"Eşqi-Nigar" - dastan motivlərinin
uğurlu səhnə təcəssümü
Mən kitab oxumağa, çox uşaq kimi, nağıllardan başlamamışam. Əlifbanı öyrəndikdən
sonra ilk oxuduğum kitab "Koroğlu" dastanı olub.
Kitabın oxunma prosesi elə bitər-bitməz
yadımdan çıxsa da, bu dastanı oxuduğum gün
indiyə qədər yadımdadır. Rövşənin
atası Alı kişinin gözlərinin
çıxarılması, oğlunun intiqam yanğısı
və bu intiqamın atəşinə toplanan say-seçmə
igidlər hələ uşaq təfəkkürümdən
bir də heç zaman silinməyəcək dərin izlər
buraxmışdı.
Onda nə tamaşa bilirdim, nə teatr. Nə zamansa,
bu qəhrəmanlıq eposuyla teatr səhnəsində
qarşılaşacağımı düşünməzdim.
Ta ki noyabrın 14-ü Gənc Tamaşaçılar
Teatrında səhnələşdirilən
"Eşqi-Nigar" tamaşasına qədər.
Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrı və Bakı Yunis Əmrə
İnstitutunun türk dünyasının ortaq qəhrəmanı
"Koroğlu" dastanının motivləri əsasında
birgə hazırladığı tamaşanın ssenari müəllifi
Amalya Ömərova, quruluşçu rejissoru Ayla Həşimova,
plastik həlli Ceyhun Dadaşovdur.
Günlər öncədən tamaşa haqqında
elanı görəndə maraq və həyəcan
yaranmışdı artıq. Noyabrın 14-ü isə
saatlar bir-birini qova-qova gəlib tamaşa vaxtına çatanda
əlimdə dəvətnamə teatrın qapısı
ağzında idim. Hələ uzaqdan
qapının önündə toplaşmış bir neçə
gənc diqqətimi cəlb etmişdi. Aralarındakı
söhbət hələ başlamamış tamaşa idi.
Onların yanından keçib içəri
girmək istəyirdim ki, uzun zamandır görmədiyim
şair, jurnalist Əkbər Qoşalı ilə
qarşılaşdım. Əlbəttə,
bütün türk dünyasının ortaq qəhrəmanı
Koroğlu haqqındakı tamaşanı Dünya Gənc
Türk yazarlar birliyinin təsisçisi, Azərbaycan-Türk
dünyası sənət körpülərinin
qurucularından Əkbər müəllimsiz düşünmək
olmazdı. Əkbər müəllimlə qapı
önündə bir az ləngidikdən
sonra zala keçirik. Buna 21-ci əsrdən
16-cı əsrə səyahət də demək olar.
Yolumuz uzundur...
Səyahətimizi Rövşən Alı oğlunun
"Koroğlu" ləqəbini götürməsindən
başlayırıq. Daha sonra kitab səhifələrindən bizə
yaxşı tanış olan, az qala əzbərimizə
çevrilən hadisələr bir-birinin ardınca gözlərimizin
önündəcə canlanırdı.
Budur,
Koroğlu Dəli Həsənlə tanış
olur, dostlaşır, İstanbul xotkarının qızı
Nigar bu el qəhrəmanının sorağını alıb
yuxularındaca aşiq olur, bu eşqinə qovuşmaq
üçün ona namə göndərir.
Artıq Koroğlu sevgilisi Nigarı Çənlibelə
gətirir. Səhnədəki zaman dastandakı zamandan daha
sürətlə keçir. Budur, Koroğlu artıq
tanınıb- sevilən, düşmənlərinin ürəyini
vahiməyə, dostlarının qəlbini fərəhə qərq
edən bir el igidi, 7777 dəlinin başçısı, Nigar
isə Çənlibelin xanımıdır. Onların
tək dərdi övlad dərdidir. Buna
çarə isə Aşıq Cünundan gəlir. O,
dağ aşıb, dərələr keçdikdən sonra Təkətürkman
elində qəssab oğlu Eyvazı görür, əsl
Koroğluya layiq oğul tapdığı üçün
sevinir. Koroğlu Eyvazı Çənlibelə-dəlilərə
sərdar, Nigara oğul gətirir.
Az sonra
Eyvaz iki Koroğlu igidi ilə birgə Bağdadda düşmən
tərəfindən əsir götürülür. Nigarın
oğul fəryadı, dəlilərin dost həsrəti, Eyvaz
intizarı Koroğlunu Bağdada aparır. Meydanda
qanlar axır, başlar kəsilir, dəlilər xilas edilir.
