Xalqın yazıçısı Əli İldırımoğlu

 

 “Günəşi örtsə də qara buludlar

Yenə Günəş adlı bir həqiqət var”

 

Noyabrın 17-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində yazıçı-publisist, "Şöhrət" ordenli Əməkdar jurnalist Əli İldırımoğlunun 90 illik yubileyinə həsr edilmiş geniş tədbir keçirilib.

 

Mərasimdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış ədəbiyyat, elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər.

 

İştirakçılar əvvəlcə foyedə Əli İldırımoğlunun bədii-publisistik fəaliyyətinə dair dövri mətbuat materialları və kitabları əsasında hazırlanmış sərgi ilə tanış olublar. Publisist Loğman Rəşidzadənin yubilyar haqqında "Əli İldırımoğlu yaradıcılığında milli-mənəvi özünüdərk" kitabı iştirakçılara hədiyyə edilib. 

 

Əbülfəs Qarayev: "Əli İldırımoğlu daim dilimizin saflığının qorunmasına çalışıb"

 

Xalq artisti Nurəddin Mehdixanlının aparıcılıq etdiyi tədbirdə çıxış üçün ilk söz mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verilib. Nazir yubilyarı təbrik edib, onun keçdiyi həyat yolunun gənc nəslə örnək olduğunu bildirib: "Əli İldırımoğlu yüzlərlə oçerk, felyeton, hekayə və povestlərdən ibarət "Yazım-yazmayım", "Mayaklar", "Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, "Həmin adam", "Közərən sətirlər", "Mənim rəncbər atam", ikihissəli "Zorən jurnalist", habelə "Aqibət", "Qarlı gecələr", "Daş yağan gün" romanlarının və digər dəyərli əsərlərin müəllifidir".

 

Ə.Qarayev qeyd edib ki, gənc yaşlarından ölkəmizin müxtəlif bölgələrində müxbir işləyən Əli İldırımoğlu sadə insanların həyat yolundan, problemlərindən yazmaqla onların böyük rəğbətini qazanıb: "Əli müəllimin ədəbi fəaliyyətinin, yaradıcılığının əsas özəllikləri peşəkarlıq, xalqına sədaqət, Vətəninə hüdudsuz məhəbbətidir. O, cəmiyyətimizin müxtəlif təbəqələrindən olan insanların həyat şəraitini öz əsərlərində böyük ustalıqla realist çalarla əks etdirib. Yazıçının bədii əsərlərində Qarabağ mövzusu mühüm yer tutur, yaradıcılığının leytmotivində Vətənə sonsuz sevgi dayanır. Qarabağ dərdi bütün ömrü boyunca onun ürəyini sızlatsa da, bu sızıltıdan Azərbaycan xalqı, Azərbaycan ədəbiyyatı neçə-neçə bənzərsiz əsərlər qazanıb. Bütün bunlarla yanaşı, onun mühüm fəaliyyətlərindən biri də Azərbaycan dili ilə bağlıdır. O, daim dilimizin saflığının qorunmasına çalışıb".

 

Rafael Hüseynov: "Əli müəllim bir ömür içərisində ömürlər yaşayıb"

 

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov doğum gününü Milli Dirçəliş Günündə qeyd etməyin böyük xoşbəxtlik olduğunu deyib. R.Hüseynov bildirib ki, jurnalist, publisist və yazıçı Əli İldırımoğlu öz mənalı həyatı boyu qələmi ilə milli dirçəlişə, milli şüurun oyanışına ləyaqətlə xidmət edib. Akademik çıxışında yubilyarın bioqrafiyası haqqında geniş məlumat verərək xatırladıb ki, Ə.İldırımoğlu 1927-ci il noyabr ayının 17-də Qubadlı rayonunun Əliquluuşağı kəndində rəncbər ailəsində anadan olub. Burada orta məktəbin yeddinci sinifində oxuyarkən 1941-1945-ci illəri əhatə edən Böyük Vətən müharibəsi başlayır. Səkkiz və doqquzuncu siniflərdə çoxluq təşkil edən və əsgərlik yaşına çatmış oğlanlar müharibəyə cəlb olunduğundan həmin siniflər tədris fəaliyyətini dayandırmalı olmuşdu. Məktəbin direktorluğu Əli İldırımoğlunun fəal şagird olduğunu nəzərə alıb, birbaşa qızların çoxluq təşkil etdiyi və bu səbəbdən tədrisin davam etdirildiyi onuncu sinfə keçirir. Beləliklə, Əli İldırımoğlu səkkiz və doqquzuncu sinifləri oxumadan, birbaşa onuncu sinfə keçir və həmin orta məktəbi müvəffəqiyyətlə bitirir. Müharibə ilə əlaqədar olaraq kəndlərdə müəllim qıtlığı yaranmışdı. Ona görə də elə həmin il Əli İldırımoğlu Şuşa şəhərində açılmış müəllim kadrları hazırlayan iki aylıq kursa göndərilir. Kursu bitirdikdən sonra 1941-1942-ci dərs ilində ilk dəfə olaraq Məlikəhmədli kənd ibtidai məktəbində sinif müəllimi kimi əmək fəaliyyətinə başlayır. 1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində müəllim işləyib. Qiyabi yolla Laçın Pedaqoji Texnikumunu, 1946-1948-ci illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunun Tarix fakültəsini bitirdikdən sonra yenidən pedaqoji fəaliyyətini davam etdirib. Əliquluuşağı, Dondarlı, Muradxanlı orta məktəblərində direktorun tədris işləri üzə müavini işləyib. 1951-ci ildən rayon maarif şöbəsinin inspektoru, Qubadlıda nəşr edilən "Avanqard" rayon qəzetinin məsul katibi, sonra isə redaktor vəzifələrində çalışıb.

