Əlimərdan bəy Topçubaşovun
İstanbul görüşləri: Rusiya istiqaməti
Azərbaycan Xalq
Cümhuriyyəti - 100
Vilayət QULİYEV
Əlimərdan bəy Topçubaşovun İstanbulda
görüşüb Azərbaycanın dövlət müstəqilliyi
ilə bağlı müzakirə apardığı
tanınmış rus dövlət xadimlərindən biri də
1906-1916-cı illərdə Rusiya imperiyasının xarici
işlər nazirliyinə rəhbərlik etmiş diplomat və
siyasətçi Sergey Dmitriyeviç Sazonov (1859-1927)
olmuşdu.
İlk baxışdan bu görüş o qədər də
əhəmiyyətli görünməyə bilər. Çünki
1919-cu ildə Sazonov artıq hansısa qərarlar verməyə
qadir dövlət xadimi deyildi. Üstəlik,
onun təmsil etdiyi quruluş artıq tarixin anaxronizminə
çevrilmişdi. Sadəcə, hələlik
reallıqdan çox bir xəyal məhsulu olan “yeni
Rusiyanın” idarəçiləri və liderləri
arasında öz yerini tapmağa çalışırdı.
Lakin istər S.D.Sazonovu, istər P.N.Milyukovu, istərsə
də eyni ranqda olan digər rus rəsmilərini tam dünənki
gün saymaq da düzgün olmazdı. Ağ və
qırmızı Rusiya ölüm-dirim savaşı
aparırdı. Qərbin rəğbəti
hələlik daha çox birincinin tərəfində idi.
Keçmiş rejimi ayaqda saxlamaq istəyənləri
özlərinə daha yaxın bilirdilər. Vəziyyət dəyişsə, yenidən köhnələrlə
bir masa arxasında oturmağa hazır idilər. Ağlar qeyri-rəsmi yolla da olsa, Parisə, sülh
konfransına dəvət almışdılar.
Qırmızıları isə hələlik mədəni cəmiyyətə
buraxmaq barədə də söhbət ola
bilməzdi.
Doğrudur, Azərbaycan Cümhuriyyətinə və digər
yeni milli dövlətlərə münasibətdə hansı
rəngdə zühur edəcəyindən asılı
olmayaraq Rusiyanın münasibəti qətiyyən fərqlənmirdi
- imperiya xırda istisnalarla “vahid və bölünməz”
şəkildə qalmalı idi.
Amma istənilən halda, ağlarla danışmaq
mümkün idi. Digər tərəfdən, konkret olaraq
S.D.Sazonova gəldikdə, Milyukovla söhbətdən də
göründüyü kimi, Könüllü orduda xarici
işlər şöbəsinə rəhbərlik edirdi.
Deməli, general Denikinin qələbə
çalacağı və hökumət
formalaşdıracağı təqdirdə, xarici işlər
naziri vəzifəsinə ən real namizəd idi. Sazonov özü də gələcəkdə bu
ordudan bir hökumət formalaşa biləcəyi fikrinə
diqqət çəkmişdi. Görünür, azərbaycanlı
diplomat müzakirə üçün həmsöhbət seçərkən bu
mühüm amili də diqqətdən
qaçırmamışdı.
Ə.Topçubaşovun D.S.Sazonovla
görüşünü təşkil edən azərbaycanlı
siyasətçinin Tiflisdən yaxşı
tanıdığı və uzun illər ailəvi münasibət
saxladığı Rusiya xarici işlər nazirliyinin məsul
işçisi olmuş Vladimir İvanoviç Savitski idi.
Bir neçə kəlmə də Sazonov barədə.
O,
1860-cı ildə Ryazan quberniyasında, qədim tarixə malik
əyalət zadəganı ailəsində doğulmuşdu. Vaxtı ilə A.S.Puşkinin də təhsil
aldığı Sarskoe Selo litseyini bitirdikdən sonra
1883-cü ildə Rusiya xarici işlər nazirliyində xidmətə
qəbul olunmuşdu. 1890-cı ildə
Rusiyanın Londondakı səfirliyinə ikinci katib təyin
edilmişdi. Diplomatik xidmətini daha sonra
Vatikanda, müqəddəs taxt-tac yanında davam etdirmişdi.
