"Təxəllüsümü
yaradıcılığımla doğrultmağa
çalışıram"
NAMİQ MƏNA:
"ƏDƏBİYYAT SAHƏSİNDƏ
FƏALİYYƏT ÜÇÜN SAVADIMA, İSTEDADIMA
VƏ POTENSİALIMA ARXAYINAM"
- Poeziya ilə tanışlığınız nə zamandan başlayıb?
- Özümdə şeirə
həvəsi 8-10 yaşımdan
hiss etmişdim. Eyni zamanda,
musiqi duyumum da yaxşı idi. Ancaq poeziyaya olan
həvəsim məni
şeir yazmağa vadar elədi. Təbii ki, uşaq təfəkkürü
ilə yazılmış
cızma-qaraya şeir
demək olmaz. Sonradan ədiblərimizi mütaliə
etməyə, bu sənəti daha dərindən öyrənməyə
başladım. Onları
oxuduqca hiss edirdim ki, yazdıqlarım bu əsərlər qarşısında məna
etibarilə çox cılızdır. Yadımdadır
ki, 6-7-ci sinifdə oxuyanda Nizami Gəncəvinin "Sirlər
xəzinəsi"ni mütaliə edərkən
bir hissə mənə çox təsir etmişdi. Orda deyilirdi:
Deyirlər, çox şadmış
gənc bir müqəssir
Dara çəkilərkən
boynunda kəndir.
Dostlardan
birisi verdi
bir sual:
"Az qalıb ömrünə, bəs nədir bu hal?"
Dedi:
"Son nəfəsdir, ömrüm
qalıb az,
Az ömrü
kədərlə keçirtmək
olmaz".
Bunu oxuyandan
sonra düşündüm
ki, mənim yazdıqlarım həqiqətən
də söz yığınıdır. Çalışırdım ki, o fikirləri
mənimsəyim. Onları
oxuduqca sözə qarşı həssaslığı,
sözlə davranmağı,
az sözə
böyük mənalar
sığdırmağın yollarını öyrəndim.
- Ancaq şeiri təkcə yazmaqla kifayətlənmədiniz, bədahətən
də deməyə başladınız...
- Bəli, çox qədim köklərə
malik bədihəyə,
yəni bədahətən
şeir söyləməyə
də uşaqlıqdan
həvəsim olub. Görürdüm ki, bu, məndə alınır.
Əgər alınırdısa, niyə də məşğul olmayaydım?
Araşdırma apararkən öyrəndim
ki, əvvəllər
də "məclisi-şüəralar"
keçirilər, şairlər
bir araya gəlib şeirləşərmişlər.
Bu, forma etibarilə dəyişsə də, mahiyyətcə gəlib müasir zamanımıza da çıxıb.
Hətta bir az da inkişaf edərək el şənliklərinə, konsertlərə,
tədbirlərə də
"ayaq açıb".
Vahidin səs yazılarını,
köhnə lentləri
dinləyəndə bildim
ki, Cəfər Cabbarlı, Səməd Vurğun da məclislərdə bədahətən
şeirlər söyləyiblər.
Bu cür faktlarla
qarşılaşdıqca, oxuduqca daha da
həvəslənirdim, marağım
artırdı. Mənim yaradıcılığımın
30 ilə yaxını
da məhz bu janrla bağlıdır.
Eyni zamanda, yazılı ədəbiyyatda da istər heca, istər əruz vəznində yazılmış
şeirlərim var.
- Adətən, bu sənətin nümayəndələri təxəllüs
kimi öz bölgələrinin adlarını
seçirlər. Sizdə isə
fərqlidir. Təxəllüsünüzlə poeziyanız bir-birini
tamamlayırmı?
- Hələ İncəsənət
Universitetinin birinci kursunda oxuyarkən Novruz şənliyində bayrama aid bədahətən
gördüklərimi söylədim.
Fəlsəfə müəllimim
Kazım müəllim
auditoriyada mənə
dedi ki, sən o şeirləri necə deyirdin, əzbərləmişdin? Dedim,
xeyr, bədahətən
deyirdim. Soruşdu ki, təxəllüsün
varmı? Dedim yox. Dedi, sən
olduqca mənalı sözlər deyirsən, elə Namiqin yanına Məna təxəllüsünü götür.
Təxəllüsün ağırlığı
bir az
məni qorxutdu. Ancaq müəllimim dedi ki, qorxma,
yavaş-yavaş doğruldarsan.
Beləcə, o vaxtdan bu təxəllüsü bütünlüklə
doğrultmağa çalışıram.
Nə qədər bacardığımı
isə tamaşaçılar,
dinləyicilər deyə
bilər. Bölgələri ayırmağı sevmədiyim
üçün o adları
təxəllüs götürmək
xarakterimə yad idi.
- Meyxana, yoxsa bədihə?
- Bu janrın tarixi kökləri qaynaqlara istinadən hətta IV əsrə qədər gedib çıxır. Biz
buna sufi
şeirində, eləcə
də məsələn,
"Nəsimi" filmində
dərvişlərin də
şeirində rast gəlirik. Sadəcə hər bölgənin
özünəməxsus şeir
forması olub. Məsələn, Qazax-Ağstafa bölgəsində
bədahətən deyilən
bu şeirə "qım-qıma" deyərdilər.
Yəni mahiyyət eynidir, sadəcə bölgələrə
görə adlar fərqlidir. Qım-qıma da, bayatı da, bədihə də şifahi xalq ədəbiyyatın bir növüdür.
