Vətənin fazil insanı - müəllim
Elm bir nur, cəhl zülmətdir,
Cəhl cəhənnəm, elm cənnətdir.
Üləma həqqini rəayət
qıl,
Əhli-elmə həmişə
hörmət qıl.
Sənə hər kimsə elm edər
təlim,
Ona vacibdir eyləmək təzim.
Seyid Əzim Şirvani
Uca ad, uca
məqam sahibləri! Və o adı çiyinlərində
vicdanla, məsuliyyətlə daşıyan müəllimlərimiz!
Bəli, müəllimlik bütün peşələrin
fövqündə dayanan müqəddəs, çox şərəfli
bir peşədir, şərəfli olduğu qədər də
mürəkkəb, məsuliyyətli vəzifədir. Müəllim
gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin
etibar etdiyi şəxsdir. Müəllim
elm, bilik xəzinəsinin qapısını insanların
üzünə açan bir varlıqdır. Bu xəzinəyə inamla daxil olanlar həyatın
enişli-yoxuşlu yollarında büdrəmir, öz biliyi və
əməlləri ilə cəmiyyətin inkişafına
töhfələr verirlər. Elə buna
görə də dünyada müəllim əməyinin bənzəri
yoxdur. Doğrudur, müəllim millətin, xalqın
içində ən uca mənəvi zirvədir... (Namiq Atabəyli).
Əgər bu gün biz bəşəriyyətin
çatdığı yüksək inkişaf səviyyəsi,
elmi-texniki nailiyyətlər barədə məmnunluqla söhbət
açırıqsa, buna görə ilk növbədə
müəllimlərə minnətdar olmalıyıq. Çünki
hər bir şəxsin həyatda formalaşmasında, tərbiyələnməsində
müəllimin əməyi, zəhməti çox
böyükdür, əvəzsizdir. Uğurlarımızın
arxasında müəllimlərimizin illər boyu çəkdikləri
gərgin zəhmət dayanır. Həyatda
tutduğu mövqedən asılı olmayaraq, hər kəs
müəllimi qarşısında baş əyir, onu həmişə
xoş duyğularla yad edir.
Müəllim
elə bir nurdur cahanda,
Günəşdən parlaqdır könül
dünyası.
Müəllim
olubdur hər bir zamanda
Bəşərin mürşidi, piri, mövlası.
Namiq Atabəyli
Müəllim kimdir? Müəllim hansı
qabiliyyət və şəxsi keyfiyyətlərə malik
olmalıdır? Belə suallarla biz tez-tez
rastlaşırıq. Əlbəttə ki,
müəllim - ilk öncə həmişə və hər
yerdə öz ziyası və nuru ilə cəmiyyətə
işıq saçan bir insandır. Müəllim
geniş dünyagörüşünə, milli-mənəvi
dəyərlərə, yüksək mədəniyyətə,
intellektə, mənəviyyata malik, xalqa, vətənə
sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət
olmalıdır. Müəllim tələbələrinin
yaxın dostu, sirdaşı, qayğıkeşi,
düşünəni, onların bu günü və gələcəyi
üçün narahat olanı, addımlarını
düzgün atmaları naminə yolgöstərəni, bələdçisi
olmalıdır. O, təkcə özünün deyil, həm
də hər bir tələbəsinin taleyini yaşamalı -
sevinci, kədəri, problemləri ilə birgə.
Əsl
pedaqoqda mərifət gərək,
Nümunə göstərə bu cəmiyyətə.
Hər
işıqlı zəka, alovlu ürək
Mürşid olmalıdır əziz millətə.
Namiq Atabəyli
Müəllim əməyinin nəticəsində cəmiyyət
formalaşır, savadlı, bilikli, geniş
dünyagörüşlü, nümunəvi əxlaqa malik
insanlar yetişir. Bu insanlar cəmiyyəti daha da inkişaf
etdirir. Və hər birimizin layiqli vətəndaş
kimi yetişməyində müəllimlərimizin əvəzsiz
xidmətləri olmuşdur.
Təbii, hər birimizin öz müəllimi vardır və
biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə,
minnətdarlıqla qəlbimizdə yad edib, yaşatmağa
çalışırıq. Çünki müəllimlərimizlə
keçirdiyimiz zaman bizim yaddaşımızda əbədi həkk
olaraq, həyatımızda gözəl izlər qoyur, bizə
həyatı öyrədərək, əməllərilə
örnək olur, doğruya yönəldərək, bizə həyat
dərsi verir. Və bizim hər birimizin mənəvi
borcu - onların xatirəsini yaşatmaqdır.