Burada gələcək xarici işlər naziri
A.P.İzvolskinin rəhbərliyi altında işləməsi
sonrakı illərdə mənsəb pillələri ilə
sürətlə irəliləməsinə yol
açmışdı. Uğur
qazanmasının başqa bir səbəbi XX yüzilliyin ilk
illərində Rusiyanın ən nüfuzlu siyasətçi və
dövlət adamlarından biri sayılan P.A.Stolıpinlə yaxın
qohum - bacanaq olması idi. 1908-ci ildə də
Rusiyanın vakant xarici işlər naziri kürsüsünə
də ilk növbədə onun himayədarlığı sayəsində
təyinat ala bilmişdi.
1914-cü
il avqustun 1-də Peterburqdakı alman səfiri
öz ölkəsinin Rusiya ilə müharibəyə
başlaması haqqındakı notanı D.S.Sazonova təqdim
etmişdi. Birinci Dünya müharibəsi həm
də onun nazir karyerasına son qoymuşdu.
Nazir vəzifəsindən uzaqlaşdırıldıqdan
sonra Dövlət Şurasının üzvü, 1917-ci ilin
yanvarında isə Böyük Britaniyaya rus elçisi təyin
edilmişdi. Lakin tezliklə Fevral inqilabı baş verdiyindən
xidmət yerinə gedə bilməmişdi.
1919-cu ildə Sazonov bir qədər simvolik də olsa,
ikinci dəfə xarici işlər naziri olmuşdu. Bu dəfə Kolçak və
Denikinin Ümumrusiya hökumətində...Eyni zamanda, ağ qvardiyaçı Rusiyanı Paris sülh
konfransında təmsil etməli olan Rusiya siyasi müşavirəsi
adlı qurumun fəal üzvlərindən biri idi. Ə.Topçubaşovla
görüş və danışıqları da ictimai-siyasi
fəaliyyətinin həmin dövrünə təsadüf etmişdi.
S.D.Sazonov tipik rus millətçisi idi. “Vahid və
bölünməz Rusiya” ideyasını tərəddüdsüz
dəstəkləyirdi. Yuxarıda göstərdiyim
kimi, yeni, demokratik Rusiyanın da kiçik istisnalarla əvvəlki
sərhədləri daxilində bərpasının tərəfdarı
idi. Rusiya imperiyasının əsarəti
altında olan xalqlardan yalnız polyakların milli dövlətçiliyə
olan haqlarını tanıyır, ölkəsinin onlarla ədalətsiz
davrandığı etiraf edirdi. (Bu
mövqeyi sonralar işinə yaramışdı. Mühacirətdə yaşadığı dövrdə
Polşa hökuməti onun indiki Belostok
yaxınlığındakı malikanəsini və
böyük torpaq sahələrini özünə
qaytarmışdı). Digər millətlərə
isə bu əzəli haqq şamil edilmirdi. Əlimərdan bəylə söhbətində
siyasi fəallıqları ilə seçilən, hətta
Rusiya imperiyasının və Müvəqqəti hökumətin
qurumlarında müəyyən vəzifələr tutmuş
gürcülərin milli müstəqillik arzuları
haqqında təhqiramiz ifadələr işlətməkdən
çəkinməmişdi. Eyni zamanda,
müsahibini inandırmağa
çalışmışdı ki, onun təmsil etdiyi Azərbaycan
türkləri həmişə rus idarəçiliyindən məmnun
olublar, rus məmurları ilə gözəl münasibət
saxlayıblar və heç vaxt milli dövlət haqqında
düşünməyiblər.
Aşağıda Cümhuriyyət dövrü Azərbaycan-rus
əlaqələrinin və milli diplomatiyamızın mühüm
sənədlərindən biri kimi Rusiya imperiyasının və
Kolçak-Denikin Ümumrusiya hökumətinin xarici işlər
naziri S.D.Sazonovla Əlimərdan bəy Topçubaşovun
söhbət yazısının ikinci hissəsini təqdim
edirəm.
