Dağlar oğlu
Şirindil ALIŞANLI
Ötən ilin kövrək payız günlərinin
birində Qənbər müəllimlə Toğanadan Kəlbəcərə
ayrılan yolun bizi doğma el-obaya çatdıracağına
bir inamla Murova doğru addımlayırdıq.
Onu bir anlıq tənha qoyduq. Dağlara doğru irəlilədikcə
çöhrəsinə kədər
çökmüşdü. Ulu Murovun
qarlı zirvəsinə doğru yönələn bu
addımlar, Tərtərin həzin laylasını andıran
Toğanaçayın sahilində hər kəsi kövrəldən
bu düşüncələr namusla yaşanmış
ömür yolunun anlarına, illərinə, əxlaq dərslərinə,
vətəndaşlıq tutumuna qayıdış idi.
Tale bu ağsaqqala, qələm əhlinə, ictimai xadimə,
saz-söz xiridarına vətən, xalq qarşısında
şərəflə yaşamaq və yaratmaq qisməti bəxş
edib. Həm də, vətənin, elin-obanın
ağrı-acılarına dözməyə təpər,
ümid və inam verib. Ömrün
müdriklik çağına aparan illərin, yolların
şahidləri onun həsrətlə baxdığı
dağların o tayında - Kəlbəcər ellərində
qalıb.
Miskin
Abdal, Ağdabanlı Q
urban və
Dədə Şəmşirin sənət, milli mənəviyyat
dərslərini qan yaddaşında yaşadan, indinin və gələcəyin
sərvətinə çevirən Qənbər Şəmşiroğlu:
Oba-oba,
oymaq-oymaq,
Mən canımı gəzdirirəm.
Bir dərman
tapılar deyə,
Gümanımı gəzdirirəm.
Kişi
olan deməz yalan,
Canım
tabsız, könlüm talan,
Ürəyimin
sirri olan
Pünhanımı gəzdirirəm.
Utandırar
ayı, günü,
Tutubdu
yerin üzünü,
Dinim Məhəmmədin
dini,
İmanımı gəzdirirəm.
....Ulu
babam Miskin Abdal,
Qurban
böyük dərya-kamal,
"Şəmşiroğlu"
- deyib hər hal:
Ünvanımı
gəzdirirəm!
Ünvanı
mı gəzdirirəm!
Rəsmi tədbirlərdə, eldə-obada, doğmalar
arasında hamı ona "Qənbər müəllim" deyə
üz tutur.
O, bu etimadı məktəb divarları arasında
keçirdiyi illərdə qazanmış və uzun zaman
dövlət vəzifələrində
çalışdığı vaxtlar da müəllimlik
statusunun ehtiva etdiyi dəyərlərə sadiq
qalmışdır. Mötəbər vəzifələrdə
çalışdığı zamanlar sevimli atası, XX əsr
aşıq sənətinin zirvəsi olan Şəmşir dədəliyini,
müdrikliyini insani münasibətlərin təməli, məhək
daşı seçmişdir. Qənbər
müəllim belə insani dəyərlərlə təkcə
sevimli ata, baba, nəsil böyüyü statusunu deyil, həm də
el ağsaqqalı səlahiyyəti qazanmışdır.
O, vəzifə
kürsülərində olduğu zamanlarda, xoş və dar məqamlarda
yenə poetik sözə, xalqın min illər bədii
zövqünü, həyat amalını formalaşdıran
sazın bitib-tükənməyən həyat eşqinə tapınmışdır.
Aşıq Şəmşir sazının və
sözünün işığında pərvazlanan Qənbər
müəllim ilk şeirlərini bu sənət
ocağının imtahanına verməyə tələsmədi.
Sonralar "Qənbər Şəmşiroğlu"
imzası ilə çap etdirdiyi onlarla kitabı onun
ata-babalarının yadigar qoyduğu sənət meyarlarına
layiq şair olduğunu ortaya qoydu. Aşıq Ələsgər,
Ağdabanlı Qurban, Aşıq Şəmşir
poeziyasının ənənələri axarında
formalaşmış Kəlbəcər poeziya məktəbinin
digər ilham çeşməsini şair dürüst müəyyən
edir:
ŞAİRDİ
Bizə
şair deməsinlər,
Kəlbəcər özü şairdi.
