Mahnı Teatrının səhnəsində
"Qonaqlıq"
YAZIÇI
ƏJDƏR OL: "İNSANLARIN TEATRA CƏLB
EDİLMƏSİNDƏ BELƏ TAMAŞALAR XÜSUSİ ROL
OYNAYIR"
Noyabrın 10-da Rəşid Behbudov adına Dövlət Mahnı
Teatrında
Əhməd Orucoğlunun
ssenarisi əsasında hazırlanmış
"Qonaqlıq" musiqili komediyası nümayiş olunub. Baş rolu Xalq artisti
Cəfər Namiq Kamalın oynadığı
komediyada aktrisalar Zemfira Əbdülsəmədova
və Hüsniyyə Əhmədova da çıxış ediblər.
Tamaşanı izləməyə gələnlər
arasında ölkənin
tanınmış ədəbiyyat
və incəsənət
xadimləri, ziyalılar
və media nümayəndələri
olublar.
Saat yarım
davam edən komediyada aktyorlar ailə-məişət mövzusuna,
ər-arvad problemlərinə
həsr olunmuş müxtəlif səhnəciklər
və monoloqlarla tamaşaçılara gülüş
ziyafəti veriblər.
Tamaşadan sonra yazıçı
Əjdər Ol təəssüratlarını qəzetimizlə bölüşüb:
"Son onilliklərdə bu
tipli tamaşalar olmayıb. Xalq artisti Cəfər
Namiq Kamalın Əhməd Orucoğlunun öz sənət dostları ilə birgə hazırladığı
bu tamaşa məni lap uzun illər öncəyə
- bizim uşaqlıq illərimizə apardı.
Xalq artisti Bəşir Səfəroğlu və onun sənət dostlarının ifasında
bu cür tamaşalar hazırlanardı.
Kiçik yumoristik səhnələrdən,
parçalardan hazırlanmış
tamaşalar həmişə
marağa səbəb
olardı. Görünür, uzun illərdən sonra bu tipli
tamaşalara ehtiyac yaranıb. Bugünkü tamaşaçı marağı, alqışı
da onu göstərdi
ki, həqiqətən
də belə səhnə əsərləri
lazımdır. Əvvəllər teatrlarda hazırlanan bu tamaşalar sonradan televiziyaya keçdi. Televiziya ekranlarında tez-tez
bu tipli tamaşalar görərdik.
Ancaq əlbəttə ki, teatr canlı ünsiyyət olduğu üçün, insana daha artıq zövq verir. Xalq artisti Cəfər Namiq Kamalın bugünkü oyunu onun daha geniş
imkanlarını üzə
çıxartdı. Biz
onu Milli Dram Teatrının müxtəlif
tamaşalarında baş
rollarda görürük.
Ancaq Cəfər müəllim
güclü yumor hissinə malik sənətkarımızdır. Bu tamaşada da
daha çox xırda detallara, nüanslara fikir verib, incə məqamları öz oyununun bəzəyinə çevirməyi bacardı.
Bu da onun
gerçək sənətkarlığından
xəbər verir.
Belə tamaşaların gələcəkdə
başqa ssenaristlər,
başqa rejissorlarla da hazırlanmasını arzu edərdim. Bu estrada tamaşaları,
yumor axşamları insanları teatra daha çox cəlb edir. İnsanlar bəzən ağır, düşündürücü, fəlsəfi, tarixi mövzulu əsərlərlə
yanaşı, bu cür tamaşaları da görmək istəyirlər. Onların teatra
cəlb edilməsində
belə tamaşalar xüsusi rol oynayır".
Xalq artisti Yasin Qarayev həm tamaşadan, həm də ayrı-ayrılıqda aktyor oyunundan razı qaldığını söyləyib: "Bu gün biz duzlu-məzəli yumoristik səhnəciklərə baxdıq. Xalq artisti Cəfər Namiq Kamal və istedadlı aktyorlar Zemfira Əbdülsəmədova ilə Hüsniyyə Əhmədovanın ifalarından həm biz, həm də tamaşaçılar çox razı qaldılar. Bunu susmaq bilməyən alqışlardan da görmək olardı. Bu gün teatr salonunun tamaşaçılarla dolu olması, seyirçilərin arasında görkəmli ədəbiyyat və incəsənət xadimlərinin də yer alması tamaşaya olan maraqdan xəbər verir. Aktyorların ifası çox uğurlu idi. Ayrı-ayrı personajlara fərqli münasibət açıq-aydın hiss olunurdu. Bir daha tamaşaçılara zəngin daxili imkanlarının bolluğunu nümayiş etdirə bildilər. Hər birinə yeni uğurlar arzu edirəm".
Şahanə
MÜŞFİQ
525-ci qəzet.-2017.-14 noyabr.-S.7.