"Türkologiya" jurnalına
Türkiyədən baxış
"JURNALIN
BÖYÜK YARADICILIQ UĞURLARI QAZANACAĞINA İNANIRIQ"
Türkiyənin (Qazi Universiteti) tanınmış elm adamları Mehman Musaoğlu-Musayev, Fatih Kirişçioğlu, İbrahim Dilek, Tümen Somuncuoğlu "Türkologiya" jurnalı haqqında məqalə yazıblar. Məqaləni oxucuların
diqqətinə çatdırırıq.
Türklük
fenomeni türk mənşəli Anadolu-Rumeli, Azərbaycan,
türkmən, qazax, qırğız, özbək, qaraqalpaq,
uyğur, tatar, başqırd, çuvaş, yakut, tuva, karaim,
qaqauz, qaraçay-balkar, qumuq, noqay, altay, salar, xakas milli-mədəni
kimliklərinə görə bilinir. Bu kimliklər
sözün dar mənasında etnik mənsubiyyət, geniş
mənasında isə ümumi bir dil-mədəniyyət
müəyyənliyi zəminində öyrənilir.
Ümumtürk mədəniyyəti qavramının
(konseptinin) məzmununu isə türk xalqlarının ənənəvi
və yeni dinləri, inancları, həyat tərzləri və
davranış şəkilləri, ədəbiyyat və musiqi
növləri və s. təşkil edir.
Sözügedən fenomen və ona bağlı olaraq
türk mədəniyyəti qavramı ədəbi dillər və
dialektlərdən ibarət olan ümumtürk dili ilə dərk
olunur.
Türkdilli xalqların Avrasiyada və dünyanın digər
bölgələrindəki miqrasiya xarakterli nüfuz yerləşimləri,
müstəqil və muxtar respublikaları milli-mədəni
muxtariyyat və vilayət səciyyəli avtonom təşəkkülləri
"Türklük fenomeni" qavrayışının
coğrafi-demoqrafik və milli-siyasi göstəriciləri kimi
səciyyələndirilir. Bütün
bunları coğrafi-demoqrafik parametrləriylə ehtiva edən
Türk dünyası təşəkkülünün mədəni-intellektual
gücü, eyni zamanda, etnoqrafik, folklorik, multikultural və digər
milli-mənəvi dəyərləriylə inkişafı,
qloballaşan dünyamızda danılmaz bir gerçəkliyə
çevrilir. Keçən əsrin
90-cı illərindən etibarən Türk dünyasında
müxtəlif məzmunlu zirvələr, qurultaylar, konfranslar,
elmi-kütləvi tədbirlər keçirilir. Bütün bunlar sözügedən inkişafın
artıq ortaq bir dayanışma və "kültürəl
birlikdəlik" xarakteri qazanmasından xəbər verir.
XXI yüzildə "dünya qazaxları,
qırğızları, türkmənləri, özbəkləri,
azərbaycanlıları" və s. qurultaylarının
keçirilməsi həm türk respublikalarının, həm
də yuxarıda göstərilən milli-mədəni kimliklərin
hər birinin müstəqil olaraq bütünləşməsinin
qalıcı xarakter daşıdığını göstərir.
Beləliklə,
2001-ci ildən bəri Azərbaycanda dördü keçirilən
Dünya Azərbaycanlıları qurultaylarında əvvəlcə
Ümummilli lider Heydər əliyevin, sonra isə möhtərəm
cənab Prezident İlham Əliyevin konseptual
çıxışları Türk dünyasında çox
böyük əks-səda doğurmuşdur. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata
keçirdiyi müxtəlif sosial-mədəni fəaliyyətlər
isə Azərbaycanın bütün dünyada
tanınmasında önəmli rol oynamışdır.
İndi Azərbaycanda olimpiya oyunlarına, elm və incəsənət
məsələlərinə dair keçirilən müxtəlif
tədbirlər, sivil toplum quruluşlarının dünyada
apardığı güclü diaspora fəaliyyətləri,
paytaxt Bakı şəhərinin tanınmaz dərəcədə
dəyişməsi, Azərbaycan dili və dilçiliyi ilə
bağlı görülən işlər ulu öndər Heydər
Əliyevin irəli sürdüyü Azərbaycançılıq
milli ideologiyasının nə qədər doğru
olduğunu bir daha təsdiq edir.