Sərt
qayası, uca dağı,
Dərəsi, düzü şairdi.
Xoş sədalı
kəklik səsi,
Torağayın
zümzüməsi,
Gözəllərin
qəh-qəhəsi,
Kəlməsi, sözü şairdi.
...
Sayı bilinmir güllərin,
Sevdiyi çoxdu Qənbərin.
Cəh-cəh
vuran bülbüllərin
Əllisi-yüzü şairdi.
Qənbər Şəmşiroğlunun lirik şeirləri
onun mənsub olduğu mühitin ən uğurlu poetik ənənələrinə
bağlıdır. Öz klassik sələfləri ilə
yanaşı, söz dünyasında birgə boy
atdığı, ünsiyyətdə olduğu müasirlərini
düşündürən mətləblərlə birgədir,
onlarla söz simsarıdır. Güclü
deyim tərzi, sözə gözlənilməz poetik məna
aşılamaq Qənbər müəllimin şeirlərində
də qabarıqdır.
Biz tərəfə
bir də gəlmə! - demişdin,
Yarpaq olub, yel gətirib gəlmişəm.
Bizdən
sizə gələn yollar enişdi,
Yağış yağıb, sel gətirib gəlmişəm.
Dünyanın, varlığın mahiyyəti haqqında
min illərdi yazılır. Mövzu eynidir. Lakin hər sənətkar yeni poetik biçimdə,
bədii sözün yeni qatlarını, daxili bədii
yükünü üzə çıxartmaqla yadda qalır.
Şair həyata, ötən ömrün mahiyyətinə
müdrik bir ovqatla dəyər verir. Yaşamağın,
var olmağın gözəlliyini həyat həqiqətlərində
axtarır. Varlıqla yoxluq arasında
çaşmır, əksinə, yoxluğu xalqa bəxş
etdiyi mənəvi varlığın özündə
görür.
Sən
üfüqdə yeni parıldayırsan,
Mən dağdan aşan gün, saraltım qalıb.
Sən
şölə verərək işıq saçırsan,
Mənim işığım yox, işartım qalıb.
Sənin
şəfəqlərin nur çilələyir,
Mənim sədalarım uzaqdan gəlir.
Ürəyim
belimə qəm şələləyir,
Daha özüm yoxam, qaraltım qalıb.
Sən
gözlər oxşayan tər bənövşəsən,
Cənnət ətri verən ruhsan, nəşəsən.
Naz-qəmzəni
eyləmisən peşə sən,
Mənimsə hünərim bir atım qalıb.
Dedim ki,
hüsnünə olmuşam mayıl,
Dedin ki,
yatmısan, qəflətdən ayıl.
Görürsən
ki, yaxınlaşır Əzrayıl,
Mənə yetişməyə bir addım qalıb.
Qənbər Şəmşiroğlu güclü həyat
eşqi ilə yaşayan, sinəsi xalq lətifələri və
rəvayətləri ilə dolu, heç vaxt sınmayan bir
şəxsiyyətdir. Bu onun poeziyasında da, onun şeirlərinin
ruhunda, intonasiyasında da qabarıqdır. Həssas qələm əhli kimi elin-obanın,
xalqın ağrılı günlərində vəzifə
sahibi kimi öndə olduğu kimi, ən ağır məqamlarda
sözə sığınır, qəlbini parçalayan
iztirabları yüksək bədii biçimdə ifadə
edir. Sevimli valideynlərinin yoxluğu ilə
barışmaq istəməyən şairin
yaşantıları təbiidir, insanidir, deyiliş tərzi ilə
həmahəngdir:
NİGARANAM
(Anamın məzarı başında
deyilmiş şeir)
Dərdim
böyük, həsrətim çox,
Sonam, səndən
nigaranam!
Pərvanəyəm,
nur şölənə
Qonam, səndən
nigaranam!
Niskillərim
yenə çin-çin,
Sızlayıram için-için.
Məzarın
da dərd, mən üçün,
Anam, səndən
nigaranam!
Haqsızlıq
dünyanı alıb,
Haqq
susaraq lövbər salıb,
Ümid tək
Allaha qalıb,
Dünyam, səndən nigaranam.
