"Kəlbəcər: ömrüm, həyatım"

 

QƏNBƏR ŞƏMŞİROĞLUNUN YENİ KİTABI TƏQDİM EDİLİB

 

Noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə şair Qənbər Şəmşiroğlunun "Kəlbəcər: ömrüm, həyatım" kitabının ikinci hissəsinin təqdimatı keçirilib.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı çıxış edərək şair, nasir publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qənbər Şəmşiroğlunun həyat yaradıcılığından söz açıb. Bildirib ki, sayca 24-cü olan bu kitabında da müəllif, ənənəsinə sadiq qalaraq, oxucusuna günümüzün aktual mövzusu olan vətənpərvərlik, yurdsevərlik hissləri aşılayır: "Qənbər Şəmşiroğlu Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, baməzə hadisələr öz ifadəsini tapıb".

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Xalq şairi Sabir Rüstəmxanlı, ədəbiyyatşünas alimlər Kamran Əliyev Şirindil Alışanlı bildiriblər ki, Qənbər Şəmşiroğlu Azərbaycan xalqının yetişdirdiyi millətinə, vətəninə ürəkdən bağlı olan, öz ölkəsini sonsuz məhəbbətlə sevən, təkcə ailəsi üçün deyil, xalqı üçün yaşayan yaradan ağsaqqal ziyalımız Dədə Şəmşir nurunun ruhunun daşıyıcısı, yadigarıdır. Kitab bioqrafik memuar ədəbiyyatının ən gözəl nümunəsidir. Burada Qənbər müəllimin ötən əsrin 80-ci illərdən bəri başına gələn əhvalatlar, gündəlik qeydləri, həyatı üçün mühüm saydığı xatirələr, hətta baməzə hadisələr öz ifadəsini tapıb.

 

Milli Məclisin deputatları Jalə Əliyeva və Aqil Abbas çıxışlarında böyük sənətkarın ictimai fəaliyyətindən, ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışıblar. Bildiriblər ki, kitabda şairin doğulub boya-başa çatdığı eldə, obada bir sıra partiya və dövlət vəzifələrində çalışdığı zaman apardığı böyük quruculuq işlərindən, doğma Kəlbəcərlə bağlı xatirələr yer alıb. Qənbər Şəmşiroğlu müxtəlif dövlət orqanlarında məsul vəzifələrdə çalışmağına baxmayaraq, yaradıcılığa, şeirə, nəsrə, publisistikaya hər zaman böyük yer ayırıb.

 

Əməkdar jurnalist, şair Adil Cəmil, professorlar Şahlar Əsgərov, Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, ziyalılardan Ağalar İdrisoğlu, Vəliyəddin İsmayılov, Azərbaycan Dəmir Yolları QSC-nin YAP Partiya təşkilatının sədri Xeyurulla Hümbətov və başqaları çıxış edərək Qənbər Şəmşiroğlunun yaradıcılığı, ədəbiyyatdakı və ictimai həyatdakı yüksək mövqeyindən söhbət açıblar. Natiqlər Qənbər Şəmşiroğlunun tapındığı od-ocağın XVI əsrin böyük dövlət xadimi, şair-övliya ulu babası Miskin Abdaldan üzü bəri onlarla sazsöz xiridarlarının, o cümlədən, babası Ağdabanlı şair Qurbanın, atası ustad sənətkar Dədə Şəmşirin ədəbiyyatımıza, mənəviyyatımıza göstərdikləri böyük xidmətlərini qeyd ediblər.

 

Qeyd edilib ki, Q.Şəmşiroğlu bu gün öz kamillik yaşında da "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri kimi Kəlbəcər rayonunun və respublikanın ictimai-siyasi həyatında fəaliyyətini davam etdirir. Mütəmadi olaraq ölkəmizdə həyata keçirilən kütləvi-mədəni və sosialyönümlü tədbirlərdə yaxından iştirak edir, sosial qayğıya ehtiyacı olan insanlara maddi və mənəvi yardımçı olur.

 

Tədbirin sonunda Q.Şəmşiroğlu dövlətimiz tərəfindən yazarlara diqqət və qayğıdan söz açaraq, onun ədəbi-bədii yaradıcılığına, şəxsiyyətinə, dəyər verib bu tədbirdə iştirak edənlərin hər birinə təşəkkürünü bildirib.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2017.- 21 noyabr .- S.8.