Bu gün
türk ədəbi dillərində yayımlanan
çoxsaylı akademik türkoloji jurnalların üzərinə
qloballaşan dünyanın konseptual-sosial kontekstində
çox böyük iş düşür. Belə ki, indi
artıq bütövlükdə ümumtürk mədəniyyəti
və ayrılıqda türk xalqlarının dili, ədəbiyyatı,
folkloru, etnoqrafiyası və s. haqqında aparılan elmi
araşdırmaların konseptual-koqnitiv səciyyəli istiqamətlər
və metodların tətbiq olunması ilə yerinə yetirilməsi
zərurəti doğmuşdur. 2016-cı ildən
akademik Kamal Abdullayevin redaktorluğu və ön sözü ilə
yayım həyatını tamamilə yeni bir fəaliyyət
proqramı ilə davam etdirən "Türkologiya"
jurnalı məhz bu baxımdan diqqəti cəlb edir.
"Türkologiya"
jurnalı SSRİ EA və Azərbaycan SSR EA-nın
müştərək elmi-nəzəri nəşr orqanı
kimi 1970-ci ilin aprel ayından 1992-ci il yanvarın 16-na qədər
Nəsimi adına Dilçilik İnstitutunda "Sovetskaya
Tyurkoloqiya" adı ilə rus dilində
yayımlanmış jurnalın varisidir. Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin 16 yanvar 1992-ci il tarixli iclasının qərarı ilə
jurnal 1992-ci ildən etibarən "Türkologiya" adı
ilə, əsasən, Azərbaycan, türk, rus və ingilis
dillərində ildə 4 sayı olmaqla
yayımlanmışdır. 1990-cı illərdə
jurnalın yayım həyatında çox böyük ciddi
maliyyə çətinlikləri yaranmış, bəzən
jurnalın ildə sadəcə bir-iki sayı işıq üzü
görmüş, bəzi illərdə isə heç
yayımlanmamışdır. Ancaq 1999-cu
ildə jurnalın dövlət vəsaiti ilə maliyyələşdirilməsi
qərara alınmışdır. 1970-1987-ci
illərdə akademik Məmmədağa Şirəliyev,
1987-1992-ci illərdə Edhem Tenişev, 1992-2014-ci illərdə
akademik Ağamusa Axundov, 2014-2016-cı illərdə akademik
Tofiq Hacıyev "Türkologiya" jurnalının baş
redaktorları olmuşlar. Beləliklə,
jurnalın həyatında indiyə qədər iki tarixi
dövr yaşanmışdır. İndi
isə artıq üçüncü tarixi dönəmə qədəm
qoyulmuşdur.
Qeyd olunmalıdır ki, jurnalın yayım həyatının
birinci dövründə ən çox türk
xalqlarının dilinə, dil əlaqələrinə, qismən
də yazılı ədəbiyyatına və folkloruna dair
xarakterik tədqiqatların çap olunması çox
böyük siyasi, elmi və mədəni əhəmiyyətə
malik olmuşdur. Jurnalda SSRİ-nin Moskva, Leninqrad, Bakı, Tiflis, Daşkənd,
Alma-Ata, Aşqabad, Frunze kimi şəhərlərinin və
Polşa, Macarıstan, ADR, AFR, Bolqarıstan, Çexoslovakiya,
Rumıniya, ABŞ, İtaliya, Yaponiya və s. ölkələrin
görkəmli şərqşünas-türkoloqlarının
məqalələri çap olunmuşdur. "Sovetskaya
tyurkoloqiya" jurnalının vaxtaşırı olaraq Yusif
Balasaquninin "Kutatqu bilik" və Mahmud Kaşqarinin
"Divani-lüğət-it türk" kimi özəl
sayları da yayımlanmışdır. O zaman jurnalda
çap edilmiş materiallar ən çox
aşağıdakı rubrikalarda verilmişdir: "Dil əlaqələri",
"Ədəbiyyatşünaslıq və folklor məsələləri",
"Onomastika", "Müzakirələr və
diskussiyalar", "Türkologiyanın tarixi", "Məlumat
və icmallar", "Rəylər", "Elmi həyat",
"Personaliya" və "Xronika". Jurnalın
göstərilən rubrikalarında çap olunmuş məqalələr
və müxtəlif materiallar türkologiya, eləcə də
bütövlükdə filologiya elminin ən müxtəlif
problemlərinə həsr olunmuşdur. Jurnalın
ildə mütəmadi olaraq 6 sayı yayımlanmış və
müəlliflərə qonorar verilmişdir. 1992-ci ildən sonra isə jurnal, əsasən, bir
neçə dildə və ildə 2-4 sayı olmaqla,
yayımlanmışdır. Jurnalın
redaksiya heyətində müəyyən dəyişikliklər
edilmiş, məqalələr isə ən çox
"Türkologiya" rubrikası altında verilmişdir.