Kəlbəcər
qəmə bələnib,
Yaş gözümdə gilələnib.
Qaçqın
düşüb, səpələnib,
Obam, səndən nigaranam.
Ağdabanım
qan içində,
Ürək
dözmür can içində.
Qənbər,
alış, yan içində,
Yaman səndən
nigaranam!
Anam, səndən
nigaranam!
Anam, səndən
nigaranam!
Qənbər müəllim Aşıq Şəmşirin
sənət aləmində xalqa əziz olan yadigarıdır. Ata-oğul
ünsiyyəti bu iki şəxsiyyətin simasında həm
fikir, həm sənət doğmalığının nadir
nümunələrindən idi. Uzun illərdir
Ağdabanlı Qurban, Aşıq Şəmşir irsinin
keşiyində duran Qənbər müəllim şair olmaqla
yanaşı, qədirbilən sənət fədaisidir. Böyük ustad ona "Qənbər müəllim"
deyə müraciət edərdi. Bu
özü də övlada, onun şəxsiyyətinə ustad,
ata ehtiramı idi. Ustadın 1980-ci ildə,
ömrünün son günlərində yazdığı
aşağıdakı şeir Qənbər müəllimin
şəxsiyyətinə böyük sənətkarın
poetik ehtiramı idi.
QƏNBƏRİM
Dərdim
şiddət edir, ölürəm daha,
Mən köçürəm, qal salamat, Qənbərim.
Səni
tapşırıram qadir Allaha,
Du rsun köməyində şahi-Heydərim.
Ağrım
yaman çoxdu, dayanmır canım,
Bircə
yaradana qalıb gümanım,
Yaş
salma gözündən, dinim-imanım,
Sənsən mənim dildə şirin əzbərim.
Bu yol ilə
gedib ata-babalar,
Nizami, Füzuli hanı, hanı var?
Yazdır
sözlərimi, qalsın yadigar,
Qoy, nişana olsun kitab, dəftərim.
Gah
dayanır gəmim ümman içində,
Gör
neçə azar var bir can içində,
Məni
ağlamasın düşman içində,
Vəfalı, ilqarlı gözəl Güllərim.
Şəmşir
sənə nisar, oğul, agah ol,
Əyilmə,
pozulma, susma, gümrah ol,
Qohum-qardaşlara
umud, pənah ol,
Çatsın imdadına Kərrari-kərim.
Tanrı Kəlbəcəri Azərbaycana bənzərsiz
təbiət möcüzəsi, saz-söz məbədi, mərdlik
mücəssəməsi olan "abidə insanlar" məskəni
kimi bəxş etmişdi. Yağı
düşmənin ilk şəhidləri Qənbər müəllimin
ocağının payına düşdü.
İnsanlığa sığmayan Ağdaban faciəsi XX
əsrin ən qanlı səhifələrindəndir. Sevimli
bacısı Çimnazın, 16 yaxın qohumunun ağır
işgəncələrlə şəhid olmasına dözmək
üçün Qənbər müəllimdə olan dağ
vüqarı, qaya sərtliyi gərəkdir.
Qənbər müəllimi tanıyanlar bilirlər ki,
kövrək lirizmlə mənalı, həyatı yumor hissi
onun xarakterində bir-birini tamamlayan psixoloji keyfiyyətlərdir. Bir qələm
əhli kimi həyata, dünyaya belə bir ovqatla, belə bir
harmoniyada yanaşma ona ədəbiyyatın digər
janrlarında da əsərlər yazmağa sövq
etmişdir. Mənsub olduğu sənət şəcərəsinin
epik dastan ənənələri, zəngin həyati
müşahidələr - təbiəti duymaq, onun insanın mənəviyyatı,
ovqatı ilə bağlılığının hər an
şahidi olmaq ona real faktlar, əhvalatlar əsasında
koloritli bir dillə roman, povest və hekayələr yazmağa
rəvac vermişdir.
Qənbər müəllimin Kəlbəcərsiz
günləri olmayıb. Doğma ocaqda olanda da, ondan perik
düşəndə də. Qələmə
aldığı hər bir şeirdə, nəsr əsərində,
publisist qeydlərində Kəlbəcərin ətri duyulur.
