"Türkün böyük lideri"
kitabına ön söz
Nizami CƏFƏROV
Tanınmış jurnalist və
yazıçı-publisist Aydın Ağazadənin ciddi zəhmət
hesabına ərsəyə gətirdiyi "Türkün
böyük lideri" kitabı bu günlərdə nəşr
olunub.
Kitabda Türkiyə Prezidenti, Ədalət
və İnkişaf Partiyasının (AKP) sədri, görkəmli
siyasi xadim Rəcəb Tayyib Ərdoğanın həyat və
fəaliyyət yolundan söz açılır. Akademik Nizami Cəfərovun kitaba yazdığı əhatəli
ön sözü oxuculara təqdim edirik.
Müstəqil dövlət quruculuğu yolunda inamla irəliləyən
Azərbaycan Respublikasının inkişafında qardaş
Türkiyə dövlətinin rolu əvəzsizdir. Respublikamızın
dünya birliyinə inteqrasiyasında, regional təhlükəsizliyin
qorunmasında, ümumiyyətlə, siyasi-iqtisadi və elmi-mədəni
maraqlarının təminatında Türkiyə dövləti
ilə hərtərəfli əməkdaşlıq amili
xüsusi əhəmiyyət kəsb edir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə
hakimiyyətə qayıdışından sonra "İki
dövlət, bir millət" devizi əsasında inkişaf
edən Azərbaycan və Türkiyə sarsılmaz birliyi bu
gün ən yüksək inkişaf səviyyəsinə
çatmışdır. Ulu öndərin ən
layiqli siyasi varisi - Azərbaycan Prezidenti cənab İlham
Əliyevin inamla davam etdirdiyi bu siyasət Türkiyə ilə
Azərbaycan arasında ənənəvi dostluq və
qardaşlıq münasibətlərinin inkişafına
güclü təkan vermişdir. Türkiyənin
böyük siyasi lideri, Ədalət və İnkişaf
Partiyasının (AKP) sədri Rəcəb Tayyib
Ərdoğanın hakimiyyətə gəlişindən sonra
Türkiyə-Azərbaycan əlaqələri daha dinamik
xarakter almış, ikitərəfli münasibətlər
keyfiyyətcə yeni mərhələyə qədəm
qoymuşdur. Azərbaycanın kədərini
özünün kədəri, sevincini sevinci hesab edən
Türkiyə ölkəmizi yaxın strateji tərəfdaş
hesab edərək bir sıra regional və qlobal iqtisadi-siyasi məsələlərin
həllində birgə addımlar atır.
Hər iki ölkənin təşəbbüsü ilə
regionun geosiyasi xəritəsinin dəyişən
transkontinental layihələrin həyata keçirilməsi,
strateji kommunikasiya dəhlizlərinin yaradılması istiqamətində
birgə işlərin davam etdirilməsi Türkiyə və
Azərbaycanın bölgədə nüfuzunun artmasına,
aparıcı dövlətlərə çevrilməsinə
səbəb olmuşdur. Qardaş ölkələr Türk dünyasının
və islam həmrəyliyinin,
tolerantlığın, çoxmədəniyyətliyin və
digər nəcib platformaların möhkəmlənməsində
də birgə səylərini gücləndirməkdədir. Təməlində qırılmaz dostluq və
qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə
münasibətləri bu gün digərləri
üçün model və nümunədir.
Tanınmış
jurnalist və yazıçı-publisist Aydın Ağazadənin
böyük zəhmət və araşdırma hesabına ərsəyə
gətirdiyi "Türkün böyük lideri" kitabı
Türkiyə ilə Azərbaycan arasında sarsılmaz dostluq
və qardaşlığın əyani nümunəsidir. Kitab hər iki ölkənin birgə siyasi iradəsi
və qətiyyəti ilə həyata keçirilən
mühüm qlobal layihələr, qardaş ölkənin
iqtisadi-siyasi, sosial-ictimai, elmi-mədəni həyatında
baş verən mühüm hadisələr barədə
dolğun məlumat əldə etmək baxımından
faydalıdır. Kitabda Türkiyə-Azərbaycan
münasibətlərini zirvəyə çatdıran
Türkiyə Respublikasının 12-ci Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğanın siyasi və iqtisadi fəaliyyətinə,
dövlətinin inkişafında gördüyü misilsiz xidmətlərə,
güclü liderlik keyfiyyətlərinə nəzər
salınmışdır. Müəllif onun Türkiyə və
Türk dünyasının, islam həmrəyliyinin
güclənməsində əvəzsiz xidmətləri,
dünya siyasətində yeri və rolu barədə oxucuda
geniş təəssürat yaratmağa
çalışmışdır.
