Elmlə şəxsiyyətin harmoniyası

 

YAXUD BÖYÜK ZƏHMƏTİN, GƏRGİN AXTARIŞLARIN SEVİNDİRİCİ NƏTİCƏLƏRİNİ GÖRƏNDƏ...

 

Professor Buludxan Xəlilovun elmi yaradıcılığında Azərbaycan dilçiliyinin bütün sahələrinin tədqiqi başlıca yer tutur.

 

O, fəaliyyəti dövründə Azərbaycan dilinin müxtəlif problemlərinin öyrənilməsi sahəsində yorulmadan çalışır.

 

Kollektivlik ruhuna böyük hörmətlə yanaşmaq, bu dəyərli mənəvi sərvətə yiyələnməyin fəal təşəbbüskarı olmaq, həmişə yenilikçi adı ilə tanınmağa çalışmaq professor Buludxan Xəlilovun müsbət mənəvi keyfiyyətləridir.

 

Onu həm də elmin, təhsilin fədakar, bacarıqlı təşkilatçısı adlandırmaq mümkündür. Dilçilik elminin bütün sahələrini və şöbələrini yüksək elmi-metodik səviyyəli məqalələri, dərslikləri, monoqrafiyaları ilə zənginləşdirməsi, müasir tələblərə uyğun mühazirə, seminar məşğələləri aparması, pedaqoji, elmi-pedaqoji kadrların hazırlanmasında, yetişməsində diqqəti cəlb edən xidmətlər göstərməsi, xeyli müddətdən bəri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin kollektivinə uğurla rəhbərlik etməsi professor Buludxan Xəlilov haqqında xoş, müsbət sözlər söyləməyə əsas verir. O, öz məqsədyönlu elmi-təşkilati və pedaqoji fəaliyyəti ilə professor-müəllim, eləcə də tələbə kollektivinin dərin hörmətini qazana bilmişdir. Elmilik, fikir aydınlığı, nəzəri ümumiləşdirmə, güclü məntiqi ardıcıllığın, müasirlik ruhunun gözlənilməsi, elmi müddəalara söykənilməsi onun əsərlərinin, yaradıcılıq üslubunun başlıca fərqləndirici xüsusiyyətləridir.

 

Buludxan Xəlilovun yaradıcılığı özündə elmlə şəxsiyyətin harmoniyasını əks etdirir. O, elmi-pedaqoji fəaliyyəti yetərincə dəyərləndirilən dilçi alimlər sırasındadır.

 

Böyük mütəfəkkirlərin, dahilərin yaradıcı şəxsiyyətlərin yüksəlmələrində, formalaşmalarında düşüncənin, ağlın əvəzsiz və ölçüyəgəlməz dərəcədə böyük rolu olmuşdur. Elə buna görə də ağıl haqqında hər bir insan üçün olduqca dəyərli olan fikirlər söylənilmişdir:

 

"Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır.

 

Qurani-Kərim

 

İnsanın mayası ağıldır. Ağlı olmayanın dini də olmaz.

 

  Həzrəti Məhəmməd

 

İnsana arxadır onun kamalı,

Ağıldır hər kəsin dövləti, malı.

 

  Nizami Gəncəvi

 

Ağıllı düşməndən qorxma, ağılsız dostdan qorx.

 

  Azərbaycan atalar sözü

 

Sahibi ağıllı olan ev tez abad olar.

 

  Məhəmmədhüseyn Şəhriyar

 

Ağıl sonradan ah çəkmək üçün deyil,

Əvvəlcədən düşünüb tədbir görmək üçündür.

 

Cəlaləddin Rumi

 

Məncə, düşünməkçün yaranır o baş,

Ağıldır insana ən böyük sirdaş.

 

  Səməd Vurğun

 

Buludxan Xəlilov öz həyatında ağıl hissin yox, hiss ağlın qulu olmalıdır prinsipinə-həqiqətinə həmişə əməl etdiyi, ağıla qarşı çıxan yeganə qüvvənin hiss olduğunu bildiyi, başqalarının müdrikliyindən, təcrübəsindən öyrəndiyi, hətta özü haqqında dedi-qodulardan da bəhrələnməyi bacardığı üçün elmi və pedaqoji fəaliyyətində uğurlar qazanmışdır. O, düşünən və düşündürən ziyalıdır, xalqın böyüdüb yetişdirdiyi, boya-başa çatdırdığı, qeyrətli, vətənpərvər, milli kökünə, milli ruhuna qırılmaz tellərlə bağlı övladlarındandır. Buludxan müəllim həmişə yeni elmi fikirlər söyləməyə can atan dilçi alimdir. Əsl alimə, müəllimə və ziyalıya məxsus müsbət mənəvi-əxlaqi keyfiyyətlərin ləyaqətli daşıyıcısıdır.

