Qulu Ağsəs "Ziyalı sözü"nün
qonağı oldu
Noyabrın 11-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Azərbaycan Yazıçılar Birliyinin birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri baş tutub.
Layihənin budəfəki qonağı
"Ulduz" jurnalının
baş redaktoru, Əməkdar jurnalist, şair Qulu Ağsəs olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri,
nüfuzlu universitetlərin
tələbələri və
media nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü
ilə açan GTM-in
və layihənin rəhbəri Fəxrəddin
Həsənzadə layihənin
məqsədi haqqında
geniş məlumat verib, Qulu Ağsəsin
yaradıcılığı və "Ulduz" jurnalının fəaliyyətindən
söz açıb.
O deyib ki, işinə başladığı
ilk gündən qonaqların
seçilməsində yalnız
iştirakçıların arzusunu nəzərə alan "Ziyalı
sözü"nün budəfəki
qonağının Qulu
Ağsəs olması
heç də təsadüfi deyil. Qulu Ağsəs poeziyada öz dəsti-xətti ilə seçilən şair olmaqdan əlavə, hər zaman istedadlı gənclərin
yanında yer alan, onlara
bacarıqlarını göstərməkdə
dəstəyini əsirgəməyən
ziyalılardandır.
Gənclərlə görüşdən məmnunluq duyduğunu deyən qonaq, ədəbiyyat, poeziya, şeir, yazıçı-oxucu
münasibətləri, gənclərin
ədəbiyyata olan marağı haqqında düşüncələrini iştirakçılarla
bölüşüb: "Gənclər adətən,
həyatı ədəbiyyat
kimi, şeir kimi görürlər. Bəzi insanlarda yaş ötdükcə bu düşüncə dəyişsə
də, mənim kimi insanlarda elə olduğu kimi də qalır.
Şeir yazmaq şairlikdirsə, şeiri duymaq, sevmək, oxumaq daha artıq yaradıcılıqdır. Təəssüf ki, son zamanlar
bu, kəskin azalıb. Kitab oxuyan çox
azdır. Bu gün ədəbiyyat ədəbiyyatı anlayan
üçündür. Sovet dövründə isə vəziyyət başqa idi. O vaxtı uzun illər bizə təlqin olunmuşdu ki, sənət hamı üçündür. Yəni bir
şeiri, bir əsəri hər kəs anlamalı idi. İndi isə elə
deyil. Ədəbiyyat onu anlayanlar,
sevənlər üçündür.
Kimsə
onu oxumursa, poeziya, nəsr bundan heç nə itirmir. İnsan bəzən hər şeydən doyanda, bezəndə birdən-birə
koməyinə ədəbiyyat
çata bilər".
Tədbirdə gənclər onları maraqlandıran sualları şairə ünvanlayıblar,
görüş diskussiya
şəklində davam
edib.
Q.Ağsəs yazıçı, yazıçılıq
haqqında düşüncələrini
belə ifadə edib: "Ədəbiyyatın
dəqiq proqnozu yoxdur. Yazıçı daxilən eqoist
olmalıdır. Həmişə
düşünməlidir ki,
yaxşı sözü,
gözəl fikri gərək birinci özü tapsın, özü desin. Məsələn, mən bəzi
klassik əsərlərimizi
oxuyanda düşünürəm
ki, zamanım səhv düşüb, həmin klassikin yerində mən olmalı, bunu mən yazmalıydım.
Hətta
bəzi dünya yazıçılarını, məsələn, Şekspiri
oxuyanda düşünürəm
ki, mənim həm zamanım, həm də yerim səhv düşüb. Müasir dövrdə
də bu, belədir. Hansısa gözəl fikirlə
rastlaşanda düşünürəm
ki, gərək onu mən yazaydım.
Yazmaq qəzaya uğramaq kimidir, harada başına nə gələcəyi bilinmir.
Mənim
üçün ən
gözəl yazı ondan nə qədər
qaçsan da, sonda məcbur özünü yazdırmağı
bacaran yazıdır.
Yazıçılıq şairlikdən qat-qat
çətindir. Yazıçının ən böyük məziyyəti otura bilmək bacarığıdır.
Şair üçün bu, elə də vacib deyil".
Dünyadakı əsərləri Yer
kürəsinin 80 faizini
əhatə edən su ehtiyatı, əsl ədəbiyyatı
isə cəmi bir neçə faizlik içməli suya bənzədən Q.Ağsəs deyib ki, ciddi, əsl
ədəbiyyat kütlə
üçün deyil:
"Yazıçı kütlənin
yanında olanda onun yazıçılığı
itir. Yazıçı ayrı-ayrı təklərin,
fərdlərin yanında
olmalıdır. Ola bilər ki, o tək heç də doğru deyil. Amma əsas məsələ
yazıçının o təkə
xitab etməsidir.
