Yaddaşımın küncündə bu
anlar da yaşayır...
Şakir YAQUBOV
Dostlardan danışarkən iki nəfəri xüsusi
qeyd etməliyəm.
Yaşına və başına görə
şair-publisist Tofiq Abdinin adını birinci çəkirəm.
Onunla
tanışlığım və sonradan yaranan ailəvi
dostluğumuz vaxt hesabıyla 75-ci ilin yayından
başlayır: "Azərbaycan gəncləri"ndə
işdən sonra "Baksovet" məhəlləsindən
ayaqlarımızı sürüyə-sürüyə
getdiyimiz yerlər, adətən, pivəxanalar olardı.
O vaxt
Bakıda sırf pivəxanalar çox az
idi, ona görə də biz suyun az, əsl pivəninsə
kifayət qədər çox verildiyi ünvanları axtarmaq
məcburiyyətində qalırdıq.
Biz deyəndə
mən o vaxtlar üçün nisbətən cavan olan iş
yoldaşlarımızı - Qiyas Rəhimovu, Möhbəddin Səmədi,
Yusif İsmayılovu, Aslan Kəmərlini, özü az içən, lakin içirtməyi
xoşlayan Ağaqulu Niftəliyevi və başqalarını
nəzərdə tuturam.
"Və başqaları" da həmin saatlarda
rastımıza çıxan şair və
yazıçılarımız olardı.
Keçmiş
"Semaşko xəstəxanası"nın arxasında,
"morq"un
yaxınlığındakı pivəxanada tanış
olduğum peşəkarlardan biri Tofiq Abdin idi. Tofiq
onda "Qobustan" jurnalında işləyirdi, təxminən
35 yaşı olsa da, hələ evlənməmişdi, elə
o pivəxana tərəflərdə kirayədə
qalırdı. Onunla sözümüz tutdu və bu
münasibət təxminən 40 il davam elədi.
Dəhşətli dərəcədə istiqanlı,
xoşqılıq adam idi.
Sonralar metronun "Qara Qarayev" stansiyası
yaxınlığında yaşadığı 9 mərtəbəli
evin sonuncu mərtəbəsindəki mənzilindən
80-90-cı illərdə qonaq-qara əskik olmazdı. "Jiquli"si vardı, səhər
saat 10-da, 11-də evdən çıxar və Aktyor evinə -
iş yerinə qədərki yolda, indiki dillə desək,
"taksavatlıq" edər, qabağına çıxan
adamları mənzil başına çatdırardı.
Axşama ən yaxşı halda on manatla evə qayıdar, onu
da rastına çıxanların qarnına tökərdi...
Dəhşətli
dərəcədə romantik adam idi və
elə güman edirdi ki, bütün dünya elə bu
cürdür. Məhz bu düşüncəylə rus mətbuatından
oxuduğu yazı qəhrəmanlarının iziylə
axtarışa çıxar, Ukraynaya, o vaxtkı Belorusiyaya və
hətta... Bolqarıstana getməkdən çəkinməzdi.
Abbas Abdulla 1993-cü ildə Azərbaycanın
İstanbulda konsulu təyin edilərkən Tofiqin həyat
yoldaşını mühasib sifəti ilə işə
götürmüşdü və bu hesaba Tofiq də illərlə
həsrətində olduğu Türkiyəni görmək,
orada yaşamaq fürsəti əldə etmişdi. 2001-ci ilin erkən
yazında Türkiyədən Vətənə dönəndə
buradakı köhnə tanış-dostlarının hərəsinin
başı bir problemə qarışdığı
üçün daha əvvəlkitək yemək-içmək
məclisləri düzəltməyin
mümkünsüzlüyünü görüb oğlu
yaşında olan "təzə modernistlər"ə qucaq
açmışdı - gününün çox hissəsini
onlarla keçirirdi.
Romantikliyi
bir yana, daxilən həm də
qiyamçı adam idi və buna görə o dövrün
yazılmamış qaydalarına görə bütün
"prezidiumlar" və mükafatlar ondan uzaq
qaçırdı. O isə bunu özünə dərd edib
yazılı və şifahi şəkildə harda gəldi bəyan
edirdi...
İlk mükafatı - "Səhər"
mükafatını ona biz verdik, adı mükafat idi -
altında heç nə yoxudu.
