İtaliyaya səfər: keçmişin əks-sədası və gerçəklik

 

Telman ORUCOV

 

 

(Əvvəli 4 noyabr sayımızda)

 

İmperator Hadrian Qərbin çox böyük tikililərindən biri olan yeni Panteonu (Pantheon) tikdirdi. Bu bina öz arxitekturasına və mühəndislik xüsusiyyətlərinə görə qeyri-adi bir tikinti olmaqla, olduqca gözəl idi və indi də bu möhtəşəmliyini saxlayır.

 

“Bütün allahların məbədi” adlanan bu bina imperial mülkiyyət idi, sonradan xristian kilsəsinə çevrildiyinə görə bizim dövrümüzədək salamat qalmışdır. Xristian kilsəsinin öz adına çıxdıqları, qəribə də olsa, papanın özündən başqa hamıdan qorunurdu. Papa isə buradakı qranitdən olan altı tonluq 18 Misir sütununu sökdürüb, tikinti materialı kimi Müqəddəs Pyotr kilsəsinin inşasında istifadə etdirmişdi. Sonralar da Barberinilər vandalizmdə ad çıxarmış barbarlardan heç də geri qalmırdılar.

 

Belə güman edilir ki, məbədin layihəsini Hadrian özü hazırlayıbmış, onun Roma yaxınlığındakı təpədə yerləşən, daha çox qraf d`Este fəvvarələri ilə məşhur olan Tivolidəki villası da arxitekturanın inkişafında yeni bir dönüş nöqtəsi idi. Görünür, ABŞ demokratiyasının bayraqdarı, dövlətin bani-atalarından biri, üçüncü prezident Tomas Cefferson Virciniyadakı Montiçelloda öz villasının layihəsini verməsi ilə heç də yeganə siyasi xadim deyilmiş, daha istedadlı “əcdadlara” malik imiş.

 

Panteon, güman ki, antik dövrdə ilk monumental tikinti idi ki, onun interyerinə daha çox əhəmiyyət verilmişdi. Kiçik bir mənbədən, yuxarıdan şüa kimi işıq saçan bu açıq göz (oculus) qübbənin mərkəzində idi. Nəhəng interyer dəyirmi olmaqla, bol qaydada mərmərlə örtülmüşdü və klassik dövrdən indiyədək dəyişdirilməmişdir. Yuxarıdakı deşikdən binanın daxilinə həm də hava keçir. Panteonun qübbəsi XX əsrədək bütün tikililərinkindən ən böyüyü idi, diametri 141 fut olmaqla, binaya əlavə hündürlük verirdi. Orijinal tunc qapılar indiyədək əvvəlki qoyulduğu yerdədir.

 

Romanın ilk iki çarı Panteonda dəfn edilmişdir, burada, dahi Rafael də daxil olmaqla, həm də çox sayda rəssamların qəbri vardır. Romanın töhfəsi olan tikintinin elementlərinin sadəliyi, gözəlliyi, materialların əla keyfiyyəti, bunu az qala iki min illik zaman məsafəsi də təsdiq edir, onun müqayisəyə gəlməyən dəyərinin böyüklüyünü daha da artırır.

 

İçəridə divarın yanında yeddi taxça vardır, onlardan birində Sezarı qətlə yetirənləri cəzalandıran, intiqam alan Yupiterin heykəli, digərlərində isə Marsın, Romulun, Eneyin, Yulinin (Askaninin) və Yuli Sezarın heykəlləri vardır.

 

Dünya rəngkarlığında xüsusi yer tutan, vur-tut 37 il ömür sürmüş Rafaelin cəsədi saxlanan yerdəki epitafiyada yazılmışdır: “Burada həmin Rafael uyuyur ki, Ana Təbiət ona məğlub olacağından və onun ölümü ilə həlak olacağından qorxur”. Rafael Yüksək İtalyan Renessansının dahilərindən biri idi. Onun vaxtsız ölümü ilə həyata bəslədiyi məhəbbətin simvolu kimi, qəbri üzərində iki bürünc göyərçin pərvazlanaraq göydə dodaq-dodağa öpüşür.

 

Layiq olduqlari şöhrətin həqiqi sahibləriylə yanaşı, bu iddiaya düşənlər, həmin mükafata can atanlar da də az deyildir. Ququ quşu digər quşların yuvasında yumurtladığı kimi, onlar da başqalarının şöhrətinə şərik çıxmaq istəyindən də çəkinmirlər. Mussolini 1936-cı ildə Avqustun dağılmış sərdabəsinin bünövrəsini sökdürüb, burada özünün dəfn edilməsini nəzərdə tuturdu. Lakin onun planı puç oldu. 1945-ci ilin əvvəlində duçeni güllələdilər, onun sirdaşı və xilaskarı rolunu oynayan alman füreri isə bir neçə ay sonra özünü öldürdü. Hər ikisi böyük şərəf iddiasında olsalar da, dünyanı olduqca şərəfsiz qaydada tərk etdilər.