S.D.Sazonovla
ikinci söhbətin yazısı
6 yanvar
1919-cu il, saat 21.30 - 22.30
Pera Palas
oteli
Salonda ayrıca masa arxasında Sazonovla Savitski əyləşiblər. Bütün
masalar tutulub. Girişdə, sağ tərəfdə,
küncdə (orkestr üçün pianinonu çoxdan oradan
götürüblər) İranın xarici işlər naziri
başda olmaqla bütün fars heyəti
oturub. Bu gün saat 3-4 radələrində
yanında olduğum amerikan nümayəndəsi cənab Haeck
onlara yaxınlaşır. Farslardan bir az
aralıda ispan elçisi sinyor Severti katibi ilə birlikdədir.
Bir az kənarda yunan nümayəndəsi
polkovnik Kukakidis (hələ tanış olmamışıq)
gözümə dəyir. Masalardan birinin ətrafına
çoxlu rus (Bezobrazov, Sveçkin və b.)
yığışıb.
Salonda ingilis və fransız zabitləri,
eləcə də dənizçilər var. Orada ingilis zabiti
formasında tipik moskvalı olan uca boylu Sudkovskini görürəm.
(Başı və sifəti mənə imperator
II Nikolayı xatırladır). O, əvvəlcə
özü Səbri Ayvazovla tanış
olur, sonra Səbri Ayvazov məni Sudkovski ilə tanış
edir. Ardınca Venesuela nümayəndəsi
yaxınlaşır (Çoxdan tanışıq,
adını xatırlamıram, keçmiş türk hərbçisi-yüzbaşıdır),
məni Azərbaycan Respublikasının baş naziri
seçilməyim münasibəti ilə təbrik edir. Bu xəbəri günorta fransız qəzetində
oxuyub. Orkestr çalır. Hamı fars missiyasına baxır. Mən isə bəzən
öz üzərimdə onların baxışlarını
hiss edirəm.
Ayvazov, Hidayət bəy, Fuad Paşazadə və b. ilə
bir divana əyləşirəm. İndi Sazonov lap
yaxınlığımdadır. Məni başı ilə
salamlayır, keçib
yanında otururam. “Mane olmuram ki?”-
sualıma “Buyurun, qətiyyən!” - cavabını alıram. Söhbətimiz onun oteldə isti vanna qəbul
etmək imkanın olmaması haqda şikayəti ilə
başlayır.
Sazonov:
Bilimirəm, hansısa bir hamama getmişdim. Amma
elə də təmiz deyildi. Söhbət
yaxşı hamamdan gedirsə, ancaq Tiflisdə tapmaq olar.
Tiflis hamamları ayrı aləmdir! İstənilən temperaturda su var.
Özü də təbii!
Mən:
Tiflisdə çoxdan olmusunuz?
Sazonov:
Ehh, bəlkə də yüz il əvvəl!
Lap çoxdan, deyəsən 1887-ci ildə. Bəli,
vaxt sürətlə ötür. İndi 58 yaşım
var. Amma özümü gümrah hiss edirəm. Bu
gün Vladimir İvanoviçlə piyada xeyli gəzmişik.
Aya-Sofiya kilsəsinə getdik. Bilirsiniz, mənə elə gəlir ki, son 10-15 ildə
Konstantinopolun zahiri görünüşü xeyli dəyişib.
Siz necə fikirləşirsiniz? Baxın, indi hətta başdan-başa türklərin
yaşadıqları məhəllələrdə də
çadralı qadına rast gəlməzsiniz. Bəlkə üzünə yüngülcə bir
tor örtü salıb. Elə deyilmi?
Mən: Hər
halda yaşlı qadınlar üzlərini bağlayırlar.
Sazonov:
(sözümü kəsərək) Elə məsələ
buradadır ki, bu gün biz çox da cavan olmayan türk qadınları
gördük, hamısı da çadrasız. Hətta bəziləri
üzlərinə tor örtü də salmamışdı. Bəs sizdə, Bakıda necədir?
Mən:
Bizdə də ziyalı təbəqənin
qız-qadınları çadrasız gəzir.
Savitski:
Fikrimcə, Azərbaycan müsəlmanları bu məsələdə
türklərdən bir baş yuxarı dayanır. Bax, məsələn
sizdə, Əlimərdan bəy, tək xanımınız
deyil, xanımınızın anası, sizin gözəl belle mere də
çadrasız gəzir. Orta təhsil alıb.
Qızlarınız da çadrasızdırlar.
