"Türkün böyük lideri" kitabına ön söz

 

Nizami CƏFƏROV

 

 

Tanınmış jurnalist və yazıçı-publisist Aydın Ağazadənin ciddi zəhmət hesabına ərsəyə gətirdiyi "Türkün böyük lideri" kitabı bu günlərdə nəşr olunub.

 

Kitabda Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, görkəmli siyasi xadim Rəcəb Tayyib Ərdoğanın həyat və fəaliyyət yolundan söz açılır. Akademik Nizami Cəfərovun kitaba yazdığı əhatəli ön sözü oxuculara təqdim edirik.

 

Müstəqil dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasının inkişafında qardaş Türkiyə dövlətinin rolu əvəzsizdir. Respublikamızın dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni maraqlarının təminatında Türkiyə dövləti ilə hərtərəfli əməkdaşlıq amili xüsusi əhəmiyyət kəsb edir.

 

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra "İki dövlət, bir millət" devizi əsasında inkişaf edən Azərbaycan və Türkiyə sarsılmaz birliyi bu gün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Ulu öndərin ən layiqli siyasi varisi - Azərbaycan Prezidenti cənab İlham Əliyevin inamla davam etdirdiyi bu siyasət Türkiyə ilə Azərbaycan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin inkişafına güclü təkan vermişdir. Türkiyənin böyük siyasi lideri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə-Azərbaycan əlaqələri daha dinamik xarakter almış, ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın kədərini özünün kədəri, sevincini sevinci hesab edən Türkiyə ölkəmizi yaxın strateji tərəfdaş hesab edərək bir sıra regional və qlobal iqtisadi-siyasi məsələlərin həllində birgə addımlar atır.

 

Hər iki ölkənin təşəbbüsü ilə regionun geosiyasi xəritəsinin dəyişən transkontinental layihələrin həyata keçirilməsi, strateji kommunikasiya dəhlizlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirilməsi Türkiyə və Azərbaycanın bölgədə nüfuzunun artmasına, aparıcı dövlətlərə çevrilməsinə səbəb olmuşdur. Qardaş ölkələr Türk dünyasının və islam həmrəyliyinin, tolerantlığın, çoxmədəniyyətliyin və digər nəcib platformaların möhkəmlənməsində də birgə səylərini gücləndirməkdədir. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə münasibətləri bu gün digərləri üçün model və nümunədir.

 

Tanınmış jurnalist və yazıçı-publisist Aydın Ağazadənin böyük zəhmət və araşdırma hesabına ərsəyə gətirdiyi "Türkün böyük lideri" kitabı Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlığın əyani nümunəsidir. Kitab hər iki ölkənin birgə siyasi iradəsi və qətiyyəti ilə həyata keçirilən mühüm qlobal layihələr, qardaş ölkənin iqtisadi-siyasi, sosial-ictimai, elmi-mədəni həyatında baş verən mühüm hadisələr barədə dolğun məlumat əldə etmək baxımından faydalıdır. Kitabda Türkiyə-Azərbaycan münasibətlərini zirvəyə çatdıran Türkiyə Respublikasının 12-ci Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi və iqtisadi fəaliyyətinə, dövlətinin inkişafında gördüyü misilsiz xidmətlərə, güclü liderlik keyfiyyətlərinə nəzər salınmışdır. Müəllif onun Türkiyə və Türk dünyasının, islam həmrəyliyinin güclənməsində əvəzsiz xidmətləri, dünya siyasətində yeri və rolu barədə oxucuda geniş təəssürat yaratmağa çalışmışdır.