Kəlbəcər ağrısına böyük mərdliklə
dözən vətənpərvər ziyalının,
müdrik qələm əhlinin nəşr etdirdiyi "Kəlbəcər:
ömrüm, həyatım", "Gədəbəy xatirələri"
yaxın tariximizin ibrətamiz hadisələrinin təsviri ilə
zəngin canlı səlnamədir. Qənbər
müəllim vəzifə kürsülərində
dağların ziyalılıq yaddaşını hər
şeydən üstün tutmuşdur. Kəlbəcərdən
Gədəbəyə rəhbər vəzifəyə gələrkən
onu sazla-sözlə qarşıladılar.
Qarabağ hadisələri başlayarkən ən qaynar
nöqtələrdən biri olan Gədəbəyin ən
çətin günlərində Qənbər müəllim
hərbi geyimdə xalqla birgə oldu. Ağdaban faciəsinin
qanı donduran sədasını burda eşitdi.
"Aşıq
Şəmşir" Mədəniyyət Ocağı
İctimai Birliyinin sədri, Azərbaycan
Yazıçıları Birliyinin üzvü, Azərbaycan
Ağsaqqallar Şurası Məclisinin üzvü kimi Qənbər
müəllim mədəniyyətimizin təbliği, dövlətçiliyimizin
inkişafı naminə yorulmaz fəaliyyət göstərir.
Rəhbərlik etdiyi mədəniyyət
ocağı aşıq sənətinin YUNESKO səviyyəsində
təbliğində, tanınmasında səmərəli
yaradıcılıq tədbirləri həyata keçirir.
Respublika və beynəlxalq səviyyəli elmi
sessiya və konfranslar keçirir. Bu ocaq
eyni zamanda, yurdundan, yuvasından didərgin düşənlərin
pənah apardığı söz-sənət, xeyirxahlıq
ocağıdır. Aşıq Şəmşirin
adını daşıyan bu ocağın istisinə sənət
adamları toplaşır, nəcib və xeyirxah əməllər,
nəsillər arasında mənəvi körpüləri
sınmağa qoymur.
Elin ağsaqqalı olmaq üçün gərək
evin ağsaqqalı olasan. Qənbər müəllim
böyük bir ailənin, nəslin sevimli atası,
babasıdır. Onun sevimli ömür-gün
yoldaşı Firuzə xanımla boya-başa
çatdırdıqları dörd oğul, bir qız
respublikamızın müxtəlif sahələrində öz
ulu ocaqlarının adına, şərəfinə
layiq fəaliyyət göstərirlər.
Dağlar oğlu Qənbər müəllim şəhərdə
qərar tuta bilmir. Kəlbəcərin ətrini Murovun ətəklərində
duyan, həyatı boyu qurub-yaratmaq eşqi ilə yaşayan Qənbər
müəllim ömrünün ahıl çağlarında
da xalqla, torpaqla birgədir.
Neçə illərdir qurduğu təsərrüfat
bir çox ailənin dolanışıq yeri, həm də onu
yaradan kişinin mənəvi rahatlığıdır. Qənbər
müəllim müvəqqəti Kəlbəcərdən
ayrılıb, ancaq vətən torpağından
ayrılmayıb. Bu torpağın
gücü onu yaşamağa, hər gün həsrətlə
baxdığı Murovun o üzünə
yaxınlaşdırır.
Qənbər müəllim möhtərəm
Prezidentimizin Cocuq Mərcanlı haqqında fərmanı ilə
vətənə böyük köçün
başlanğıcını Kəlbəcərə
qayıdışla bitəcəyi günü gözləyir. Dağlarda, Kəlbəcərdə
görüşənədək, Qənbər müəllim!
P.S. Bu
yaxınlarda erməni əsirliyində olan Dilqəm Əsgərovun
Ağdabanda çəkdiyi lentlərdə erməni vəhşiliyinin
bir daha şahidi oldum. Aşıq Şəmşirin,
canından əziz istədiyi sevimli qızı Çimnaz
xanımın parça-parça olmuş sinə
daşlarındakı yarı oxunan, yarı oxunmayan poetik sətirləri
gördüm. Bir anlığa Dədə
Şəmşirin "Altındayam", onun oğlu qədər
sevdiyi Hüseyn Kürdoğlunun "Sümüklərin
sızladı" şeirlərini xatırladım. Bu poetik nümunələri oxuculara təqdim edirəm.
