“525-ci qəzet”in 25 illik
yubileyi qeyd edildi
BAKI DÖVLƏT
UNİVERSİTETİNDƏ KEÇİRİLƏN
TƏDBİRDƏ “525” - ZAMANIN SINAĞINDA” KİTABININ
TƏQDİMATI OLDU
Dünən
Bakı Dövlət Universitetində (BDU) “525-ci qəzet”in 25
illik yubileyi və BDU-nun Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri, professor
Cahangir Məmmədlinin müəllifi olduğu “525” -
Zamanın sınağında” kitabının təqdimat mərasimi
keçirilib.
Tədbiri
giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov
qəzetin kollektivini yubiley münasibətilə təbrik edərək,
bu mərasimin rəhbərlik etdiyi ali təhsil
ocağında keçirilməsindən məmnunluq hissi
duyduğunu bildirib: “Bəlkə kimdəsə sual yarana bilər
ki, bu yubiley mərasimi niyə məhz Bakı Dövlət
Universitetində qeyd olunur? Çünki “525-ci qəzet”in rəhbərliyi,
əksər əməkdaşları bu ali
məktəbin məzunlarıdır. Eyni zamanda, Bakı
Dövlət Universitetinin “525-ci qəzet”ə xüsusi
simpatiyası, böyük məhəbbəti var. Bu qəzet
BDU-nun fəaliyyəti ilə bağlı məlumat və
materialları həmişə akademik düşüncə və
milli təəssübkeşlik hissi ilə, dolğun şəkildə
işıqlandırıb. Ona görə də əgər
“525-ci qəzet”in rəhbərliyi bu əlamətdar tədbiri
başqa bir yerdə keçirməyi qərara alsaydı, biz
buna rəğbət, sevgidən irəli gələn
qısqanclıqla yanaşacaqdıq”.
Rektor
bildirib ki, əslində, hər bir kütləvi informasiya
vasitəsinin yubileyi milli yubiley olmalıdır: “525-ci qəzet”
lokomotiv kimi milli mənəvi dəyərlərin, ədəbi-bədii
fikrin, mentalitetin formalaşmasında müstəsna xidmətlər
göstərib. Bu mənada deyə bilərik ki,
“525-ci qəzet” ümummilli, bütün millətin
qayğısını çəkən qəzetdir”.
Sözügedən
qəzetin müstəqilliyimizlə az qala
yaşıd olduğunu deyən A.Məhərrəmov qeyd edib
ki, Azərbaycan yenidən azadlığa qovuşduqdan sonra
keçdiyimiz keşməkeşli, qarışıq dövrlərdə
bəzi qəzetlər milliliyi, demokratik düşüncəni
gözləyə bilməyib və sıradan
çıxıb: “525-ci qəzet” bu missiyanı üzərinə
götürərək, fəaliyətində heç bir
büdrəmə, axsama olmadan dinamik inkişaf edib. Bu da bizə stimul verib ki, Azərbaycan mətbuatının
aparıcı qəzetlərindən olan “525-ci qəzet”in
yubiley mərasimini yüksək səviyyədə keçirək”.
Rektor
universitetin kafedra müdiri, professor Cahangir
Məmmədlinin müəllifi olduğu “525” - Zamanın
sınağında” adlı kitabın əhəmiyyətini
qeyd edərək, topluda qəzetin yaranma tarixi, onun fəaliyyətinin
əsas istiqamətləri, mövzu dairəsi, mədəni həyatımız,
ədəbiyyat və incəsənətimiz, elmi
düşüncəmizlə bağlı mövzuların
işıqlandırılmasında göstərdiyi
yaradıcılıq peşəkarlığının əks
olunduğunu vurğulayıb.
BDU-nun
Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli
çıxışında “525-ci qəzet”in Azərbaycan mətbuatının
inkişafında oynadığı mühüm rol, müəllifi
olduğu “525” - Zamanın sınağında” adlı
kitabın yaranma ideyasından danışaraq, bildirib ki, bu mətbu
orqan həm də gənc jurnalistlərin peşəkarlığının
artırılmasında müstəsna xidmətlər göstərib:
“525-ci qəzet” Bakı Dövlət Universitetinin Jurnalistika
fakültəsinin peşəkarlıq laboratoriyasıdır”.