Tiflisdə isə ümumiyyətlə
çadra görmədim.
Mən:
(Sazonova tərəf çevrilərək) İcazənizlə,
dünən yarımçıq qalan söhbətimizi davam
etdirək.
Sazonov:
Buyurun, sizi dinləyirəm.
Mən:
Söhbətə dünən Rusiya haqda dediyim fikri bir daha təsdiq
etməklə başlamaq istəyirəm.
Azərbaycanlılar rusların düşməni
deyil. Sizə ölkənizdə ürəyiniz
istəyən cür - bolşevik, sosialist, hətta monarxiya
quruluşu şəraitində həyatınızı rifah və
firavanlıqla qurmağı arzulayırıq. Amma bəyan edirəm
ki, azərbaycanlılar bundan sonra ruslarla bir yerdə yaşamaq
istəmirlər. Həm də tək azərbaycanlılar
yox, bütün qafqazlılar eyni fikirdədir. Ola bilsin ki, Tersk və Kuban vilayətinin kazakları
istisna təşkil etsin. Birincisi, baxın: bizə
çatana qədər neçə yeni qurum var: Don, Kuban,
Şimali Qafqaz Respublikası, Dağıstan. Deməli, fiziki əlaqə
kəsilib. Lakin mənəvi əlaqə,
xüsusən də sosial-siyasi dünyagörüşündə
üzə çıxan əlaqə daha ciddi əhəmiyyətə
malikdir. Bu mənada aramızda böyük
fərq olub və indi də qalır. Hətta
ona heyrətamiz bir uyğunsuzluq deyərdim. Keçmiş rejim bu cəhəti nəzərə
almırdı. Rusların bizi bədbəxt,
geridə qalmış xalqa çevirən ən qorxunc səhvi
də burada idi. Amma əslini axtarsanız Allah azərbaycanlıları
nə fitri qabiliyyət, nə də zəhmətə məhəbbət
baxımından heç kimdən əskik yaratmayıb. Əgər yenə də Rusiya ilə
olmağımızı istəyirsinizsə, deməli, tale bizi
əvvəlki kimi bədbəxt görmək istəyir.
Çünki xalqımız Rusiya əyalətlərində dərin
kök salan, bütün Mərkəzi Rusiyanı bürüyən və
sonradan bolşevizmə çevrilən ifrat sosializmdən tamam uzaqdır. Əgər
təzədən bir araya gətirilsək belə, ölkədə
özümüzü həmişə işlərin ümumi
gedişinə mane olan durumda görəcəyik. Digər tərəfdən, yenə gerilik və cəhalət
girdabına düşəcəyik. Azərbaycanlıların
sayı 5-6 milyondur, Vilson prinsiplərinə uyğun müstəqil həyatımızı
qurmaq üçün tələb olunan hər şeyimiz var.
Ona görə də yaxın qonşularımızla birlikdə
bundan sonra hər zaman heç bir şeyə baxmadan müstəqilliyə can
atacağıq.
Sazonov:
Deməli, siz güman edirsiniz ki, Rusiya sosialist, hətta
bolşevik dövləti kimi qalacaq? Baxın, əgər
biz bunu istəyiriksə, deməli, özümüzə məhvə
məhkum bir həyat arzulayırıq. Lakin
biz ruslar bundan sonra da yaşamaq niyyətindəyik. Rusiya yenidən qurulacaq. Təbii
ki, o, əvvəlki Rusiya olmayacaq. Dürüst
idarəçiliyə, bütün xalqlara sərbəst
yaşamaq imkanı verən mükəmməl dövlətçilik
sisteminə malik bir ölkəyə çevriləcək.
Siz bolşevizm, ifrat sosializm ideyaları haqda
danışırsınız. Lakin bunlar qətiyyən
ideya deyillər. Özgəninkini
qamarlamağa, dağıtmağa yönəlmiş
çapovulçu cəhddir. Bir ovuc
satqın və ağılsız bütün Rusiyanı ələ
keçirə bilməz. Ona görə də
sosializmlə bağlı motiviniz əhəmiyyətini itirir.
Çünki sosializmdən biz özümüz
imtina edirik.
