Muzey Mərkəzində Mirnadir Zeynalovun əsərləri
sərgilənir
Muzey Mərkəzində Xalq rəssamı Mirnadir Zeynalovun 75 illiyinə həsr edilən sərgi açılıb.
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə keçirilən
sərginin açılış
mərasimində Azərbaycan
Dövlət Rəsm Qalereyasının "Emalatxanada
görüş. Mirnadir Zeynalov" layihəsi
çərçivəsində hazırlanmış videoçarx
nümayiş etdirilib.
Sərgidə çıxış edən
mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev sənətkarın
həyat və yaradıcılığından söz açıb. Qeyd edib
ki, M.Zeynalov 1970-ci illərdən başlayaraq
Azərbaycan boyakarlığında
öz yerini tutan rəssamlardan biridir. Onun dəsti-xətti həmişə tanınır,
emosional, ekspressiv tabloları öz bədii keyfiyyətləri,
ideya orijinallığı,
məharətli icra texnikası, yeniliyi və daimi axtarışları
ilə seçilir.
Kollaj və instalyasiya elementləri daha çox onun rəngkarlıq kompozisiyalarının
ayrılmaz hissələrinə
çevrilir.
Hazırda Azərbaycan Milli
İncəsənət Muzeyinin
və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda onun dəyərli əsərləri qorunub saxlanılır. M.Zeynalov daxili
dünyasını abstrakt
üslubda daha dolğun ifadə edən rəssamlardan biridir. Buna görədir
ki, rəssamın yaradıcılığında realizm üslubunda işlənmiş portretlərə,
lirik mənzərə
əsərlərinə, eyni
zamanda, yalnız müxtəlif rəng çalarlarının məharətlə
istifadə olunduğu
abstrakt həllərə
qədər fərqli
janr və üslublara rast gələ bilirik. O,
öz üslubu ilə tanınan, maraqlı eksperimentlər aparan, heç kimi, hətta özünü belə təkrarlamayan ustad sənətkar kimi milli incəsənət tariximizdə layiqli yer tutur.
Tədbirdə Xalq rəssamı Ağaəli İbrahimov, Xalq artisti Oqtay
Mirqasımov və başqaları rəssamın
yaradıcılığından və sənət əsərlərinin özünəməxsusluğundan
danışıblar.
M.Zeynalov çıxış edərək
onun yaradıcılığına
göstərilən diqqət
və qayğıya görə təşəkkürünü
bildirib.
Sonra qonaqlar sərgi ilə tanış
olublar. Ekspozisiyada Azərbaycan Dövlət
Rəsm Qalereyasının
fondundan və rəssamın şəxsi
kolleksiyasından seçilmiş
100-dən çox əsər
yer alıb.
Sərgi noyabrın 15-dək davam edəcək.
Xədicə
RƏHMAN
525-ci qəzet.-2017.-14 noyabr.-S.7.