Bununla bərabər, jurnalın öncəki
elmi-metodoloji ənənəsi və strukturu, əsas yayım
prinsipləri və texniki-tipoqrafik üslubu, əsasən,
mühafizə edilib saxlanılmışdır.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
2015-ci ildə aldığı qərara görə,
AMEA-nın Rəyasət Heyəti "Türkologiya"
jurnalının təsisçisi kimi müəyyənləşdirilmişdir. Jurnalın
dilçilik elmi ilə bərabər, digər ictimai elmlər
bölmələrinin əhatə etdiyi sahələr üzrə
də nəşr edilməsi məqsədəuyğun hesab
olunmuş və akademik Kamal Abdullayev "Türkologiya"
jurnalının baş redaktoru təyin edilmişdir. Sözügedən jurnalın redaksiya heyətinin
yeni tərkibi də həmin qərara əsasən yenidən
təsdiq edilmişdir.
"Türkologiya" jurnalının yeni yayım həyatı
2016-cı ilin birinci sayı ilə başlamışdır. Jurnalın
ikinci, üçüncü və dördüncü
sayları da artıq işıq üzü
görmüşdür. İndi jurnalın
hər sayı "Türkoloji elmi-mədəni hərəkat"da
yeni bir hadisə kimi qarşılanır. Jurnalın
"Türkoloji irs", "Dilçilik", "Ədəbiyyat
və folklor", "Mədəniyyət və incəsənət",
"Fəlsəfə və tarix", "Mifologiya",
"Yazılı abidələr", "Türkoloji mərkəzlər"
və "Konfranslar, dəyirmi masalar" kimi dinamik
rubrikaları özlüyündə çox şey ifadə
edir. Belə bir təsnifat, sözün geniş
mənasında, slavyanşünaslıq,
germanşünaslıq və romanşünaslıq kimi
türk xalqlarının da dili, ədəbiyyatı, folkloru,
tarixi, maddi və mənəvi mədəniyyətini
bütün konseptual parametrləri ilə ehtiva edə bilən
bir türkologiya elminin təşəkkülünü indidən
müjdələyir.
"Türkologiya" jurnalının nəzdində
yaradılan seminar onun fəaliyyət proqramında yer tutan ən
önəmli tədbirlərdən biridir. Artıq indiyə
qədər türkoloji seminarın iki toplantısı
keçirilib. Seminarın ilk
toplantısı Birinci Türkoloji Qurultayın 90 illik yubiley tədbirləri
çərçivəsində Azərbaycanda səfərdə
olan dünyanın nüfuzlu türkoloq alimlərinin
iştirakı ilə baş tutub. Toplantıda
Azərbaycanın müxtəlif universitetlərindən tələbələr,
jurnalistlər və ictimaiyyətin nümayəndələri
iştirak edib. İlk toplantıda biz də Birinci
Türkoloji Qurultayın 90 illik yubileyi münasibətilə
Bakıda keçirilən "Türkoloji elmi-mədəni hərəkatda
ortaq dəyərlər və yeni
çağırışlar" mövzusundakı beynəlxalq
konfransın Türkiyədən gələn nümayəndələri
kimi iştirak etdik.
Birinci toplantıda akademik Kamal Abdullayev jurnalın
qarşısında duran əsas vəzifələrdən bəhs
edərək, sözügedən seminarın hər ay
keçiriləcəyini və onun vasitəsilə elm və təhsil
arasında əlaqə qurulmasının hədəfləndiyini
qeyd etdi. O,
seminarın əsas məqsədinin isə türkologiya elminin
nailiyyət və problemlərinin görkəmli
türkoloqlarla birgə müzakirə etmək və gənc
türkoloqları da bu elmin gəlişmələri və
canlı əfsanələri ilə tanış
etmək olduğunu vurğuladı. Türkiyəli
görkəmli türkoloq Əhməd Bican Ərcilasun ilk dəfə
olaraq bir dərginin seminar təşkil etdiyini söylədi.