2002-ci ildə
hansısa yaradıcılıq uğuruna görə xalq
şairi Rəsul Rza adına beynəlxalq ədəbiyyat
mükafatını aldı.
2010-cu ildə
isə həqiqi mükafata - Azərbaycan Respublikasının
"Əməkdar mədəniyyət işçisi" fəxri
adına layiq görüldü.
Eşitmişdim ki, bu mükafatı almağa onu
"525-ci qəzet", daha doğrusu, qəzetin baş
redaktoru Rəşad Məcid təqdim eləyib. Bunu dəqiqləşdirmək
üçün yaxınlarda telefonla Rəşada müraciət
elədim.
Sorğuma
onun yazılı cavabı belə oldu: "Tofiq Abdini qiyabi
olaraq lap çoxdan tanıyırdım. Hələ
özüylə tanış olmazdan əvvəl
"Qobustan" jurnalından yazılarını oxumuşdum.
Amma şəxsi tanışlığım Tərcümə
Mərkəzində oldu. O zaman Tərcümə Mərkəzi
hələ yeni yaranmışdı və onu Mais Əlizadə
(filologiya elmləri namizədi - Ş.Y.) ilə birgə orda
gördüm. O vaxtdan yadımda qalan hündürdən,
hay-küylü danışığı və əlində
maşın açarını fırlatması,
cavansayağı geyimi olmuşdu.
Sonrakı illər o, Türkiyəyə getdi və əlaqələrimiz
kəsildi. Amma elə Türkiyədən "525-ci qəzet"ə
yazılar göndərirdi, "Oralarda kimlər var" silsiləsini
aparırdı.
İlk vaxtlar türk sənətçilərindən,
musiqiçilərindən, ədəbi mühitindən
yazırdı.
Türkiyə səfərlərimdən birində
Tofiqlə İstanbulda görüşdük. O, Asiya səmtində
qalırdı və yadımdadır ki, mən ilk dəfə
məhz Tofiqlə gəmi ilə - türklərdə deyildiyi
kimi, vapurla Avropa tərəfdən Asiya tərəfə
keçdim. Ailəsi ilə tanış
oldum, gecə də onun evində qaldım (Buradaca deyim ki, bu,
hökumətin büdcəsi hesabına İstanbul
konsulluğunun əməkdaşları üçün kirayələnmiş
bir ev idi və işçilərin hərəsi 4-5 otaqdan ibarət
bir mərtəbədə yerləşirdi. Mən
də həyat yoldaşım və indi özü də
diplomat olan kiçik qızım Aysellə Tofiqgilin həmin mənzilində
qalmışıq. Hətta qızım yoldaşımla
bir neçə dəfə! - Ş.Y.)".
Rəşad
daha sonra yazırdı: "Tofiq Abdin çox maraqlı adam idi, müxtəlif adamlar haqda orijinal fikirləri
vardı. Türkiyədən qayıdandan sonra qəzetimizlə
əməkdaşlığını davam etdirdi.
O da
yadımdan çıxmır ki, qayıdıb gələndən
sonra "525-ci qəzet"in 15-20 işçisinə
qonaqlıq verdi və mən onu xərcə
salmamaq üçün hesabı ödəmək istəsəm
də, buna qəti razı olmadı. Onun bu hərəkəti
mənim yadımda çox böyük comərdlik kimi
qalıb.
Tofiqlə hərdən zarafatlarım da olurdu. Bəzən
yarızarafat gileylənirdi ki, "525" mənim 23
yazımı çap etməyib. Hansısa
səbəbdən çap eləmədiyimiz yazılarını
saymışdı. Ona görə mən "Bəs
neçə yazınızı çap eləmişik?"
soruşanda çox böyük rəqəm deyirdi, məsələn,
182... Bunu eşidənlər gülürdülər,
çünki çap olunan yazıları hədsiz çox
idi.
Tofiq Abdin Anar müəllimlə birgə
"Qobustan" toplusunda işləmişdi. Türkiyədən
qayıdandan sonra Anar müəllim onu "Ulduz"
jurnalına işə götürdü. Anar
müəllimin ona çox həssas münasibətini
görmüşəm hər zaman. Hətta bir ara "Qobustan"ın baş redaktoru vəzifəsini
də ona təklif etmişdi. Amma yəqin ki,
Tofiq artıq sakit, rahat həyat istəyirdi, ona görə
razılaşmadı.