 

Romada ilk Yüksək Renessans tikintisi inşa edildikdə, bu, dünyanın sənət mərkəzi kimi Florensiyanın yerini artıq Romanın tutmasının bir əlaməti idi. Buradakı rəssamlar əslən romalı deyildilər, əsasən, yarımadanın şimalından buraya gəlmişdilər. Kvatroçento dövrü, İntibahın ilk çiçəklənməsi öz başlanğıcını, əlbəttə ki, Florensiyadan götürür, Roma bu estafeti məhz ondan qəbul etmişdi.

 

Roma Renessansının ən monumental saraylarından biri olan Farneze sarayı Antonio da Sanqallo tərəfindən layihələşdirilmişdi. Massimo alle Kolonne sarayı isə mannerist arxitekturası üslubunda idi. Zəngin heykəl detallarından istifadə olunması mannerist üslubuna qeyri-adi mürəkkəblik effekti verirdi. Arxitekturada bu, bir yenilik idi. Erkən mannerizmi Bramante məktəbi, sonra isə Rafael inkişaf etdirmişdi.

 

Romanı bəzəyən yeddi böyük bazilika arasında Müqəddəs Pyotr kilsəsi (Basilica di San Pietro) xüsusilə seçilir. 1929-cu ildə imzalanan konkordata görə kilsənin də daxil olduğu Vatikan şəhərinə İtalyan hökuməti ekstra-ərazi imtiyazları vardı. Müqəddəs “Böyük” Mariya və ya Santa Mariya Macciore kilsəsi və meydanı da öz möhtəşəmliyi ilə fərqlənir. “Bazilika” yunan sözü olub, “çar sarayı” demək idi. Bazilikalar Qərbin dini arxitektura modeli kimi istifadə olunurdu.

 

Möhtəşəmliyi heyranlıq və təəccüb bəxş edən Müqəddəs Pyotr meydanında xristianlığın baş məbədi olan, həmin adı daşıyan kilsə ucalır. Bu kilsə və Vatikan sarayı papalığın narahatlığı ilə müşayiət olunan əsrlərdə yalnız kafedral kilsə rolunu oynamışdı. Bu bina apostolların, edam edilən Pyotr və Pavelin dəfn edildiyi yer kimi tikilmişdi. Pyotr Romanın ilk yepiskopu hesab olunur. Bütün Roma papaları özlərini apostolların varisləri sayırlar. Binanın damını Mikelancelo qübbəsi bəzəyir. Buna qədər heykəltəraşlıqda və rəssamlıqda dahilik zirvəsinə yüksələn Mikelancelo bu qübbənin novatorcasına təklif etdiyi layihəsi ilə arxitekturada da öz dühasının zəfərini nümayiş etdirə bilmişdi. Bu qübbə hüdudsuzluğu ilə əsl harmoniya poeziyasıdır. Bu möcüzə ona baxan hər kəsin könlünü və hissini əsir etməmiş qalmır. Təəssüf ki, o, işini başa çatdıra bilmədi, çünki öləndə qübbənin tikintisi hələ də yarımçıq idi.

 

Bazilikanın meydana gəlməsi tarixçəsi 1506-cı ildən öz başlanğıcını götürür. Papa II Yuli mövcud olmuş köhnə kilsənin yerində yeni Müqəddəs Pyotr kilsəsinin tikilməsi barədə göstəriş verdi. Binanın arxitektoru florensiyalı Donate Bramante idi. Kilsənin xaç şəklində qübbəsi olmalı idi, fasadını isə sütunlar bəzəməli idi. Onların proporsionallığı hesabına nisbətən kiçik olan məbəd böyük abidə aliliyinə yiyələnəcəkdi. Lakin Bramante işini başa çatdıra bilmədi, o özü, həmçinin, papa binanın hələ çox hissəsi tikilməmişdən öldülər. Rafael də daxil olmaqla, arxitektorlar təzə planlar cızdılar. Növbəti arxitektor Sanqallo da öləndə növbə, nəhayət, 71 yaşlı Mikelanceloya çatmışdı. Yalnız o da öləndən sonra qübbənin tikintisi başa çatdırıldı, ölçüsü də bir qədər dəyişdirilmişdi.