Professorun sözlərinə görə, qəzet Azərbaycanda
ədəbi mühitin formalaşdırılmasında da
xüsusi işlər görüb. Rektor A.Məhərrəmovun
“525-ci qəzet”i “ümummilli qəzet” adlandırmasına
toxunan C.Məmmədlinin sözlərinə görə, Azərbaycanda
elə bir oxucu zümrəsi yoxdur ki, bu qəzeti
özününkü hesab etməsin.
Azərbaycanda
Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov
isə qeyd edib ki, sözügedən media orqanı
özündə Azərbaycan mətbuatının
simasını əks etdirir: “525-ci qəzet”in tarixi bizim
müstəqilliyimizin tarixidir. Bu qəzetdə
dövlətçiliyimizə aid yazılar, iqtisadi xəbərlər,
tanınmış ədiblərimizin, eləcə də gənc
yazarların yaradıcılıq nümunələri təqdim
olunur. Bu rəngarənglik həm də qəzetin
baş redaktoru Rəşad Məcidin təbiətindən irəli
gəlir. Onun xarakteri necədirsə, qəzet
də o şəkildə çıxır. Vaxtilə Rəşad müəllim şair kimi
öz imzasını tanıdıb. Sonra
biz onu publisist, yazıçı, ictimai xadim kimi
gördük”.
Akademik
İsa Həbibbəylinin Rəşad Məcid haqqında
“Bütün yönləri ilə yaradıcı” adlı
monoqrafiya yazdığını xatırladan N.Cəfərov
bundan ilhamlanaraq, özünün də məqalə
yazdığını deyib: “Axtarışlardan,
düşüncələrdən sonra qərara gəldim ki,
yazını “Ürəyin dünya qədər genişliyinin
metafizikası” adlandırım”.
Akademikin
sözlərinə görə, “525-ci qəzet”in əsas məziyyətlərindən
biri də odur ki, burada əsasən gənclər çap
olunur: “Rəşad müəllim həm də
Yazıçılar Birliyində Gənclərlə iş
üzrə katibdir. O, gənclərlə işləməyi
çox gözəl bacarır. Ədəbiyyat
elə bir sahədir ki, onun yaşlı, orta nəsil yazarı
ilə yola getmək çətindir, o ki qala gənclərlə.
Rəşad Məcid bu çətinliyin öhdəsindən
ustalıqla gəlir. Çünki o,
yaradıcı insana, yazıçıya inanır. Gərək hər şeydə inam olsun. Rəşad müəllim qəzetinə də
inanıb ki, bu gün 25 illik yolu arxada qoyub. Mən inanıram ki, bu qəzetin əməkdaşları
öz işlərini gələcəkdə də sevgi və
bacarıqla, layiqincə davam etdirəcəklər”.
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar Səfərli isə 25
yaşlı qəzetin tarixi missiyasından, mətbuatın
inkişafındakı xidmətlərindən
danışıb. “525-ci qəzet”in ziyalıların qəzeti olduğunu
deyən V.Səfərli çıxışında qeyd edib
ki, sözügedən mətbu orqan respublikamızın ən
çətin dövründə fəaliyyətə
başlayıb: “Həmin dövrdə siyasi böhran, maliyyə
problemləri ilə yanaşı, ölkədə senzura var
idi. Ancaq Rəşad müəllimin rəhbərliyi
ilə bu qəzet bütün maneələri qətiyyətlə
dəf edərək bugünkü günümüzə gəlib
çıxıb. “525” qəzetin qeydiyyat
nömrəsi olub. Deməli, buna qədər
524 qəzet mövcud olub. Bəs həmin qəzetlər
indi haradadır? Onların böyük əksəriyyəti
bu günümüzə gəlib çıxa bilməyib.
“525” isə indi də sevilən, seçilən
qəzetdir. Bu, gənclərin,
ziyalıların qəzetidir. Onun öz
oxucu auditoriyası var”.
Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin baş məsləhətçisi Vüqar
Səlimov isə bildirib ki, sözügedən qəzet ölkədə
gedən proseslərə obyektiv, ədalətli şəkildə
qiymət verməsilə seçilir: “525-ci qəzet” Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
dövlətinin apardığı daxili və xarici siyasətin
cəmiyyətə çatdırılmasında, ictimai fikrin
formalaşmasında göstərdiyi xidmətlərlə daim
diqqəti cəlb edən öncül mətbuat orqanlarındandır.
İnanıram ki, qəzet Azərbaycan mətbuat
tarixinin ənənələrini bundan sonra da layiqli şəkildə
davam etdirəcək”.
