Yaradıcılıq milli mədəni irsə
söykənəndə...
TƏNHALIĞIN
YORDUĞU İNSAN - ƏMİNƏ TUNCAY
Şəfəq NASİR
İnsan yaxınlarının, doğmalarının
itkisinə, qəfləti yoxluğuna uzun müddət
inanmır, inanmaq istəmir. Əminə Tuncay da
bizim hamımızdan ötrü doğmadan-doğma, yaxın
bir insan idi.
Tez-tez, bəzən də bir müddət hər gün
redaksiyamıza gələr, hər kəslə ayrıca
salamlaşar, hal-əhval tutar, aramızda özünü
arxalı bilər, bizimlə dərdləşər,
yaradıcı söhbətlərlə
könlümüzü şad edərdi. Daim
axtarışda olan qəlbi də sanki bununla dinclik tapardı.
Sözünün-söhbətinin əzəli də,
axırı da dahi sənətkarlar, onların əsərləri,
fitri istedada malik xüsusiyyətləri, vətənə,
xalqa xidmət edən böyük şəxsiyyətlərin
mənəvi dünyası olardı. Yaradıcı
insan sənət ocağını öz evi bildiyi kimi, o da
özünü aramızda rahat hiss edirdi.
"Respublika" qəzeti onun ikinci evi, əməkdaşları
da doğmaları, əzizləri idi...
Əminə Tuncay bütün ruhu, ürəyinin incə
telləri, hissi, duyğuları, poetik ruhu, fəlsəfi
düşüncəsi ilə muğamlarımıza,
Füzuli poeziyasının ecazına, Üzeyir musiqisinin
möhtəşəmliyinə bağlı bir sənətkar
idi. Yaradıcılığının ilham mənbəyi
bu şəxsiyyətlərin ədəbi-mədəni irsi
idi. Öz sənət inciləri ilə dağlar qədər
əzəmətli, qürurlu və qüdrətli olan bir
çox görkəmli şəxsiyyətlərlə,
onların yaradıcılığı, elmi-tədqiqat əsərləri
ilə yaxından tanışlığı, hər zaman
onların mənəvi dünyasından bəhrələnməsi
Əminə xanımı bu sənətkarlar haqqında
maraqlı, dəyərli əsərlər yazmağa
ruhlandırmışdır. Bu mənada akademiklər - Ziya
Bünyadov, Vasim Məmmədəliyev, Xalq şairi Bəxtiyar
Vahabzadəyə həsr etdiyi, məzmun və ideyaca
sanballı yazılarını, aşıq sənətimizin
Sarı Aşıq, Aşıq Alı, Aşıq Şakir
kimi unudulmaz nümayəndələri haqqında qələmə
aldığı məqalələrini, "Koroğlu"
dastanı ətrafında özəlliklə müşahidə
olunan tədqiqatlarını, ümumən fəlsəfi
düşüncə tarixində böyük əhəmiyyət
kəsb edən araşdırma-təhlillərini tədqiqatçılar
üçün səhih, mötəbər mənbələr
hesab etmək olar.
Əminə
Tuncay (Abbasova Əminə Abbas qızı) 1943-cü il iyunun 14-də Bakı şəhərinin
Nardaran kəndində anadan olmuşdu. Bakıda 134 saylı
orta məktəbi bitirdikdən sonra 1963-1969-cu illərdə
M.A.Əliyev adına Teatr İnstitutunda
(indiki Azərbaycan Dövlət İncəsənət
Universiteti) təhsil almışdı. 1965-ci ildən 1972-ci ilə
qədər M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında konsertin aparıcısı kimi
fəaliyyət göstərmişdi. 1992-ci ildə
Ziya Bünyadovun elmi rəhbərliyi ilə
"Muğamlarımızın fəlsəfi dünyası və
tariximizdə musiqinin əhəmiyyəti" mövzusunda
namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə
elmləri namizədi adını almışdı. O, 40
ilə yaxın pedaqoji sahədə fəaliyyət göstərib,
Estetika fənnindən dərs deyib. 2002-ci ildən Azərbaycan
Yazıçılar Birliyinin üzvü, 10-a yaxın
kitabın, o cümlədən, son illərdə nəşr
etdirdiyi "Dağılan dünyam" (2011), "Musiqi
töhfələri" (2013) "Rəylər... Məqalələr..."