 

1955-ci ilin yanvar ayından 1991-ci ilin sonuna qədər "Kommunist" qəzetinin xüsusi müxbiri kimi Naxçıvan, Qarabağ, Dağlıq Qarabağ, Mil-Muğan. Sumqayıt-Quba üzrə fəaliyyət göstərib.

 

Qırx il mətbuatda jurnalist kimi çalışdıqdan sonra 80-ci illərdən etibarən mütəmadi olaraq bədii əsərlər yazmağa başlayan Əli İldırımoğlu Azərbaycan ədəbiyyatında öz dəst-xətti olan yazıçıdır. Əksəriyyəti bioqrafik xarakter daşıyan romanlarında Azərbaycan həyatının elə detalları, mənəviyyatın elə məqamları əksini tapıb ki, onları hər kəs müşahidə edə bilməz. "Həmin adam", "Zorən jurnalist", "Mənim rəncbər atam", "Daş yağan gün" və digər dəyərli əsərlərin müəllifi olan Əli İldırımoğlunun yaradıcılığı oxucular, ədəbiyyatsevərlər tərəfindən rəğbətlə qarşılanır.

 

Akademik R.Hüseynov daha sonra deyib: "Bioqrafiyasından da gördüyümüz kimi, Əli müəllimin yaşı 90-la məhdudlaşmır. Keçdiyi həyat yolu, çətinliklər onu vaxtından daha tez böyüdüb. Bu yubiley böyük mənada açıq dərsdir. Bu cür sevgini 5-10 ilə qazanmaq mümkün deyil. Bunun üçün Əli İldırımoğlu kimi şərəfli onilliklər keçmək lazımdır. Ömrünün cavan çağlarında məşğul olduğu müəllimlik onun həyatında elə mühüm yer tutub ki, o, hələ də müəllimdir. 

 

Həyat yolu, qələmi, yazıları ilə müəllim!

 

Daha sonra məşğul olduğu jurnalistika da onun həyatında elə dərin izlər buraxıb ki, Əli müəllim indi də bədii və publisistik yazılar yazmaqdan qalmır. Əli İldırımoğlu qələm adamıdır, ürəyini kağıza boşaldan söz sahibidir. Dünyaya göz açandan dilini öyrəndiyi yerin-yurdun, dünyadan köçərək həmin yer-yurda qovuşmuş əziz, munis insanların taleyindən yazır. Allahın ona bəxş etdiyi nadir nemətlərdən biri də güclü hafizəsidir. Əli İldırımoğlu ona görə yazır ki, o dili gələn nəsillər unutmasın, yazdıqları keçmişlə gələcək arasında körpü olsun. Əli İldırımoğlunun haqqında yazdığı o yerlər, o ata yurdu çoxdandır ki, düşmən tapdağı altındadır. Əli İldırımoğlu həmin qəlbisınıq yerlərin, o yerlərdəki gülün, bulağın, qayanın, mamırın dilindən yazır, o ruh unudulmasın deyə yazır".

 

R.Hüseynov çıxışında Əli İldırımoğlunun nasirlik fəaliyyəti barədə fikirlərini bölüşərək bildirib: "Əli müəllim yazıçı kimi bir qədər gec tanınsa da, sən demə, o, bu illər ərzində həyatı, ətrafı, insanları, dünyanı müşahidə edir, ona lazım olanları özü üçün yığır, özünü yazmağa hazırlayırmış. Əli müəllimin əsərlərindəki bir özəllik də odur ki, o, ən pisin, ən mənfi situasiyanın içərisində bir işıq tapa bilir, oxucusunu tamamilə ümidsizləşdirmir. Onun ədəbiyyatımıza bəxş etdiyi romanların təməli onun ucqar kəndlərdə çalışdığı müəllimlik və "Kommunist" qəzetindəki fəaliyyətləri ilə bağlıdır".