Türkiyənın
Azərbaycandakı Səfirliyinin mədəniyyət
müşaviri İrfan Çiftçi çıxış
edərək bildirib ki, “525-ci qəzet” plüralist, gənc,
müasir baxışa sahib, yaradıcı insanları dəstəkləyən
mətbu orqandır: “Bu qəzet 100-dən çox
yazıçı, jurnalist yetişdirib. Onların
arasında kifayət qədər tanınan imzalar var”. İ.Çiftçi vurğulayıb ki, “525-ci qəzet”
mətbuat ənənələrinə daim sadiqlik
nümayiş etdirib, xarakterik keyfiyyətlərini hər zaman
qoruyub.
BDU-nun professoru, görkəmli tədqiqatçı
Şirməmməd Hüseynov çıxışında
“525-ci qəzet”lə 1996-cı ildən başlayaraq fasiləsiz
əməkdaşlıq etdiyini bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin
tarixi ilə bağlı “525-ci qəzet”də hər həftə
iki səhifə yazısının dərc olunduğunu deyən
Ş.Hüseynov bu əməkdaşlığı
cümhuriyyət dövrünə aid Azərbaycan tarixinin dərindən
öyrənilməsi, ictimaiyyətə düzgün şəkildə
çatdırılması baxımından yüksək qiymətləndirib.
Görkəmli
tədqiqatçı 1919-cu ildə Cümhuriyyətin 1 illiyi
münasibətilə Bakıda təşkil olunan hərbi
paradla bağlı maraqlı məqamları
bölüşüb: “O zaman parada hazırlıq getdiyi
günlərdə Məhəmməd Əmin Rəsulzadəyə
xəbər çatdırılır ki, təxminən 800 nəfərə
yaxın məktəbli, taxtadan silah və at düzəldərək,
dəniz qırağında parada hazırlaşırlar. Onlar da bu əlamətdar hadisəni öz uşaq
dünyalarına uyğun tərzdə qeyd etmək istəyirlər.
Məhəmməd Əmin Rəsulzadə xəbəri
eşidəndə həmin məktəblilərin də rəsmi
paradda iştirakına şərait yaradılması barədə
tapşırıq verir. Nəticədə
o paradda Azərbaycan Silahlı Qüvvələrinin ardınca
məktəblilərin taxta at-silahla keçidi də baş
tutur. Məhəmməd Əmin Rəsulzadə
bununla bağlı deyir ki, o uşaqlarda olan milli ruh
cümhuriyyətin gələcəyidir. İndi
mən də deyirəm ki, əksəriyyəti BDU-nun yetirməsi
olan “525-ci qəzet”in kollektivi də məhz belə bir milli
ruhun daşıyıcısıdır”.
Çıxışlardan sonra təbriklərə yer
verilib.
Mədəniyyət
və Turizm Nazirliyinin şöbə müdiri Vüqar
Şıxməmmədov nazir Əbülfəs Qarayevin, Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə
müdiri Elman Babayev nazir Səlim Müslümovun, Təhsil
Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət
Valehov nazir Mikayıl Cabbarovun təbriklərini “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcidə təqdim ediblər.
Sonra
söz alan “525-ci qəzet”in keçmiş əməkdaşı,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr
müavini Gündüz İsmayılov özünün bu qəzetdə
fəaliyyət göstərdiyi illəri xatırlayıb: “Mən
1999-cu ildən 2006-cı ilə qədər “525-ci qəzet”də
çalışmışam. Filosoflar deyirlər
ki, insanların tərcümeyi-halı təsadüflərin məcmusudur.
Müdriklər deyirlər ki, tərcümeyi-hal
istedad və zəhmətin nəticəsidir. Din isə
deyir ki, tərcümeyi-hal insanların alın
yazısıdır. Mənim taleyimdə, tərcümeyi-halımda
həmişə qürurla ifadə etdiyim iki məqam var.
Birincisi, Bakı Dövlət Universitetinin, ikincisi isə “525”
adlı məktəbin məzunu olmağımdır. Həyatımda əldə etdiyim bütün
uğurlarıma görə bu iki ocağa minnətdaram. Bu işdə mən tək deyiləm.
Hazırda daha yüksək vəzifələrdə, beynəlxalq
təşkilatlarda çalışanlar arasında yolu bir
zamanlar “525-ci qəzet”dən keçənlər az deyil. Belə bir fikir var ki, mətbuat
keçmişi gələcəyə daşımaqla məşğuldur.