2010-cu ildə Azərbaycan Jurnalistikası Günü ərəfəsində
KİV işçilərinə fəxri adların verilməsi
məsələsi aktuallaşmışdı. Mən Tofiqin
çoxillik fəaliyyətinə, mütəmadi
çalışmasına görə onun fəxri ada təqdim
olunması məsələsini qaldırdım. O vaxt
Tofiq "Xəzər" jurnalının əməkdaşı
idi. Tərcümə Mərkəzinin sədri
Afaq Məsudla məsləhətləşdik ki, onun
haqqında təqdimat yazsın. Beləcə Tofiq
"Əməkdar mədəniyyət işçisi" fəxri
adına layiq görüldü. Buna çox sevinirdi, hər yerdə
danışırdı bu haqda.
Tofiq bir müddət Türkiyədə
yaşadığına görə bizim mühitin bəzi incəliklərini
bilmirdi.
İndi təbəssümlə xatırladığım
sözləri, fikirləri var. Biri yadımdadır ki, o zaman
televiziyalardan birində "Media və mən" verilişi
vardı, Tofiqlə məni qonaq
çağırmışdılar ora. Amma o
zaman qəzetimizin bir əməkdaşı televiziyaları
ardıcıl tənqid etdiyinə görə TV rəhbərləri
ilə münasibətimiz pozulmuşdu. Mən
nədənsə şübhələndim ki, o süjeti efirə
verməyəcəklər. Çünki ola
bilsin, çəkilişdən rəhbərliyin xəbəri
olmayıb, amma sonra biləndə ki, mənəm qonaq,
qoymayacaqdılar. Tofiq isə bütün qohum-əqrəbasına
xəbər etmişdi ki, baxsınlar verilişə... Mən təbəssümlə "Tələsmə,
bəlkə heç efirə getmədi süjet" - deyəndə
inanmadı, təəccübləndi.
Amma sonra, doğrudan da, mən dediyim kimi oldu, süjeti
efirə vermədilər. Və bu, Tofiqi çox heyrətləndirmişdi,
mənə "Axı bunu necə bildin?" deyirdi...
Son illərdə Tərcümə Mərkəzində
işləyirdi. Qəzetin də redaksiyası mərkəzin
birinci mərtəbəsində idi. Ordan
düşüb gəlirdi redaksiyaya və hər gəlişi
özünəməxsus - hay-küylü olurdu.
Dostlarını
bir-biri ilə tanış etmək xasiyyəti
də vardı. Yazıçı və son dərəcə
maraqlı adam Aslan Qəhrəmanovla məni
məhz Tofiq tanış etmişdi. Allah hər
ikisinə rəhmət eləsin, çox duzlu, məzəli
adamlar idilər. Bəzən Tofiq müəllim
yazılarında qəribə priyomlar işlədirdi. Məsələn, yazının ortasında
"gedim çay qoyum" yazırdı. Bir-iki
abzasdan sonra "çaydan qaynadı, gedim
götürüm" yazırdı. Bizim
də redaktorlar bu cümlələri çıxarmaq istəyəndə
etiraz edirdi. Soruşurduq axı buna nə
ehtiyac var, sübut etməyə çalışırdı
ki, qalmalıdır. Sonralar bunun
üstündən keçirdik, çünki hər nəydisə,
üslubu belədir.
Bəzən
sadəlövh işləri də olurdu, uşaq kimiydi az qala. Bir dəfə "Ədalət"in
baş redaktoru İradə Tuncay ona Əlağa
Kürçaylının yubileyi ilə bağlı yazı
tapşırmışdı, Tofiq də elə şeyləri
yazmışdı ki, Kürçaylının
uşaqları çox ciddi etiraz eləmişdilər
yazıya. Yəni guya yubiley yazısı yazıb, amma
tamam yubilyarın əleyhinə... O vaxt, yadımdadır,
etirazları görəndə heç tam anlamırdı ki,
yazısında yanlış olan nədir. Yəni
o qədər uşaq təbiətliydi.
