Ədəbiyyatımız, mənəviyyatımız və...

 

XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏYƏ AÇIQ MƏKTUB

 

Əziz Nəriman əmi, salam!

 

Oktyabrın 17-də Siz Neftçalaya-qardaşım Azərin "XX əsr-Fəryadın metafizikası"kitabının təqdimat mərasiminə gəldiniz. Mən o gün, kitabın təqdimatından sonra, sizinlə söhbət etmək istəyirdim. Axı Sizinlə hər söhbətdən sonra məndə bir könül rahatlığı, qəlb təskinliyi olur. Amma həmin gün əməlli-başlı söhbətetmək imkanım olmadı. Çünki Sizin Neftçalaya gəlişiniz bir neçə gün əvvəl məlum olduğundan, o böyük möhtəşəm salona görüşdən xeyli əvvəl, çoxlu insanlar toplaşmışdı. Kitabın təqdimatı yüksək səviyyədə keçdi. Görüş sona çatandan sonra neftçalalılar Sizi əhatəyə aldılar, yadınızdadır - adamlar Sizin şeirlərinizi əzbər söyləyirdilər, sizinlə şəkillər çəkdirirdilər. Anar müəllim, Fikrət Qoca, Çingiz Əlioğlu, İsa Həbibbəyli də həmin görüşdə idilər. Əsl mənəviyyat məclisi idi.

 

... 1976-cı ilin sentyabrında unudulmaz Bəxtiyar Vahabzadə, Nurəddin Rzayev, Yaşar Əliyev və bir də məşhur qaboy ustası Kamil Cəlilov bizə qonaq gəlmişdilər. Axşamçağı həyətimizdə böyük ziyafət oldu. Atam Neftçaladakı dostlarını da həmin ziyafətə dəvət etmişdi. 20-25 nəfər adam var idi. Yadımdadır, Kamil qaboyda "Zəminxarə" muğamını çaldı. Bəxtiyar müəllim "Zəmirxanə"nin merac musiqisi olduğunu dedi. Yaşar Əliyev özü ilə maqnitafon kassetləri gətirmişdi. Orda olanlar da, mən də ömrümüzdə ilk dəfə olaraq ustad Şəhriyarın səsini o gün eşitdik. Şəhriyar, məşhur şərqşünas alim Rüstəm Əliyevə yazdığı şeirini. (Döyünmə və söyünmə) deyirdi, Rüstəm Əliyevə xitabən "Tapdım elimi, arxamı, qurban sənə, qardaş", "Təbriz sənə layiq nədi, Tehran sənə qurban" misralarını deyərkən Şəhriyarın səsi titrəyəndə, 16 yaşım olmasına baxmayaraq, mən də qəhərlənmişdim. Bir də ogünkü ziyafətdə Bəxtiyar müəllimin dediyi sağlıqdan bir fikri yadımda qaldı və heç zaman da yadımdan çıxmadı: "Mədəmizi doyurmağın qeydinə necə qalırıqsa, mənəviyyatımızı doyurmağın qayğısına da elə qalmalıyıq, hətta ondan da çox. Mənəviyyatın qidası isə şeirdir, musiqidir, rəsm əsəridir, mənəviyyata xidmət edən söhbətlərdir, görüşlərdir".

 

Bu mənada Azərin kitab təqdimatında Sizlərin iştirakınız neftçalalıların mənəvi dünyalarında silinməz izlər qoydu.

 

Hörmətli Nəriman əmi!

 

Böyük imperiyalar çökəndə bu çöküşün törətdiyi fəsadlar da böyük dəhşətli olur. Düzdür, biz müstəqillik qazandıq. Müstəqilliyimiz - bizim ən böyük sərvətimizdir. Qərb dünyasının bağlı qapıları üzümüzə açıldı. Qərbin ən mütərəqqi dəyərləri ilə bərabər, çox təəssüf ki, ən dəhşətli, murdar nəsnələrin mədəniyyətimizə, mənəviyyatımıza, mentalitetimizə, düşüncəmizə vurduğu zərbələr çox ağır oldu. Və ən ağır zərbələrdən biri, bizim ədəbiyyatımıza dəydi. Mirzə Cəlil, Sabir, Səməd Vurğun, Rəsul Rza haqqında nələr yazmadılar, hansı hədyanları demədilər... Müasirimiz olan böyük yazıçılarımıza şər, böhtan atmaq yarışına çıxdılar. İstedadsız, fəqət iddiaları dünyaya sığmayanların şeir kitabları, romanları (bu kitablar haqqında mətbuatda çap olunan tərif dolu məqalələr də öz yerində!) çap olundu. Həmin kitabları bəzən camaat arasında, ən çox da gənc nəsil arasında yaya bildilər. Ədəbiyyatımız yaralandı, kitaba maraq azaldı.