(2017) kitablarının müəllifi, Prezident təqaüdçüsü...
Əminə Tuncay özünəməxsus üslubda
çoxlu sayda qəzəl, rübai, şeir, hekayə və
300-dən çox elmi-tədqiqat xarakterli məqalənin, bir
neçə dram əsərinin müəllifidir. Xalqın
üzləşdiyi milli faciələrdən, 20 yanvar,
Xocalı faciəsindən bəhs edən olduqca
ağrılı, kəskin yazılarla da mətbuatda,
radio-televiziyada çıxışları olub.
Üzünə gülməyən taleyi onu həyatda
dörd divar arasında tənha ömür sürməyə
məhkum etmişdi. 14 yaşından ata-anasını itirən
qızcığazın bir həyanı olmamış,
varlığını təhsilə, elmə, təzəcə
pöhrə tutan yaradıcılığa
bağlamışdı. Təkliyin, tənhalığın
qəlbinə sel təki axıtdığı soyuqluq onu
ömür boyu üşütsə də, sənət
eşqiylə daim alışan könlünün istəyi ilə
yazıb-yaratması, mənəvi övladları bildiyi əsərlərini
işıq üzünə çıxarması, onu hələ
yeniyetmə çağlarından başının
üstünü almış yetimliyin, kimsəsizliyin iti
caynaqlarından qoparıb ala bilmişdi. Taleyini
yaradıcılıq dünyasının möhtəşəm
qəsrində yaşayaraq, bir çox görkəmli şəxsiyyətlərin
irsini, külliyyatını böyük sevgi, qədirdanlıqla
araşdırmaq, yazıb-yaratmaqla ömür əridən
Əminə Tuncay heç kimə bənzəməyən bir
bəhrəli ömür yaşadı...
Son vaxtlar
qəlbində bir yeni yaradıcılıq eşqi
çağlayırdı: "Muğamlarımızın fəlsəfi
dünyasını açacağam", - deyirdi. Onun bu fikrindən xəbərdar olan mahir muğam
ifaçıları böyük intizarla belə bir sənət
incisinin meydana çıxmasını gözləyirdilər.
Səd heyif, ömür vəfa etmədi... Amma mərhum
filosof yazıçının "Leyli və Məcnun"
operasında Füzuli və Üzeyir zirvəsinin fəlsəfi
dünyası" məqaləsinin və digər əsərlərində
bununla bağlı dəyərli fikirlərinin onun geniş
aspektdə işləyəcəyi mövzunun girişi, məğzi
kimi, gələcəkdə bu istiqamətdə aparılacaq
araşdırma işlərində tədqiqatçılar
üçün bir açar-mənbə yerində
olacağı şübhəsizdir.
Bir-iki ay əvvəl
Əminə xanım mənə sonuncu, 2017-ci ilin nəşri
olan "Rəylər... Məqalələr..."
toplusunu bağışlamışdı.
Vaxtaşırı bu kitabı vərəqləmiş, onun
istedadı, işıqlı təxəyyül və təfəkkürünün
yetirdiyi olduqca dərin, rəngarəng mövzularda
yazdığı əsərləri ilə tanış
olmuş, yazıçının dilinə, üslubuna,
mövzularına bunca dərin yanaşmasına heyrətlənmişdim.
Və haqqında bir təəssürat-təhlil xarakterli məqalə
yazmağı düşünsəm də, dərhal söz
demək məqamına fürsət tapmadığıma indi
təəssüflənirəm.Və cismani yoxluğundan sonra
onunla bağlı ilk sözümdə masamın üstündə
nəşrin üz qabığından gülümsər
çöhrəsi ilə mənə sarı boylanan şəklinə
baxır, sözümün-söhbətimin arasında həmin
kitaba da münasibətimi bildirmək fikrindəyəm...
"Rəylər...
