Keçən keçdi, olan oldu

 

Xalq yazıçısı Anar yazır

 

"Səhər-səhər" rubrikası

 

 

(Romandan parça)

 

Xalq yazıçısı Anarın yeni qələmə aldığı “Keçən keçdi, olan oldu” adlı xatirə-romanı çapa hazırlanır. Romandan bir parçanı “Səhər-səhər” rubrikasında oxucularımıza təqdim edirik. Bu parçada Rəsul Rzanın Hüseyn Cavidlə bağlı xatirələri, düşüncələri yer alıb.

 

Sakit və yarıyuxulu əyalət şəhərindən Bakıya gəlmiş adamın dünyaduyumu arabadan düşüb təyyarəyə olmasa da, sürət qatarına minmiş sərnişinin vəziyyətini andırır - dəyişən mənzərələr, səhnələr, süjetlər, hadisələr. Müxtəlif insan sifətləri, çeşidli xarakterlər. Qalabalıq. Tünlük iclaslar. Sözü bir-birinin boğazından keçməyən tərs, höcət, hikkəli natiqlər. Qızğın mübahisələr.  Sərt  çıxışlar. Kəskin toqquşmalar. 30-cu illərin birinci yarısında od-alov püskürən, 30-cu illərin ikinci yarısında qan qoxuyan mətbuat. Belə idi Rəsul Rzanın ilk dəfə gələndə Bakıda düşdüyü mühit.

 

Eyni zamanda, şəhərin  sənət ab-havası Rəsulçün bir növ bayram ovqatını xatırladırdı. Və maraqlıdır ki, sənət mühitiylə ilk tanışlığı məhz Hüseyn Cavidin tamaşasından başlanırdı:

 

“Küçələrdə elan lövhələrində Hüseyn Cavidin “Topal Teymur” tamaşasının elanını gördüm, Faruqun  böyük bir çətinliklə tapdığı biletlərlə teatra gəldik. Yerimiz yaxşı deyildi. Səhnəyə və tamaşa salonuna “quş uçuşundan” (amfiteatrdan-A.) baxırdıq. Tamaşaya gələn adamları sanki sayıb  seçmişdilər. Tamaşa bayram təsiri bağışlayırdı. Bakının bütün gözəlləri elə bil bu gün söz qoyub teatra toplaşmışdılar. Tamaşa salonu,  foye, səhnə müxtəlif geyimli insanlarla doluydu. Bəlkə də bu, kənddən birdən şəhərə düşmüş bir gəncin gördüyü, gördükcə böyütdüyü, böyütdükcə  rənglərə, çeşidlərə, çalarlara saldığı mənzərələrdir. Mənim xatirimdə bu tamaşa unudulmaz bir bayram kimi qalmışdı”.

 

Daha sonralar Rəsul Rza bu mühitə qaynayıb-qarışandan, əsas aparıcı gənclərindən birinə çevriləndən sonra Hüseyn Cavidlə şəxsən görüşür. “Minlərlə könüldə təəssüfü qaldı” yazısında bu görüşlərindən söz açır.

 

 “Müşfiqlə söz  qoyub  Hüseyn Cavidgilə getdik. Mənzilin qapısını özü açdı.

 

- Xeyir ola, uşaqlar? - dedi.

 

- Bir şey yoxdur, gəldik böyük şairə salam və hörmətimizi yetirək”.

 

Həmin görüşdə  Cavid gənc  şairlərə  “Azər”dən bir parça oxuyub.

 

“Cavid şeirinin valehedici musiqisi, “Azər”in düşündürücü, həyəcanlandırıcı misraları bizi elə bir sehrə salmışdı ki... Böyük  şair  gənc  dostlarının heyranlığını görüb riqqətlənmişdi. Sonra yol boyu Müşfiqlə bir kəlmə də danışmadıq, səssiz ayrıldıq. Görünür, ikimiz də Cavidlə  görüşün  havasından, “Azər” poemasının poetik təsirindən ayrılmaq istəmirdik”.

 

Atam Cavidlə görüşlərindən daha bir təsirli epizodu xatırlayır:

 

Söhbət  Hadidən düşdü. Cavid çox kədərli görünürdü. Adətən az danışan, həmişə fikirli, qayğılı görünən şair dərindən bir ah çəkərək belə qəmli bir hekayət söylədi: - Sizin yadınıza gəlməz uşaqlar... Bəlkə o vaxtlar siz hələ əlifba öyrənirdiniz. Bakıda, Kommunist küçəsinin aşağı qurtaracağında Metropol mehmanxanasının qabağından keçəndə bir əl qolumdan tutub məni saxladı. Üzümə baxmadan  əlindəki yazılı vərəqlərdən birini uzadıb: - Al! - dedi. Diqqətlə baxdım, bu şair Məhəmməd Hadi idi. Boğuq bir səslə təkrar etdi: - Al! Mən kağız pulu ona  verəndə  birdən başını qaldırdı. Dumanlı gözlərlə məni süzdü. Bir uşaq kövrəkliyi ilə dodaqları büzüldü. O, məni tanımışdı. Hıçqırtı ilə kağız vərəqləri yerə tullayıb səndələyə - səndələyə getdi. Mən yerimdə donub qalmışdım. Bu qüdrətli şairin acı taleyi məni sarsıtmışdı”.  

