"Əli
və Nino"nun Romada daha bir
nümayişi
İtaliyada keçirilmiş Birinci Azərbaycan Film Festivalı
çərçivəsində ilk dəfə təqdim edilən dünyaca məşhur "Əli və Nino" filmi yenidən italyan tamaşaçılar üçün
nümayiş olunub.
AZƏRTAC
xəbər verir ki, bu dəfə
filmin nümayişi Azərbaycanın İtaliyadakı
səfirliyi və İtaliya Xarici İşlər Nazirliyi Əməkdaşlarının Həyat
Yoldaşları Assosiasiyası
(ACDMAE) tərəfindən, Romanın mərkəzində
yerləşən "Tiziano"
kinoteatrında təşkil
olunub. Filminin nümayişi ilə
ACDMAE-nin mədəni
mübadiləni təşviq
etmək məqsədilə
həyata keçirdiyi
"Beynəlxalq film seriyaları"
layihəsinin açılışı
reallaşıb.
Tədbiri giriş sözü
ilə ACDMAE-nin prezidenti Sofia Marras açıb və ardınca həmin qurumun inzibati şurasının üzvü
Puççi Rastrelli,
Azərbaycanın İtaliyadakı
səfirinin həyat yoldaşı Aynurə Hüseynova və ölkəmizin İtaliyanın
Genuya şəhərindəki
fəxri konsulu Marqarita Kosta salamlama nitqi söyləyiblər.
Qeyd edilib ki, layihənin
rəhbəri və icraçı prodüseri
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı
sahibi Asif Kapadia, ssenari müəllifi isə
"Akademy Award" mükafatı
laureatı Kristofer Hemptondur. Filmdə baş rolları
86-cı Kino Akademiya festivalının
qalibi Adəm Bəkri və Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.
Sonra "Əli
və Nino" filmi nümayiş etdirilib.
Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli
və Nino" Azərbaycanın
müstəqillik uğrunda
mübarizəsi və
XX əsrin əvvəlində
Azərbaycanın Rusiya
tərəfindən işğal
edilməsi fonunda müxtəlif dinlərə
etiqad edən iki gəncin sevgisindən bəhs edir.
Tədbirin sonunda iştirakçılara
Azərbaycanın milli
mətbəx nümunələrindən
müxtəlif şirniyyatlar
təqdim olunub.
525-ci qəzet.-15 noyabr.-S.7.