Müasir musiqişünaslıqda parlaq imza - Zemfira Qafarova

 

Lalə HÜSEYNOVA

 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru

 

Milli musiqi elmi və tənqidi fikrinin inkişafında, musiqişünas kadrların hazırlanmasında xüsusi rolu və böyük zəhməti olan qabaqcıl, maarifpərvər ziyalılarımızdan biri - Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira xanım Qafarova bu günlər həyatının əlamətdar tarixini - 75 illik yubileyini qeyd edir.

 

Üzeyir Hacıbəyli irsinin sanballı tədqiqatçısı kimi yarım əsrlik yaradıcılıq yolunda inamla addımlayan Zemfira xanım, eyni zamanda, bir sıra görkəmli bəstəkarların - Ramiz Mustafayev, Tofiq Bakıxanov, Şəfiqə Axundova, Hacı Xanməmmədov, habelə tanınmış fleyta ifaçısı və filosof alim Telman Hacıyev, istedadlı opera müğənnisi Əli Haqverdiyevin həyat və yaradıcılıq yolunu ilk dəfə müfəssəl işıqlandıran dəyərli monoqrafiyalar ərsəyə gətirib, yüzlərlə məqalələrə imza ataraq, televiziya və radio ekranlarında, geniş auditoriyalar qarşısında maraqlı çıxışları ilə  böyük nüfuz qazanıb.

 

Zemfira xanım o dəyərli ziyalılarımızdandır ki, dünyagörüşü, yaradıcılıq prioritetləri keçən əsrin ikinci yarısının münbit bədii mühitində formalaşıb. O, Azərbaycanın təsviri sənət tarixində özünəməxsus yer tutmuş iki tanınmış rəssamın - gözəl portret ustası Həsən Haqverdiyev və Azərbaycanın xalq rəssamı Güllü Mustafayevanın ailəsində dünyaya göz açıb. Dayıları - Ramiz Mustafayev görkəmli bəstəkar, Faik Mustafayev isə dirijor kimi musiqi tariximizdə iz qoyublar.

 

Zemfira xanım yaxşı xatırlayır ki, qədim İçərişəhərin dar küçələrindən birində yerləşən evləri o dövrün çox dəyərli və görkəmli ziyalıları ilə qonşuluqda idi. Burada yazıçı-folklorşünas Məmmədhüseyn Təhmasib və onun Bakının say-seçmə ədəbiyyat müəllimlərindən biri kimi tanınıb sevilən həyat yoldaşı Bilqeyis xanım Məmmədova, gözəl rəssam cütlüyü Lətif Feyzullayev və Vəcihə Səmədova, heykəltəraşlar Fuad Əbdürrəhmanov və Cəlal Qaryağdı, Zemfira xanımın dayıları - bəstəkar Ramiz Mustafayev və dirijor Faiq Mustafayev, habelə opera müğənnisi Firudin Mehdiyev yaşayır və mehribancasına dostluq edirdilər. Zemfira xanımgilin evindən isə daim musiqi sədaları eşidilərdi: məlahətli səsə malik anası Güllü xanım xalq mahnıları ilə yanaşı, sevdiyi ariya və romansları həvəslə ifa edər, rəssam atası isə yaxşı tar çalardı. Güllü xanım və Həsən Haqverdiyevin bu istedadı onların hər iki övladına - gələcəyin məşhur opera müğənnisi Əli Haqverdiyevə və görkəmli musiqişünas-alim Zemfira Qafarovaya sirayət etmişdi. Etiraf edim ki, bəzən Zemfira xanımın piano arxasına keçərək gözəl soprano səsi ilə şövqlə çalıb-oxuması daim bizlərə böyük zövq aşılayır.