 

Rəsul Rza tərcümeyi-halında Cavidlə bağlı bir xatirəsini də qeyd edir. O vaxt Rəsul Rza bəzi iclaslarda rus dilində də çıxış edirmiş:

 

“Bir gün belə bir çıxışımdan sonra tribunadan düşüb yerimdə oturdum. Mərhum Hüseyn Cavid də zalda idi.  Yığıncaqdan sonra mənə yanaşdı. “Çox gözəl rusca danışırsan” - dedi. Mən bu sözü Caviddən  sonralar da ayrı-ayrı vaxtlarda eşitməsəydim, onu bir zarafat sayardım. Lakin sonralar da təkrar bunu söylədi. İnandım ki, mənim rusca biliyim ona doğrudan da yüksək bir mərhələ kimi görünür. Bu   söhbət təxminən 32-33-cü illərə aiddir”.

 

Atamın bu xatirələrindən o dövrün ab-havasını duyuram. Əlbəttə, onun Cəfər Cabbarlıyla bağlı  xatirələri daha çoxdu. Həm də Cavidlə bağlı xatirələrində  tələbənin bir ustada ehtiramı duyulurdursa,  Cəfər Cabbarlıya münasibəti daha məhrəm, daha doğma, az qala tay-tuş münasibəti idi. C.Cabbarlı haqqında yazıları da var, bəzi söhbətləri   yadımda qalıb. O söhbətlərdən Cabbarlıyla  Cavidin münasibətləri haqqında müəyyən nəticələr çıxarmışam. Hüseyn Cavidlə Cəfər Cabbarlı otuzuncu illərin iki ən populyar və məhsuldar  Azərbaycan dramaturqu idilər. Dövlət  Dram Teatrının  repertuarını  əsasən bu iki müəllifin əsərləri təşkil edirdi. Təbii ki, aralarında sağlam yaradıcılıq rəqabəti də olub. Cəfər Cabbarlının Hüseyn Cavidi tənqid edən məqaləsi də var. Amma bununla belə, bu münasibətlər əsasən ustad (Hüseyn Cavid) və tələbə (Cəfər Cabbarlı) münasibətləri olub. Məsələ onda deyil ki, Cabbarlı Caviddən bir müəllim kimi nə isə əxz eləyib. Cəfər Cabbarlı özü yetərincə böyük və orijinal istedad sahibi idi, heç bir pyesində Cavid poetikasının təsiri duyulmur. Amma fərqli yollarla irəliləsələr də, gənc Cəfərin yaşlı Cavidə müəyyən dərəcədə tənqidi baxışı olsa da, ona, yəni Cəfər Cabbarlıya  Hüseyn Cavidin ustad rəyi, tamaşalarına  verəcəyi qiymət son dərəcə önəmli imiş. Bu fikir bir də şəxsən  mənim özümün eşidib bildiyim konkret fakta əsaslanır. Mən musiqi məktəbində oxuyarkən  Saveliy Yakovleviç Ayzen adlı  piano müəllimimiz vardı. Vaxtilə Peterburq Konservatoriyasında təhsil almışdı, Raxmaninovun dirijorluq etdiyi  bir konsertdə royalda çalmışdı. Sonralar taleyi onu Bakıya gətirmişdi və Saveliy Yakovleviç uzun illər Dram teatrımızda  pianoçu kimi işləyirdi. Cəfər Cabbarlıyla dost olublar, hərdən birilkdə araq da içərmişlər. Ayzen  repetitorum kimi bizə gələndə atamla anam  onunla söhbət edər, o uzaq illərin xatirələrini bölüşərdilər. Ayzenin bir söhbəti indiki kimi yadımdadır. Danışırdı ki, Cavid teatra Cabbarlının əsərlərinə baxmağa gələndə Cəfər  qaçıb amfiteatrda “gizlənərdi”, amma hər fasilədə Ayzendən: - Saveliy, nu kak on, kak reaqiruet - deyə təlaşla soruşardı. Ayzen deyirdi: - Bu utancaq bir tələbənin  tələbkar müəllim qarşısında imtahan verərkən keçirdiyi hiss kimiydi.

 

Cavidlə bağlı atamın xatirələri daha çox idi, amma anamın da bir kövrək xatirəsi yaddaşıma həkk olunub. Anam Moskvada Ümumittifaq qurultayında iştirakını xatırlayırdı. O vaxt Moskvada təhsil aldığı üçün həmin Qurultaya dəvətnamə ala bilib və qonaq sifətiylə iştirak edibmiş.