 

4 fəsildən ibarət olan kitabda Rəcəb Tayyib Ərdoğanın uşaqlıq, yeniyetməlik və gənclik illəri, təhsil aldığı dövrdə ictimai fəaliyyəti, ötən əsrin 70-80-ci illərində Türkiyənin mürəkkəb ictimai-siyasi mühitində baş verən proseslər və Tayyib bəyin vətənpərvər gənclərlə birlikdə ölkənin milli mənafeyinin qorunmasında cəsarətli çıxışları və fədakarlığı geniş şəkildə təsvir olunmuşdur. R.T.Ərdoğanın gənc siyasi fəal kimi artan nüfuzu və Rifah Partiyasının üzvü kimi Türkiyə siyasətində aktiv rolu, İstanbul şəhərinin bələdiyyə başçısı seçilməsi və quruculuq, abadlıq işlərində böyük əmək sərf etməsi, yeni və işlək yerli özünüidarəetmə sistemi qurması, cəmiyyətdə bələdiyyə orqanı haqqında yeni təsəvvür formalaşdırması kitabda konkret faktlarla, obrazlı şəkildə oxucuya təqdim olunmuşdur.

 

"Türkün böyük lideri" kitabında Türkiyənin Ədalət və İnkişaf Partiyasının yaradılması, qısa zaman ərzində geniş nüfuz qazanması, təkbaşına iqtidara gəlməsi, AKP liderinin Türkiyənin Baş naziri seçilməsi və həmin dövrdə qardaş ölkənin əldə etdiyi siyasi-iqtisadi uğurlardan geniş şəkildə bəhs edilir. Kitabda Rəcəb Tayyib Ərdoğanın Türkiyənin dövlət idarəçiliyində şərəfli salnamə yazması, onun quruculuq və yeniləşmə fəlsəfəsi, sosial və nəqliyyat infrastrukturunun bərpası, yeni istehsal, xidmət obyektlərinin yaradılması, təhsil, səhiyyə və kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi sistemli və ardıcıl islahatlardan söhbət açılır.

 

Müəllif özünəməxsus sadə və publisistik üslubla haqlı olaraq qeyd edir ki, AKP-nin qurucusu və lideri, dünyanın ən güclü siyasi xadimlərindən biri - Rəcəb Tayyib Ərdoğan 2002-ci ildə lideri olduğu AKP-ni iqtidara gətirməklə ölkədəki iqtisadi və siyasi böhrana son qoydu. Respublikanın həyatına möhkəm sabitlik və davamlı inkişaf kursu gətirdi. Türkiyədə yeni dövr başlatmaqla ölkənin ictimai-siyasi, sosial-iqtisadi simasını dəyişdi.

 

2003-cü il martın 5-də Baş nazir kimi fəaliyyətə başlayan Rəcəb Tayyib Ərdoğan həyati əhəmiyyətə malik bir çox islahat paketini qısa müddət ərzində həyata keçirməyə nail olub. Nəşrdə Türkiyə tarixində ilk dəfə olaraq Prezidentin xalq tərəfindən seçki yolu ilə seçilməsi, xarici qüvvələrin güclü Türkiyənin inkişafının qarşısını almaq cəhdləri, 15 iyul hərbi çevrilişinə uğursuz cəhd, türk xalqının qəhrəmanlıq dastanı yazaraq öz lideri Ərdoğanın rəhbərliyi ilə bütün daxili və xarici təhdidləri, təxribatları qətiyyətlə dəf etməsi kimi vacib hadisələrdən bəhs olunmuşdur.

 

Kitabda Ərdoğanın başçılığı altında Türkiyənin iqtisadi xariqələr yaratması və böyük inkişaf yoluna çıxması konkret faktlar əsasında oxunaqlı üslubda təqdim edilmişdir. Müəllif qeyd edir ki, Ərdoğan hökuməti dövründə Türkiyə demokratikləşmə, şəffaflaşma və maliyyə pozuntularının qarşısının alınması yolunda böyük məsafələr qət edib. Paralel olaraq ölkə iqtisadiyyatı və cəmiyyətində psixoloji iz buraxmış və neçə il davam edən yüksək ikirəqəmli inflyasiya xofunun qarşısı alınıb, maliyyə-kredit sektorunda faiz dərəcələri sabitləşdirilib, dövlətin borc və kredit faizlərinin şiddəti söndürülüb. İqtisadi canlanma insanların üzünü güldürüb, iş yerləri açılıb, adambaşına düşən milli gəlirdə böyük artım olub. Ölkə tarixində daha əvvəllər görünməmiş dərəcədə çoxsaylı infrastruktur layihələri həyata keçirilib, mənzil, məktəb, yol, xəstəxana və enerji stansiyaları insanların xidmətinə verilib.

