Xatirəsi əziz
Bəhruz müəllim
PƏRVİN
Soyuq, qarlı
bir gündə ilk dəfə "Təhsil"
nəşriyyatına getməyim
yaxşı yadımdadı. O günün
soyuğunu da, həyəcanını da
unutmamışam.
"Qar yağacaq"
kitabım nəşrə
hazırlanırdı. Bir neçə
ay öncə Milli Kitabxanada "Qızıl
kəlmə" mükafatının
təqdimat mərasimində
"Təhsil" nəşriyyatının
direktoru gənclər
üçün bayram
kimi bir təklif vermişdi, müəllifin ilk kitabı
seriyasından gənclərin
kitabını təmənnasız
çap edəcəyini
demişdi. İlk kitabı
çap olunan dünyadan vaxtsız köçmüş istedadlı
qələm adamı Zərdüşt Şəfizadə
oldu. Onun "Başqa adamlar"
kitabı nəşr olundu və Azərbaycan Yazıçılar
Birliyinin Natəvan klubunda geniş imza günü keçirildi. Elə o vaxtdan
mərhum Bəhruz müəllimin qələm
adamlarına, həm gənc, həm də yaşlı yazıçılara qayğıkeş
münasibətinin şahidi
olduq. Zərdüştün
kitab təqdimatında
şəxsən iştirak
etdi və gənclərə stimul verən sözlər dedi orda: Siz
yaxşı əsərlər
yazın, çapı
məndən.
Sonra isə növbə məndə idi. Doğrusu, artıq
üstündən zaman
keçəndən sonra
bir anlıq onu da özümə
etiraf edirəm ki, əgər Bəhruz müəllimin o
təklifi, "Müəllifin
ilk kitabı" seriyası
olmasaydı, ilk kitabımın
nəşri xeyli uzanacaqdı. Çünki yazdıqlarımı kitab halında oxucuya təqdim etməyə nədənsə
tələsmirdim. "Təhsil" nəşriyyatına
gələndə isə
burda tamam ayrı mühit, ab-hava gördüm və kitabın nəşrinə bir az da həvəsidim. Redaktorum istedadlı yazıçımız
Mustafa Çəmənli və
Bəhruz müəllimin
özü ilə müzakirələrimiz, dizayndan
tutmuş rənglərə
filana kimi hər şeyi ölçüb-biçməyimiz yaxşı yadımdadı.
Elə o vaxt kitabın çapından
sonra təqdimatında
Bəhruz müəllim
də iştirak etdi və yenə
gənclərə eyni
çağırışı etdi: Siz yazın,
çapı bizdən...
Artıq bir ildir ki,
dünyasını dəyişmiş
Bəhruz müəllimin
o cür qeyri-adi jestlərini, qələm adamlarına qayğısını
saymaqla bitirmək olmaz. Dəfələrlə müxtəlif tədbirlərdə,
kitab sərgilərində,
yığıncaqlarda Bəhruz
müəllimin kitabla
bağlı çıxışlarını,
kitab təbliğatı
adına söhbətlərini dinləmişəm.
"Anar dünyası"
kitabımı nəşrə
hazırlayanda isə bu insanı yenidən kəşf etdim. "Təhsil"
nəşriyyatında yaratdığı
doğma, əsl yaradıcı mühit, peşəkar komandanı öz ətrafında toplaması, hər şeyə diqqətlə
yanaşması son dərəcə
mühüm məqamlardı.
Bəhruz müəllimin kitab
işi ilə bağlı bilmədiyi, dərinliyinə getmədiyi
nə isə olmazdı. Bəzən dizaynerə qoşulub
üz qabığı
düzəldərdi, bəzən
mövzuya uyğun şrift seçərdi özü, yaxud da kitabın reklamıyla əlaqədar
məsləhətlərini verərdi. "Təhsil" nəşriyyatının
kitab evində imza günləri təşkil edib müəlliflərin oxucularla
rahat görüşü
üçün şərait
yaradardı. Bir sözlə, Bəhruz müəllim üçün
kitab işi xüsusi sevgiylə yanaşdığı, zövq
aldığı iş
idi.
