzvü, 1968-ci ildə isə həqiqi üzvü
seçilmişdir. Əşrəf Hüseynov 80-dən
çox elmi əsərin müəllifi olmuş, Azərbaycan və
rus dillərində bir neçə dərsliyi, monoqrafiyası
və dərs vəsaiti çap olunmuşdur. Onun rəhbərliyi
ilə 30-dan çox namizədlik dissertasiyası müdafiə
olunmuş, tələbələrindən Qoşqar Əhmədov,
Yəhya Məmmədov, Arif Babayev, Xalid Muxtarov, Karlen
Xudaverdiyev sonralar doktorluq
dissertasiyası müdafiə etmişlər.
O,
1960-cı ildə elm sahəsindəki böyük xidmətlərinə
görə “Azərbaycan SSR Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
Akademik Əşrəf Hüseynov 1965-ci ildə yeni
yaradılmış Kibernetika İnstitutunun direktoru vəzifəsinə
təyin edilir.
Həmin dövrdə Azərbaycan Elmlər
Akademiyanın prezidenti olmuş Zahid Xəlilov bu vəzifəni
ona təklif edəndə, Əşrəf Hüseynov
ixtisası uyğun gəlmədiyinə görə tərəddüd
edir, bu zaman Zahid Xəlilov deyir. “Sənin təşkilatçılıq
və yüksək idarəçilik qabiliyyətinə bələdəm,
düşünürəm ki, qısa bir zamanda bütün
problemləri həll edəcəksən”.
1970-ci ildə Əşrəf Hüseynov Azərbaycan
Elmlər Akademiyası fizika-riyaziyyat və texniki elmlər
bölməsinin akademik katibi vəzifəsinə irəli
çəkilir.
1977-ci ildə Bakıda onun 70 illik yubileyi keçiriləndə
keçmiş SSRİ-nin hər yerindən tanınmış
alimlər gəlmişdilər. Yubiley tədbirinə
onun elmi rəhbəri, akademik Andrey Nikolayeviç Tixonov həyat
yoldaşı ilə gəlmişdi.
Yüksək
elmi səviyyəsinə görə o, SSRİ-nin müxtəlif
ali məktəblərində xüsusi
kurslar oxuyurdu və 1958-ci ildə SSRİ Ali və Orta
İxtisas Təhsili nazirliyi tərəfindən Albaniyaya
mühazirə oxumağa ezam olunmuşdu.
SSRİ məkanında
riyaziyyat sahəsində yüksək nüfuza malik olan
Əşrəf müəllim Moskva, Leninqrad, Novosibirsk,
Sverdlovsk və Sovet İttifaqının digər şəhərlərində
çalışan tanınmış riyaziyyatçılarla
elmi əlaqələr yaradıb, Azərbaycan
riyaziyyatçılarının bu mərkəzlərdə
elmi tədqiqat işləri aparmasında böyük rol
oynamışdır. Məhz onun bu uzaqgörən
elmi siyasətinin nəticəsi olaraq, XX əsrin 70-ci illərində
Azərbaycanda riyaziyyatın müxtəlif sahələri
ehtimal nəzəriyyəsi, riyazi iqtisadiyyat, optimal idarəetmə
nəzəriyyəsi, oyunlar nəzəriyyəsi və digər
sahələri sürətlə inkişaf etməyə
başladı.
Bu mənada akademik Əşrəf Hüseynov Azərbaycanda
riyaziyyat sahəsində böyük elmi məktəbin
yaradıcılarından biri kimi elm tariximizə daxil olmuşdur.
Əşrəf müəllim o qədər diqqətli
insan idi ki, gənclərin təkcə elmi əlaqələrinin
inkişafı ilə deyil, onların gündəlik həyat
şəraitləri ilə yaxından maraqlanır,
yaranmış problemlərin həllində onlara yaxından
kömək edirdi. O, hər dəfə Moskvaya gələndə, Moskva Universitetinə
gələr, orada təhsil alan azərbaycanlı
tələbə və aspirantların işləri ilə
maraqlanıb, onlara lazımi köməklik göstərərdi.
Univesitetin rektoru akademik İvan Georgiyeviç
Petrovski tərəfindən yüksək səviyyədə
qarşılanırdı, bu onun elm aləmində yüksək
nüfuzunun təzahürü idi. Onun
Moskva Dövlət Universitetinə hər gəlişi tələbə
və aspirantlar üçün bayrama çevrilirdi. Akademik Əşrəf
Hüseynovun Azərbaycanda Riyaziyyatçı elmi kadrların
hazırlanmasında əməyi xüsusi qeyd
olunmalıdır. O, hələ universitetin fizika-riyaziyyat
fakültəsinin dekanı olarkən istedadlı gənclərin
SSRİ-nin paytaxtı Moskva şəhərində aspiranturada
təhsil almaları üçün əlindən gələni
əsirgəmir, onları özü ilə Moskvaya aparır,
yataqxanada yerləşdirir, gələcək rəhbərləri
ilə görüşdürür və öz tövsiyələrini
əsirgəmirdi. Təsadüfi deyil ki, o zaman
Moskvada aspiranturada oxuyan azərbaycanlılar ona “ATA” deyə
müraciət edirdilər. Bu bir həqiqətdir ki,
sonralar Azərbaycan elmində öz sözlərini demiş
Abdulla Muxtarov, Bürhan Kərimov, Məcid Hüseynzadə,
Hacıbəy Sultanov, Qoşqar Əhmədov, Teymur Eminzadə,
Yühənnəs Seyidov, Qurban Cəlilov, Cəlal Allahverdiyev,
Hacı Rəhimov, Kamal Şirinov, Vahab Ələkbərov,
Qafar Əfəndiyev, Hacı Qulubəyov, Əlicavad Vahabov,
Cahangir Qəhrəmanov və başqaları məhz
Əşrəf Hüseynovun təşəbbüsü ilə
Moskvada aspiranturada oxumuş, elmin zirvələrinə yüksələ
bilmişdilər.
Akademik Əşrəf Hüseynov Azərbaycan müəllimlərinin
və şagirdlərinin yaxın dostu idi, o, tez-tez məktəblərdə
olur, valideynlər, müəllimlər və şagirdlərlə
görüşür, istedadlı gənclərin vaxtında
aşkar olunması, onlara vaxtında xüsusi diqqət yetirilməsi
məsələsini vacib hesab edirdi. O dövrdə riyaziyyat üzrə
şagirdlər arasında keçirilən olimpiadalar
Əşrəf Hüseynovun daim diqqət mərkəzində
idi.
Bütün mənalı həyatını ölkəmizdə elmin və təhsilin inkişafına həsr etmiş bu böyük insan 1980-ci il avqustun 26-da 73 yaşında vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əşrəf müəllimin dünyasını dəyişməsindən 40 ilə yaxın vaxt keçsə də, onun adı ölkəmizin hər yerində böyük hörmət və ehtiramla yad edilir.
Düşünürəm ki, Azərbaycanda Riyaziyyat elminin banisi olmuş bu böyük insanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq və onun mənalı həyatı gələcək nəsillərə nümunə olacaq.
525-ci qəzet 2017.- 11 noyabr.- S.10;24.