Alim ömrünün
işıqlı üfüqləri
Nəzakət MƏMMƏDOVA
“Altı il Dəclə-Fərat sahillərində”
yaşamış bir alim ömrünün böyük səciyyəsindən
söhbət açmaq
şərəflidir.
1985-ci ildə bədii-publisistik,
elmi-konseptual məzmunlu
bir kitab dövrün sanballı nəşriyyatında (“Yazıçı”)
işıq üzü
gördü. Həyata vəsiqə aldığı
gündən geniş
oxucu marağını
qazanan bu xoşbəxt taleli kitab - “Altı il Dəclə-Fərat sahillərində” adlanırdı.
Altı illik müşahidə və tədqiqatların nəticəsi olan bu kitab qədim
Babil mədəniyyətinin
beşiyi İraq və iraqlıların keçmişi, çağdaşlığı,
həmçinin, adət-ənənəsi,
ictimai-sosial həyatı,
dinamikası ilə bağlı zəngin məlumatı özündə
ehtiva edirdi. Geniş oxucu auditoriyasının sevgiylə qarşıladığı
və müxtəlif düşüncə müstəvilərində
bədii-fəlsəfi, həmçinin,
elmi müzakirələrə
vəsilə olan kitabın müəllifi o
zaman filologiya elmləri namizədi, indi isə filologiya
elmləri doktoru,
professor, böyük folklorşünas
alim Qəzənfər
Paşayev idi.
Çağdaş filoloji elmin, xüsusilə, folklorşünaslığın
görkəmli simalarından
biri olan işıqlı şəxsiyyət,
el ağsaqqalı Paşayev
Qəzənfər Məhəmməd
oğlu ulu Sazın, müqəddəs
Sözün ucalığına
tapınan bir eldə, sazlı-sözlü
Tovuzun Düzqırıxlı
kəndində təvəllüd
tapıb. Səbatlı bir ocağın,
urvatlı bir elin adət-ənənələri
onun uşaq yaddaşına həkk olunub. Halallıq, alicənablıq, xeyirxahlıq, qayğıkeşlik,
yurdsevərlik duyğuları
uşaqlıqdan Qəzənfər
Paşayevin alın yazısına, ömür
kredosuna çevrilib.
Kənd məktəbinə gedən
yolların yaddaşında
onun ayaq səsləri hələ də diridir. Çünki o yollar onu ulu elm məbədinə qovuşdurub və o, bu yollarda böyük
alim kimi inamla, sevgiylə, qətiyyətlə addımlayır.
1962-ci ildə arzularına
qapı açdı Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutu. Bu ali təhsil ocağında arzu qanadlı, ümid dolu tələbə adını qazandı. İngilis dili fakültəsini bitirdikdən
sonra ali
təhsilli müəllim
kimi üç ay pedaqoji fəaliyyətini kənd məktəbində
davam etdirir. Xüsusi dəyərləndirmə və
seçim əsasında
Qəzənfər Paşayev
İraq Respublikasına
tərcüməçi işləməyə
dəvət olunur.
O, müxtəlif vaxtlarda
İraqda tərcüməçi
kimi fəaliyyət göstərib. Elmi bacarığı və diqqətəlayiq tədqiqatları, onda tərcüməçilikdən əlavə, geniş elmi potensialın olmasını göstərdi.
Qəzənfər Paşayev təhsil
aldığı ali təhsil ocağında müxtəlif
vəzifələrdə çalışıb.
Pedaqoji fəaliyyətlə məşğul
olduğu zamanlarda elmi yaradıcılığını
daha da genişləndirmişdir.
1968-ci ildə xalq şairi Rəsul Rzanın iştirakı ilə “Kərkük bayatıları”
adlı ilk kitabı işıq üzü görür. Artıq 30-dan yuxarı ədəbi-elmi və publisistik kitabların müəllifidir.
Hər bir yaradıcı insanın həyatında yaratdığı,
ərsəyə gətirdiyi
əsərlər arasında,
kitablar içində
biri məxsusilik qazanır və yaradıcı düşüncənin
indeksinə çevrilir. Qəzənfər müəllimin dəyərli
kitabları, yaddaqalan maraqlı əsərləri
çoxdur. Lakin böyük
folklorşünas alimin,
dəyərli publisistin
yaradıcılıq yolunda
“Altı il Dəclə-Fərat sahillərində”
kitabının özünəməxsus
səciyyəsi var. Bu kitab
təkcə müəllifin
yaradıcılığında deyil, həm də bədii-elmi publisistikamızın sanballı
nümunələri sırasında
məxsusi yerə layiqdir.
Qəzənfər Paşayev İraqda tərcüməçilik fəaliyyəti
dövründə asudə
vaxtlarında dincəlməmiş,
bir yaradıcı alim şövqüylə,
tədqiqatçı-folklorşünas kimi vaxtilə qədim Şərqin ən zəngin düşüncə mərkəzlərindən
olmuş İraqın
həyatıyla kompleks
maraqlanmışdır. O, İraq
xalqlarının mədəniyyətini,
ədəbiyyatını, ictimai
həyatını, həmçinin,
burada yaşayan azərbaycanlıların adət-ənənələrini
dərin şövqlə
öyrənmişdir.