 

... Amma indi şükür ki vəziyyət nisbətən düzəlir. Ədəbiyyata səs-küylə, çığır-bağırla, cığallıqla gələnlər zaman keçdikcə yaddan çıxır, unudulur. İstedadı insana Allah verir və təbii ki, həmin istedadı elə Allah özü himayə edir Mirzə Cəlil elə həmin Mirzə Cəlildir. Sabir elə həmin Sabirdir. Səməd Vurğun elə həmin Səməd Vurğundur, Rəsul Rza həmin Rəsul Rzadır. Azərbaycanımızın qürur, güvənc yeri olan dahilərimizdir. ...və bu həmişə də belə olacaq...

 

Əziz Nəriman əmi!

 

Mən rayonumuzda Təhsil şöbəsində işləyirəm. Mütəmadi məktəblərə gedirəm. Məktəblərə gedəndə hökmən məktəb kitabxanalarına da baş çəkirəm. Kitabxanaçıdan, şagirdlərin ən çox kimin kitablarını oxuduqlarını soruşuram: Mirzə Cəlilin, Sabirin, Hüseyn Cavidin, Səməd Vurğunun, Rəsul Rzanın, İlyas Əfəndiyevin, Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, Nəriman Həsənzadənin, Xəlil Rza Ulutürkün... adlarını çəkirlər.

 

Dərs dediyim şagirdlərdən sevdikləri ədiblərin adlarını soruşuram. Yenə də eyni cavabı alıram.

 

...Bu yaxınlarda yaxın dostum Ağasəf müəllimlə bir maşın ustasının yanına getmişdim. Ustanın əsili rayonumuzun ucqar bir kəndindəndir. Özünün dediyinə görə, cəmi 8 sinif oxuyub. Biz onun emalatxanasında çay içə-içə söhbət edirdik. Birdən radioqəbuledicidən Sizin səsinizi eşitdik, şeirlərinizi oxuyurdunuz, hamımız qeyri-ixtiyari olaraq diqqət kəsilib sizin şeirlərinizi dinləməyə başladıq. Birdən, həmin avtomobil ustası Sizin ünvanınıza

 

- Bilirsiz bu Nəriman Həsənzadə necə gözəl insandır!.. - dedi. Elə tərzdə dedi ki, mən onun Sizi şəxsən tanıdığını düşündüm. Ona görə də:

 

- Sən Nəriman Həsənzadəni şəxsən tanıyırsan? - deyə soruşdum.

- Yox - dedi.

 

Müəllim dostum elə bil qəsdən, həmin ustadan:

 

- Bəs Nəriman Həsənzadənin yaxşı insan olduğunu haradan bilirsən? - soruşanda bu nəcib təbiətli adamın verdiyi cavab elə dəqiq və müdrik oldu ki

 

- Şeirlərindən - dedi və əzbərdən Sizin "Nərdivan" şeirinizi söylədi.

 

Qarşılaşdığım belə hadisələr məni o qədər məmnun edir ki, Nəriman əmi!

 

Azərin kitabının təqdimat mərasimindən 2-3 gün əvvəl şəhərimizdəki poliklinikaya getmişdim. Poliklinikanın baş həkimi Eynulla həkim Azərin kitabının təqdimatına kimlərin gələcəyini soruşdu. Sizin gələcəyinizi eşidəndə - Mən hökmən həmin görüşdə iştirak etməliyəm, hökmən həmin görüşdə iştirak etməliyəm, hökmən Nəriman Həsənzadəni görməliyəm - dedi və Sizin bir neçə şeirinizi böyük şövqlə əzbərdən söylədi.