O, belə bir kütləvi xarakterli elmi-publisistik fəaliyyətin
dərginin ətrafında bir mədəniyyət çevrəsi
yaradacağını ifadə etdi. 15 dekabr
2016-cı ildə isə AMEA-nın Mərkəzi Elmi
Kitabxanasında "Türkologiya" jurnalının ikinci
seminarı keçirildi. Seminarda professor
Elbrus Əzizovun moderatorluğu ilə professor Əhməd
Bican Ərcilasunun "Başlanğıcdan iyirminci əsrə-türk
dili tarixi" adlı kitabı müzakirə olundu.
Müzakirədə alim sözügedən kitabın
"Türk dilinin dünya dilləri arasındakı
yeri", "Altay dilləri nəzəriyyəsi",
"Böyük dil ailələri nəzəriyyəsi",
"Nostratik nəzəriyyə" və "Avrasyatik nəzəriyyə"
bölmələrindən geniş bəhs etdi və əsərin
bu gün bütövlükdə türkologiya elmi
üçün çox böyük maraq doğuran
xüsuslarına aydınlıq gətirdi.
1970-ci ildən
"Sovetskaya Tyurkoloqiya", 1992-ci ildən etibarən isə
"Türkologiya" adı ilə nəşr olunan dərginin
yayım həyatında, yuxarıda da göstərildiyi kimi,
2016-cı ildən etibarən üçüncü bir akademik
dönəm başlamışdır. Əlbəttə,
akademik Kamal Abdullayevin "Türkologiya" jurnalının
baş redaktoru olması, yeni redaksiya heyəti, eyni zamanda, beynəlxalq
məsləhətçilər qrupları üzvlərinin
öz sahələrində çox yaxşı
tanınmış ən görkəmli aparıcı alimlər
arasından seçilməsi, konseptual səciyyəli üst başlıqlar
və ya rubrikalarla jurnalın bölmələrinin yenidən
müəyyənləşdirilməsi və elə ilk saylarda
yayımlanan məqalələr də sözügedən
akademik dönəmin gələcək möhtəşəm
ayaq səslərindən xəbər verir.
"Türkologiya" jurnalının yayımlanan
saylarında bütövlükdə maddi və mənəvi mədəniyyətimizə,
tarixi və mifoloji dünyagörüşümüzün
müqayisəli olaraq retrospektiv və prospektiv aspektlərdə
öyrənilməsi və dəyərləndirilməsinə
həsr olunmuş məqalələr əksəriyyət təşkil
edir. Bu baxımdan jurnalın səhifələrində
dilin quruluşu və tarixinə, yazılı abidələrə,
türkoloji irsə və araşdırmalara, fəlsəfə
və tarixə, mifologiyaya və Birinci Türkoloji Qurultaya dair
yazılan məqalələr diqqəti daha çox cəlb
edir. Həmin məqalələrdən yayımlanan
sayların sırası ilə örnək olaraq
aşağıdakıların adını çəkmək
olar: 1) Muradgeldi Soyeqov (Türkmənistan). "XIII-XV
əsrlər Misirin qıpçaq dialektləri ilə
müasir türkmən dilinin münasibətləri
haqqında", Aygül Baytuova, Qulimjan Jıkıbay
(Qazaxıstan). "Orxon-Yenisey və talas
abidələrinin dilində "İlahi Tanrı"
ideyası", A.Nesterov (Rusiya). "Şato türkləri
və X əsrin ilk otuz ilində Çində sonuncu Tan
türk imperiyası", M.Nağısoylu (Azərbaycan). XVI əsr Azərbaycan yazılı abidəsi
"Şühədanamə"nin tərcüməsinin
arxaik leksikası haqqında", Ramiz Əsgər (Azərbaycan).