Mən:
Lütfən, bir dəqiqə. Deyək ki, siz
imtina edirsiniz, üz çevirirsiniz, amma indiki anda milyonlarla rus
insanı bu ideyalardan dörd əlli yapışıb. Bəli,
bir daha təkrar edirəm: biz sosializmin (sosializm burada
özünün klassik mənasında deyil, bolşevizm
anlamında başa düşülməlidir - V.Q.) əleyhdarıyıq.
Xalqımız çətin ki, nə zamansa
ifrat sosializm mövqeyində dayansın. Bolşevizm haqda
isə ümumiyyətlə söhbət ola
bilməz. Lakin yenə deyirəm: artıq milyonlarla ruslar bu
ideyanın tərəfdarı kimi çıxış edirlər.
Sazonov: Bilmirəm, ifrat sosializm deyəndə
siz nəyi nəzərdə tutursunuz? Misal üçün, torpaq məsələsi ilə
bağlı düşünürəm ki, kəndlinin
torpağı olmalıdır. Amma mən ona belə məsləhət
verərdim: “Torpaq istəyirsən, mülkədardan
götür,
haqqını ödəmək şərti ilə”.
İdarəetmə ilə bağlı Müəssislər
Məclisi sözünü deyəcək. Hakimiyyət
formasını da o müəyyən edəcək. Bilirsiniz, gələcəkdə vəziyyətin necə
olacağı barədə təsəvvürlərimiz hələ
azdır. Keçmiş vaxtlardan
danışarkən rusların xalqınızı bədbəxt
günə qoyduqlarını deməkdə haqlı deyilsiniz.
Mən isə hesab edirəm ki, Rusiya ucqarlara
çox şey verib, mədəniyyət gətirib. Məsələn,
elə
Finlandiyanın özünü götürün. Əvvəli nə idi? Sadə, yoxsul kəndlər,
qayalar, bataqlıqlar. Rus hakimiyyəti
dövründə mədəni ölkəyə çevrildi.
İndi isə finlər deyir ki, Rusiya ilə bir
yerdə olmaq istəmirlər. Bəs Türküstan?
Orada suvarma kanallarını, dəmir yollarını kim çəkib? Təhsil müəssisələrinin
əsasını kim qoyub? Axı hər tərəf
bom-boş düzənlik, səhra idi...
Mən:
(sözünü kəsərək) Bağışlayın,
məsələ dediyiniz şəkildə deyil. Türküstanın çiçəklənən
şəhərləri vardı. Səmərqənd
bütün Şərqin mədəniyyət mərkəzi
idi.
Sazonov: (mənin
sözümü kəsərək) Ola bilər. Amma hər şey qumun altında qalmışdı.
Götürək sizin Azərbaycanı.
Ora maarifi kim gətirib, yolları kim
salıb, ticarəti kim inkişaf etdirib? Axı hətta
özünüz də Bakının necə böyük sərvətə malik
olduğunu bilmirdiniz! Amma indi nə qədər milyonçunuz
var, hamınız zənginsiniz, həm də məhz
Rusiyanın sayəsində! Rusiya özündə olan hər şeyi ucqarlara da
verib. Hətta deyərdim ki, özündən
kəsib, sizə verib. Hesab edirsiniz ki,
bunlar azdır. Nə etmək olar, daha
çoxuna gücümüz çatmayıb. Bu məsələdə
haqlısınız.
Mən:
Yalnız bu məsələdə?
Sazonov:
(sözümü kəsərək) Mən Rusiyanın yalnız Polşa
qarşısında günahkar olması fikrini qəbul edirəm.
Bu ölkə ilə ədalətsiz
davranmışıq, səhvin islahı da bizim üzərimizə
düşür. Mən həmişə
belə mövqe tutmuşam. Buna görə
vəzifəmlə də vidalaşmalı olmuşam. Rusiyanın başqa xalqları qarşısında
isə alnımız açıq, üzümüz
ağdır. Və bolşeviklərdən
xilas olan kimi ayrılmaq istəyən xalqlara deyəcəyik.
hə, indi buyurun, yanımıza
qayıdın. (Bu zaman şəhadət
barmağı ilə həmin çağırış
işarəsini göstərir).
Mən: Hə,
nə etmək olar? Yəqin yüz il əvvəlki
kimi yenə kazaklarınızı üstümüzə
göndərəcəksiniz? Biz belə şeylərə
öyrəncəliyik.