AŞIQ ŞƏMŞİR
ALTINDAYAM
Dostlar,
bağışlayın, dura bilmirəm:
Yan üstə qalmışam, daş altındayam.
Üstündə
gəzərdim qara torpağın,
İndi də mən onun baş altındayam.
Qəbrimi
bel, düsər qazıb çox dərin,
Mərd necə göstərsin burda hünərin.
Çökmüşəm
altına elə bir nərin:
Tərpənməz bir dağın döş
altındayam.
Cananım
hardadır, mən isə harda?..
Aşıq məxşuş qalıb belə diyarda.
Bir quru qəfəsəm
dar bir məzarda,
Kəfənə qəm yağıb, yaş
altındayam.
De hanı qələmim, hanı dəftərim?
Nə yazım dünyadan, nə var xəbərim?!
Yetişsin
dadıma Kərrari-Kərim!
Suala
cavabsız iş altındayam.
Qardaş
yox burada əlimdən tuta,
Nə anam, nə bacım, tapılmaz ata.
Gəlib
çatdım bu qaranlıq zulmata,
Bala uçurmayan quş altındayam.
Görünmür
oylaqlar, gəzdiyim dağlar,
Axtarıb hey məni yarım qan ağlar.
Gözündən
içdiyim sərin bulaqlar,
Bilin, köksünüzün tuş altındayam.
Toylarda
çaldığım sədəfli sazım,
Ellərə yadigar qaldı avazım.
Məzar
zimistandır, açılmaz yazım,
Boranı səngiməz qış altındayam.
Qeyb oldum
gözündən dayı, əminin,
Vəfalı dostların, söz həmdəminin.
Mənə
çörək verən qızıl zəminin
Kübrəsi olmuşam, xış altındayam.
Oğul hayandadır, qız hayandadır?
Dağlara baxdığım göz hayandadır?
Şəmşir
hayandadır, saz hayandadır?..
Fikrə
qərq olmuşam, huş altındayam.
HÜSEYN KÜRDOĞLU
SÜMÜKLƏRİN SIZLADI
Dədə
Şəmşir, məzarında sümüklərin
sızladı,
Qanlı yağı gülləsiylə balan getdi güdaza.
Güllü
nənə nalə çəkib, layla deyib nazladı,
Yer ağladı, göy ağladı ay bənizli
Çimnaza.
Dədə
Şəmşir qürub çağı dağlar qana
boyandı,
Sal qayalar yuxusundan haray çəkib oyandı.
Qoca Tərtər
oda düşdü, ha çırpındı, ha yandı,
İblislərin fitvasıyla qırğın düşüb
Qafqaza.
Dədə
Şəmşir, sən görmədin şəhid olan
canları,
Qoyarıqmı yerdə qala o müqəddəs
qanları?!
Azğınların,
quduzların tez yetişər sonları,
Səsin çatıb Çənlibeldə Koroğluya,
Eyvaza.
Dədə
Şəmşir, sinəndəndir zəmanənin yüz
dağı,
Nadanların, namərdlərin, xainlərin söz
dağı.
Oğul
dağı çəkən dünya bir də çəkdi
qız dağı,
Dəlidağın göz yaşları axdı Kürə,
Araza.
Dədə
Şəmşir, yoldan azıb, yönə düşmür
bu dövran,
Odu sönən ocaqların başı kəsik,
bağrı qan.
Oxuduğu
nə Tövratdır, nə İncildir, nə Quran,
Biz nə qədər qulaq asaq məkirli bir avaza?!
Dədə
Şəmşir, zaman keçər, qara duman açılar,
İbrətli bir tarix olar çəkdiyimiz acılar.
Əl
vuranda tellərindən qanlı yaşlar saçılar
Kürdoğluya
gülə-gülə bəxş etdiyin gur saza...
525-ci qəzet.-15 noyabr.-S.7.