Elə bu döyüş dövrünün
başqa bir qəhrəmanı Giziroğlu Mustafa bəylə
Koroğlunu qarşılaşdırır. Bir-birinin gücünü öyrənmək
üçün döyüşə girən iki igid sonda ən
yaxın dosta çevrilirlər.
Beləcə
aylar ötür, illər dolanır, dəlilər hərəsi
bir yana dağılır və Çənlibeldə
ömürlərinin son zamanlarını yaşayan Nigarla
Koroğlu baş-başa qalırlar. Tüfənglə
ilk dəfə qarşılaşanda mərdliyin əldən
getdiyini deyən qəhrəman "Mənmi qocalmışam,
ya zəmanəmi?" - sualı ilə
yeri-göyü inlədir. Saat yarımlıq
tamaşanın möhürü isə Koroğlunun dilindən
"Qocaldım, Nigar, qocaldım" harayı ilə vurulur.
Beləcə, XVI əsrə olan xəyali səyahətimiz
tamamlanır.
İşıqlar yanır və biz qəhrəmanlıq
salnaməsinin ecazkarlığından Gənc
Tamaşaçılar Teatrının yarıqaranlıq
zalına geri qayıdırıq. Sonluqda
aktyorlar "Koroğlu" uverturasının və
tamaşaçıların aramsız
alqışlarının sədaları altında səhnəyə
çıxırlar.
"Eşqi-Nigar" tamaşasını özünəməxsus
edən cəhətlərdən başlıcası
bütün hadisələrin Nigarın dilindən
danışılmasıdır. Bütün dastan
boyunca hər qolda adı keçən, hadisələrin mərkəzində
dayansa da, çox zaman kölgədə qalan Nigar pyesin baş
qəhrəmanı səviyyəsinə qaldırılır.
Tamaşa boyunca izləyici Nigarın Koroğluya olan
yoldaş, Eyvaza olan ana məhəbbətinin, qardaşına,
atasına, Vətəni İstanbula, məskəni Çənlibelə,
7777 igidə sevgisinin şahidi olur.
Tamaşada dialoqlar da özünəməxsusdur. Dastandakı
şeirlər, musiqilər obrazlar arasında bitkin dialoqlar
yaradır.
Elə ordaca təəssüratlarımı
tamaşanın yaradıcı heyəti ilə
bölüşür, həmsöhbətlərimin də
fikirlərini öyrənirəm.
Bakı
Yunis Əmrə İnstitutunun direktoru İbrahim
Yıldırım tamaşa haqqında deyir: "Təxminən
on beş ildir Türk dünyasının
müxtəlif ölkələrində fəaliyyət
göstərmişəm. Hər getdiyim yerdə
Koroğlunun qəhrəmanlığını, Nigara sevgisini
görmüşəm. Koroğlu ortaq
türk qəhrəmanıdır. Biz də
düşündük ki, Azərbaycan-Türkiyə
arasında mənəvi körpü yaradırıqsa, onda gərək
ortaq türk dəyərlərinə də üstünlük
verək. Bu düşüncə ilə
ssenarist Amalya xanıma müraciət etdim. Daha sonra heyətdəki digər insanlarla, Gənc
Tamaşaçılar Teatrının rəhbərliyi ilə
danışıqlarımız oldu və müraciət
etdiyimiz hər kəs bu işdə bizə öz dəstəklərini
əsirgəmədilər. Koroğlu tək
deyil, biz bundan öncə Dədə Qorqudun, Yunis Əmrənin
həyatları ilə bağlı layihələr də həyata
keçirdik. Koroğlu haqqında filmlər,
əsərlər, musiqilər var. Biz burada fərqli bir şey
etmək istədik. O da bu oldu ki, biz dastana Nigarın gözü
ilə baxdıq. Türk dünyasında
qadının özünəməxsus gücü var. Nigar da
güclü qadınlardandır. Koroğlu varsa, Nigar da
var. Çünki Koroğlu yalnız qəhrəman,
döyüşçü deyil, Koroğlu həm də Nigar
kimi xotkar qızını sevgisini ürəyində bəsləyən,
onu saraydan alıb götürən aşiq, şeirlər
qoşan, saz çalan ozandır. Biz tamaşada
Koroğlunun bu yönünə də işıq tutmağa
çalışmışıq. Bunun
üçün də bizə bir qadın duyğuları
lazım idi ki, o da Nigar oldu. Boş yerə
demirlər ki, hər güclü kişinin arxasında bir
qadın var. Koroğlunu da Koroğlu edən elə Nigarın
özüdür.