Sırf kütlə üçün
yaranan ədəbiyyatlar
da var. Bunu danmaq olmaz. Hansı ki, səyahət edəndə, bir neçə dəqiqəlik
avtobus metro səfərində
vaxtını keçirmək
üçün oxuyursan
bitir, ancaq ondan geriyə heç nə qalmır. Həyatda xoşbəxt olmaq
üçün hər
şey var. Ən xırda nüanslar belə insanı xoşbəxt edə bilər. Ancaq bu, yazıçılığa
aid deyil. Yazıçı heç nə ilə qane olmamalıdır,
xoşbəxt olmamalıdır.
Həmişə daha yaxşısını
axtarmaq, daha gözəlinə cəhd
etmək lazımdır".
Şair
ədəbiyyatdakı mövzu
və fikir təkrarçılığına da toxunub: "Sözün də istismar müddəti var. Bəzi mövzular, bəzi sözlər artıq çoxdan yazılıb və bitib. Nə qədər gül,
bülbül, həsrət,
xəyanət yazmaq olar? Yəni mövzu qıtlığı,
söz kasadlığımı
var? Artıq yeni sözlər,
mövzular tapmaq lazımdır. Bu, xüsusən gənc yazarlarımızdan tələb
olunur. Təəssüf ki, onlar da keçmişin izlərini davam etdirməyi üstün tuturlar. Halbuki zaman o zaman deyil. Təkrarçılıq ədəbiyyatı oxucunun gözündən salır".
Şair
müasir ədəbi
mühiti belə xarakterizə edib: "İndi ədəbi mühitdə hər şey var. Onu nə yaxşı, nə də pis adlandırmaq olar. Ədəbi mühitimiz həm
qarışıqdı, həm
də rəngarəng,
nə istəsən tapmaq mümkündü.
Əsas məsələ sənin kimin və ya
nəyin yanında yer almağındır".
Sonda iştirakçılar
qonağa ənənəvi
sualla müraciət edib, mütaliə üçün tövsiyə
edəcəyi kitabların
və ya yazıçıların adlarını
soruşublar. Qulu Ağsəs bu kitabların adlarını
çəkib: "Birinci
növbədə "Azərbaycan
nağılları"nı oxumaq lazımdır. Nağıllar ədəbiyyatın lokomotividir. Orada çoxlu mesajlar var. Azərbaycan dilinin lüğəti, "Kitabi-Dədə
Qorqud", "Koroğlu",
Nizaminin "Xəmsə"si,
Mövlanə Rumi, Qurban Səidin "Əli və Nino", Aşıq Ələsgər,
Qurbani, Molla Pənah Vaqif, Aşıq Valeh, Hüseyn Cavid, Sabir, Abbas Səhhət,
Nazim Hikmət, Əli Kərim, Məhəmməd Hadi, Mirzə Fətəli Axundov, Anar, Ramiz Rövşən, Saday Budaqlı, İsa Hüseynov, Məmməd Oruc, Mövlud Süleymanlı və başqaları.
Aşıq Ələsgəri oxuyanda siz Azərbaycan dilinin gözəlliyinə valeh olacaqsız. Azərbaycanı tanımaq üçün Axundovun əsərləri köməyinizə çatacaq. Anar müəllimin mədəniyyətimizdə, ədəbiyyatımızda, kinoda, dramaturgiyada, publisistikada görmədiyi işlər yoxdur. O, ədəbiyyatımızın sayılıb-seçilən nasirlərindəndir.
Dünya ədəbiyyatından isə adlar lap çoxdur. Ancaq mən ilk növbədə Tolstoyu deyirəm. Tolstoy dünya ədəbiyyatının günəşidir. O, nəsr üçün çox böyük işlər görüb və bu işləri peyğəmbərcəsinə görüb. Onun "Hacı Murad" əsərinin girişi bənzərsizdir. Rus xalqının düşməni olan Hacı Muradı əsərin bir yerində belə olsa, təhqir etməyib, alçaltmayıb, mənfi göstərməyə çalışmayıb. Budur onun böyüklüyü. Bununla o, ədəbiyyata xəyanət etmədiyini də sübut edir".
Tədbirdə iştirakçılar şairin "Görsən üşüyürsən... yandır özünü", "Təki o gələndə, sevgilim oyanmasın..." və başqa şeirlərini səsləndiriblər.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-14 noyabr.-S.7.