Sazonov:
(sözümü kəsərək) Necə
olacağını indidən deyə bilmərəm. Lakin
Qafqazın Rusiyadan ayrılmasına ilk növbədə Müttəfiq dövlətlər
razılıq verməzlər. İnanın ki,
onlar bizdən əvvəl bunu sizə, gürcülərə
və ermənilərə deyəcəklər. Bu məsələdə onların Rusiyanın və
Qafqaz xalqlarının maraqları ilə üst-üstə
düşən maraqları dediyim şəkildədir.
Mən:
Siz belə düşünürsünüz?
Sazonov: Mən
inanıram ki, Qafqaz xalqları müstəqil yaşamağa
qadir deyil. Lütfən, zəhmət çəkin, izah edin:
axı bu küt qoyunlar - gürcülər öz dövlətlərini
necə qura bilərlər? Onların rəhbərləri -
cürbəcür Çxeidzelər, Çxenkelilər yaxud o alçaq Sereteli
yalnız Rusiyanı dağıtmağa kömək etməyi bacarardılar, yeni bir şey qurmaq
isə əllərindən gəlməz. Ermənilər
daha maraqlı xalqdır. Sizin azərbaycanlılar
isə Rusiyadan ayrılmaq fikrində deyillər.
Düzdür, siz burada tam əksini deyirsiniz. Ukraynaya gəldikdə,
onun meydana çıxması çoxdan bəri Rusiyanın cənubunda
oyuncaq bir dövlət
qurmaq üçün can atan almanlarla avstriyalıların
işidir. Guya özlərini Ukraynanın müstəqilliyi
uğrunda mübariz kimi qələmə verənlərin hamısı qraf
Şeptitskilərin və Rusiyanın digər düşmənlərinin
əlaltılarıdır, satılmış adamlardır.
Bunu Malorossiyadan olanlar və talelərini bundan sonra da Rusiya ilə
bağlamaq istəyənlər yaxşı başa
düşürlər. Qruşevitski, Vinniçenko və b. cənablar
isə indiki
müstəqillik oyunundan yalnız qazanc
götürəcəklər. Siz
Qruşevitskinin Kiyevdəki nəhəng malikanəsini
görmüsünüz? Təbii ki,
Avstriya puluna alınıb. Əgər mənim
fikrimi bilmək istəyirsinizsə, müstəqil Ukrayna
başdan-başa bir anlaşılmazlıqdır. O,
Rusiyasız yaşaya bilməz.
Mən: Bəs
onda sizin fikrinizcə, hansı xalqlar müstəqil yaşaya
bilər?
Sazonov:
Serblər, çexlər. Son müharibədə serblər
özlərini necə də ləyaqətli apardılar! Bax, mən bunları başa düşürəm.
Mən:
Siz nəyi nəzərdə tutursunuz?
Sazonov:
(sualıma cavab vermədən) Bəs çexlər? Gördünüz, necə enerji və səbatlılıq
göstərdilər? Ümumən, keçmiş
Avstriya-Macarıstan imperiyasının xalqları... Hələ bir Türkiyəyə baxın. Mənə elə gəlir ki, Türkiyə
ölü ölkədir, türk xalqı ölü
xalqdır. Bunu türklər özləri
də çox yaxşı başa düşürlər.
Mən:
Əksinə, məhz indiki vaxtda türklər özlərini ən
həyat qabiliyyətli xalq sayırlar. Belə
düşünmək üçün əsasları da var.
Amma məni daha çox sizin Qafqazla bağlı mülahizələriniz
maraqlandırır. Məsələn,
gürcülər barəsində çox kəskin
danışdınız. İndi Parisə
gedirsiniz. Orada gürcülərin, ermənilərin
nümayəndələri ilə görüşəcəksiniz.
Sazonov:
Onlarla niyə görüşməliyəm? Ümid
edirəm ki, bu mənə qətiyyən lazım olmayacaq.
Görüşmək bir yana qalsın, hətta
fikirləşirəm ki, onların heç birini ümumiyyətlə,
sülh konqresinə buraxmayacaqlar.
