"Ziyalı sözü"nün növbəti qonağı Fərid Hüseyn oldu

 

Noyabrın 18-də Gənclər üçün Təhsil Mərkəzi (GTM) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə həyata keçirdiyi "Ziyalı sözü" layihəsinin növbəti tədbiri gerçəkləşib.

 

Layihənin budəfəki qonağı gənc şair, esseist Fərid Hüseyn olub. Binəqədi rayon Gənclər evindəki görüşdə GTM-in üzvləri, nüfuzlu universitetlərin tələbələri media nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan GTM-in layihənin rəhbəri Fəxrəddin Həsənzadə layihənin məqsədi haqqında geniş məlumat verib, Fərid Hüseynin yaradıcılığından danışıb.

 

Gənclərlə görüşdən məmnunluq duyduğunu deyən Fərid Hüseyn ədəbi tədbirlər, ədəbiyyat, poeziya haqqında düşüncələrini bölüşüb, son zamanlar qatıldığı festivallardan söz açıb: "Belə formatda tədbirlərin keçirilməsi maraqlıdır. Bizdə son zamanlar belə tədbirlər az olur. Anaq istənilən halda ədəbiyyatın insanları qovuşdurmağı gözəldir"

 

Görüşün ənənəsinə uyğun olaraq, iştirakçılar onları maraqlandıran sualları şairə ünvanlayıblar, tədbir diskussiya şəklində davam edib.

 

Tərcümə üçün əsər seçimindən danışarkən şair deyib ki, tərcümələrini daxili seçim vasitəsilə müəyyənləşdirir: "Mən Kafka istisna olmaqla, elə insanları, elə əsərləri seçib tərcümə etmişəm ki, onlar adətən, həmin dövrdə bizim oxucular arasında çox da tanınmayıblar”.

 

Ədəbi festivallardan söz açan şair onların yaradıcılığına qatdıqlarından da danışıb: "Festivallarda tanış olduğum ayrı-ayrı insanlar fərqli kəşflər deməkdir. Məsələn, mənim bu yaxınlarda Amerikada "Kəpənək dərsi" adlı kitabım çıxdı ki, bu, orada yaranan ünsiyyətin nəticəsi idi. Eyni zamanda, fevral ayında Belarusda kitabım çap olunmalı həmin kitab Minskdə kitab sərgisində sərgilənməlidir. Belə ünsiyyətlər məhz həmin festivallardakı tanışlıqlardan yaranır".

 

"Esse yazmaq çətindir, yoxsa şeir?" - sualına şair cavab verib ki, şeir yazmaq daha çətindir: "Ona görə ki, şeiri içimdə aylarla daşıyıram, esse isə yalnız onu düşündüyüm vaxtda mənim olur. Poeziya həm də xəyalən xoşbəxt olmaqdır".

 

Son dövr fəaliyyəti haqqında danışan qonaq bu günlərdə işıq üzü görəcək "Hər kəsin öz eşqi" kitabı haqqında məlumat verib. "Kaspi" qəzetinin dəstəyi ilə nəşr olunan kitabda Əli Kərim, Salam Sarvan, Fikrət Sadıq, Vaqif Bayatlı Odər, Zahid Sarıtorpaq, Aqşin Yenisey, Qismət, Fikrət Qoca, Vaqif Səmədoğlu, Məmməd Araz kimi tanınmış Azərbaycan ədiblərinin xanımları ilə yanaşı, türk şairləri Cemal Sürəyya və Atilla İlhanın həyat yoldaşları, həmçinin, serbiyalı yazıçı Milorad Paviçin xanımı Jasmina Mixayloviçlə olan müsahibələr yer alıb. Kitab Hüseyn Cavidlə Mişkinaz xanımın həyat tarixçəsinə həsr edilib".

 

Hazırda "Leyli və Məcnun" haqqında kitab yazdığını deyən şair təkcə orta əsrlərdə doqquz Leyli olduğunu, kitabı yazmaq üçün doxsandan çox "Leyli və Məcnun" oxuduğunu vurğulayıb: "Kitabın adı "Məcnunlar və Leyli" olacaq. Bu qədər əsərləri oxuduqdan sonra bu qənaətə gəldim ki, Leylilərdə çox az fərq var, əsas fərq Məcnunlardadır. Bəs bu, niyə belə idi? Çünki əsəri yazanlar kişilər olduğuna görə, hər müəllif özünü Məcnunun yerinə qoyur, Məcnunu özü kimi yazırdı.  Türkiyədən, Avropa ölkələrindən və öz ölkəmizdən 50-dən çox rəssamın 500-dən çox miniatürlərini toplamışam".

 

Qonaq layihənin ənənəvi sualına cavab olaraq özünün sevdiyi və oxumağı məsləhət bildiyi ən yaxşı əsərlər kimi Azərbaycan ədəbiyyatından M.Füzulinin "Leyli və Məcnun", Yusif  Səmədoğlunun "Qətl günü", dünya ədəbiyyatından Çeslav Miloşun şeirləri, Niko Kazançases "Yenidən çarmıxa çəkilən İsa", C.Rossun "Şekspirin titrəməsi, Oruelin öskürəyi", Kafka "Məhkəmə", Milorad Paviç "Xəzər sözlüyü", Marina Svetayeva, Borxesin müsahibələri və başqa əsərlərin adlarını çəkib.

 

Tədbirdə iştirakçılar Fərid Hüseynin "Mələklərin haqqımda "yazdıqları", "Heç kəs sevdiyinə çatmır dünyada" və başqa şeirlərini oxuyublar.

 

Şair özü isə gənclərin istəyi ilə "Sevmədiyin qadınla bir damın altında yaşamaq" şeirini səsləndirib.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet  2017.- 21 noyabr .- S.8.