Zəngin Şərq koloritini özündə ehtiva edən “Altı il Dəclə-Fərat sahillərində” kitabında
düşüncələr, məlumatlar, araşdırmalar
müxtəlif fəsillərdə
təqdim olunsa da, onları bir səciyyə ümumiləşdirir. Bu da ondan qaynaqlanır
ki, dəyərli folklorşünas alim İraqda yaşayan xalqlara, onların həyat tərzinə, dünyagörüşünə və inancına, adət-ənənəsinə səmimi
yanaşır. Bu səmimiliyin içində
müəllifin zəngin
mənəvi dünyası,
bəşəriliyi onun
dəyərli alim təfəkkürünün indeksi
kimi çıxış
edir.
Təsadüfi deyil ki, görkəmli alim, Xalq yazıçısı
Elçin Qəzənfər
Paşayevin elmi yaradıcılığını yüksək dəyərləndirərək
yazır: “Bir tərəfdən “Nəsiminin
İraq divanı”, yaxud “Füzulinin həyat və yaradıcılığı”, o biri tərəfdən isə Hüseyn Arif, Hüseyn Kürdoğlu, İsi Məlikzadə, Tofiq Bayram, Fikrət Qoca, Əlibala Hacızadə və başqa müasir yazıçı və şairlər haqqında kitablar.
Ancaq bu hələ hamısı deyil. Baxın: bir tərəfdən professional dilçi
alimin qələmindən
çıxmış “Kərkük
dialektinin fonetikası”
elmi monoqrafiyası, o biri tərəfdən isə yenə professional sənətşünas, folklorşünas
kimi Azərbaycan aşıq yaradıcılığının
tədqiqatçısının, aşıq sənəti ilə bağlı nüfuzlu söz sahibinin məqalələri,
rəyləri, tərtibləri”.
Böyük yazıçı görkəmli
alimin dəyərli yaradıcılığının miqyasını, sanbalını
mükəmməl xarakterizə
edir. Elmi ictimaiyyət Qəzənfər
Paşayevi “Kərkük
folklorşünaslığının banisi” adlandırır və bu həqiqətdir
ki, Kərkük azərbaycanlılarının yenidən
azərbaycançılıq düşüncəsinin faktına
çevrilməsində bu
ədibin həlledici xidmətləri var.
Bütün bu fikirlər görkəmli bir alim ömrünün elmi mündəricəsinə
işıq tutur. Lakin insan
ömrü təkcə
fəaliyyətdən ibarət
deyil, bu ömrün içində
onun xarakterini formalaşdıran duyğu
və düşüncələr
də önəmli rol oynayır.
Qəzənfər Paşayev elm aləmində nə qədər ucalıqlar fəth etmişsə, bir o qədər və ondan daha uca məqamları insanlıq, şəxsiyyət dünyasında qazanıb.
Böyük alim gözü-könlü tox olmaqla yanaşı, həm də çox qayğıkeş və genişürəklidir. Ömrünün müdrik çağlarını yaşayan el ağsaqqalı, dəyərli alim kimi düşüncələrini belə saf və səmimi, fəlsəfi anlamda ifadə edir: “Mən xoşbəxt adamam. Xoşbəxtlik insana nəsib olursa, bu, çox böyük işdir. Mən iki yüzilliyin, iki minilliyin qovşağını yaşamışam. Azərbaycanın müstəqilliyini görmüşəm. Bütün xoşbəxtliklər keçəridir, ötüb keçir. İki xoşbəxtlikdən başqa. Biri odur ki, Vətən azad olsun, xalq azad olsun, müstəqil olsun. Onun töhfələrinin bəhrəsini biz dəririk. İkincisi də, insan o vaxt əbədi xoşbəxt olur ki, övladlarından yarısın...”
Xalq təfəkküründən süzülüb gələn bədii-fəlsəfi, sosial-ictimai mündəricəli mənəvi sərvətləri alim siqləti ilə sistemləşdirən, elmi müstəvidə dəyərləndirən folklorşünas alim kimi Qəzənfər müəllimin əməyi unikaldır. Bu böyük zəhməti elmi ictimaiyyət həmişə yüksək qiymətləndirib.
Mənalı və şərəfli ömrünün 80-ci baharını dəyərli elmi töhfələrlə, könül oxşayan, çin olmuş arzuların sevinciylə yaşayan el ağsaqqalı, professor Qəzənfər Paşayev bu gün də öz elmi-ictimai fəaliyyətini uğurla, həvəslə davam etdirir.
Şərq dünyasının qədim, zəngin elm və mədəniyyət beşiklərindən olan İraqda (Babilistanda), Dəclə-Fərat çaylarının sahillərində başlanan sanballı alim ömrünün dərin elm dəryalarından keçərək böyük bacarıqla limana çatması ağsaçlı kapitanın məharətindən, cəsarətindən soraq verir.
Sahillərdən-sahillərə gedən, unikal bir mənəvi sərvət daşıyan bu ömür gəmisinin şanlı kapitanını, həmçinin, bu sərvətin əzəli və əbədi sahibi olan Azərbaycan xalqını müjdələyirəm.
Mənalı, şərəfli ömrünüzə uca Tanrı bərəkət versin, el ağsaqqalı hörmətli Qəzənfər Paşayev!
525-ci qəzet 2017.- 18 noyabr.- S.10.