Məqalələr..." kitabında toplanmış əsərlər
- həm görkəmli şəxsiyyətlərin Əminə
Tuncayın yaradıcılıq dünyasını, insani
keyfiyyətlərini açan və dəyərləndirən
fikirlərinin məcmusu olan rəyləri, həm də filosof
yazıçının hər biri böyük zəhmətin,
ciddi araşdırmaların məhsulu olan öz məqalələridir.
Kimlər Əminə Tuncayın
yaradıcılığından, mənəvi keyfiyyətlərindən
söz açmayıb! Xalq yazıçısı Anar ("Sənət
yolunda fədailik"), akademik Vasim Məmmədəliyev
("Musiqi töhfələri" bir ərməğandır"),
akademik İsa Həbibbəyli ("Böyük mədəniyyətin
əsasnaməsi"), Əməkdar elm xadimi Yaqub Mahmudov
("Milli-mənəvi dəyərlər dünyamızın
Əminə xanım Tuncay ünvanı"), Xalq artisti Fərhad
Bədəlbəyli ("Əminə Tuncay Üzeyir bəy
musiqisinin hikmət, müdriklik, kamillik nümunəsindən
zövq alır"), professor Qəzənfər Paşayev
("Keşməkeşli dünyanın xoşbəxtinin
şah əsəri") və başqaları filosof
yazıçının mənəvi irsindən,
yaradıcılıq meridianından, əsərlərinin
ideya-bədii siqlətindən böyük həvəslə,
şövqlə söz açmışlar. Anar onun
yaradıcı xarakterini, böyük şəxsiyyətlərə
bəslədiyi hörməti, doğmalıq hissini olduqca
doğru mövqedən açaraq yazır: "Repressiya
dövrünün qurbanlarının, eləcə də
böyük ziyalıların yaradıcılıq irsinə
biganə qalmayan Əminə xanımda onların hər birinə
qarşı doğma bir hiss var. Abbas Mirzə Şərifzadə,
Salman Mümtaz, Hüseyn Cavid, Heydər Hüseynov, Ziya
Bünyadov, Bəxtiyar Vahabzadə kimi ziyalıların şəkillərini
böyüdərək lazımi yerlərə hədiyyə
etməsi qəlbinin böyüklüyünün, sənətə,
sənətkara sevgisinin ifadəsidir... Əminə
xanım mərd, təvazökar, incə duyğulu bir
insandır. Öz məqsədinə
çatmaq üçün daxili dünyasında
döyüşkən ruhu var. Haqq, ədalət tərəfdarıdır.
Tanınmış filosoflardan biri deyib ki,
düzgünlük sonsuzluğun günəşidir, necə
olsa, doğular. Bəli, Əminə
Tuncayda bu keyfiyyət o dərəcədə yüksəkdir
ki, məqamında özünü göstərir".
Burda görkəmli filosof alimlərin, ədəbi şəxsiyyətlərin
yaradıcılıq dünyasından ərsəyə gətirdiyi
fəlsəfi görüşlərindən, qəhrəmanların
fərdi keyfiyyətlərinin zərif duyğularla süslənmiş
təsvirindən zövq almamaq, həm də yeni bilgilərə
malik olmamaq mümkün deyil. 1941-1945-ci illər
müharibəsində döyüşən ədəbiyyat
adamlarının taleyi onu həmişə
maraqlandırmış və bu maraq yazıçını həmin
nakamların haqqında söz deməyə vadar etmişdi.
Bunun üçün o dövrün mətbuatını
səylə araşdırmış, onların cəbhədən
göndərdikləri məktublara həssaslıqla
yanaşmış, həyatlarının ən ülvi məqamlarını,
yaradıcılıqlarını diqqətlə nəzərdən
keçirmiş, fərdiliklər, özəlliklərlə zəngin
olan talelərdən fərqli bir üslubda məqalələr
yazmışdır.
