Dağlar oğlu

 

Şirindil ALIŞANLI

 

 

Ötən ilin kövrək payız günlərinin birində Qənbər müəllimlə Toğanadan Kəlbəcərə ayrılan yolun bizi doğma el-obaya çatdıracağına bir inamla Murova doğru addımlayırdıq.

 

Onu bir anlıq tənha qoyduq. Dağlara doğru irəlilədikcə çöhrəsinə kədər çökmüşdü. Ulu Murovun qarlı zirvəsinə doğru yönələn bu addımlar, Tərtərin həzin laylasını andıran Toğanaçayın sahilində hər kəsi kövrəldən bu düşüncələr namusla yaşanmış ömür yolunun anlarına, illərinə, əxlaq dərslərinə, vətəndaşlıq tutumuna qayıdış idi.

 

Tale bu ağsaqqala, qələm əhlinə, ictimai xadimə, saz-söz xiridarına vətən, xalq qarşısında şərəflə yaşamaq və yaratmaq qisməti bəxş edib. Həm də, vətənin, elin-obanın ağrı-acılarına dözməyə təpər, ümid və inam verib. Ömrün müdriklik çağına aparan illərin, yolların şahidləri onun həsrətlə baxdığı dağların o tayında - Kəlbəcər ellərində qalıb.

Miskin Abdal, Ağdabanlı Q

urban və Dədə Şəmşirin sənət, milli mənəviyyat dərslərini qan yaddaşında yaşadan, indinin və gələcəyin sərvətinə çevirən Qənbər Şəmşiroğlu:

 

Oba-oba, oymaq-oymaq,

Mən canımı gəzdirirəm.

Bir dərman tapılar deyə,

Gümanımı gəzdirirəm.

 

Kişi olan deməz yalan,

Canım tabsız, könlüm talan,

Ürəyimin sirri olan

Pünhanımı gəzdirirəm.

 

Utandırar ayı, günü,

Tutubdu yerin üzünü,

Dinim Məhəmmədin dini,

İmanımı gəzdirirəm.

 

....Ulu babam Miskin Abdal,

Qurban böyük dərya-kamal,

"Şəmşiroğlu" - deyib hər hal:

Ünvanımı gəzdirirəm!

Ünvanı mı gəzdirirəm!

 

Rəsmi tədbirlərdə, eldə-obada, doğmalar arasında hamı ona "Qənbər müəllim" deyə üz tutur. O, bu etimadı məktəb divarları arasında keçirdiyi illərdə qazanmış və uzun zaman dövlət vəzifələrində çalışdığı vaxtlar da müəllimlik statusunun ehtiva etdiyi dəyərlərə sadiq qalmışdır. Mötəbər vəzifələrdə çalışdığı zamanlar sevimli atası, XX əsr aşıq sənətinin zirvəsi olan Şəmşir dədəliyini, müdrikliyini insani münasibətlərin təməli, məhək daşı seçmişdir. Qənbər müəllim belə insani dəyərlərlə təkcə sevimli ata, baba, nəsil böyüyü statusunu deyil, həm də el ağsaqqalı səlahiyyəti qazanmışdır.

 

O, vəzifə kürsülərində olduğu zamanlarda, xoş və dar məqamlarda yenə poetik sözə, xalqın min illər bədii zövqünü, həyat amalını formalaşdıran sazın bitib-tükənməyən həyat eşqinə tapınmışdır. Aşıq Şəmşir sazının və sözünün işığında pərvazlanan Qənbər müəllim ilk şeirlərini bu sənət ocağının imtahanına verməyə tələsmədi. Sonralar "Qənbər Şəmşiroğlu" imzası ilə çap etdirdiyi onlarla kitabı onun ata-babalarının yadigar qoyduğu sənət meyarlarına layiq şair olduğunu ortaya qoydu. Aşıq Ələsgər, Ağdabanlı Qurban, Aşıq Şəmşir poeziyasının ənənələri axarında formalaşmış Kəlbəcər poeziya məktəbinin digər ilham çeşməsini şair dürüst müəyyən edir:

 

ŞAİRDİ

 

Bizə şair deməsinlər,

Kəlbəcər özü şairdi.