 

Zemfira xanım təhsil illərindən danışarkən oxuduğu təhsil ocaqlarını - Asəf Zeynallı adına Bakı Musiqi texnikumunu, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və burada ona dərs demiş müəllimlərini hər zaman sevgi və ehtiramla xatırlayır. Gözəl musiqiçi və pedaqoq Rəna Fərhadova, hərtərəfli ensiklopedik biliyə malik Zaxar Stelnik, Hacıbəylilər nəslinin çox layiqli nümayəndələrindən biri olan bəstəkar və pedaqoq Nazim Əliverdibəyov, görkəmli musiqişünaslar İzabella Abezqauz, Danil Danilov, Elmira Abasova onun nəzəriyyəçi kimi püxtələşməsində böyük rol oynamışlar. "O illərin Konservatoriyası əsl musiqi məbədi idi. Buraya gələndə sanki müqəddəs məbədə daxil olurmuş kimi, qəlbimizdə kövrək bir həyəcan və şükranlıq hissləri baş qaldırırdı... Biz indi də o illəri konservatoriyanın "renessans" dövrü kimi yad edirik" - sevimli müəllimi Rəna Fərhadova, mükəmməl rektor kimi tələbələrin yaddaşında daim böyük ehtiram və sevgi ilə xatırlanan görkəmli bəstəkarımız Cövdət Hacıyev haqqında səmimi yazılarında Zemfira xanım 50 il çalışdığı doğma ali məktəbin o zamankı ovqatını belə səciyyələndirir.

 

Artıq gənc ikən Z .Qafarovanın musiqişünas istedadı özünü ən müxtəlif istiqamətlərdə büruzə verirdi: o, həvəslə araşdırmalar aparır, konsertlərdə ön sözlə çıxış edir, annotasiya və resenziyalar yazırdı. Elə bu illərdə onun ölməz Üzeyir Hacıbəyli irsinə xüsusi marağı yaranır və görkəmli tarixçi-musiqişünas, Üzeyir bəyin yaxın qohumu Qubad Qasımovun məsləhəti ilə o, "Koroğlu" operasını özünün elmi tədqiqat işi kimi seçir. Xüsusi qeyd etmək lazımdır ki, Z.Qafarovanın "Koroğlu" operasına həsr olunmuş sanballı tədqiqatı indi də bu opera haqqında yazılmış elmi araşdırmalar sırasında hərtərəfli yanaşma tərzinə görə məxsusi çəkiyə və mövqeyə malikdir.

 

Z.Qafarovanın resenziya və məqalələri müxtəlif illərdə Ümumittifaq və respublika əhəmiyyətli nüfuzlu mətbu orqanlarında - "Sovetskaya muzıka", "Qobustan", "Azərbaycan", "Azərbaycan qadını", "Literaturnıy Azerbaydjan", "Musiqi dünyası" jurnallarında, "Kommunist", "Ədəbiyyat və incəsənət", "Bakinskiy raboçiy", "Azərbaycan gəncləri", "Bakı", "Baku", "Molodej Azerbaydjana", “Zerkalo" qəzetlərində işıq üzü görüb. Əlamətdardır ki, Zemfira xanımın son illərdə nəşrdən çıxmış "Azərbaycan musiqi incəsənəti" kitabında onun 1969-2008-ci illər ərzində yuxarıda adı çəkilən qəzet və jurnallarda, habelə elmi dərgilərdə çap olunmuş çoxsaylı məqalələri, oçerk və resenziyaları toplanmışdır. Bu dəyərli toplu nəinki musiqi tariximizin maraqlı səhifələrinə işıq salır, habelə  musiqişünasın geniş maraq dairəsindən xəbər verir. Sanki "refren" rolunu oynayan Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılıq məqamları ilə bahəm biz burada XX əsr zəngin musiqi sənətimizin bütöv bir simalar qalereyasını görürük. Bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Tofiq Quliyev, Hacı Xanməmmədov, Süleyman Ələsgərov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, Fəridə Quliyeva, İbrahim Məmmədov, Şəfiqə Axundova, Arif Məlikov, Tofiq Bakıxanov, Aqşin Əlizadə, Firəngiz Əlizadə, musiqişünaslar Elmira Abasova, Rəna Fərhadova, Aida Tağızadə, Gövhər Hüseynova, habelə ifaçılıq sənətimizin nümayəndələri - tarzənlər Bəhram Mansurov, Ramiz Quliyev, dirijor Kamal Abdullayev, violonçelçalan Eldar İsgəndərov, fleytaçı Telman Hacıyev, balerina Leyla Vəkilova, pianoçu Yelena Tartakovskaya, violinaçı Oqtay Kərimov, gənc dirijor Əyyub Quliyev haqqında müxtəlif illərdə qələmə alınmış məqalələr, önəmli mədəniyyət hadisələrinə, opera və balet tamaşalarına, konsert və müsabiqələrə yazılmış resenziyalar qarşımızda o dövrün musiqi həyatının rəngarəng mənzərəsini yaradır.