 

Buludxan Xəlilov elmi yaradıcılığı çoxşaxəli olan dilçilərdəndir. O, həmişə axtarışlar aparan, ehkamlara düşmən münasibəti bəsləyən, yeniliyin carçısı kimi tanınan, elmi yaradıcılıqdan ilham alan, gənclik ehtirası ilə yazıb yaradan ziyalı dilçidir. Onun "Müasir Azərbaycan dili. Sintaksis" (2017) dərsliyi fikrin maddi dil cildinə salınması qaydaları haqqında təlimə aid tutarlı bir kitabdır. Bu əsər professor Buludxan Xəlilovun elmi, həm də pedaqoji fəaliyyətini dolğun şəkildə əks etdirən orijinal yaradıcılıq nümunəsidir. O, dilimizin sintaktik quruluşunun linqvistik incəlikləri üzərində axtarışlar aparan, bu təfəkkür gerçəkliyini əks etdirən dil materialını yorulmadan araşdıran onun milli özünəməxsusluğundan estetik zövq alan, dilimizin sintaktik quruluşunda möhkəm qanunauyğunluqlar olduğunu əsaslandıran dilçidir.

 

Professor Buludxan Xəlilov sözlərin söz birləşməsi və cümlə şəklində əlaqələnməsi qayda-qanunlarının öyrənilməsinin yollarını, üsul və vasitələrini, onların bir-birinin varlığını təmin etməsini, insanların qədim dövrlərdə bəsit, sadə qrammatik vasitələrdən istifadə etmələri, qrammatik vasitələrin yaranmasına, inkişafına qədər dilin özəyini yaradan, bütün qrammatik kateqoriyaların, vasitələrin formalaşmasında həlledici funksiyasını yerinə yetirən lüğət tərkibinin sadə, bəsit və kasad olması ilə bağlaması, lüğət tərkibinin zənginləşməsinin qrammatik kateqoriyaların, qrammatik vahidlərin təkmilləşməsinə səbəb olması ilə güclü məntiqə, dilçiliyin nəzəri ümumiləşdirmələrlə dolğun müddəalarına söykənən fikirlər söyləməsi dəyərləndirilməlidir. Müəllifin dilin lüğət tərkibinin zənginliyinin qrammatik vahidlərin, kateqoriyaların dolğunlaşmasında rolu barədə söylədiyi fikir və mülahizələri çox ağlabatandır. Müəllifin qrammatik vasitələrin təkmilləşməsinin, ilk dövrlərdə onların - səslərin, hecaların, sözlərin, söz birləşmələrinin, cümlələrin bəzən adi, bəzən qısa, bəmdə, zildə tələffüz olunması hallarından istifadə olunmasının tədricən lüğət tərkibinin zənginləşməsi prosesi ilə bağlanılması barədə düşüncələrini elmi yenilik kimi dəyərləndirə bilərik. Çünki Azərbaycan dilinin sintaktik quruluşuna həsr olunmuş heç bir məqalə, dərslik, dərs vəsaiti və monoqrafiyalarda sadaladığımız məsələlərdən danışılmamış, onlara elmi münasibət bildirilməmişdir. Burada həm də dil vahidlərinin sistem xarakteri daşımasının mahiyyəti açılır, aydınlaşır.

 

Belə ki, prof. Buludxan Xəlilovun səslərin, hecaların, sözlərin, söz birləşmələrinin cümlələrin lüğət tərkibinin zənginləşməsinə xidmət etməsi haqqında söylədikləri onun "Müasir Azərbaycan dili. Sintaksis" dərsliyində verilmiş ilk elmi həqiqətlərdir. Elmi ictimaiyyət bunu dəyərləndirməlidir. Deyilənlər dərslik müəllifinin geniş linqvistik erudisiyasının parlaq göstəricisi adlandırılmalıdır. Professor Buludxan Xəlilov "Müasir Azərbaycan dili. Sintaksis" dərsliyində ilk dəfə dilçi filoloqlarda belə bir aydın təsəvvür formalaşdırır ki, dilin digər laylarında, təbəqələrində təkmilləşmə, zənginləşmə prosesi birbaşa lüğət tərkibinin vəziyyətindən, durumundan asılıdır. Həm də qrammatik quruluşda, vasitələrdə təkmilləşmə, zənginləşmə və inkişaf prosesi birdən-birə yox, tədricən, zaman keçdikcə baş verir. O, qrammatik quruluşun ilk təşəkkül, formalaşma dövrlərində sözlərin sıralanması, bir-birinə yanaşması üsullarından (məsələn: yaşıl yarpaq, şirin çörək, dəmir qapı və s.) istifadə edildiyini, daha sonralar əlaqə üsullarının get-gedə təkmilləşdiyini, qoşulma (məsələn: sən kimi, dəmir tək və s.), uzlaşma (məsələn: sən igidsən, sən qəhrəmansan və s.) idarə (məsələn: qapını bağla, kitabı oxu və s.) əlaqələrinin meydana çıxdığını göstərir və belə bir linqvistik qanunauyğunluğu aşkara çıxarır: "Deməli, lüğət tərkibi zənginləşdikcə sözlər arasındakı qrammatik əlaqələnmə üsulları" da inkişaf etmişdir. Beləliklə, zəngin qrammatik əlaqələr sayəsində dildə müxtəlif və rəngarəng olan söz birləşmələri və cümlələr formalaşmışdır" (s.4).