Abşeronda qorunub-saxlanmış bu bədihə janrı Sovet dövründə meyxanalara
sürükləndi. Çünki bədihəçilər daha
çox ictimai problemləri, xalqın problemlərini qabardırdılar,
dilə gətirirdilər.
Ona görə də onu gözdən salmaq üçün spirtli içkilərlə
əlaqələndirməyə çalışır, bunu
küçə folkloru
kimi qələmə verirdilər. Manaf Süleymanovun
"Oxuduqlarım, eşitdiklərim,
gördüklərim" əsərində
qeyd olunur ki, ingilis qoşunları
Bakını tamamilə
tərk edib gedəndən sonra Bığlı Həsən
Əli bəy bədihə deyirdi. Bədihə
sözünə Nizami
Gəncəvinin şeirində
də rast gəlirik. "Mey" sözünü məcazi mənada işlətmək olar.
Ancaq janrın kökü meyxana deyil, bədihədir.
- Bəs indiki dövrümüzdə
bu janrın nümayəndələri olan
sizlər şair kimi qəbul olunursunuzmu?
- Həzrət Əlinin belə bir kəlamı
var ki, hər
kəs öz dilinin altında gizlənib. Mən bütün məsuliyyətimlə
deyirəm ki, bəli, biz şairlərik.
Şair nə edir? Müəyyən qanun-qayda çərçivəsində
şeirlər yazır.
Biz isə həmin
şeirləri bədahətən
deyirik. Ona görə də
biz bədihəçi şairlərik.
"Poetik məclislər"
kitabında şair Mirzə Bağır haqqında məlumatda belə bir cümlə
var: "Mirzə Bağırın el şənliklərində
dediyi bədihələr
bir çox bədihəçi şairlərin
söz yığnağından
seçilirdi". Sadəcə bunu ictimaiyyətə daha da düzgün
şəkildə çatdırmaq
üçün müəyyən
zaman lazımdır.
- Müsahibələrinizin
birində demişdiniz
ki, bu janrın
müəllimi olmur. Bu, birbaşa istedada
və mütaliəyə
bağlıdır. Bəs,
bəhrələndiyiniz şairlər
necə, varmı?
- Bəhrələndiyim, oxuyub
öyrəndiyim şairlər
çoxdur. Şeyx Nizamidən, Füzulidən
günümüzə qədər
çoxlarını oxuyuram.
Hər şairdə bir məziyyət, hər yazarda bir özəllik
tapıram. Bu da təbii ki,
mənim yaradıcılığıma
təsirsiz ötüşmür.
- Bu janra göstərilən diqqət
və qayğıdan razısınızmı?
- Müstəqillik illərimizdə yalnız bu sahəyə deyil, ümumilikdə incəsənətimizə, mədəniyyətimizə diqqət və qayğı artmağa başladı. Novruz şənliklərinin ən vacib, təntənəli məqamlarında çıxış etmişik. 26 gün Amerikada Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov, muğam ifaçılarımız Bəyimxanım Vəliyeva, Təyyar Bayramovla birgə mədəniyyətimizin təbliğatı üçün konsert proqramlarımız olub. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən II Beynəlxalq Muğam müsabiqəsinin yekun konsertini aparmaq mənə həvalə olunmuşdu. Dəfələrlə müsabiqələr, layihələr həyata keçirilir. Bu da bu janra olan diqqət və qayğının təcəssümüdür.
- AYB ilə əlaqəli
fəaliyyətinizlə bağlı son zamanlar müxtəlif fikirlər səsləndi.
Bu barədə özününz
nə deyərdiniz?
- Yaradıcı, təşəbbüskar insanların bu cür təşkilati işlərə cəlb olunmağı həmin sahədə canlanma yarada bilər. Mən də ədəbiyyat sahəsində fəaliyyət üçün savadıma, istedadıma və potensialıma arxayınam, özümü bu sahədə görürəm. Ancaq təbii ki, yekun qərar rəhbərliyindir. Düşündüyüm bir sıra tədbirlər, layihələr var artıq. Mən neçə illərdir ki, AYB-nin üzvüyəm. Bədihə janrı ilə məşğul olmaq o demək deyil ki, yazılı ədəbiyyatdan uzağam, peşəkar şair ola bilmərəm. Mən İncəsənət Universitetini bitirmişəm, uzun zamandır, şeiriyyatla məşğulam. Hər zaman xarakterimə uyğun davranmışam, öz adımı qoruyub saxlamağa çalışmışam. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Yayılan xəbərlərdə insanlar mənim şəxsiyyətimə, yaradıcılığıma aid artıq-əskik söz deməmişdilər, sadəcə təyinatla bağlı düşüncələrini bölüşmüşdülər. Bilirəm ki, o insanların çoxu heç məni tanımır, yaradıcılığıma bələd deyillər. İstərdim ki, onlarla müəyyən ünsiyyətim yaransın, mənim intellektual səviyyəmlə, şeirlərimlə tanış olsunlar, sonra hansısa fikri səsləndirsinlər.
- Kitab
nəşr etdirmək fikriniz varmı?
- Hörmətli akademik, millət vəkili Nizami Cəfərovun rəyi, Əmirxan Xəlilov və Firdovsi Cəfərsoyun redaktəsi ilə "Bədihələr" kitabı işıq üzü görüb. Orada özümlə bərabər, bu janrın davamçılarının da şeirləri yer alıb. İndi isə yeni bir kitab üzərində işləyirəm. Şeir mənimçün elə bir böyük məfhumdur ki, ona çox həssaslıqla, məsuliyyətlə yanaşıram. Çox güman ki, yaxın zamanlarda yeni kitabım çap olunacaq.
Şahanə
MÜŞFİQ