Tamaşaçıların reaksiyalarından da
görürdük ki, səhnə ilə onların arasında
güclü bir bağ qurulmuşdu. Aktyorlar öz
rollarının haqqını verdilər. Hər
kəsə təşəkkürümü bildirir, təbrik
edirəm".
Ssenari müəllifi Amalya Ömərova əsərin yaranması və hazırlıq prosesi haqqında danışarkən dedi: "İdeya Bakı Yunis Əmrə İnstitutundan gəldi. Bizim bu məsələ ətrafında bir sıra görüşlərimiz oldu. Qərara gəldik ki, dastana bir də Nigarın gözü ilə baxaq. Mən səhnə variantını hazırlamamışdan öncə çox araşdırmalar etdim. Və dastana təhrif vermədən ssenarini yazdım. Bu, kompozisiya tamaşa idi, dramaturji əsər deyildi. Dastandan yığılmış fraqmentlər ön planda idi. Tamaşada rəqs səhnələri də var idi. Aktyorlarımız bəzən səhər saat 11-dən axşam saat 7-yə kimi rəqs səhnələrini məşq edirdilər. Professional kollektivlə çalışdığımız üçün çətinliyimiz olmadı. Bu tamaşa zamanı necə gənc, istedadlı aktyorlarımızın olduğunu bir daha gördüm. Düşünürəm ki, tamaşanın səsi hələ çox uzaqlardan gələcək. Dastan ilk dəfə səhnələşdirilir. Xatirələrdən silinməyəcək bir iş bacardıq".
Nigar rolunun ifaçısı aktrisa Zülfiyyə Alhüseynova belə bir məsuliyyətli və şərəfli obrazı canlandırmaqdan qürur duyduğunu dedi: "Düşünürəm ki, bugünkü tamaşadan aldığım təəssürat hələ uzun müddət mənimlə olacaq. Mənə etimad göstərib bu cür önəmli rolu verən yaradıcı heyətə öz təşəkkürümü bildirirəm. Tamaşaçıların alqışları məqsədimizə çatdığımızı göstərirdi. Nigar tarixi qəhrəmandır, xəyal məhsulu deyil. Bu cür obrazı canlandırmaq hər aktrisaya nəsib olmur. Buna görə də özümü şanslı hesab edirəm".
Koroğlu rolunun ifaçısı aktyor Manaf Dadaşov bildirib ki, tarixi qəhrəmanın obrazını yaratmaq onun yaradıcılığında ilk olmadı: "Koroğluya qədər bir neçə tarixi qəhrəmanın obrazını yaratmışam. Cavad xan, İbrahim bəy, Topal Teymur, Sadıq xan, İgid Basat və digər tarixi və nağıl qəhrəmanlarını səhnədə, filmdə ifa etmişəm. Onlar mənim yaradıcılığımda özünəməxsus yer tutan rollarımdır. Bütün türk xalqlarının qəhrəmanı, qoç, igid Rövşən Alı oğlu Koroğlunu ifa etmək mənim üçün yeni və belə yanaşmada maraqlı oldu. Nə qədər alındığını tamaşaçılar deyə bilər".
Eyvaz rolunu canlandıran aktyor Anar Səfiyevin də təəssüratları maraqlıdır: "Burada mənim öhdəmə düşən obraz qəssab oğlu Eyvaz idi. Bu oğlan, mərd, qorxmaz, əsl Koroğluya oğul olmağa layiq bir igiddir. Bu tamaşada ən çox təsirləndiyim səhnə Eyvazın atasından ayrılıb Koroğlu ilə Çənlibelə gəlməsi səhnəsi idi. Məncə, bu səhnə tamaşaçıları da həyəcanlandırdı. Eyvazın sözü üzə deməsini öz xarakterimə yaxın hesab etdim. Teatrımızın həm balacalar, həm də böyüklər üçün çox gözəl tamaşaları var. Çox istərdim ki, xalqımız tamaşalara daha tez-tez gəlsin".
Beləcə axşamın sərin mehinin yoldaşlığı ilə teatrın binasını tərk edirəm. Əkbər Qoşalı doğru demişdi: "Neçə dağlar qızı saraylara düşdü, dilə düşmədi, amma xotkar qızı İstanbuldakı sarayı Çənlibelə dəyişdi və şeirə döndü, sənətə çevrildi, tarixə düşdü".
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 16 noyabr.- S.7.