 

Azərbaycan dilinin sintaksisinə aid yazılmış heç bir dərslik, dərs vəsaiti və monoqrafiyada qrammatik vahidlərin, vasitələrin, yaranıb formalaşmasının, inkişafının dilin lüğət tərkibinin hansı səviyyədə, durumda olması ilə bağlılığı məsələsinə toxunulmamışdır.

 

İlk dəfə professor Buludxan Xəlilovun "Müasir Azərbaycan dili. Sintaksis" (2017) dərsliyində insanların qədim dövrlərdə, yəni çox uzaq keçmişlərdə bəsit, sadə, qrammatik vasitələrdən istifadə etmələrinin səbəbi o zaman dilin lüğət tərkibinin sadə, bəsit, kasad olması ilə əlaqələndirilir. Dilin lüğət tərkibi zənginləşdikcə qrammatik vasitələrdə də təkmilləşmə, oyanma, canlanma prosesinin baş verməsi barədə oxuculara çatdırılan məlumat dərslikdə diqqətçəkən ən mühüm yenilikdir.

 

Qrammatik vasitələrin zaman keçdikcə inkişaf etməsi, təkmilləşməsi və zənginləşməsi, ilk dövrlərdə sözlərin sıralanması, bir-birinə yanaşması üsullarının işlədilməsi, daha sonralar sintaktik əlaqə üsullarının təkmilləşməsi, qoşulma, uzlaşma və idarə əlaqələrinin meydana çıxması, qrammatik əlaqələrin zənginləşməsi nəticəsində dildə müxtəlif və rəngarəng söz birləşmələri və cümlələrin formalaşması ilə bağlı irəli sürülən fikirlər də dərslikdəki yeniliklər sırasına daxildir.

 

İlk dəfə professor Buludxan Xəlilovun bu dərsliyində əski dövrlərdə bəsit qrammatik vasitə kimi səslərin, hecaların, sözlərin, söz birləşmələrinin, cümlələrin bəzən adi, bəzən qısa, bəzən bəmdə, bəzən zildə tələffüz edilməsi hallarından istifadə olunması haqqında məlumat verilir. Sintaksisə aid nəşr edilmiş heç bir dərslikdə bu məsələyə toxunulmamışdır.

 

Professor Buludxan Xəlilov "Müasir Azərbaycan dili. Sintaksis" dərsliyi (Bakı-2017, 428 səh.) yeniliklərlə zəngin, geniş məzmunlu, dolğun və yüksək elmi-metodik səviyyəsi olan yaradıcılıq məhsuludur.

 

Dərsliyin başlanğıcından, ilk səhifələrindən yeniliyə meyilin güclü olduğunu hiss edirsən. Burada müəllifin Müasir Azərbaycan dili fənninin bəzi incəliklərini açması sahə, şöbə anlayışları ilə yanaşı, bizdə fənn anlayışı ilə bağlı dolğun və aydın təsəvvür formalaşdırması müsbət dəyərləndirilməlidir. Dilçi alimin yazdıqlarından bir sıra anlayışlar arasında üzvi əlaqənin olduğu üzə çıxır. Müəllif fənlərin yaranma, formalaşma mənbələrinin elmlər olduğunu unutmadığı üçün müxtəlif elmlərin sahələrindən, şöbələrindən danışıldığı kimi, onlara aid fənlərdən, fənlərlə bağlı dərsliklərdən də söhbət açmağı məqsədəuyğun saymışdır. Bu da professor B.Xəlilovun dərsliyində əvvəllər nəşr edilmiş dərsliklərdə rast gəlmədiyimiz yenilikdir.

 

(Ardı var)

 

Yusif YUSİFOV

Filologiya üzrə fəlsəfə doktoru, dosent

525-ci qəzet 2017.- 21 noyabr .- S.4.