Sərt qayası, uca dağı,

Dərəsi, düzü şairdi.

 

Xoş sədalı kəklik səsi,

Torağayın zümzüməsi,

Gözəllərin qəh-qəhəsi,

Kəlməsi, sözü şairdi.

 

... Sayı bilinmir güllərin,

Sevdiyi çoxdu Qənbərin.

Cəh-cəh vuran bülbüllərin

Əllisi-yüzü şairdi.

 

Qənbər Şəmşiroğlunun lirik şeirləri onun mənsub olduğu mühitin ən uğurlu poetik ənənələrinə bağlıdır. Öz klassik sələfləri ilə yanaşı, söz dünyasında birgə boy atdığı, ünsiyyətdə olduğu müasirlərini düşündürən mətləblərlə birgədir, onlarla söz simsarıdır. Güclü deyim tərzi, sözə gözlənilməz poetik məna aşılamaq Qənbər müəllimin şeirlərində də qabarıqdır.

 

Biz tərəfə bir də gəlmə! - demişdin,

Yarpaq olub, yel gətirib gəlmişəm.

Bizdən sizə gələn yollar enişdi,

Yağış yağıb, sel gətirib gəlmişəm.

 

Dünyanın, varlığın mahiyyəti haqqında min illərdi yazılır. Mövzu eynidir. Lakin hər sənətkar yeni poetik biçimdə, bədii sözün yeni qatlarını, daxili bədii yükünü üzə çıxartmaqla yadda qalır.

Şair həyata, ötən ömrün mahiyyətinə müdrik bir ovqatla dəyər verir. Yaşamağın, var olmağın gözəlliyini həyat həqiqətlərində axtarır. Varlıqla yoxluq arasında çaşmır, əksinə, yoxluğu xalqa bəxş etdiyi mənəvi varlığın özündə görür.

 

Sən üfüqdə yeni parıldayırsan,

Mən dağdan aşan gün, saraltım qalıb.

Sən şölə verərək işıq saçırsan,

Mənim işığım yox, işartım qalıb.

 

Sənin şəfəqlərin nur çilələyir,

Mənim sədalarım uzaqdan gəlir.

Ürəyim belimə qəm şələləyir,

Daha özüm yoxam, qaraltım qalıb.

 

Sən gözlər oxşayan tər bənövşəsən,

Cənnət ətri verən ruhsan, nəşəsən.

Naz-qəmzəni eyləmisən peşə sən,

Mənimsə hünərim bir atım qalıb.

 

Dedim ki, hüsnünə olmuşam mayıl,

Dedin ki, yatmısan, qəflətdən ayıl.

Görürsən ki, yaxınlaşır Əzrayıl,

Mənə yetişməyə bir addım qalıb.

 

Qənbər Şəmşiroğlu güclü həyat eşqi ilə yaşayan, sinəsi xalq lətifələri və rəvayətləri ilə dolu, heç vaxt sınmayan bir şəxsiyyətdir. Bu onun poeziyasında da, onun şeirlərinin ruhunda, intonasiyasında da qabarıqdır. Həssas qələm əhli kimi elin-obanın, xalqın ağrılı günlərində vəzifə sahibi kimi öndə olduğu kimi, ən ağır məqamlarda sözə sığınır, qəlbini parçalayan iztirabları yüksək bədii biçimdə ifadə edir. Sevimli valideynlərinin yoxluğu ilə barışmaq istəməyən şairin yaşantıları təbiidir, insanidir, deyiliş tərzi ilə həmahəngdir:

 

NİGARANAM

 

(Anamın məzarı başında deyilmiş şeir)

 

Dərdim böyük, həsrətim çox,

Sonam, səndən nigaranam!

Pərvanəyəm, nur şölənə

Qonam, səndən nigaranam!

 

Niskillərim yenə çin-çin,

Sızlayıram için-için.

Məzarın da dərd, mən üçün,

Anam, səndən nigaranam!