 

Keçən əsrin 70-ci illərində Bəstəkarlar İttifaqının fəaliyyətində maarifçilik istiqaməti xüsusilə geniş vüsət almışdı və Zemfira xanım böyük həvəslə müxtəlif müəssisə və təşkilatlarda maraqlı mühazirələrlə çıxış edirdi. Məhz Zemfira xanımın təşəbbüsü ilə 1978-ci ilin fevral ayında Azərbaycan Bəstəkarlar İttifaqı Bakının Əhmədli qəsəbəsində "Gözəlliklə görüşlər" adı altında musiqi lektoriyası açmışdı. Zemfira xanımın aybaay təşkil etdiyi bu məşğələlərə məşhur bəstəkar və ifaçılar dəvət olunurdu. Onların arasında Tofiq Quliyev, Süleyman Ələsgərov, Nazim Əliverdibəyov, Oqtay Zülfüqarov, Şəfiqə Axundova, Emin Sabitoğlu, Sevda İbrahimova, Ramiz Mirişli, Azər Dadaşovun adlarına rast gəlirik. Zemfira Qafarovanın maarifçi-musiqişünas fəaliyyətində həmçinin, 1983-1985-ci illərdə Daxili İşlər Nazirliyinin nəzdində yaradılmış "Mədəniyyət Universiteti"ndə rektorluq dövrü, habelə Azərbaycan Dövlət Konservatoriyasının Şamaxıda açdığı "Musiqi Mədəniyyəti Universiteti"ndə fəal lektorluğu da xüsusi qeyd olunmalıdır. Bu illərdə Zemfira xanım eyni zamanda, müxtəlif şəhərlərdə - Moskva, Kiyev, Tbilisi, Daşkənd, Səmərqənd, Düşənbədə keçirilən nüfuzlu elmi məclislərdə maraqlı məruzələrlə çıxış edib, habelə rəsmi opponent qismində bir sıra dissertasiya müdafiələrinin fəal və səriştəli iştirakçısı olub.

 

Zemfira Qafarovanın elmi və təşkilati fəaliyyətinin ən önəmli səhifələrindən biri də keçən əsrin 80-ci illərində Azərbaycan Dövlət Konservatoriyasında (hazırkı Bakı Musiqi Akademiyasında) Tarix-nəzəriyyə fakültəsinin dekanı vəzifəsində çalışdığı dövrdür. O, təşkilatçılıq bacarığı və səylərini gərgin tədris prosesinin nizam - intizamına yönəldərək, burada da yaradıcı təşəbbüskarlığını ən müxtəlif formalarda təzahür etdirə bilib. Bu əsnada Zemfira xanımın tələbəsi olmuş professor, sənətşünaslıq doktoru, hazırda ADMİU-nun rektoru Fərəh Əliyevanın 2002-ci ildə "Şərqi" jurnalı vasitəsilə müəlliminə ünvanladığı təbrikindəki bəzi fikirləri xatırlatmaq çox yerinə düşür: "Əziz Zemfira xanım! Siz, 80-ci illərdə tarix və nəzəriyyə fakültəsinin dekanı olduğunuz dövrdə həmkarlarınızı da, elə tələbələrinizi də bir şey həmişə təəccübləndirirdi. Axı, dekanlıq kimi zəhmətli, çox məsuliyyətli bir işə gününün çox vaxtını sərf edən Zemfira xanım həm də yaradıcılıq işləri üçün necə vaxt tapırdı?! Monoqrafiya çap etdirir, broşürlər yazır, məruzələrlə çıxış edir, gözəl mühazirələr deyir, mətbuat səhifələrində musiqi həyatının yeniliklərini məqalə və resenziyalarda işıqlandırırdınız. Siz bütün bu işləri sanki birnəfəsə, asanlıqla görürdünüz. Lakin bu yüngüllüyün arxasında böyük zəhmət və istedad dururdu. Bir də... peşəsinə, musiqiyə vurğunluq... Zemfira xanımın xarakterində bir gözəl keyfiyyət də var. O, həyatsevər, insanpərvər, ləyaqətli şəxsiyyətdir. Böyüklə böyük, kiçiklə kiçikdir. Nə qədər yorğun, qayğılı olsa da, üzündən, dilindən xoş sözlər əskik olmur". Yəqin indi Azərbaycanda elə bir musiqi təhsili ocağı yoxdur ki, orada Zemfira Qafarovanın tələbələrinə və yaxud onu qayğıkeş dekan kimi minnətdarlıq hissi ilə xatırlayan konservatoriya məzunlarına rast gəlməyəsən. Bizim nəslimizin də hal-hazırda müəyyən uğurlar əldə etmiş nümayəndələri arasında məhz Zemfira xanımdan dərs almış, bilavasitə onun xeyir-duası ilə musiqişünaslığa gəlmiş mütəxəssislər vardır. Zemfira xanımın diqqət və qayğısı bizlərdən heç vaxt əskik olmur və onun müdrik məsləhət və tövsiyələrinə daima ehtiyac duyuruq.