Əgər xalqımızın tarixinə nəzər
salsaq, müxtəlif vaxtlarda həyatınıxalqının
rifahına, onun elminin, təhsilinin, mədəniyyətinin
inkişafına həsr edən mütəfəkkirlərin
yetişdiyini və onların yetirdiklərinin şahidi
olarıq. Və
xalqımızın yetirdiyi belə şəxslərdən
biri - görkəmli alim və böyük müəllim,
bacarıqlı təhsil təşkilatçısı,
xeyirxah insan, Azərbaycan Elmlər Akademiyasının
müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor
Qoşqar Teymur oğlu Əhmədovdur. Təbii
ki, belə vətənpərvər ziyalı, istedadlı alim,
müdrik və xeyirxah insanın yüksək ixtisaslı elmi
kadrların hazırlanmasında, gənclərin elmə gəlməsində,
elmin çətin yollarında onlara sidq-ürəklə bələdçilik
edərək, layiqli alim kimi yetişməsində böyük
zəhməti olmuşdur. Qoşqar Əhmədovun belə
yetirmələrindən biri, gözəl müəllim və
rəhbər, təvazökar və qayğıkeş insan, Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri
doktoru, professor Misir Mərdanovdur. O, öz mənəvi borcunu
yerinə yetirərək, dəyərli müəlliminin dərin
məzmunlu həyat yolunu qələmə alaraq, onun əziz
xatirəsinə ithaf etdiyi “Müəllimim Qoşqar Əhmədov”
adlı kitabında bədii əks etdirmişdir. Bakının “Radius” mətbəəsində
çap olunmuş 261 səhifədən ibarət olan bu kitab
Qoşqar Əhmədovun həyatına və elmi
yaradıcılığına həsr olunmuşdur. Kitabda qısa, lakin mənalı ömür
yaşamış müdrik müəllimin hər kəsə
nümunə olacaq həyat yolu haqqında geniş məlumat
verilir. Kitab çoxsaylı arxiv
materiallarına əsasən tərtib olunmuşdur. Qeyd
etmək lazımdır ki, arxiv sənədlərilə işləmək,
materialları toplamaq, sistemə salmaq, nizam vermək, onları
kitab şəklində oxuculara təqdim etmək zaman, gərgin
və böyük əmək tələb
edən məsuliyyətli bir işdir. Bu gərgin əməyin
nəticəsində ərsəyə gələn “Müəllimim
Qoşqar Əhmədov” adlı kitabında onun böyük
alim, müəllim, elm və təhsil təşkilatçısı
kimi geniş fəaliyyəti, riyaziyyat elminə gətirdiyi
yeniliklər, tələbələri, yetirmələri
haqqında ətraflı məlumat verilir.
Biz öz tariximizi, sözsüz ki, kitablarda yaşada bilərik. Böyük
dahilər kitabın heç nə ilə əvəz olunmayan
bilik xəzinəsi olduğunu hər zaman qeyd ediblər.
Buna görə də biz bildiklərimizi kitablara, ən
başlıcası, dəyərli məlumatlarla zəngin olan
kitabları qələmə alan və bizlərə
təqdim edən müəlliflərə borcluyuq.
Nə qədər
Elm var bu Yer üzündə
Bəşər həyatında fədakarlıq var.
Dünyanın
zirvəsi Elm dağıdır,
İnsanlığın tacı Kitab vərəqi.
Namiq Atabəyli
“Müəllimim
Qoşqar Əhmədov” adlı kitabın qələmə
alınmasında müəllifin məqsədi, ilk öncə,
müəlliminin əziz xatirəsini yaşadaraq, onun
qarşısında mənəvi borcunu yerinə yetirmək,
oxucuları elm və təhsil tarixi ilə tanış
etmək, xüsusən Azərbaycanın ilk ali təhsil
ocağı olan Bakı Dövlət Universitetinin və
ölkəmizdə riyaziyyatın tarixi ilə məşğul
olanları məlumatlandırmaqdır. Müəllifin
fikrincə kitab həyatda istər elm sahəsində, istərsə
uğur pilləsində özünəməxsus yer tutmaq istəyənlər
üçün də bir həyat dərsi olacaq.
Kitab ön söz, Qoşqar Əhmədovun həyat və
fəaliyyətinə həsr olunmuş 17 bölmədən,
ad göstəricisindən, istifadə olunmuş ədəbiyyatdan
ibarətdir. Hər bölmənin müdrik insanların
maraqlı və dəyərli kəlamları ilə zənginləşdirilməsi
kitabı daha da maraqlı edir və bölmədən-bölməyə
addımlayaraq sanki bir enerji verir insana. Kitabda
müəllif Qoşqar Əhmədovu təkcə alim, müəllim,
riyaziyyatçı kimi deyil, eyni zamanda yüksək insani keyfiyyətlərini,
zəngin daxili mənəviyyatını bariz şəkildə
əks etdirir.
Qoşqar
Əhmədov ömrünün sonuna qədər Azərbaycanda
riyaziyyatın inkişafı yolunda böyük işlər
görmüş, 30 ilə yaxın elmi-pedaqoji və elmi-təşkilati
fəaliyyət göstərmiş, 60-dan çox elmi əsər
yazmış, 60-dan çox riyaziyyatçı alim
hazırlamış, 30-a yaxın dissertasiya işinə rəsmi
opponentlik etmiş. Bütün bu qiymətli məlumatlarla siz,
oxucular, yeni kitabda tanış ola bilərsiniz.