 

Haqsızlıq dünyanı alıb,

Haqq susaraq lövbər salıb,

Ümid tək Allaha qalıb,

Dünyam, səndən nigaranam.

 

Kəlbəcər qəmə bələnib,

Yaş gözümdə gilələnib.

Qaçqın düşüb, səpələnib,

Obam, səndən nigaranam.

 

Ağdabanım qan içində,

Ürək dözmür can içində.

Qənbər, alış, yan içində,

Yaman səndən nigaranam!

Anam, səndən nigaranam!

Anam, səndən nigaranam!

 

Qənbər müəllim Aşıq Şəmşirin sənət aləmində xalqa əziz olan yadigarıdır. Ata-oğul ünsiyyəti bu iki şəxsiyyətin simasında həm fikir, həm sənət doğmalığının nadir nümunələrindən idi. Uzun illərdir Ağdabanlı Qurban, Aşıq Şəmşir irsinin keşiyində duran Qənbər müəllim şair olmaqla yanaşı, qədirbilən sənət fədaisidir. Böyük ustad ona "Qənbər müəllim" deyə müraciət edərdi. Bu özü də övlada, onun şəxsiyyətinə ustad, ata ehtiramı idi. Ustadın 1980-ci ildə, ömrünün son günlərində yazdığı aşağıdakı şeir Qənbər müəllimin şəxsiyyətinə böyük sənətkarın poetik ehtiramı idi.

 

QƏNBƏRİM

 

Dərdim şiddət edir, ölürəm daha,

Mən köçürəm, qal salamat, Qənbərim.

Səni tapşırıram qadir Allaha,

Du rsun köməyində şahi-Heydərim.

 

Ağrım yaman çoxdu, dayanmır canım,

Bircə yaradana qalıb gümanım,

Yaş salma gözündən, dinim-imanım,

Sənsən mənim dildə şirin əzbərim.

 

Bu yol ilə gedib ata-babalar,

Nizami, Füzuli hanı, hanı var?

Yazdır sözlərimi, qalsın yadigar,

Qoy, nişana olsun kitab, dəftərim.

 

Gah dayanır gəmim ümman içində,

Gör neçə azar var bir can içində,

Məni ağlamasın düşman içində,

Vəfalı, ilqarlı gözəl Güllərim.

 

Şəmşir sənə nisar, oğul, agah ol,

Əyilmə, pozulma, susma, gümrah ol,

Qohum-qardaşlara umud, pənah ol,

Çatsın imdadına Kərrari-kərim.

 

Tanrı Kəlbəcəri Azərbaycana bənzərsiz təbiət möcüzəsi, saz-söz məbədi, mərdlik mücəssəməsi olan "abidə insanlar" məskəni kimi bəxş etmişdi. Yağı düşmənin ilk şəhidləri Qənbər müəllimin ocağının payına düşdü.

 

İnsanlığa sığmayan Ağdaban faciəsi XX əsrin ən qanlı səhifələrindəndir. Sevimli bacısı Çimnazın, 16 yaxın qohumunun ağır işgəncələrlə şəhid olmasına dözmək üçün Qənbər müəllimdə olan dağ vüqarı, qaya sərtliyi gərəkdir.

 

Qənbər müəllimi tanıyanlar bilirlər ki, kövrək lirizmlə mənalı, həyatı yumor hissi onun xarakterində bir-birini tamamlayan psixoloji keyfiyyətlərdir. Bir qələm əhli kimi həyata, dünyaya belə bir ovqatla, belə bir harmoniyada yanaşma ona ədəbiyyatın digər janrlarında da əsərlər yazmağa sövq etmişdir. Mənsub olduğu sənət şəcərəsinin epik dastan ənənələri, zəngin həyati müşahidələr - təbiəti duymaq, onun insanın mənəviyyatı, ovqatı ilə bağlılığının hər an şahidi olmaq ona real faktlar, əhvalatlar əsasında koloritli bir dillə roman, povest və hekayələr yazmağa rəvac vermişdir.

