“Xəzinənin yeni
inciləri” adlı yubiley sərgisi
açıldı
Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Xəzinənin yeni inciləri” adlı sərginin açılış mərasimi keçirilib. Sərgi Azərbaycan Xalça Muzeyinin yaranmasının
50, görkəmli xalçaçı-rəssam
Lətif Kərimovun
110 illik yubileyi çərçivəsində təşkil edilib.
Tədbirdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev çıxış edərək
Azərbaycan xalçasının
tarixindən, ölkəmizdə
xalçaçılığın inkişafından danışıb:
“Xalça bizim mədəniyyətimizin ayrılmaz
hissəsidir. Azərbaycan Xalça
Muzeyinə ən müasir şəraitə
malik və memarlıq abidəsinə
çevrilən bina inşa olunub. Bu gün Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilərək bəşəriyyətin inciləri
sırasında qorunur.
Azərbaycan xalçaçılıq sənətini elmi kitablarda ayrı-ayrı kateqoriyalarda yaşadırıq.
Bu gün elmi
tədqiqatlar, xalçaçılığa
aid elmi kitablar bu sahənin elmi kateqoriyaya aid olduğunu bir daha sübut edir. Bu il
ölkəmizdə uğurla
V Beynəlxalq Xalça
Simpoziumu keçirildi.
İndi Azərbaycan xalçaçılıq
məktəbinin əsas
məqsədi əsrlərdir
inkişaf edən bu sənət növünü daha da inkişaf etdirməkdir. Dövlət başçımızın diqqəti
sayəsində bu sahəyə xüsusi qayğı göstərilir”.
Nazir daha sonra, Prezident İlham Əliyevin müvafiq sərəncamı
ilə təltif olunmuş bir qrup muzey əməkdaşına
diplom və medalları təqdim edib.
Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova rəhbəri olduğu qurumun gördüyü işlərdən,
həyata keçirilən
layihələrdən, Azərbaycan
xalçalarının dünyada
tanıdılması və
təbliği istiqamətində
atılan addımlardan
söz açıb.
Muzeydə yer alan tarixi
eksponatlardan danışan
Şirin Məlikova
son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik və tikmə nümunələri, habelə
arxeoloji qazıntılar
zamanı tapılan müxtəlif əşyaların
daxil olduğunu deyib. O qeyd edib
ki, sərgidə bu siyahıdan olan yeddi dəyərli
eksponat təqdim olunur. Onların arasında - incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli
geyim nümunələri
və XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvanda
toxunulmuş böyük
dəyərə malik
“Şamaxı” xalçası
da var. Bu xalça hazırda muzeyin xovlu xalça kolleksiyasının ən
qədim eksponatlar siyahısındadır. Tarixi və
bədii dəyəri
ilə yanaşı, xalça muzeyin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən
əldə edilib.
Şirin Məlikova Birinci vitse-prezident Mehriban Əliyevaya muzeyin kollektivi adından minnətdarlıq məktubunu
oxuyub.
Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının rektoru
Ömər Eldarov, muzeyin keçmiş direktoru Röya Tağıyeva və başqaları çıxış
edərək Azərbaycan
mədəniyyəti və
incəsənətində xalça
sənətinin önəmli
yerindən danışıblar.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən xaricdə
auksionlardan əldə
olunmuş XVIII əsrə
aid Azərbaycan xalçası
muzeyə hədiyyə
edilib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 18 noyabr.- S.13.