Bu əlbəttə, şairin xoşbəxtliyidir. Şairin qazancı oxucu sevgisidir. O sevgini də Siz çoxdan qazanmışınız...

 

Hörmətli Nəriman əmi!

 

Əvvəlki məktublarımda olduğu kimi, yenə də Sizə atamdan yazmaq istəyirəm... Anamın vəfatı, təbii ki, atama çox ağır təsir etmişdi. Elə bil, dünyası boşalmışdı. O, həmişə təmkinli, hisslərini biruzə verməyən adam olub. Çəkdiyini ürəyində çəkirdi. Biz, onun övladları həmişə yanında olurduq. Fikrini dağıtmağa çalışırdıq... mənim yaddaşımda çoxlu əzbər şeirlər var. Atamın şeir zövqünü bildiyimdən, əzbərdən onun üçün zövqünə uyğun şeirlər deyirdim. O da dinləyərdi. Atam da Sizin kimi öz atasını çox erkən itirmişdi. Atasını heç xatırlamırdı da. Onun bir arzusu vardı. Atasını şəxsən tanıyan adamların xatirələrinə əsasən, rəssam tərəfindən onun portretini çəkdirmək istəyirdi. Ömrü boyu bu arzu ilə yaşadı. Amma bu arzu elə arzu olaraq da qaldı... Atamı da, Sizin kimi, anası min bir əziyyətlə böyütmüşdü. Anasının adı çəkiləndə ürəyi əsirdi. Bir dəfə televiziyada "Ovqat" verilişində 83 yaşlı atama, aparıcı sual verəndə ki, indi yaşınızın bu çağında ən çox kimə ehtiyac duyursunuz? Atam onda anasının adını çəkmişdi. Nə isə... Atam üçün həmin gün növbəti dəfə, onun zövqünü oxşayan şeirləri deyirdim. Sizin "Görəydim Sizi" şeirinizi söylədim onun üçün:

 

Yenə yolum düşdü Kür qırağına,

mən orda oxudum öz ilk şeirimi.

Sən onda sağ idin ana, ay ana,

dolandın başıma pərvanə kimi.

 

lll

 

Düşdü yanağına iki damla yaş,

sıxan ürəyini bilmədim nəydi.

Baxıb gözlərimə söylədin ki, kaş

sənin bu gününü atan görəydi...

 

lll

 

Yolum bir də düşdü Kür qırağına,

söyüdlər başını üstümə əydi.

Sən daha yox idin canım, ay ana

dedilər, kaş anan indi görəydi.

 

lll

 

Yetimlik!

Yadımdan çıxmır bu dərdim,

daddım həyatımda yaxşını, pisi.

Həsrətlə ay ata, ay ana, - dedim,

kaş bir yol yanımda görəydim sizi.

 

Mən şeiri söyləyərkən atama baxırdım. Bu şeiri dinləyərkən, onun qüruba doğru yol çəkən gözlərindəki göz yaşlarını, ömrümün sonuna qədər də unuda bilməyəcəyəm, Nəriman əmi.

 

Möhtərəm Nəriman əmi. Qərb filosoflarındanbiri deyir ki "ədəbiyyat bizə həqiqətin, gerçəkliyin əzablarından ölməmək üçün lazımdır". Özümü nəzərdə tutub deyirəm ki, həqiqətən də bu sözlər doğrudur. Əgər ədəbiyyat olmasaydı, o möhtəşəm romanlar, sevdiyim, mənə təsəlli olan şeirlər olmasaydı, mən, bəlkə də, başıma bu qədər hadisələr gələndən sonra - çox yaşamazdım.

 

Amma bəzən ədəbiyyata aşırı bağlılıq, bəzi insanları xəyal qırıqlığına uğradır. Tutalım, bütün günü Mövlanəni oxuyursan. Sevgi, mərhəmət, yaxşılıqla süslənmiş insanları aliliyə çağıran və bu çağırışına inandıran...