Atamla tez-tez telefonla danışırdı. Bir dəfə
"qocalıram" deyib gileylənmişdi, atam da ona
"Qocalmaq xoşbəxtlikdir, hər adama nəsib olmur" deyəndə
çaşıb qalmışdı Tofiq. Amma sonra atam
izah edəndə, deyəndə ki, axı hər adam o yaşa çatmır, qocalıq
yaşına çatmaq da səadətdir, çox təsirlənmişdi
bu fikirdən".
Rəşad
Məcid xatirələrini belə
yekunlaşdırmışdı: "...Tofiqin
ölümü qəfil oldu. Bir neçə günün
içində, əvvəl elə bilirdilər zəhərlənib,
sonra məlum oldu ki, infarkt imiş. Ölümü
hamımıza çox pis təsir etdi. Çünki
o, 74 yaşında da cavan ruhlu idi, geyimi də,
davranışı da cavanlarsayağı idi. Elə bilirdik 80-90 yaşında da belə olacaq.
Onun ölümü Yazıçılar Birliyində də
hər kəsə, xüsusən Anar müəllimə
ağır təsir etmişdi. Ədəbi mühitin
bir sıra nümayəndələri ilə bərabər
Tofiq Abdinin dəfn mərasiminə qatıldıq. Məzarı başında çıxış edərək
Tofiqin şəxsiyyəti, yaradıcılığı barədə
fikirlərimizi bölüşdük. Sonra
isə Yazıçılar Birliyinin rəhbərliyi olaraq
hamılıqla onun yas məclislərində iştirak elədik.
Tofiq Abdin çox işıqlı insan kimi, isti xatirələrlə
qalıb mənim yaddaşımda. Allah ona rəhmət
eləsin!"
Tofiqin bir
insan və dost kimi qəribəlikləri mənim təki hər
şeyə vasvasılıqla, ciddiyyətlə yanaşan bir
adamı heç açmırdı. Mən bunu
onun 70 yaşı münasibətilə 2011-ci ilin
sentyabrında yazdığım şəxsi - arxiv məktubunda,
zənnimcə, kifayət qədər aydın və bir qədər
də sərt şəkildə ifadə etmişdim. Ancaq o, heç nəyə məhəl qoymadan onu
"525-ci qəzet"də dərc etdirmişdi.
Budur həmin
məktub: "Yadlar gəlib doğma olur, yaxın olur... Səni
deyə bilmərəm, mənimsə ən çox istəmədiyim
məhz buydu!
Ancaq nə edəsən, həyatın gərdişinə
nə deyəsən? Yəqin elə bu cür lazım imiş.
Bütün həyatımı, sağlamlığımı,
xeyli mənada həm də ailə rahatlığımı
qurban verdiyim Azərbaycan mətbuatında tam ARTIQ bir kəs
olduğunu dərk və qəbul etmək necə də
ağır imiş (amma o qədər də çətin
deyilmiş) - dost yox, həmdəm yox, heç adicə salam verən də... Çünki yadlar gəlib
doğma olub, yaxın olub...
Sən Türkiyədən ötrü sinov gedirdin. Türkiyəyə
getdin və məni itirdin. Mənim əvəzimə
"qazandıqların" isə mən olmadılar sənin
üçün. 1993-dən bəri həmin
kəsləri göz önünə gətirməyə
çalışır, lakin heç birinin simasını gözlərində
tutub saxlaya bilmirəm.
Yadıma oğlun Mətinin gərək ki, 97-nin, yox...
98-in yayında rəhmətlik Adilin otağına gəlib
yazı gətirdiyimi, yoxsa qonorar aldığımı
düşür. Balaca, cəmi 5-6 kvadratmetrlik otaqda Adillə
üz-üzə oturub dərdləşirdik.
Mətin içəri girdi, Adil ayağa qalxıb onu
qarşıladı, ayrı bir stulda oturtdu, hal-əhval
tuta-tuta ya yazını qəbul etdi, ya da siyirməsinin
gözündə gizlətdiyi qonorarı çıxarıb
sayaraq ona uzatdı və "Tofiqə salam de" - söyləyərək
xudahafizləşdi. Bütün bu proses boyu Şakir Yaqubov adlı birisi
sanki heç orda yox imiş...
