“Muzeylərdə tekstil kolleksiyaları” müzakirə olundu

 

Noyabrın 16-da Azərbaycan Xalça Muzeyində “Muzeylərdə tekstil kolleksiyaları” mövzusunda tədbir keçirilib.

 

Tədbir muzeyin fəaliyyətə başlamasının 50 illiyinə həsr olunub. Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət müəssisələri xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək muzeyin kollektivini yubiley münasibətilə təbrik edib. Bildirib ki, 50 illik tarixi olan muzey Azərbaycan mədəniyyətini, sənətini yaşadan, təbliğ edən, tanıdan məkanlardan biridir. Muzeyin binası paytaxtın ən gözəl memarlıq abidələri sırasındadır.

 

Şöbə müdiri bu gün, başda görkəmli xalçaçı-rəssam mərhum Lətif Kərimov olmaqla, muzeyin yaranmasına təşəbbüs göstərən, əmək sərf edən insanların ehtiramla yad olunduğunu bildirib: “Yaxşı işlər heç zaman unudulmur. 1967-ci ildə yaradılan kiçik bir muzeyin hələ o dövrdə Bakıda xüsusi yeri var idi. Mədəniyyət ocağının bugünkü fəaliyyəti göz qabağındadır. Dövlət başçısının, ölkənin Birinci vitse-prezidentinin diqqəti qayğısı nəticəsində son illərdə ölkəmizdə muzey işi sürətlə inkişaf edir. Çox şadam ki, muzeyin yubileyi ilə əlaqədar təşkil edilən dəyirmi masada regional muzeylərin əməkdaşlarının iştirakı da təşkil olunub”.

 

Muzeyin direktoru Şirin Məlikova çıxış edərək son dövrlərdə görülən işlərdən, Azərbaycan xalçalarının dünyada tanıdılması və təbliği istiqamətində atılan addımlardan söz açıb.Deyib ki, dəyirmi masada bölgələrin muzey əməkdaşları ilə yanaşı, Rusiya, Qırğızıstan və Almaniyadan olan muzey işi mütəxəssisləri də iştirak edirlər. Tədbirdə mühafizə, sərgiləmə, xalçaların, xalça məmulatlarının, milli geyimparça nümunələrinin konservasiyası və bərpası kimi məsələlər müzakirə olunacaq. Eyni zamanda, dünyanın tekstil muzeyləri, onların assosiasiyaları və icmaları arasında əlaqələrin qurulması, təcrübə və məlumat mübadiləsi, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərsləri və festivalların keçirilməsi, habelə Tekstil Muzeyləri Şəbəkəsinin (Textile Museums Network) yaradılması məsələsi ətrafında fikir mübadiləsi aparılacaq.

 

Muzeydə yer alan tarixi eksponatlardan danışan direktor son iki il ərzində muzeyə xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, həmçinin, arxeoloji qazıntılar zamanı əldə edilən müxtəlif əşyaların daxil olduğunu bildirib. Eksponatlar içərisində satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş əşyalar da yer alır.

 

Şirin Məlikova onu da qeyd edib ki, yubiley tədbirləri çərçivəsində təşkil ediləcək sərgi çərçivəsində bu il 100 illik yubileyi qeyd olunan  muzeyin ilk direktoru Əziz Əliyevin fəaliyyətinə dair arxiv şəkillərinin retrospektivi və “Xəzinənin yeni inciləri” adlı ekspozisiya nümayiş etdiriləcək.

 

Daha sonra tədbir məruzələrlə işini davam etdirib. İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mayıl Fərəcov “Xalçaçılıq və tikmə sənəti”, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Dinara Çoçunbayeva “Qırğız xovsuz xalçaları”, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsi ArxeologiyaEtnoqrafiya İnstitutunun Polimetal şöbəsinin baş elmi işçisi Nataliya PolosmakSibirUzaq Şərq Xalqlarının Tarix və Mədəniyyəti Muzeyinin qədim tekstil kolleksiyası” və bölgə muzeylərinin direktorlarının məruzələri dinlənilib.

 

Tədbir, Tekstil Muzeyləri Şəbəkəsinin yaradılması ilə bağlı müzakirələrlə yekunlaşıb.

 

Xədicə RƏHMAN

 

525-ci qəzet  2017.- 18 noyabr.- S.12.