"Şərqdə Bakı şəfəqi";
2) A.N.Kononov (Rusiya). "V.V.Radlov və
milli türkologiya", N.Araslı (Azərbaycan). "Orta əsrlər türk şeirində Nizamidən
iqtibaslar", Q.Kumanqaliyeva (Qazaxıstan). "Əl-Fərabi
fəlsəfi mədəniyyət dialoqunun fenomeni kimi",
O.Rüstəmov (Türkiyə). "XVII-XVIII
əsrlərə aid şəriət məhkəmələrinin
məhkəmə reyestrinin materiallarında Krım
xanlığı əhalisinin zümrə titullarının
rütbələrinin eyniləşdirilməsində linqvistik
elementlər", B.Xəlilov (Azərbaycan). "Birinci Türkoloji Qurultayın
iştirakçıları: qırğız türkoloqu
Qasım Tınıstanov", Osman Fikri Sərtqaya (Türkiyə).
"Kitabi-Dədə Qorqud"un Vatikan nüsxəsində
latınca, ərəbcə, farsca, türkcə mətndənkənar
qeydlər", Əhməd Bican Ərcilasun (Türkiyə).
"Sibir və Qafqazda türkoloji
araşdırmalar"; 3) Georg Xazai (Macarıstan). "Türk dilinin tarixi qrammatikasının
hazırlanmasında yeni metodlar", Mehman Musayev (Türkiyə),
Fatih Kirişçioğlu (Türkiyə). "Göytürk mətninin konseptual, semiotik və
sintaktik quruluşunun müqayisəli təhlili təcrübəsindən",
İ.Həbibbəyli (Azərbaycan). "Türk
dünyasında inteqrasiya prosesləri: ədəbi-tarixi
reallıqlar və müasir dövr", E.Əzizov (Azərbaycan).
"Birinci Türkoloji qurultayda türk dillərinin
tarixi və inkişafı məsələləri"; 4) Həsən
bəy Zərdabi (Azərbaycan). "Rusiyada
əvvəlimci türk qəzetəsi", Y.Pilipçuk
(Ukrayna). "Mərkəzi Asiyanın
türk tayfaları və Qaraxanlılar
Xaqanlığı", N.Maksudova (Azərbaycan). "Dini yazılar atalar sözü və aforizmlərin
mənbəyidir", A.Abbasov (Azərbaycan).
"Yazılı abidələrin leksikoqrafiyasının əsasları
("Kitabi-Dədə Qorqud" dastanı əsasında)",
Behruz Behbabayi (İran) "İranda Türkoloji:
İmkanları, Sorunları, Sorumlulukları ve Geleceği"
və s.
"Türkologiya"
jurnalının yayımlanan saylarında ədəbi dildə
söz yaradıcılığı və alınmalar prosesi,
milli dil korpusu və tərcümə, dil əlaqələri,
linqvistik oxşarlıqlar və türkcənin tədrisi ilə
bərabər, təsviri sənətimiz, etnik-etnoqrafik dəyərlərimiz
və simvollarımız, ciddilik və komizmin foklorik təhkiyədə
konseptual-funksional paralellikləri kimi məsələlər də
işıqlandırılmışdır. Sözügedən
məsələlərin prospektiv, perspektiv və interospektiv
aspektlərdə bir-biri ilə bağlı öyrənilməsi
və dəyərləndirilməsinə əsasən,
yazılan məqalələrdən örnək olaraq
yayımlanan sayların sırası ilə
aşağıdakıların adını çəkmək
mümkündür: 1) Şükrü Haluk Akalın
(Türkiyə). "XXI əsr türkcəsində
yeni leksik vahidlər (neologizmlər) və yeni sözlər",
Ağaverdi Xəlil (Azərbaycan). "Novruz
bayramı türk xalqlarının gözü ilə",
Aydın Ələkbər (Azərbaycan). "A.S.Puşkinin
"Xatırlama" (1828) şeirinin linqvistik şərhi və
Azərbaycan dilinə tərcüməsi haqqında", Seyfəddin
Altaylı (Türkiyə). ""Kitabi-Dədə
Qorqud"dakı at rənglərinin türk dövlət gələnəyi
və yönləri ilə bağlılığı",
Muxtar Kazımoğlu-İmanov (Azərbaycan). "Kitabi-Dədə Qorqud" eposunda
gülüşün magik funksiyası"; 2) Elizabetta Raqaqnin
(Almaniya). "Azərbaycan dilində monqol
alınma sözləri: areal baxış"; 3) N.Seydamaetova
(Ukrayna), "Krım türkcəsi və türk dillərinin
müqayisəli cəhətdən öyrənilməsi
problemləri", T.İbrahimov (Azərbaycan). "Çələbi" xalçası, onun mənşəyi
və simvolikası", R.Zemaletdinov (Rusiya), A.Yusupova (Rusiya).