"Azərbaycan fəlsəfi fikir tarixində görkəmli nümayəndələr" məqaləsində XI əsrdə Azərbaycanda fəlsəfənin təşəkkülü və inkişafının filosof İbn Sinanın tələbəsi, həm də davamçısı olan Əbülhəsən Bəhmənyar Mərzubanın adı ilə bağlı olduğu fikrini isbata yetirən Əminə xanım, bunun ardınca XII əsr fəlsəfi fikrin nümayəndələrindən birinin də Nizami Gəncəvi olduğunu qeyd edərək onun idealist xarakterli olub, varlığın 4 ünsürdən ibarət olması fikrini araşdırma-təhlilə cəlb etmişdir. Müəllif özünün bədii axtarışlarının nəticəsi olan "Bəxtiyar Vahabzadənin "Muğam" poemasının fəlsəfi izahı"nı bir filosof alim olaraq şairin yaradıcılığının fonunda tədqiq edir. Əminə Tuncay yazır: "Bu poemada o, muğamın qavranılmasını, onun insan ruhuna psixoloji təsir cəhətlərini yüksək bədii şəkildə təsvir etmişdir. O, muğamların musiqimizin, incəsənətimizin digər janrlarına da təsirini xüsusi qeyd edir. B.Vahabzadə qeyri-adi təxəyyül gücünə malik mücərrəd anlayışları konkret obrazlı şəkildə təcəssüm etdirən filosof şair idi. Onun romantik möcüzəli aləmində hünər üçün zəmin, düşüncə və əməllər üçün vüsət, poeziya aləmini fəth etmək üçün zəngin bir aləm vardı".
İki böyük şəxsiyyəti ideya və mənəvi ucalıq baxımından birləşdirən cəhətləri xarakterizə edən "İki dərd vulkanı - Ziya, Bəxtiyar" mövzusunda yazdığı məqaləyə ideyaca yeni olan istiqamətdən yanaşması, Azərbaycanın ən yeni tarixi ilə bağlı düşüncələri, "Mənəvi atam Rəsul Rza, mənəvi anam isə Nigardır", - məhrəmanə etirafı, etibarı, sədaqəti onun yaradıcılıqda da hər zaman gerçəkliyi, həqiqəti ifadəyə, təsvirə üstünlük verdiyini göstərir. Onun "müsəlmanların bəşəriyyətə verdikləri"ni arayıb-axtarıb üzə çıxarması, Üzeyir Hacıbəyli haqqında silsilə yazıları Əminə Tuncayın biri digərindən fərqli olan mövzularda yazıb-yaratdığı, oxuculara təqdim etdiyi mənəvi varidatıdır. Yəni yaradıcılıq eşqinin cuşə gəldiyi məqamlarda könlünün istəyi onu hansı gülüstana çəkibsə, sözünü-söhbətini həmin mövzularda qurub...
Son vaxtlar tükənməyən enerjiyə, güclü fəhmə və müşahidəyə malik olan yazıçının içində daim bir qüssənin olduğunu duymuşdum. Tez-tez dilinə gətirirdi: "Fikrimdə çox mövzularım var, qorxuram, onları işləməyə, işıq üzünə çıxarmağa ömrüm çatmasın". Ürəyinə damdığı həqiqət oldu. Ömür vəfa etsəydi...
O, öz faciəsini də, xoşbəxtliyini də ürəyinin fərəhi, qəlbinin sızıltısı ilə bu dünyada yaşadı. Ömür boyu bir gözündən güldü, o birindən ağladı. Onu bu dünyada yaşadan sənəti - filosof alim kimi elmi araşdırmaları, şair, yazıçı, publisist kimi şeirləri, nəsr əsərləri, məqalələri oldu. Bir də insanlara bəslədiyi ürəkdolusu sevgisi, ehtiramı...
Gələn qalmaz, gedən dönməz... Bu, Uca Yaradanın işıqlı dünyada bəndələri üçün qoyduğu həyat qanunudur. Dünya bina olandan hər açılan sabahlar, qovuşan qaranlıqlar təki bu da bəşər övladının gəlimli-gedimli dünyada keçib getdiyi bir yoldur. İnanırıq ki, Azərbaycan ədəbi mühiti, haqqında heyranlıqla yazan görkəmli elm, mədəniyyət xadimləri, Söz xiridarları onu həmişə xatırlayacaqlar. Əminə Tuncay bizə çox qiymətli bir ədəbi irs qoyub getdi. Ruhu şad olsun...
525-ci qəzet 2017.- 15 noyabr.- S.6.