 

Qənbər müəllimin Kəlbəcərsiz günləri olmayıb. Doğma ocaqda olanda da, ondan perik düşəndə də. Qələmə aldığı hər bir şeirdə, nəsr əsərində, publisist qeydlərində Kəlbəcərin ətri duyulur. Kəlbəcər ağrısına böyük mərdliklə dözən vətənpərvər ziyalının, müdrik qələm əhlinin nəşr etdirdiyi "Kəlbəcər: ömrüm, həyatım", "Gədəbəy xatirələri" yaxın tariximizin ibrətamiz hadisələrinin təsviri ilə zəngin canlı səlnamədir. Qənbər müəllim vəzifə kürsülərində dağların ziyalılıq yaddaşını hər şeydən üstün tutmuşdur. Kəlbəcərdən Gədəbəyə rəhbər vəzifəyə gələrkən onu sazla-sözlə qarşıladılar.

 

Qarabağ hadisələri başlayarkən ən qaynar nöqtələrdən biri olan Gədəbəyin ən çətin günlərində Qənbər müəllim hərbi geyimdə xalqla birgə oldu. Ağdaban faciəsinin qanı donduran sədasını burda eşitdi.

"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri, Azərbaycan Yazıçıları Birliyinin üzvü, Azərbaycan Ağsaqqallar Şurası Məclisinin üzvü kimi Qənbər müəllim mədəniyyətimizin təbliği, dövlətçiliyimizin inkişafı naminə yorulmaz fəaliyyət göstərir. Rəhbərlik etdiyi mədəniyyət ocağı aşıq sənətinin YUNESKO səviyyəsində təbliğində, tanınmasında səmərəli yaradıcılıq tədbirləri həyata keçirir. Respublika və beynəlxalq səviyyəli elmi sessiya və konfranslar keçirir. Bu ocaq eyni zamanda, yurdundan, yuvasından didərgin düşənlərin pənah apardığı söz-sənət, xeyirxahlıq ocağıdır. Aşıq Şəmşirin adını daşıyan bu ocağın istisinə sənət adamları toplaşır, nəcib və xeyirxah əməllər, nəsillər arasında mənəvi körpüləri sınmağa qoymur.

 

Elin ağsaqqalı olmaq üçün gərək evin ağsaqqalı olasan. Qənbər müəllim böyük bir ailənin, nəslin sevimli atası, babasıdır. Onun sevimli ömür-gün yoldaşı Firuzə xanımla boya-başa çatdırdıqları dörd oğul, bir qız respublikamızın müxtəlif sahələrində öz ulu ocaqlarının adına, şərəfinə layiq fəaliyyət göstərirlər.

 

Dağlar oğlu Qənbər müəllim şəhərdə qərar tuta bilmir. Kəlbəcərin ətrini Murovun ətəklərində duyan, həyatı boyu qurub-yaratmaq eşqi ilə yaşayan Qənbər müəllim ömrünün ahıl çağlarında da xalqla, torpaqla birgədir.

 

Neçə illərdir qurduğu təsərrüfat bir çox ailənin dolanışıq yeri, həm də onu yaradan kişinin mənəvi rahatlığıdır. Qənbər müəllim müvəqqəti Kəlbəcərdən ayrılıb, ancaq vətən torpağından ayrılmayıb. Bu torpağın gücü onu yaşamağa, hər gün həsrətlə baxdığı Murovun o üzünə yaxınlaşdırır.

 

Qənbər müəllim möhtərəm Prezidentimizin Cocuq Mərcanlı haqqında fərmanı ilə vətənə böyük köçün başlanğıcını Kəlbəcərə qayıdışla bitəcəyi günü gözləyir. Dağlarda, Kəlbəcərdə görüşənədək, Qənbər müəllim!

 

P.S. Bu yaxınlarda erməni əsirliyində olan Dilqəm Əsgərovun Ağdabanda çəkdiyi lentlərdə erməni vəhşiliyinin bir daha şahidi oldum. Aşıq Şəmşirin, canından əziz istədiyi sevimli qızı Çimnaz xanımın parça-parça olmuş sinə daşlarındakı yarı oxunan, yarı oxunmayan poetik sətirləri gördüm. Bir anlığa Dədə Şəmşirin "Altındayam", onun oğlu qədər sevdiyi Hüseyn Kürdoğlunun "Sümüklərin sızladı" şeirlərini xatırladım. Bu poetik nümunələri oxuculara təqdim edirəm.

