Şuşa Uşaq İncəsənət məktəbinin 85 illiyi qeyd olundu

 

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Şuşa Şəhər İcra Hakimiyyətinin, Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

 

Qonaqlar əvvəlcə Mərkəzin foyesində Şuşa Şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

 

Tədbirdə Sumqayıt Regional Mədəniyyət Turizm İdarəsinin rəisi Mehman Şükürov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Mədəniyyət Turizm Nazirliyinin əməkdaşı Yaşar Əliyev, məktəbin məzunu, Əməkdar artist Anar Şuşalı Şuşa Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Mirkamil Ağamirov çıxış edərək tədris ocağının tarixindən, 85 illik fəaliyyətindən, yetirmələrinin qazandığı uğurlardan söhbət açıblar.

 

Bədii hissədə xalq çalğı alətləri ansamblının müşayiəti ilə Emin Sabitoğlunun "Can Azərbaycan" mahnısını uşaq xor kollektivi ifa edib. Əməkdar artist Anar Şuşalı "Vətənimdir"i, məktəbin tələbələri Fatimə Ağazadə "Turacı", Emin Məmmədli "Gözəl Şuşam"ı, Gümanə Mərdiyeva, Elbrus Abbasov, Arzu Məmmədova "Qarabağ şikəstəsi"ni ifa ediblər.

 

Tədbirdə "Yallı" rəqsini beynəlxalq respublika müsabiqələrinin laureatı məktəbin "Təbəssüm" rəqs qurupu nümayiş etdirib. İfalar alqışlarla qarşılanıb.

 

Xədicə RƏHMAN

525-ci qəzet.-15 noyabr.-S.7.