Bir damla
mürəkkəb bir milyon
insanı düşündürə bilər
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, publisist Hüseyn Əsgərovun "Biz necə mütaliə
edirik" (Əcəmi Nəşriyyat Poliqrafiya Birliyi, 2017-ci il) kitabını, adətim üzrə, bir neçə dəfə vərəqlədim.
Bazar günü
isə görməyi planlaşdırdığım işləri təxirə
salmaqdan özümü
saxlaya bilmədim. Kitaba daxil
olunan yazıların əksəriyyəti cari ildə "525-ci qəzet"də
dərc edildiyindən
yeni çap məhsulu haqqında oxucu rəyimi də məhz bu qəzetə göndərməyi qərara
aldım.
Əvvəla, "525-ci qəzet"in kollektivini səmimi qəlbdən təbrik edir, hər bir əməkdaşına
cansağlığı arzulayıram. Bu qəzet öz səhifələrində təkcə
paytaxtda deyil, əyalətdə yaşayan
qələm əhlinə
də yer verdiyindən daha kütləvi, geniş auditoriyalı, ziyalı tribunasıdır. Bu tribunada yer verilən
yaradıcı ziyalılardan
biri də Naxçıvanda yaşayan
yazıçı-publisist Hüseyn
Əsgərovdur. Onu yaxından
tanıyanlar, sözün
həqiqi mənasında,
bu ziyalı insanın mütaliəsinə
yaxından bələddirlər.
Yaşının altmışıncı baharında da kitab, mütaliə onun ən yaxın
yol yoldaşıdır.
Bunu bildiyimdən əlimə keçən yeni kitabına bu adı verdiyi üçün təəccüblənmədim.
Elə həmin yazıdan da öz yazıma başlıq çıxardım:
Bir damla mürəkkəb bir milyon insanı düşündürə bilər.
Bu həqiqəti yüz
dəfələrlə yaşamışam,
yaşayanların söhbətləri
ilə bu həqiqətin doğruluğuna inanmışam...
Həssas oxucu duymamış deyil ki, bu
bir damla mürəkkəbin arxasında
İlahi söz dayanır. İçimizin duyğularını, düşüncələrini ifadə
edən söz o mürəkkəblə yazılır.
Bir qədər obrazlı desək, bir milyon insanı düşündürə bilən
bir damcı mürəkkəb sözün
şəklidir. Hüseyn Əsgərovun
yaradıcılığından keçən başlıca
xətt onun bu sözə çox həssaslıqla və ehtiramla yanaşmasıdır. Bu da Hüseyn müəllimin qələmə
aldığı istər
sənədli, istər
bədii yazılarının
dəyərini artıran
başlıca amildir.
Elə bu kitabda onun "Minimum söz, maksimum məna" adlı yazısında müəllifin
sözə münasibətini
hiss etmək çətin
deyil: "Sözün
düzü, bu yazıda az sözlə dərin məna kəsb edən ədəbi nümunələrdən bəhs
etmək, onları
roman oxumağa vaxtları
olmayan oxucularla paylaşmaq istəyirdim. Amma sözə ehya vermək cəhdimdə söz sözü gətirdi, arşın bezi. Ən əvvəl söz
haqqında söz demək zərurəti yarandı. Nə etməli, mətləbə
keçmək üçün
gərək ənənəyə
hörmət edəsən".
Kitab boyu müəllifin bu ənənəyə böyük
hörmətini görürük. Hüseyn Əsgərovun
publisistikası və
tərcümələri toplanılan
yeni kitabının publisistika bölməsindəki
yazıların özləri
müxtəlif janrlardadır.
Müəllif qələmə aldığı bu yazılarda sözə ehtiramını qoruyub saxlaya bilib.
Müəllifin gəldiyi iki qənaəti oxuculara təqdim edirəm:
"Saç ağartdım söz yolunda", - deyən Məmməd Araz Molla Pənah
Vaqifə istinad edərək deyir:
Sözü ayaqlara atmadığından,
Özü vəzir oldu, sözü şah oldu.
"Yıxın məni söz atından kəsmir əgər söz qılıncım", - deyən şair sözdən söz kimi istifadə etməyənlərə, poeziya
adlı kəhkəşanda
müqəddəsliyə başqa
prizmadan yanaşanlara sözünü deməyi
özünün borcu
sayır. Burada şairin həm
də doğma ana dilimizə, onun söz adlı
dünyasına sonsuz məhəbbəti bir daha təsdiqlənir.
Bu sözdü-dərddi, qəhərdi,
Sonu işıqdı, səhərdi,
Atdı,
cilovdu, yəhərdi,
Söznən zarafat eyləmə!
Ədəbiyyatımızın korifey və əvəzolunmaz sənətkarı
Mirzə Cəlilin çoxşaxəli yaradıcılığından
bəhs edərkən
"ədəbiyyatda kiçik
adamlar və ya surətlər" ifadəsi ilə tez-tez rastlaşırıq. Bu da onunla bağlıdır
ki, o adamlar və ya surətlər
öz daxili aləmləri, həyata fərdi baxışları,
danışıq tərzləri,
dilimizin bazisinə söykənən ifadə
tərzləri ilə
təqdim olunurlar, hər birimizə təbii ovqat aşılayırlar. Hüseyn Əsgərov
da o adamlardan böyük məhəbbətlə
bəhs edir. Sonra isə müəllifin mütaliə coğrafiyasının
genişliyinə düşürük.
Həmin
o kiçik adamları
dünya yazıçılarının
əsərlərində görürük.