 

Zemfira xanımın 80-ci illərdə təşəbbüskarı və təşkilatçılarından olduğu bir əlamətdar və deyərdim ki, Şərq aləmində unikal bir mədəniyyət hadisəsini də xüsusi qeyd etmək istərdim. Bu - 1986-cı ildə Bakıda baş tutmuş və dahi Üzeyir bəyin adını daşıyan Zaqafqaziya, Orta Asiya və Qazaxıstan Respublikaları Xalq Çalğı alətləri ifaçılarının müsabiqəsidir. Çoxlarının hafizəsində dərin iz qoymuş bu möhtəşəm hadisənin təfsilatlarını Zemfira xanım ayrıca bir yazıda qələmə də almışdır. Qeyd edək ki, Şərq xalqlarının musiqisinə həsr olunmuş müsabiqə və simpoziumların, o cümlədən, Üzeyir Hacıbəylinin adı ilə bağlı festival və konfransların keçirilməsi indi artıq möhkəm bir ənənəyə çevrildiyi halda, sovetlər dönəmində bu sayaq tədbirlər nadir hallarda baş tuturdu. Məhz buna görə də Üzeyir Hacıbəyli adına ilk ifaçılıq  müsabiqəsi musiqi tariximizin şərəfli səhifələrindən birini təşkil edir və Zemfira xanım buradakı iştirakını həyatının ən önəmli məqamlarından biri sayır. 

 

Zemfira Qafarova indi də əsl gənclik eşqi ilə elmi - pedaqoji və musiqi-ictimai fəaliyyətini üzvi şəkildə uzlaşdırır. O, Bakı Musiqi Akademiyasının professoru kimi "Musiqi tarixi" kafedrasında mühazirələr oxuyur, elmi işlərə rəhbərlik edir. Gördüyü böyük işlərin nəticəsidir ki, bəstəkar və musiqişünasların 2012-ci ildə baş tutmuş sonuncu - IX qurultayında o, Bəstəkarlar İttifaqının katibi seçilmişdir. Onun təşəbbüsü ilə həyata keçmiş çoxsaylı layihələr arasında birini xüsusilə önə çəkmək istərdim. Bu, son illərdə bir sıra bəstəkar və musiqişünaslarımıza həsr olunmuş silsilə kitabçaların işıq üzü görməsidir. Məhz Zemfira xanımın səyi nəticəsində musiqişünaslarımız tərəfindən qələmə alınmış bu yığcam tədqiqatlar nəfis şəkildə nəşr olunmuş və ictimaiyyətə çatdırılmışdır.

 

Əziz müəllimimiz, gözəl alim və ləyaqətli insan Zemfira xanım Qafarova indi həyatının müdriklik çağını yaşayır. Onun şərəfli ziyalı peşəsini - insanlara "qəlbin dili" olan musiqinin sirlərini açmaq missiyasını nəinki Azərbaycanda, habelə ondan uzaqda yaşayan çoxsaylı tələbələri əzmlə davam etdirirlər. Böyük hörmətə və sevgiyə layiq müəllimimizi bu əziz gündə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və çoxşaxəli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 

525-ci qəzet.-2017.-22 noyabr.-S.7.