"525" aynasında

 

"525"-25

 

Zemfira MƏHƏRRƏMLİ

 

 

İnsanlar kimi qəzetlərin təvəllüdü, doğum günü var.

 

Doğum gününü qeyd etmək isə həmişə xoş ovqat, sevinc hissi yaradır. "525-ci"lərin nəşrə başladığı ilk dövrdən indiyədək bu  mətbuat nümunəsində fədakarlıqla çalışan qələm dostlarımızın, habelə sevimli qəzetin oxucularının, müəlliflərinin, bütün heyranlarının sevincinə qoşularaq mən ürək sözlərimi bölüşmək istəyirəm.

 

Bu gün 25 yaşının tamamında dönüb ötənlərə nəzər salsaq, peşəkar redaktor, tanınmış  publisist-şair, dəyərli dostumuz  Rəşad Məcidin rəhbərliyi ilə nəşr edilən bu qəzetin yol yoldaşımıza, həyat bələdçimizə çevrildiyinin bir daha fərqində olarıq. İndi elədir. Hansısa sayını ötürəndə sanki bir boşluq yaranır. Bizim jurnalistlər ailəsində belə bir sual tez-tez təkrarlanır: görəsən bu gün "525" nədən yazıb? Hansı birimizsə evə bu qəzetin yeni sayını mütləq gətirməliyik. Bu, bir zərurətdir gözəl vərdişimizdən əl çəkmək fikrimiz yoxdur.

 

O çağlar sanki dünən idi. "525-ci qəzet" öz cığırını açaraq kövrək addımlarını atırdı. İmzasını imzalar içində təsdiqləmək bu qəzetin ilk gündən amalı oldu. Çox çətin bir dönəmdə, havadarlarına arxalanan nankor qonşunun xəyanəti, torpaq iddiaları ilə üz-üzə, göz-gözə qaldığımız, Qarabağ müharibəsinin tüğyan etdiyi dövrdə həyat səhnəsinə atılmışdı. Müstəqilliyini yenicə bərpa edən, azad xalqlar cərgəsinə qoşulan, lakin erməni millətçilərinin xəbis niyyətləri ilə üzləşən, torpaqlarının bir hissəsi işğal olunan yurdumuz onu çulğalayan problemlər məngənəsində idi. Belə bir vaxtda Vətən dərdindən yazmaq ön plana keçmişdi digər mövzuları üstələmişdi. Bütün olub keçənləri kağız üzərində yaşadıb, ağır, üzüntülü məqamları yada salıb, azərbaycançılıq xəttinə sadiq qalıb bu qəzet.

 

Yaxşı yadımdadır, "525-ci qəzet"in əməkdaşlarının da "qaynar" nöqtələrə səfərlərdən hazırladıqları yazılar ardıcıl olaraq dərc edilir, ilk səhifədə yer alırdı. Bu sətirlərin müəllifinin "Baku"nun  müxbiri, istedadlı həmkarım Pənah Rüstəmin cəbhə reportajları qəzetlərimizdə müntəzəm dərc olunurdu.

 

 "525"də çalışan qəzetçi dostlarımın əsgərlərimizin səngər həyatını əks etdirən yazılarını da maraqla izləyirdim. Qəzetin o illərdə dərc etdiyi yazılarda xalqımızın haqq işi uğrunda mübarizəsindən, çadırlara sığınmış, ağır köçkünlük həyatı yaşayan soydaşlarımızın, qaçqın balalarının taleyindən bəhs olunurdu.

 

"Əsirlikdə keçən məşəqqətli illər" adlı yazım "525"də dərc ediləndə çoxları məni bu yaradıcılıq uğuruma görə təbrik etmişdi. Bu, həm ən çox oxunan qəzetin uğuru idi.   Həmin yazıda yurd müdafiəçimiz, Zaur adlı gənc döyüşçüyə Xankəndi həbsxanasında erməni quldurların verdiyi amansız işgəncələrdən danışılırdı. Bu yazını əsirlikdən qayıdan əsgərlə görüşüb söhbət edəndən sonra qələmə almışdım.

 

Sonralar  bu qəzetdə "Analıq haqqı", "Bir qaranlıq gecədə", "Beş saniyənin hökmü" digər hekayələrim, habelə esselərim, mənsur şeirlərim, müsahibələrim, teatr tamaşaları ilə bağlı resenziyalarım dərc edilib. Əməkdaşlığımız bu gün davam edir.

 

Ölkəmizin ictimai-mədəni həyatında, mətbuat cameəsində öz yeri, mövqeyi olan "525-ci qəzet"ın mövzu dairəsi geniş əhatəlidir. Bu mətbu nəşr Azərbaycandan kənardakı fəaliyyət ocaqlarımıza, diasporumuza, həmvətənlərimizin doğma yurddan uzaqlarda yaradıcılığının təbliğinə qayğı ilə yanaşır. Bu mövzularda işıq üzü görən yazılar taleyin gərdişi, hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımıza əvəzsiz mənəvi dayaqdır.

 

Qəzetin şənbə sayı bu gün mövzularının rəngarəngliyinə, miqyasının siqlətinə görə çox fərqlidir. Qələm adamlarının dərc olunmağa daha cox can atdığı şənbə sayı. Burada zəif yazıya yer yoxdur. Sanki müəlliflər sözün yaxşı mənasında bir-biriylə bəhsə girirlər. "525" aynasında kim öz yazısını görmək istəməz ki... Qəzetdə meydan verilmiş, ictimai dəyər məna yükü olan, obyektiv peşəkarlıqla təqdim edilən   yazılarda həyatın nəbzi duyulur. Bu yazılar çağdaşların, xüsusilə böyüməkdə olan nəslin layiqli vətəndaş, şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyət kəsb edir.

 

Milli mətbuatımızın öncüllərindən olan, ənənələrini qoruyan "525-ci qəzet" hələ uzun illər yaşayacaq, dəyərli oxucularını, müəlliflərini,  söz adamlarını sevindirəcək. Bu qəzetlə bağlı hələ neçə qiymətli fikir dilə gətiriləcək, mülahizələr söylənəcək. bir xatirələr yada düşəcək. Ötənlərin yaddaşında bu uzunömürlü qəzetlə bağlı canlanan xoş xatirələr...

 

525-ci qəzet  2017.- 16 noyabr.- S.2.