 

Qurultay Sütunlu salonda keçirilib. Anam danışırdı ki, Qurultaya, Sütunlu salona tərəfə gedirdim, Qorki küçəsində Hüseyn Cavidə rast gəldim, söhbət edə-edə ta Sütunlu salona qədər gəldik.  Düşünürdüm ki, o da Qurultaya gedir. Demə, məni ötürürmüş, Sütunlu salonun qabağında: - buyurun, Cavid əfəndi - deyə onu qabağa buraxanda - qızım - dedi - mən çağrılmamış yerə ayaq basmaram. Qurultaya nəinki nümayəndə seçməmişdilər, heç qonaq kimi də dəvət etməmişdilər bu böyük sənətkarı... Axı “xırda burjua”çılıqda ittiham olunan şairi ora necə dəvət edə bilərdilər? Vaxtilə  Hüseyn Cavid bu məsələyə özünəxas ironiya ilə reaksiya vermişdi. Onu “xırda burjua” məfkurəsinə aludəçilikdə ittiham edəndə böyük  dramaturq “xırda niyə” - deyə etiraz etmişdi -  “burjua deyirsiz irisini deyin də”.

 

Cavidin ağrılı taleyi hər kəsə bəllidir. Mən bu cür  faciəvi sənətkar ömrünü “Cavid ömrü” filmimdə göstərməyə, öz baxış bucağımdan şərh etməyə çalışmışam. Amma bu yazımda da uzun  illərdən bəri məni incidən bəzi məsələləri başa düşdüyüm kimi izah etmək istərdim. İndi açılmış istintaq materiallarından məlum olur ki, Cavidə, Müşfiqə - alman-yapon casusu ittihamı veriblərmiş, Müşfiqi sovet hakimiyyətinə qarşı silahlı üsyan qaldırmaqda suçlayırmışlar. Buna inanmaq, bunu ağla sığışdırmaq olarmı? Əlbəttə, o illərdə heç kim, o cümlədən də atam bu ittihamları bilə bilməzdi, bilsəydi də inanmazdı... Bəs  Cavidin, Müşfiqin “xalq düşməni” olduğuna necə inanmaq mümkün idimi? Məsələ də ondaydı ki, Stalin sistemi iblisanə  məkrlə bir termin, itsilah tapmışdı: Xalq düşməni.

 

Tarixdə görünməmiş bir hadisə baş verirdi: Xalqın böyük və dəyərli bir qismi özü özünün düşməni elan olunurdu. Bu sadə, amma şeytani  məharətlə düşünülmüş efvemizm, söz dəyişikliyi, bir sözün başqasıyla əvəz olunmasıydı.  Xalq düşməni - sovet sisteminin, Stalinin düşməni demək idi. Cavidin, Cavadın, Müşfiqin, yüzlərlə, minlərlə başqalarının öz xalqına düşmən kəsilməsinə  kim inanardı? Amma məsələn, Cavidin, Cavadın  sovet quruluşuna ən azı soyuq münasibət bəsləmələri sirr deyildi və  hətta bu yöndə müəyyən fəaliyyət göstərmələri istisna olunmurdu. İmkan düşəndə, xüsusiylə də kütləvi repressiyalardan qabaqkı illərdə Cavid də, Cavad da, sovet rejiminin  ən azı milli və ədəbi siyasətini qəbul etmədiklərini açıq, ya örtülü şəkildə bəyan edirdilər. Bu məqamdan çıxış edərək tutulanlardan kimlərinsə mühacirətdəki sovet düşmənləriylə, daxildə əski müsavat məfkurəsini yaşadanlarla əlaqədar olduqlarını, hətta kimlərinsə gizli bir antisovet  təşkilatı yaradıb (belə kiçik təşkilatlar 30-cu illərə qədər olub) hökümət əleyhinə işlədiyini və bəzi  yazıçıların o cümlədən, gənc - Müqfiqin də “tora düşdüyünə” inanmaq təəccüblü deyil. Daha doğrusu, buna inanmaq da olardı, inanmamaq da...

 

Rəsul Rza “Qızıl gül olmayaydı” poemasında o dövrün ovqatını əks etdirirdi. Amma eyni zamanda, o illərin ağır psixoloji sarsıntıları  da poemada ikinci bir mövzu kimi meydana çıxır: Şübhə, tərəddüd...

 

Düşünürdüm mən də

Minlərlə başqası kimi

müqəssirdir əgər

cəzasını çəkər.

Bu nəticəyə gələndə mən

bir səs qalxırdı sinəmdən:

“Çəksin! Fəqət

müqəssirdir əgər,

neçin xalq qabağında qurulmur

məhkəməsi?!

Neçin yeddi divar ardında saxlanır

“ədalət” hökmü,

“həqiqət” səsi?

Xalqın gözündən iraq

nə ədalət?

Nə haqq?

Gündüz belə düşün

belə düşün gecələr

yormazmı beynini,

qırmazmı iradəni

fikirlər, düşüncələr?

 

Bu şübhələr, tərəddüdlər içində səsin gəldikcə bağırmaq, haray çəkmək, xalqı ədalətə çağırmaq - ritorik şüar kimi yox, real şəraitdən doğan gerçəklik kimi mümkün idimi? Repressiyalara qarşı çıxmağın heç bir “baba yolu”  qalmamışdı.

 

(Ardı var)

 

525-ci qəzet 2017.- 18 noyabr.- S.11.