"Təhsil" nəşriyyatında
Bəhruz müəllimin
iş otağını
ayrıca bir kitab muzeyi adlandırmaq
olardı. Burda hər dizaynda,
hər mövzuda ən gözəl kitablar toplamışdı.
Bu nəfis və
müasir dizaynlı kitablar çağdaş tələblərə uyğundu.
Yəni bu gün təkcə
məzmun yox, vizual görünüşün
də mənası olduğunu Bəhruz müəllim yaxşı
bilirdi. Və bu tələblərə
uyğun kitablar nəşr edib müxtəlif müsabiqələrdə
uğur qazanırdı.
2012-ci ildə Bəhruz Axundov Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin (ANPB) sədri idi. Təkcə nəşriyyat direktoru kimi yox, həm də ANPB sədri kimi Azərbaycan ədəbiyyatını, kitablarını ölkə hüdudlarından xaricdə təmsil etmək üçün bir çox işlər görürdü. Türkiyənin Avrasiya Yazarlar Birliyi ilə qarşılıqlı əlaqələr qurur, Türkiyədə müxtəlif kitab sərgilərində ölkəmizi kitabla təmsil edirdi. Həmçinin, yeni gələn nəsli də kitab işinə, kitaba cəlb etməyə çalışırdı. O, 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyirdi və tələbələrinə də xüsusi qayğı ilə yanaşırdı, onun tələbələrini tez-tez nəşriyyatda görmək olardı. Bu da yeni gələn nəslin mühitə çıxmağına, yetişməyinə kömək olurdu.
2015-ci ildə "Anar dünyası" kitabımın nəşri haqqında düşünəndə məhz "Təhsil" nəşriyyatı ağlıma gəldi. Çünki burdakı peşəkarlığı, səviyyəni daha əvvəl görmüşdüm. Yadımdadı, Bəhruz müəllimlə telefonla danışanda - "ya bu gün gəl, ya da iyirmi gündən sonra" - dedi. Şübhəsiz ki, işi yubatmamaq üçün dərhal getdim və elə həmin gün ciddi xəstələndiyini bildim. Özü xəstəliyindən zarafata salaraq, həm də müvəqqəti, tezliklə həll edəcəyi problem kimi danışırdı. Müalicəyə gedəcəkdi bir gündən sonra, amma yenə iş başında idi, tapşırıqlarını verir, işçiləriylə söhbət edirdi. Böyük minnətdarlıq hissi ilə qeyd etməliyəm ki, bütün xəstəliyinə, kefsizliyinə baxmayaraq, Bəhruz müəllim kitabımın çıxması, arzuladığım səviyyədə araya-ərsəyə gəlməsi üçün xüsusi diqqət göstərdi, qayğısını əsirgəmədi.
Bəhruz müəllimin Qarabağ koloriti, dost məclislərində davranışı, hər kəsi öz dilində, özünə uyğun dindirməsi də onun xüsusi istedadının, insanlığının göstəricisiydi. Onun həssas xarakterini, incə hisslərini "Dünənki sabah" adlı şeirlər kitabı çap olunanda, ordakı şeirlərini oxuyanda daha yaxşı anladıq. O kitaba professor Cahangir Məmmədli və Rəşad Məcid ön söz yazmışdılar. Cahangir müəllim də, Rəşad müəllim də Bəhruz Axundovun şeirlərinin vasitəsiylə onun dost xarakterini, fədakarlığını, xeyirxah insan xasiyyətini anlatmışdılar. O şeirlərdə ən təsirli olan Bəhruz müəllimin Qarabağ nisgili idi.
Təəssüflər olsun ki, xəstəlik Bəhruz müəllimə o doğma torpaqların qayıdacağı günü görməyə aman vermədi. Amma Bəhruz müəllimin işıqlı xatirəsi onun ailəsinin, əzizlərinin, dostlarının, söz, qələm adamlarının yaddaşında həmişə qalacaq. Yaxşılıq etdiyi insanlar, həmçinin, mən onu həmişə minnətdarlıq duyğusu ilə xatırlayacağıq.
525-ci qəzet 2017.- 15 noyabr.- S.4.