Diqqətimizi cəlb edən
onların kiçik bir deyimlə (sözlə) böyük məna kəsb edən ifadələri olur.
"Kiçik adam" obrazları böyük ədəbi uğurların
açarı kimi"
adlı yazısında
Hüseyn Əsgərov
dünyaca məşhur
söz ustaları Mirzə Cəlillə yanaşı, Luçiano Vincenzoninin, Mario Rüzonun,
Quentin Tarantinonun, Fransua
Rablenin, Mark Tvenin, Aligeyri Dantenin və başqalarının
əsərlərini təhlil
obyektinə çevirir.
Gəldiyi qənaətlərlə, biz də inanırıq ki, oxucular da
razılaşacaq. Çünki həmin "kiçik adamlar" "kiçik"
olsalar da, sözləri böyük
məna tutumuna malikdir.
Bu bölmədə işıq
üzü görmüş,
"İstiqlal qığılcımları",
"Ekran arxasındakı
adam", "Füzuli
təbib kimi",
"Metroda ehtiyatlı
olun", "Atla müalicə-hippoterapiya", "Əlahəzrət yalan -
o, nə vaxt müqəddəsləşir?" və başqa yazılar mövzulara baxış nöqteyi-nəzərindən
öz fərdi məqamları ilə diqqət çəkir. Müəllif həmin fərdi
məqamları ümumiləşdirərək
oxucunu özü ilə həmfikir edə, düşündürə
bilir. Yazıların
ədəbi siqlətini
gücləndirən bir
məsələni də
hörmətli oxucuların
diqqətinə çatdırmaq
istəyirəm: Bu yazılarda
Hüseyn Əsgərovun
həyat hadisələrinə,
çoxları üçün
adi görünən məqamlara güclü duyğu və həssas münasibəti oxucunun yadına tez-tez rastlaşdıqları
situasiyaları salır;
həmin situasiyalara, adətən, biganə münasibət göstərməyimizi
və ya lazım olmayan prizmalardan yanaşmağımızı
ortaya qoyur.
Hüseyn müəllim uzun illərdir ki, həm də tərcüməçiliklə məşğuldur. Tərcümələrində müəllifin dilimizin
zəngin çalar ehtiyatından ustalıqla istifadə etdiyi göz qabağındadır.
Dünya ədəbiyyatının
tanınmış nümayəndələri
Mark Tvendən, Əziz
Nesindən, Anton Pavloviç
Çexovdan, Mixail Zadornovdan, Efraim Kişondan və başqalarından etdiyi tərcümələri oxuyarkən
düşünürsən ki, həmin yaradıcılıq nümunələri
doğma dilimizdə yazılıb. Belə demək daha dəqiq olar: Hüseyn Əsgərov tərcümə etdiyi əsərləri "özümüzünküləşdirib".
Təbii
ki, bu da
müəllifin sözə
munis münasibətinin
ifadəsi, tərcüməyə
ciddi yanaşmasının
göstəricisidir, dilimizin
zənginliyinin təsdiqidir.
Hüseyn Əsgərovun "Biz necə
mütaliə edirik"
kitabının ərsəyə
gəlməsində bir
amili xüsusi vurğulamağa ehtiyac duyuruq. Yuxarıda bəhs etdiyimiz
"Biz necə mütaliə
edirik" yazısı
kitabın qayəsini açır. Müəllif
yazır: "Bu yerdə Naxçıvan
Muxtar Respublikası Ali Məclisi Sədrinin
2017-ci il avqustun 28-də "Oxunması zəruri olan kitablar haqqında" Sərəncamını
son illər
ədəbiyyat adına
atılmış ən
dəyərli addım, kitab mütaliəsinin təşviqində
görülmüş ən
mühüm iş hesab edirəm. Əslində, bu cür qərarların verilməsi təbiidir, ancaq nadir hallarda gördüyümüz üçün
bəzilərində "mifik
olay
" təsviri yaradır.
Hazırda kitaba laqeydliyi,
şablon ədəbiyyata
sevgini göz önünə alsaq, bir çox ciddi əsərlərin bu formada oxudulmasını
dəstəkləyirəm. Yoxsa başqa cür düzələnə oxşamır.
Yalnız mütaliəli
toplum cinayətdən,
vəhşilikdən uzaq
olur və ailəsinə, ölkəsinə
dünyaya faydalı biri kimi yetişir.
Nəhayət, gözlər
smartfonlardan çəkilib
kitablara dikilməlidir.
Nəhayət, gənclər kitab
seçimində müəyyən
vərdişə nail olmalıdır.
Çünki insan xarakterində
bir sıra digər davranışlar kimi, mütaliə də vərdişdir.
Yəni işlənməyən
kotan paslandığı
kimi, mütaliə etməyən beyin də
işləkliyini itirir.
Bu mənada gənclər
üçün zəruri
olan otuz ədəbiyyatın müəyyənləşdirilməsi,
fikrimizcə, mütaliə
vərdişinin yaranması
üçün yetərlidir.
Tövsiyə olunan kitablar tariximiz, mədəniyyətimiz və
milli kimliyimiz haqqında dolğun məlumat verir, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün
artırılmasına xidmət
edir".
Son söz. Sözlə başladıq, mütaliə ilə qurtarırıq. Çünki sözə ehtiramı ancaq mütaliə ilə formalaşdırmaq olar. Hüseyn Əsgərovun bu kitabı da mütaliəyə doğma münasibət göstərməyin vacibliyini ortaya qoyur.
Muxtar MƏMMƏDOV
525-ci qəzet.-2017.-22 noyabr.-S.8.