 

Məsnəvini oxuyan adam, cəmiyyətdə elə naqisliklərlə, pisliklərlə qarşılaşır ki... Yaxşılığa qarşı pislik - həyatda o qədər belə hadisələr görmüşük ki... Amma hər şeyə rəğmən, dünyada yaxşılıqdan gözəl nə ola bilər ki, Nəriman əmi... Dünyanın ən müdrik insanları şərə qarşı həmişə böyük yaxşılığı qoyublar və Xeyir, təkcə kitablarda yox həyatda da həmişə Şərə qalib gəlib... Mən romantik romanları çox sevirəm. Ən çox sevdiyim roman da. Viktor Hüqonun... "Səfillər" romanıdır.kim deyir ki, Jan Valjan, monsenyor Betveni kimi adamlar yalnız kitablarda olur, çox böyük səhv edir. Bu ilin iyun ayının 24-də mənim həyatımda dəhşətli bir hadisə baş verdi. Mənə ən doğma olan bir nəfər xəstələndi. Onu xəstəxanaya apardıq. Həkim xəstəni müayinə elədi. Həkim xəstədə, adını yazmadığım qorxulu, dəhşətli bir xəstəliyin olmasından şübhələndi. Hökmən təcili Bakıya gedib, xəstəni aparatlar vasitəsi ilə müayinədən keçirməyimizi söylədi.

 

Hansı vəziyyətə düşdüyümü bir Allah bilir. Üstəlik də qarşıda Ramazan bayramı gəlirdi. Qarşıdakı 4 gün qeyri-iş günü olduğundan xəstəxana tam tərkibdə işləməyəcəkdi. Həmin gün mənəvi əzablar içərisində çabalayarkən Siz mənə zəng etdiniz. Səsimdən mənə nə isə olduğunu hiss etdiniz. Səbəbini soruşdunuz.

 

Əvvəl demədim. Təkid etdiniz. Məcbur olub həqiqəti Sizə danışdım. Amma sonra nə qədər peşman oldum - bunu tək özüm bilirəm. Siz hansı vəziyyətə düşdünüz... Sonra mənə ürək-dirək verdiniz. "Darıxma" dediniz, "Mən varam" dediniz. Sizə təşəkkür etdim. Telefon danışığından 4-5 saat keçirdi. Gecə saat 2-yə işləmiş mənə yenidən zəng elədiniz. Akademik Əmiraslanovu indicə tapmışam. 29-da (bayramdan sonra 1-ci iş günü) səhər saat 9-da səni qəbul edəcək, xahiş etmişəm dediniz. Çox həssas, çox böyük həkimdi. 29-na qədər olan 4 gündə hər gün mənə zəng edirdiniz. Xəstə ilə maraqlanırdınız. Ürək-dirək verirdiniz. 29-da səhər sübhdən Bakıya yola düşdüm. Səhər saat 7-də yolda olarkən mənə zəng elədiniz. Əvvəl bizə gəl dediniz.

 

Xəstəxanaya gəldim. Böyük həkim və böyük insan akademik Əhliman Əmiraslanov bizi qəbul elədi. Xəstəni əvvəlcə özü müayinə elədi. Sonra bir həkim çağırıb, xəstənin aparatlar vasitəsi ilə yoxlanılmasını və nəticənin ona bildirilməsini tapşırdı. Xəstəmi apardılar. Mən xəstəxananın dəhlizində, çoxlu sayda xəstələrin, xəstələrin qohum-əqrəbalarının arasında tək qaldım. Saat 10 olardı telefonuma zəng gəldi. Siz idiniz.

 

- Etibar, hardasan?

 

- Xəstəxanadayam.

 

Mən həyətə düşdüm, hava dəhşətli dərəcədə isti idi. Siz xəstəxananın həyətində, günün altında dayanıb məni gözləyirdiniz.

 

Xəstəmdə şübhələndiyimiz xəstəliyin olmadığını biləndə, Sizin necə sevindiyinizi ifadə edə bilsəydim, elə mən də "Səfillərin" müəllifi Viktor Hüqo kimi bir yazıçı olardım.

 

Sonsuz hörmət və ehtiram hissi ilə

Sizin Etibar İmamverdi oğlu Əbilov.

 

Neftçala, 27 oktyabr 2017

 

525-ci qəzet.-2017.-22 noyabr.-S.7.