Qoşqar müəllimin namizədlik və
doktorluq dissertasiyaların qısa məzmunu və
avtoreferatın surətinin kitabda yer tutması isə
riyaziyyatla maraqlanan gənclər üçünbir ərməğandır.
Kitabın
səhifələrində faktlarla əsaslanmış məlumatlarla,
çoxsayda sənədlərlə, Qoşqar müəllimin
özxəttilə yazılmış məktublarla da oxucular tanış ola bilərlər.
Kitabın sonunda ad göstəricisi verilmişdir. Burada Qoşqar müəllimin
həyatının müxtəlif anlarında münasibət
saxladığı 300-dən çox şəxsin adları əks
olunmuşdur.Düşünürəm ki, bu da kitabın
müsbət cəhətlərindən biridir, çünki
müəllif oxucularavaxtı ilə Qoşqar Əhmədovla
yaxınlıq etmiş yüzlərlə insanla tanış olmaq imkanı
yaradır.
Kitabın
bir maraqlı tərəfi də ondan ibarətdir ki, müəllif
Qoşqar müəllimin həyatını izləmək üçün
oxucuları tarixi fotoşəkillərlə
tanış edir, sanki kitabı canlandıraraq, keçmişə
aparır və tarixi hadisələrin canlı
iştirakçısı kimi hiss etdirməyə
çalışır.
Qoşqar Əhmədov bütün varlığı ilə
elmə bağlı idi, riyaziyyat onun üçün həyatın
özü idi.
Azərbaycanda riyaziyyatın fundamental elm kimi
inkişaf etməsində misilsiz işlər görən alim,
özündən əvvəlkilərin və
çağdaşlarının da uğurlarına qəlbən
sevinirdi. İnanıram ki, Qoşqar müəllimin
elmə olan sevgisi, alim hünəri, ləyaqətli vətəndaş
olması gələcək alimlərimizə həyat nümunəsi
olacaqdır. Şübhəsiz, müəllifin yeni kitabı
bütün bunları oxuculara aydın şəkildə
çatdırmağa qadirdir.
Məlumdur ki, elm yarandığı gündən
insanın fəaliyyəti ilə qırılmaz surətdə
əlaqədar olmuşdur. Əslində,
müasir həyatı və insanın mədəniyyətini
elmsiz təsəvvür etmək olmaz. Seyid Əzim
Şirvani elm və alim haqqında gözəl sözlər
demişdi və onun müdrik kəlamlarından birini də məmnuniyyətlə
sizə xatırlatmaq istərdim:
“Elmdir
baisi-tərəqqiyi-tam,
Alimə tay deyil güruhi-əvam.
Hələ
qalsın bu rəmzlər bari,
Elmsiz adəmin nə miqdari?”
Bu il ölkəmizdə professor Qoşqar Əhmədovun
anadan olmasının 100 illiyi qeyd olundu. Onun vəfatından 42
il keçir. Buna baxmayaraq, ali
təhsil aldığı və ömrünün sonuna qədər
çalışdığı indiki Bakı Dövlət
Universitetində və bütövlükdə Azərbaycan
riyaziyyatçıları arasında onun adı həmişə
böyük hörmət və ehtiramla yad olunur. Məhz Qoşqar
Əhmədovun həyat və elmi
yaradıcılığına həsr olunmuş yeni
kitabın bu ərəfədə işıq üzü
görməsi əlamətdar bir hadisədir.
Elm
tarixində parlaq əsərləri ilə əhəmiyyətli
iz qoymuş görkəmli alim, onun elmi-ədəbi irsi, bəşəriyyətə
ərməğan etdiyi
ölməz əsərləri ilə bizi
tanış edib, riyaziyyat elminin tarixinə dair maraqlı faktlarla
biliyimizi zənginləşdirən Misir Mərdanova öz dərin
minnətdarlığımızı bildiririk.
Oxucular
yeni kitabla Azərbaycanın kitabxanalarında tanış
ola bilərlər.
Ölkəmizin inkişaf və tərəqqisində əvəzolunmaz
xidmətləri olmuş şəxsiyyətlər kifayət qədərdir. Onları
tanımaq, gənc nəsilə tanıtmaq isə hər
birimizin ümdə vəzifələrimizdən biridir. Hesab edirəm ki, xalqımızın belə layiqli
yetirmələri haqqında dəyərli məlumatlarla zəngin
olan xatirələrimizi gənc nəsillərə kitab və
ya digər şəkildə çatdırmaq,
keçmişimizi yada salıb, tariximizi yaşatmaq hər
birimizin müqəddəs borcudur.
Düşünürəm ki, Misir Mərdanovun qələmə
aldığı bu xoş xatirə unudulmaz pedaqoq,
böyük alim və gözəl insan, Qoşqar Teymur
oğlu Əhmədovdan gələcək nəsilə bir
yadigardır.
Aynur
HƏSƏNOVA
525-ci qəzet 2017.- 18 noyabr.- S.14.