 

Kitabda İslam dünyasının liderinə çevrilən Rəcəb Tayyib Ərdoğanın Yaxın və Orta Şərqdə baş verən haqsızlıq və özbaşınalıqlara qarşı həssaslıq nümayiş etdirərək islam ölkələrinin həmrəyliyinə nail olmaq təşəbbüsləri, beynəlxalq və xarici qüvvələrin müsəlmanlara qarşı olan yanlış münasibətinin, dini, irqi ayrı-seçkiliyin qarşısının alınmasında əzmkarlığı, PKK, İŞİD, YPG terrorunun sarsıdılmasında Türkiyə Ordusunun şanlı və rəşadətli mübarizəsi, FETÖ-yə və antimilli qüvvələrə qarşı təsirli və əhatəli mübarizə tutarlı fakt və arqumentlərlə təsvir edilmişdir. Müəllif AKP iqtidarının qətiyyətli və əzmkar xarici siyasət yürütməsi sayəsində Yaxın və Orta Şərqdə, Asiya və Avropa regionunda mövqeyinin möhkəmlənməsini analitik tərzdə, sadə üslubda, oxunaqlı formada təqdim etməyə nail olub. Rəcəb Tayyib Ərdoğanın dünyada sülh və barışın möhkəmlənməsinə verdiyi əvəzsiz töhfə, çoxmədəniyyətliliyin və tolerantlığın yayılmasında fəal rolu yüksək qiymətləndirilib.

 

Türkiyə-Rusiya və Türkiyə-Avropa Birliyi münasibətlərinin vəziyyəti və regional əməkdaşlığın dərinləşməsində rolu nəzərdən keçirilib. Kitabda Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi yolunda atılan qətiyyətli addımlar, hər iki ölkənin təşəbbüsü ilə reallaşan strateji regional layihələr, icrası davam etdirilən mühüm transkontinental layihələr, Dağlıq Qarabağ probleminin həllində Türkiyə dövlətinin nümayiş etdirdiyi prinsipial mövqe, Türk dünyasının və islam həmrəyliyinin möhkəmlənməsində Ərdoğanın yürütdüyü siyasətin səmərəsi publisistik üslubda təqdim olunur. Həmin fəsildə Türkiyə tarixində yeni inkişaf mərhələsinin başlanması, Türkiyə tarixində ilk dəfə olaraq xalq tərəfindən ölkə prezidentinin seçki yolu ilə seçilməsi, 2017-ci il aprelin 16-da keçirilən ümumxalq səsverməsində Anayasaya əlavə və dəyişikliklər layihəsinin dəstəklənməsi, Yeni Türkiyə quruculuğunun genişlənməsi, qardaş ölkənin dünyada aparıcı dövlətlərdən birinə çevrilməsi və digər maraqlı epizodlar peşəkarcasına qələmə alınıb.

 

Nəşrdə böyük siyasi lider cənab Rəcəb Tayyib Ərdoğanın müxtəlif tədbir və mərasimlərdə, görüşlərdəki çıxışları, fikirləri, onun haqqında ictimai rəylərə əsaslanan materiallara da geniş yer verilib.

 

"Türkün böyük lideri" kitabı R.T.Ərdoğan haqqında maraqlı fakt və hadisələrin, zəngin məlumatların təqdim olunması baxımından oxucularda geniş təəssürat yaradır. İnanırıq ki, ensiklopedik səciyyə daşıyan kitab Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə sanballı töhfə verməklə böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq.

 

525-ci qəzet.-2017.-14 noyabr.-S.4.