 

Yazıçının əsərlərinin özünəxas keyfiyyətlərindən bəhs edərkən R.Hüseynov vurğulayıb ki, Əli İldırımoğlu jurnalist kimi ən çətin məqamlarda belə, müxtəlif sahələri, hətta Sovet dövlətinin özünü belə tənqid edən məqalələr yazsa da, sadəcə üç mövzunu tənqid etməyib. Onlar Azərbaycan qadını, özünün gəncliyində məşğul olduğu və hər daim uca tutduğu müəllimlik və insanların müqəddəs bildiyi, pənah apardığı dindir. Hansı ki, nasir hər zaman bu üç mövzunu hər şeydən üstün tutub: "Əli İldırımoğlu publisist, nasir olmaqdan əlavə, əsl Azərbaycan kişisinə xas xüsusiyyətlərə, şərəfli, ləyaqətli ömrə sahibdir. Əli müəllim bir ömür içərisində ömürlər yaşayıb. Məncə, Əli müəllimi yazmağa məcbur edən iki səbəb var: xiffət və nigaranlıq. O, uşaqlığını, ən gözəl illərini keçirdiyi yerlərin, doğma yurdun xiffətini çəkir. Heç bir nəqliyyat vasitəsi onu həmin yerlərə apara bilmir, təkcə qələmdən başqa. Ona görə də Əli müəllim qələmə pənah aparır. Həm də o, həmin yerlərdən, oraların daşından, suyundan, ağacından, yolundan, quşundan nigarandır. Axı, onlar illər, əsrlər uzun Azərbaycan xalqına öyrəşmişdilər, Azərbaycan dilini bilirdilər. İndi görəsən, yad dildə danışan insanların arasında onlar necədir? O mühitdən gələn duyğuları Əli müəllim öz əsərlərində yaşadır. Onu fərqləndirən bir xüsusiyyət də yaradıcılıqda məhsuldarlığıdır".

 

Akademik R.Hüseynov çıxışının sonunda qeyd edib ki, Əli İldırımoğluun romanlarını, romanlarındakı Azərbaycan dəyərlərini zaman keçdikcə daha yaxşı anlayacaq, dərinliyinə, zənginliyinə, şirinliyinə varacağıq.

 

Malik İsaqov: "Yazdıqları onun qəlbinin, duyğularının, vicdanının səsidir"

 

Sonra Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov yubilyar haqqında düşüncələrini bölüşüb, ona rayon ictimaiyyətinin təbriklərini çatdırıb: "Əli İldırımoğlunun qələmi, sözü, özü heç zaman müdaxilə qəbul etməyib. Hər zaman ürəyindən gəldiyi kimi davranıb, öz istədiyi kimi adam olub. Bu, onun yazılarında da var. Yazdıqları onun qəlbinin, duyğularının, vicdanının səsidir".

 

Daha sonra M.İsaqov Əli İldırımoğluna xatirə hədiyyəsi təqdim edib.

 

Çıxışlarda Əli İldırımoğlunun jurnalistlik fəaliyyəti, ölkəni qarış-qarış gəzməsi, Azərbaycanın mürəkkəb bir dövrünü ədəbiyyata gətirməsi, bütün yaradıcılığının doğulduğu yurda sonsuz sevgi ilə yoğrulması xüsusi vurğulanıb. Yubilyar xalqının bütün ali keyfiyyətlərini özündə cəmləşdirən nadir qələm adamlarından biri kimi səciyyələndirilib.

 

Sonra Əli İldırımoğlunun həyat və yaradıcılığına aid film nümayiş olunub. Filmdə yazıçının özünün fikirlərinə, xatirələrinə geniş yer verilib, həmçinin, Azərbaycanın tanınmış alimləri və ədibləri, sənətkarları onun həm yaradıcılığı, həm də şəxsiyyəti barədə fikirlərini bölüşüblər.

 

Yubiley gecəsi Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.

 

Əli İldırımoğlu: "Həmişə özümə qarşı tələbkar olmuşam"

 

Sonda çıxış edən Əli İldırımoğlu tədbirin təşkilatçılarına və iştirakçılara, onun haqqında düşüncələrini bölüşən, əsərləri barədə fikir söyləyən hər kəsə təşəkkürünü bildirib. Bütün bunları yaşadığı ömrə və yazdığı əsərlərə yüksək diqqət kimi qiymətləndirən ədib ümumən kitaba, ədəbiyyata həsr edilən tədbirlərin əhəmiyyətini vurğulayıb: "Həyat heç zaman asan olmur. Daşlı-kəsəkli, sıldırımlı yollar da var, hamar yollar da. Mən də bu günə asan gəlib çıxmamışam. Çox çətin mübarizələrdən keçib gəlmişəm. Həm həyat salıb məni bu mübarizələrə, həm də mən özüm özümü. Bəlkə də bu, mənim xarakterimdəki mübarizlikdən irəli gəlib. Hər halda həmişə özümə qarşı tələbkar olmuşam. Heç zaman yazmaq, tanınmaq, kitab çap etdirmək xatirinə əlimə qələm götürməmişəm. Mənim kitablarım kitablardan gəlməyib, həyatdan, eldən, obadan, insanların və özümün ömür yolumdan gəlib. Bu gün mənə göstərilən bu böyük diqqət və qayğıya görə əməyi olan hər kəsə sonsuz təşəkkürümü bildirirəm. Bundan sonra qalan ömrümü də Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına həsr edəcəyəm".

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet 2017.- 21 noyabr .- S.7.