4 fəsildən
ibarət olan kitabda Rəcəb Tayyib Ərdoğanın
uşaqlıq, yeniyetməlik və gənclik illəri, təhsil
aldığı dövrdə ictimai fəaliyyəti, ötən
əsrin 70-80-ci illərində Türkiyənin mürəkkəb
ictimai-siyasi mühitində baş verən proseslər və
Tayyib bəyin vətənpərvər gənclərlə
birlikdə ölkənin milli mənafeyinin qorunmasında cəsarətli
çıxışları və fədakarlığı
geniş şəkildə təsvir olunmuşdur.
R.T.Ərdoğanın gənc siyasi fəal kimi artan nüfuzu
və Rifah Partiyasının üzvü kimi Türkiyə
siyasətində aktiv rolu, İstanbul şəhərinin bələdiyyə
başçısı seçilməsi və quruculuq,
abadlıq işlərində böyük əmək sərf
etməsi, yeni və işlək yerli özünüidarəetmə
sistemi qurması, cəmiyyətdə bələdiyyə
orqanı haqqında yeni təsəvvür formalaşdırması
kitabda konkret faktlarla, obrazlı şəkildə oxucuya təqdim
olunmuşdur.
"Türkün
böyük lideri" kitabında Türkiyənin Ədalət
və İnkişaf Partiyasının yaradılması,
qısa zaman ərzində geniş nüfuz qazanması, təkbaşına
iqtidara gəlməsi, AKP liderinin Türkiyənin Baş naziri
seçilməsi və həmin dövrdə qardaş ölkənin
əldə etdiyi siyasi-iqtisadi uğurlardan geniş şəkildə
bəhs edilir. Kitabda Rəcəb Tayyib Ərdoğanın
Türkiyənin dövlət idarəçiliyində şərəfli
salnamə yazması, onun quruculuq və yeniləşmə fəlsəfəsi,
sosial və nəqliyyat infrastrukturunun bərpası, yeni
istehsal, xidmət obyektlərinin yaradılması, təhsil, səhiyyə
və kommunal xidmətlərin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirdiyi sistemli və ardıcıl islahatlardan söhbət
açılır.
Müəllif özünəməxsus sadə və
publisistik üslubla haqlı olaraq qeyd edir ki, AKP-nin qurucusu və
lideri, dünyanın ən güclü siyasi xadimlərindən
biri - Rəcəb Tayyib Ərdoğan 2002-ci ildə lideri
olduğu AKP-ni iqtidara gətirməklə ölkədəki
iqtisadi və siyasi böhrana son qoydu. Respublikanın həyatına
möhkəm sabitlik və davamlı inkişaf kursu gətirdi.
Türkiyədə yeni dövr başlatmaqla
ölkənin ictimai-siyasi, sosial-iqtisadi simasını dəyişdi.
2003-cü
il martın 5-də Baş nazir kimi fəaliyyətə
başlayan Rəcəb Tayyib Ərdoğan həyati əhəmiyyətə
malik bir çox islahat paketini qısa müddət ərzində
həyata keçirməyə nail olub. Nəşrdə
Türkiyə tarixində ilk dəfə olaraq Prezidentin xalq tərəfindən
seçki yolu ilə seçilməsi, xarici qüvvələrin
güclü Türkiyənin inkişafının
qarşısını almaq cəhdləri, 15 iyul hərbi
çevrilişinə uğursuz cəhd, türk
xalqının qəhrəmanlıq dastanı yazaraq öz
lideri Ərdoğanın rəhbərliyi ilə bütün
daxili və xarici təhdidləri, təxribatları qətiyyətlə
dəf etməsi kimi vacib hadisələrdən bəhs
olunmuşdur.
