"Əli Nino"nun Romada daha bir nümayişi

 

İtaliyada keçirilmiş Birinci Azərbaycan Film Festivalı çərçivəsində ilk dəfə təqdim edilən dünyaca məşhur "Əli Nino" filmi yenidən italyan tamaşaçılar üçün nümayiş olunub.

 

AZƏRTAC xəbər verir ki, bu dəfə filmin nümayişi Azərbaycanın İtaliyadakı səfirliyi İtaliya Xarici İşlər Nazirliyi Əməkdaşlarının Həyat Yoldaşları Assosiasiyası (ACDMAE) tərəfindən, Romanın mərkəzində yerləşən "Tiziano" kinoteatrında təşkil olunub. Filminin nümayişi ilə ACDMAE-nin mədəni mübadiləni təşviq etmək məqsədilə həyata keçirdiyi "Beynəlxalq film seriyaları" layihəsinin açılışı reallaşıb.

 

Tədbiri giriş sözü ilə ACDMAE-nin prezidenti Sofia Marras açıb ardınca həmin qurumun inzibati şurasının üzvü Puççi Rastrelli, Azərbaycanın İtaliyadakı səfirinin həyat yoldaşı Aynurə Hüseynova ölkəmizin İtaliyanın Genuya şəhərindəki fəxri konsulu Marqarita Kosta salamlama nitqi söyləyiblər.

 

Qeyd edilib ki, layihənin rəhbəri icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Akademy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə baş rolları 86-cı Kino Akademiya festivalının qalibi Adəm Bəkri Qoya mükafatı laureatı, ispaniyalı aktrisa Mariya Valverde ifa edirlər.

 

Sonra "Əli Nino" filmi nümayiş etdirilib.

 

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan "Əli Nino" Azərbaycanın müstəqillik uğrunda mübarizəsi XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

 

Tədbirin sonunda iştirakçılara Azərbaycanın milli mətbəx nümunələrindən müxtəlif şirniyyatlar təqdim olunub.

 

525-ci qəzet.-15 noyabr.-S.7.