 

XVII əsrdə, yəni bir əsr sonra binanın həm interyeri, həm də fasadı ilə məşğul olmağa Cian Lorentco Bernini gəldi və tikintiyə 40 ildən çox bir müddətdə əziyyət çəkməli oldu. O, Müqəddəss Pyotr meydanın (Piazza San Pietro) ətrafında açar deşiyi formasında pontifiki görmək üçün gələn kütlənin yığışması üçün dörd cərgədən ibarət olan nəhəng sütunlar hesabına kolonnada yaratdı, həmçinin, meydanda fəvvarələr qoydu. Bernini həm də sütunların üstünü özünün yaratdığı heykəllərlə bəzədi. Bu heykəllər müqəddəslərə həsr olunmuşdur. Meydanın ortasında obelisk qoyulmuşdur, burada həm də iki fəvvarə vardır, onlar meydanın mənzərəsinə qoşulurlar. Həqiqətən də, meydan ansamblı bazilikaya əlavə möhtəşəmlik bəxş edir.

 

Binanın içərisində çox sayda kilsələr yerləşir, burada digər ibadətlərlə yanaşı, körpə uşaqların xaç suyuna çəkilməsi də icra olunur. Sağ tərəfdəki ilk kilsədə Mikelancelonun, cavan ana Mariyanın qucağında cəsədi uzanan İisusu təsvir edən gözəl mərmər “Pyeta” - “Fəryad” kompozisiyası yer tutur. Canlı ana ilə ölü oğulun arasında hansısa bir kontrast olsa da, bəşəriyyətin günahlarına görə özünü qurban verən oğulla hüzn içərisində boğulan ananın nəzərə çarpan kədər hisslərindən hörülmüş vəhdət əlaməti vardır.

 

Meydanda, hətta onun çıxış tərəfində bazar günləri günorta adamlar yığışıb, kilsənin sol tərəfindəki binanın açıq pəncərəsindən xalqa müraciət edən papanın nitqini dinləyirlər. 1981-ci ilin dekabrının ikinci ongünlüyündəki bazar günlərindən birində burada dayanıb, mərhum papa II İoann Pavelin çıxışına qulaq asmışdım.

 

Müqəddəs “Böyük” Mariya (Santa Maria Maggiore) kilsəsi İisusun anasına ehtiram əlaməti olaraq V əsrdə yaradılmışdı. Bu hadisədən bir il əvvəl Efes dini şurası Bakirə Mariyanı bütün yaradılanlardan yuxarıda qoymuşdu. Beləliklə, Romada Mariyanın ilk böyük kilsəsi meydana gəlmişdi. Bundan yeddi əsr sonra Parisdə Allahın anasına həsr olunan Notr Dam de Pari kilsəsinin tikintisinə başlanmışdı.

 

Roma antik məkan, kilsələr və saraylar şəhəri olmaqla yanaşı, həm də fəvvarələri ilə də öyünə bilər. Şəhərin əsas hissələrində şirnikləndirici gücə malik olan 300 möhtəşəm fəvvarə vardır. Onlar meydanlara xüsusi cazibədarlıq və yay vaxtı bu cənub şəhərinə müəyyən sərinlik verirlər.

 

Hər bir fəvvarə öz tarixinə malik olmaqla yanaşı, onların çoxunu Romanın özü kimi əfsanələr müşayiət edir. Trevi fəvvarəsi (Fontana di Trevi) həm maraqlı heykəllərinə, həm də ona sikkə pul atanın yenidən Romaya qayıdacağına guya təminat verməsi ilə daha çox şöhrət qazanmışdır. Fəvvarənin gölməçəsinə atılan xırda dəmir pullardan Roma şəhər bələdiyyəsi ildə 1,5 milyon avro gəlir götürür. Bu fəvvarə papanın tapşırığı ilə XV əsrdə meydana gəlmiş, üç əsr sonra yeniləşdirilmişdir. Böyük fəvvarə olduqca kiçik meydanda yerləşir. Mərmərdən düzəldilən barokko üslubundakı qayalar, təsvir olunan insan bədəninin gözəllikləri alleqorik xarakter daşıyır. Lap yuxarıda Okean obrazı, onun karetasına qoşulan qanadlı atlar sudan çıxan kimi təsvir olunur.

 

Fəvvarənin suyu Romadakı ən yumşaq və keyfiyyətli hesab olunmaqla Bakirə adını daşıyır. Rəvayətə görə, susuzluqdan əziyyət çəkən əsgərlər içməyə su axtardıqda bir gənc qız onlara bulağın yerini göstərir. Bu qıza işarə qaydasında, həmin bulağın suyu Bakirə suyu adlanır. Hələ I əsrdə Aqrippa Romaya akvedukla Bakirə suyunu gətirmişdi. Əsrlər ərzində bu su hər həftə çəlləklərlə Vatikana aparılırdı, bardaqlarla daşınan sudan isə ingilis çayının dəmlənməsi dəbi yayılmışdı.

 

(Ardı var)

525-ci qəzet.-2017.-18 noyabr.-S.22.