"Kazan Federal Universitetində tatar dili"; 4)
M.Mahmudov, Ə.Fətullayev və b. (Azərbaycan) "NLP
sistemləri və milli korpusun yaradılmasının nəzəri
və tətbiqi məsələləri", Kamila Barbara
Stanek (Polşa). "Türk, Azərbaycan
və polyak dillərindən seçilmiş atalar sözlərində
"söz" anlayışının qavranılmasında
linqvistik oxşarlıqlar", Ə.Salamzadə (Azərbaycan).
"Türk təsviri sənətində Dədə
Qorqud surəti", Güllü Qərənfil (Moldova). "Qaqauzların ənənəvi mədəniyyətinin
aktuallaşdırılması özü-nü qoruyub
saxlamağın yeganə yolu kimi" və s.
Akademik
Kamal Abdullayevin "Türkologiya" jurnalının
2016-cı il birinci sayında
yayımlanmış "Baş redaktordan" adlı
yazısında bundan sonra jurnalın səhifələrində,
əsasən, hansı sosial-elmi istiqamətlərin yer
tutacağından bəhs edilir. Akademik yazıda
türkoloji cameəyə üz tutaraq hansı aktual elmi
problemlərin araşdırılmasının və prioritet
türkoloji istiqamətlərin müəyyənləşdirilib
dərindən öyrənilməsinin zəruri olduğunu
soruşur.
Biz də məhz bu baxımdan "Türkologiya"
jurnalının səhifələrində yer tuta bilən və
hər yönü ilə mübahisə doğuran Türk
dünyası ilə bağlı bəzi tarixi, kulturoloji,
etnoqrafik, folklorik, mifoloji və filoloji-linqvistik istiqamətli
problematikləri aşağıda göstərmək istədik. Bunların bir
qismi ənənəvi səciyyəli olub koqnitiv və
konseptual-filoloji metodlarla yenidən öyrənilməlidir.
Digər qismi isə XXI yüzilin konseptual-sosial
şərtlərinə görə müzakirə edilə bilən
çox ciddi perspektiv və interospektiv xüsuslardır.
Birincilərə və ikincilərə aid olan problematiklər
aşağıda 10 maddədə uyğun sıra ilə
verilmişdir:
1.
Türkologiyanın türkoloji dilçilik, folklor, mifologiya, ədəbiyyat,
etnoqrafiya, tarix və mədəniyyətşünaslıq
kimi elm sahələrinə görə öyrənilməsi və
onun müvafiq elmi-metodoloji kursunun yaradılması məsələsi.
Bu xüsus akademik Kamal Abdullayevin "Türkologiya"
jurnalının 2016-cı il birinci
sayında yayımlanmış "Baş redaktordan"
adlı yazısında özəl olaraq vurğulanır. Yazıda türkoloji məkanla germanistika, slavistika,
romanistika, iranistika, sinologiya, afrikanistika, qədim və
ölü dillər və mədəniyyətlər kimi digər
önəmli elmi sahələr arasında möhkəm
interaktiv bağların yaradılmasının zəruri
olduğu göstərilir. İndi
böyük şəhərlərdə WALS (Dil
Quruluşlarının Dünya Atlası, The World Atlas of
Language Structures) kimi sosial elmlərin ən müxtəlif sahələrinə
dair müqayisəli və tutuşdurmalı-tipoloji
araşdırmalar aparılır. Sözügedən
oxşar elmi işlərdə türk dünyasına, dillərinə
və mədəniyyətinə dair müxtəlif bilgilər
də yer tutur. Türkologiya yalnız şərqşünaslıqdan
ayrı müstəqil elmi sahə və ayrıca bir
elmi-metodoloji kurs kimi qlobal-konseptual səciyyəli, müqayisəli
və tutuşdurmalı-tipoloji araşdırmaların
işığında inkişaf edə bilər.
2.