 

AŞIQ ŞƏMŞİR

 

ALTINDAYAM

 

Dostlar, bağışlayın, dura bilmirəm:

Yan üstə qalmışam, daş altındayam.

Üstündə gəzərdim qara torpağın,

İndi də mən onun baş altındayam.

 

Qəbrimi bel, düsər qazıb çox dərin,

Mərd necə göstərsin burda hünərin.

Çökmüşəm altına elə bir nərin:

Tərpənməz bir dağın döş altındayam.

 

Cananım hardadır, mən isə harda?..

Aşıq məxşuş qalıb belə diyarda.

Bir quru qəfəsəm dar bir məzarda,

Kəfənə qəm yağıb, yaş altındayam.

 

De hanı qələmim, hanı dəftərim?

Nə yazım dünyadan, nə var xəbərim?!

Yetişsin dadıma Kərrari-Kərim!

Suala cavabsız iş altındayam.

 

Qardaş yox burada əlimdən tuta,

Nə anam, nə bacım, tapılmaz ata.

Gəlib çatdım bu qaranlıq zulmata,

Bala uçurmayan quş altındayam.

 

Görünmür oylaqlar, gəzdiyim dağlar,

Axtarıb hey məni yarım qan ağlar.

Gözündən içdiyim sərin bulaqlar,

Bilin, köksünüzün tuş altındayam.

 

Toylarda çaldığım sədəfli sazım,

Ellərə yadigar qaldı avazım.

Məzar zimistandır, açılmaz yazım,

Boranı səngiməz qış altındayam.

 

Qeyb oldum gözündən dayı, əminin,

Vəfalı dostların, söz həmdəminin.

Mənə çörək verən qızıl zəminin

Kübrəsi olmuşam, xış altındayam.

 

Oğul hayandadır, qız hayandadır?

Dağlara baxdığım göz hayandadır?

Şəmşir hayandadır, saz hayandadır?..

Fikrə qərq olmuşam, huş altındayam.

 

HÜSEYN KÜRDOĞLU

 

SÜMÜKLƏRİN SIZLADI

 

Dədə Şəmşir, məzarında sümüklərin sızladı,

Qanlı yağı gülləsiylə balan getdi güdaza.

Güllü nənə nalə çəkib, layla deyib nazladı,

Yer ağladı, göy ağladı ay bənizli Çimnaza.

 

Dədə Şəmşir qürub çağı dağlar qana boyandı,

Sal qayalar yuxusundan haray çəkib oyandı.

Qoca Tərtər oda düşdü, ha çırpındı, ha yandı,

İblislərin fitvasıyla qırğın düşüb Qafqaza.

 

Dədə Şəmşir, sən görmədin şəhid olan canları,

Qoyarıqmı yerdə qala o müqəddəs qanları?!

Azğınların, quduzların tez yetişər sonları,

Səsin çatıb Çənlibeldə Koroğluya, Eyvaza.

 

Dədə Şəmşir, sinəndəndir zəmanənin yüz dağı,

Nadanların, namərdlərin, xainlərin söz dağı.

Oğul dağı çəkən dünya bir də çəkdi qız dağı,

Dəlidağın göz yaşları axdı Kürə, Araza.

 

Dədə Şəmşir, yoldan azıb, yönə düşmür bu dövran,

Odu sönən ocaqların başı kəsik, bağrı qan.

Oxuduğu nə Tövratdır, nə İncildir, nə Quran,

Biz nə qədər qulaq asaq məkirli bir avaza?!

 

Dədə Şəmşir, zaman keçər, qara duman açılar,

İbrətli bir tarix olar çəkdiyimiz acılar.

Əl vuranda tellərindən qanlı yaşlar saçılar

Kürdoğluya gülə-gülə bəxş etdiyin gur saza...

 

 

525-ci qəzet.-15 noyabr.-S.7.