Tofiq Bakıxanovun müəllif konserti keçirildi
Noyabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında
görkəmli bəstəkar,
Xalq artisti Tofiq Bakıxanovun "Şərq sonataları"ndan
ibarət müəllif
konserti və "Tofiq Bakıxanov" broşurasının təqdimatı
olub.
Tədbirdə Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış
edərək Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin
inkişafındakı xidmətlərindən,
özünəməxsus yaradıcılığından
söz açıb. Bildirib ki,
bəstəkar professional sənətkar
kimi musiqinin bütün janrlarına müraciət edib, bir-birindən gözəl
əsərlər yaradıb.
Onun ruhoxşayan musiqi əsərləri insanlar,
xalqlar və ölkələr arasında
dostluğu təbliğ
edib. Tofiq müəllim simfonik orkestr üçün müxtəlif janrlı əsərlərin, instrumental konsert
və kamera əsərlərinin, "Xəzər
balladası", "Şərq
poeması", "Xeyir
və Şər"
baletlərinin, musiqili
komediyaların, bir çox mahnı və romansların müəllifidir. "Xəzər balladası"
baleti hələ
1969-cu ildə Fransada beynəlxalq rəqs festivalında nümayiş
olunub və böyük tamaşaçı
rəğbəti qazanıb.
Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova müəllifi olduğu "Tofiq Bakıxanov" kitabından
danışıb və
bəstəkarın "Şərq
sonataları" haqqında
məruzəsini dinləyicilərin
diqqətinə çatdırıb.
Tofiq Bakıxanov yaradıcılığının
böyük hissəsini
kamera instrumental əsərlər
təşkil etdiyini söyləyən Zemfira Qafarova deyib ki, bəstəkar bu janrda yaddaqalan
əsərlər yaradıb.
Bəstəkarın kamera
instrumental musiqi janrlarına
müntəzəm müraciət
etməsi təkcə
bu sahədə öz üslubunu daha dolğun reallaşdırma bacarığı
ilə deyil, həm də A.Zeynallı adına
Bakı Musiqi Məktəbinin skripka və Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının kamera ansamblı sinfindəki işinin spesifikası ilə bağlıdır. Tofiq Bakıxanovun
kamera əsərlərinin
hər biri bəstəkarın yaradıcılıq
üslubunun ayrı-ayrı
tərəflərini əks
etdirir.
Tədbir bəstəkarın yaradıcılığına
həsr olunmuş konsert proqramı ilə davam edib.
Xədicə
RƏHMAN
525-ci qəzet 2017.- 16 noyabr.- S.7.