Mən: Yəni
sizin sözlərinizdən belə çıxır ki, Qafqaz
xalqlarından heç birinin müstəqilliyini
tanımayacaqlar? Bəs
onda Vilson prinsipləri?
Sazonov:
Vilson prinsipləri ideologiyadan başqa bir şey deyil. Axı həm də orada yeni bir şey yoxdur. O,
sadəcə təcrübədə, özəlliklə həyatda
tətbiqi çətin baş tuta biləcək ümumi nəzərə
mülahizələri bir yerə toplayıb və sistemə
salıb. Mənə inanın: Vilson prinsipləri həlledici əhəmiyyət
daşımayacaq. Artıq daha gecdir, bu gün
çox gəzmişəm, yorulmuşam. Bəlkə
yenə də görüşdük, hələlik isə
sağ olun (Savitski ilə birlikdə gedir).
Ertəsi gün iki dəfə tək V.İ.Savitski ilə
görüşdük. O, Sazonov və b. Vilson prinsiplərinə münasibətini
daha aydın şərh etdi. Doğrudan da ruslar
hamısı Vilson bəyannaməsinə xüsusi əhəmiyyət
vermirlər, onun müddəalarının ümumi nəzəri
səciyyə daşıması məsələsində
fikirləri demək olar ki, üst-üstə
düşür. Həm də məsələnin
xüsusilə mühüm tərəfi budur ki, təkcə
indi siyasi səhnəyə can atan rus xadimləri belə
düşünmürlər, onların burada, Yekatrinadorda,
Odessada görüşə bildikləri müttəfiqlərin
nümayəndələri də eyni cür fikirləşirlər.
V.İ.Savitski güman edir ki, belə yanaşma tərzi
sülh konqresində də üstünlük təşkil edəcək. Başqa
cür də mümkün deyil. Çünki
beynəlxalq həyat Vilson prinsipləri kimi nəzəri
müddəalarla tənzimlənə bilməz. Sazonovun fikrincə, bu prinsiplər (V.İ.Savitskinin
dediyinə görə) indiyə qədər ziyandan başqa
bir fayda gətirməyib. Sadəcə,
müstəqillikləri sülh konqresində mədəni,
iqtisadi, coğrafi və bir sıra digər mülahizələrə
görə tanınmayacaq kiçik xalqlarda yersiz ümidlər
doğurub. Müttəfiqlərin maraqları çox böyük ehtimalla
sadaladığımız digər bütün maraqlardan
üstün tutulacaq. Ən azı Rusiya
xalqlarına münasibətdə belə olacaq. Çünki bu xalqların ayrılması Rusiyaya
azı 65-68 milyard borc vermiş müttəfiqləri qorxutmaya
bilməz. Onlar üçün vahid Rusiya ilə, tək
borclu ilə iş görmək, kapitalını geri almaq
biri-birindən yoxsul vəziyyətdə olan bir düjin yeni dövlətdən borc qoparmaqdan daha asandır. İşin mahiyyəti də deyəsən, elə
buradadır. Aydın məsələdir ki, Müttəfiqləri
əks mövqenin mümkünlüyünə inandırmaq
olsa, o zaman yeni dövlətlərin tanınması prosesi əhəmiyyətli
dərəcədə asanlaşardı.
Yeri gəlmişkən, Ukrayna məsələsinə gəldikdə
V.İ.Savitski də bir daha təsdiq etdi ki, Ukraynanın
müstəqilliyi həqiqətən də
anlaşılmazlıqdır. Çünki
ziyalı malorosslar sırasında səmimi şəkildə
Rusiyadan ayrılmaq istəyən bir nəfər də
tapılmaz. Bu da özlüyündə
aydın məsələdir, çünki ruslarla malorosslar
arasında heç bir fərq yoxdur. Üstəlik,
bu da azmış kimi Skoropadski də daxil bütün Ukrayna
nazirləri Rusiya ilə birləşməyin qızğın
tərəfdarlarıdır (Tiflis dairə məhkəməsinin,
sonra isə məhkəmə palatasının keçmiş
üzvü Apolloni Lavrentiyeviçin oğlu mühəndis
Butenko ilə olan təsadüf).
Rus dilindən tərcümə:
Vilayət Quliyev
525-ci qəzet.-2017.-18 noyabr.-S.18-19.