Ancaq mən bu fikrə əlavə olaraq deyirəm
ki, bəzi mətbu orqanlar gələcəyə işıq
daşıyırlar. “525-ci qəzet” gələcəyə
işıq daşıyan qəzetdir. Bu, həm
də Rəşad müəllimin özünün
işığıdır. İşıq
daşımaq missiyadır, vəzifə deyil. Mən bu müqəddəs yolun yolçularına
daim işıq arzulayıram”.
Sonda
çıxış edən “525-ci qəzet”in baş redaktoru
Rəşad Məcid Azərbaycan mediasında özünməxsus
yeri olan “525-ci qəzet”in 25 il ərzində keçdiyi
inkişaf yolundan danışıb. Baş redaktor bildirib ki, Azərbaycan
mediasının inkişafında Ümummilli lider Heydər
Əliyevin misilsiz xidmətləri olub: “O, mətbuatımızı
məhv olmaqdan xilas edən şəxsiyyətdir”. R.Məcid qeyd edib ki, “525-ci qəzet” hər zaman Azərbaycan
dövlətçiliyinə bağlı olub. Hələ
1998-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin
Birinci vitse-prezidenti olan İlham Əliyevin “Neft bizim
üçün məqsəd yox, vasitə olmalıdır” sərlövhəli
müsahibəsinin “525-ci qəzet”də dərc edildiyini
xatırladan baş redaktor bildirib ki, 2003-ci ildə prezident
seçkiləri ərəfəsində İlham Əliyevin fəaliyyətindən
bəhs edən, “525-ci qəzet”də işıq üzü
görmüş məqalələrin, analitik materialların,
şərhlərin toplandığı “Siyasi olimpə
doğru” kitabı çap olunub.
Baş redaktorun sözlərinə görə, Azərbaycanın əksər dəyərli ziyalılarının “525-ci qəzet”lə bağlı fikirləri birmənalıdır: “Onlar bu qəzeti “ümummilli qəzet”, “ziyalıların qəzeti” adlandırırlar. Bu yüksək dəyər bizə həmişə qürur verir”.
Baş redaktor daha sonra professor C.Məmmədlinin müəllifliyi ilə hazırlanan “525” - Zamanın sınağında” kitabından söz açıb: “Qəzetin 25 illik yubileyi ərəfəsində Cahangir müəllimin xüsusi nəşr hazırlamaq təklifi bizim üçün çox xoş və qeyri-adi oldu. Bakı Dövlət Universitetinin rəhbərliyinin, Jurnalistika fakültəsinin Elmi Şurasının bu təşəbbüsə dəstəyi bizi olduqca sevindirdi”.
Baş redaktor tədbirin BDU-da keçirilməsinin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “İnsan yaşa dolduqca ona doğma olan, xoş xatirələrinin yer aldığı məkanlara can atır. Mən və ətrafımda olan bir çox dostlarım, çox təəssüf ki, doğulduğumuz, uşaqlıq xatirələrimizin iz saldığı o yerlərə gedə, ilk dəfə qədəm qoyduğumuz məktəbi görə bilmirik ki, yaddaşımız təzələnsin. Bizim xatirələrimizdə özünə yer edən doğma məkanlardan biri də Bakı Dövlət Universitetidir. Bu universitetin divarları arasında gəncliyim, tələbəliyim keçib. Mən və bir çox həmkarımın keçmişə aid xoş xatirələrinin qaldığı yeganə real məkan Bakı Dövlət Universitetidir. Bu ali məktəbin 2008-ci ildə mənə verdiyi “Universitetin dostu” adı ilə həmişə fəxr etmişəm. Arzu edirəm ki, hər kəs onun üçün önəmli olan tədbirlərini, günlərini ona doğma məkanlarda keçirsin”.
Rəşad Məcid göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirib.
Qeyd edək ki, professor C.Məmmədlinin müəllifli olduğu “525” - Zamanın sınağında” kitabı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Elmi Şurasının qərarı ilə çap olunub. Nəşrdə mətbu orqanın tarixi və keçdiyi yol barədə müəllifin qələmə aldığı monoqrafiya, qəzetin əməkdaşlarının xatirə yazıları, tanınmış şəxsiyyətlərin yubiley münasibətilə göndərdiyi təbrik məktubları, həmçinin, qəzetdə dərc olunan məqalələrdən nümunələr yer alıb.
Şahanə
MÜŞFİQ
Ceyhun ABASOV
525-ci qəzet 2017.- 18 noyabr.- S.8-9.