Kitabda Ərdoğanın
başçılığı altında Türkiyənin
iqtisadi xariqələr yaratması və böyük
inkişaf yoluna çıxması konkret faktlar əsasında
oxunaqlı üslubda təqdim edilmişdir. Müəllif
qeyd edir ki, Ərdoğan hökuməti dövründə
Türkiyə demokratikləşmə, şəffaflaşma və
maliyyə pozuntularının qarşısının
alınması yolunda böyük məsafələr qət
edib. Paralel olaraq ölkə iqtisadiyyatı və cəmiyyətində
psixoloji iz buraxmış və neçə il
davam edən yüksək ikirəqəmli inflyasiya xofunun
qarşısı alınıb, maliyyə-kredit sektorunda faiz dərəcələri
sabitləşdirilib, dövlətin borc və kredit faizlərinin
şiddəti söndürülüb. İqtisadi canlanma
insanların üzünü güldürüb,
iş yerləri açılıb, adambaşına
düşən milli gəlirdə böyük artım olub. Ölkə tarixində daha əvvəllər
görünməmiş dərəcədə
çoxsaylı infrastruktur layihələri həyata
keçirilib, mənzil, məktəb, yol, xəstəxana və
enerji stansiyaları insanların xidmətinə verilib.
Kitabda
İslam dünyasının liderinə çevrilən Rəcəb
Tayyib Ərdoğanın Yaxın və Orta Şərqdə
baş verən haqsızlıq və
özbaşınalıqlara qarşı həssaslıq
nümayiş etdirərək islam ölkələrinin həmrəyliyinə
nail olmaq təşəbbüsləri, beynəlxalq və
xarici qüvvələrin müsəlmanlara qarşı olan
yanlış münasibətinin, dini, irqi
ayrı-seçkiliyin qarşısının
alınmasında əzmkarlığı, PKK, İŞİD,
YPG terrorunun sarsıdılmasında Türkiyə Ordusunun
şanlı və rəşadətli mübarizəsi,
FETÖ-yə və antimilli qüvvələrə
qarşı təsirli və əhatəli mübarizə
tutarlı fakt və arqumentlərlə təsvir edilmişdir.
Müəllif AKP iqtidarının qətiyyətli və əzmkar
xarici siyasət yürütməsi sayəsində Yaxın və
Orta Şərqdə, Asiya və Avropa regionunda mövqeyinin
möhkəmlənməsini analitik tərzdə, sadə
üslubda, oxunaqlı formada təqdim etməyə nail olub. Rəcəb Tayyib Ərdoğanın dünyada
sülh və barışın möhkəmlənməsinə
verdiyi əvəzsiz töhfə, çoxmədəniyyətliliyin
və tolerantlığın yayılmasında fəal rolu
yüksək qiymətləndirilib.
Türkiyə-Rusiya və Türkiyə-Avropa Birliyi
münasibətlərinin vəziyyəti və regional əməkdaşlığın
dərinləşməsində rolu nəzərdən
keçirilib.
Kitabda Azərbaycan-Türkiyə
qardaşlığının daha da möhkəmlənməsi
yolunda atılan qətiyyətli addımlar, hər iki ölkənin
təşəbbüsü ilə reallaşan strateji regional
layihələr, icrası davam etdirilən mühüm
transkontinental layihələr, Dağlıq Qarabağ probleminin
həllində Türkiyə dövlətinin nümayiş
etdirdiyi prinsipial mövqe, Türk dünyasının və
islam həmrəyliyinin möhkəmlənməsində
Ərdoğanın yürütdüyü siyasətin səmərəsi
publisistik üslubda təqdim olunur. Həmin fəsildə
Türkiyə tarixində yeni inkişaf mərhələsinin
başlanması, Türkiyə tarixində ilk dəfə
olaraq xalq tərəfindən ölkə prezidentinin seçki
yolu ilə seçilməsi, 2017-ci il aprelin 16-da keçirilən
ümumxalq səsverməsində Anayasaya əlavə və dəyişikliklər
layihəsinin dəstəklənməsi, Yeni Türkiyə
quruculuğunun genişlənməsi, qardaş ölkənin
dünyada aparıcı dövlətlərdən birinə
çevrilməsi və digər maraqlı epizodlar peşəkarcasına
qələmə alınıb.
Nəşrdə böyük siyasi lider cənab Rəcəb Tayyib Ərdoğanın müxtəlif tədbir və mərasimlərdə, görüşlərdəki çıxışları, fikirləri, onun haqqında ictimai rəylərə əsaslanan materiallara da geniş yer verilib.
"Türkün böyük lideri" kitabı R.T.Ərdoğan haqqında maraqlı fakt və hadisələrin, zəngin məlumatların təqdim olunması baxımından oxucularda geniş təəssürat yaradır. İnanırıq ki, ensiklopedik səciyyə daşıyan kitab Türkiyə-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə sanballı töhfə verməklə böyük oxucu kütləsi tərəfindən maraqla qarşılanacaq.
525-ci qəzet.-2017.-14 noyabr.-S.4.