Ural-Altay nəzəriyyəsinin XXI yüzilin qlobal, tarixi və
konseptual-sosial kontekstində leksik, fonetik, fonoloji, frazeoloji,
tipoloji və qrammatik araşdırmalarda müəyyənləşdirilə
bilən fərqli və identik dil-nitq göstəricilərinə
görə öyrənilməsi məsələsi. Bu gün sözügedən nəzəriyyənin əleyhdarları
önəmli dərəcədə artmışdır. Türkologiya bəhsi içərisində yer tutan
macar-hun faktoru isə yeni qlobal dünya düzəni müstəvisində
fərqli bir şəkildə dəyərləndirilir. Hind-Avropa dilləri təsnifləndirməsi və
tarixi-müqayisəli dilçilik metodları isə fərqli
baxımlardan sorğulanır. Məsələn,
erqativ dillərin fərqli bir qrammatik-sintaktik quruluşa malik
olduğu söylənilir, slavyan və türk dilləri kimi
bir-birinə ən yaxın qohum dillər təsnifləndirmələri
aparılır.
3.
Türk dünyası ortaq tarix, ədəbiyyat kitabları və
müxtəlif yayınlarının, ayrılıqda isə
qloballaşan dünya düzəni şərtlərinə
uyğun olaraq, türk xalqlarının sosial fənlərinə
dair dərslik, metodik vəsait və s. hazırlanması məsələsi.
Bunların hazırlanması məsələsi
hələ 1990-cı illərdən etibarən Türkiyədə
müzakirə olunmağa başlanmış və həmin
sahədə müvafiq işlər
görülmüşdür. Bu gün
Türk dünyasının ortaq tarix və ədəbiyyat
kitabları Qazaxıstanda Türk Elmlər Akademiyasında
hazırlanır.
4.
"Türkologiya" jurnalının səhifələrində,
türk ədəbi dilləri və dialektlərindən gətirilən
mətnlərin və ya müxtəlif yazı nümunələrinin
vahid bir transkripsiyaya əsasən yayımlanması
lazımdır. Jurnalda gedən digər
yazıların isə əlifba sırasına və informasiya
texnologiyaları əsrinin interaktiv kommunikasiyasına dayanan
yeni yayım prinsipləri təcrübəsinə görə
verilməsi, fikrimizcə, daha məqsədəuyğun olar.
İndi artıq Rusiya Federasiyasındakı bəzi ciddi elmi
jurnallar, məsələn, "Voprosı yazıkoznaniya",
Türkiyədə isə demək olar ki, başda
"Bilig" və "Millə Folklor" olmaqla sosial elmlərə
dair yayımlanan bütün beynəlxalq dərgilər
sözügedən yayım prinsiplərinə
keçmişdir.
XIX yüzil dilçilik elminin tarixində renessans
dövrü kimi xaraterizə olunur. Bu yüzildə
tarixi-müqayisəli dilçilik elmi və onun metodları
ortaya çıxmış və yeni qrammatika kitabları
yayımlanmışdır. Türkologiyada
da həmin vaxt yeni qrammatika kitabları və müxtəlif
lüğətlər yazılmış, Orxon-Yenisey abidələri
deşifrə olunmuşdur. Semasioloji dil və
hər cür fenomenal semiotik işarələrin sərbəst
olduğu, bir-birinə bağlılığı və 100 ildən
sonra dilçilik və semiotika elmlərinin birləşəcəyi
mülahizəsi irəli sürülmüşdür. XX
yüzildə isə yeni dilçlik məktəbləri və
nəzəriyyələri ortaya çıxmışdır:
strukturalizm, deskriptiv və riyazi dilçilik, funksional
qrammatika, sosiolinqvistika, mətn sintaksisi və s. XXI yüzildə
sözügedən ənənəvi nəzəriyyələr
və metodlara görə müəyyənləşən
konseptual müstəvidə koqnitiv dilçilik və
linqvokulturologiya kimi yeni filoloji-linqvistik istiqamətlər
yaranmışdır. Məhz belə bir dövrdə
tanınmış alim, fikir adamı, tənqidçi, tərcüməçi
və dünyaca məşhur bir yazarın redaktorluğu, yeni
redaksiya heyəti və beynəlxalq məsləhətçilər
qrupları ilə fəaliyyətə başlayan
"Türkologiya" jurnalının XXI yüzildə nəinki
keçmiş şöhrətini bərpa edəcəyinə,
həm də daha böyük elmi-praktik yaradıcılıq
uğurları qazanacağına Türkiyədə yaşayan
və işləyən alimlər olaraq ürəkdən
inanırıq.
525-ci qəzet.-2017.-14 noyabr.-S.4;7.