Xeyli sonra - yəqin ki, 2000-ci ildə, Adil sənin barədə
"525"də yazanda mən bunu "kstati" ona
xatırlatdım. Tutuldu. Qızardı və
...səhv etdiyini söylədi. Ona elə gəlibmiş
ki, Mətinlə mən öncə görüşmüşük...
Bu mənə
yaxşı zərbə oldu!
Biz səninlə canbir qəlb deyildik (Bunu yazdım və
94-ün yanvarında İstanbulda, axşam süfrə
başında iqtidarlara görə mübahisə etdiyimizi və
hətta o qış gecəsində mənzilini tərk etməyə
hazır olduğumu söylədiyim yadıma düşdü),
amma eyni zamanda da - yaş fərqinə baxmayaraq - biz bir-birimiz
üçün dostdan artıq idik. Bütün umu-küsüləri
bir kənara qoyub elə həmin "Panorama"da sənin
haqqında, şeirlərin barədə, kiçik də olsa,
yazı dərc etdirdiyimi, Türkiyə qəzetlərindən
şeirlərini toplayıb ana dilimizə çevirərək
"Azərbaycan" jurnalında çap etdirdiyimi yəqin
kor və kar tarix yaxşı bilir.
Hələ
mən sovet illərində "Bəşir Səfəroğlu"
kitabın barədə "Gənclər"dəki
"resenziya əvəzi"ni demirəm...
Yeri gəlmişkən, "Bəşir Səfəroğlu"
kitabı, daha doğrusu, bu kitabın adı barədə 5-6
il öncə də nəsə yazmaq istəyirdim -
yaddaşın vəfasızlığı və ya Tofiq
Abdinin hədsiz yazar sərbəstliyi barədə: Afaq Bəşirqızının
Moskvada atasına gecə keçirməsi və səni ora dəvət
etməməsi ilə bağlı bir yazı idi və sən
yana-yana aktyor haqqında hələ sovet illərində nə
zillətlə "Günlər Bəşirsiz keçir"
(???) adlı kitab yazmağından söz açırdın,
qəzetdə isə üz qabığında kitabın
adının "Bəşir Səfəroğlu"
olduğu açıq-aydın görünürdü...
Buna ruslar
"zakon podlosti" deyirlər (Yeri gəlmişkən, sizin
Mətbuat Şuranızın sədri isə bir az da irəli gedərək, kitabı
"Günlər keçir Bəşirsiz"
adlandırıb).
Mənim
üçün şair-publisist (başqa heç kim!) Tofiq Abdin elə budur: "Bəşir Səfəroğlu",
"Etüd" - Pərviz Rüstəmbəyov, "Lili
İvanovanın barmaqları", "Atama məktublar" -
"...Burda adamların özü heç nədir // Burda
familiyalar iş görür, atam!", "Bu Şuşa o qədər
ucadadır ki..." və "Kim nə deyirsə-desin, Tofiq
Zeynalov çox AYIQ sənətkardır"...
Və bir
də 8-ci kilometrdəki doqquzmərtəbənin 9-cu mərtəbəsi:
"Oturmuşam eyvanda // Ayaqlarımı sallamışam
günəşə..."
Bütün
bunların müqabilində mən "Əməkdar
jurnalist" deyiləm, sadəcə, sənin kimi "Əməkdar
mədəniyyət işçisi"yəm...
BÖYÜK
OĞLAN OLASAN, Tofiq MƏHƏRRƏMOĞLU!..
İmza:
elə həmin Şakir...
P.S. Bu məktub əsla çap üçün deyildir!!! (3 nida!)
T.ABDİNİN QEYDİ: "Hörmətli redaktor! Sizin də gözəl tanıdığınız ustad qələm sahibi Şakir Yaqubov bu yazını mənim e-mailimə göndərmişdi. Mən yazını oxudum, belə bir yazının təkcə arxivdə qalması insafdan deyildi. Yalnız mənim haqqımda olduğuna görə yox, həm də ustad bir yazarın iç ağrıdan qeydləri məni həqiqətən sarsıtdı və mən ondan xahiş elədim ki, icazə versin, yazını çap etdirim. İnad elədi, amma nə fikirləşdisə, bir neçə saat sonra telefon açdı ki, necə bilirsənsə elə.
Bir daha dostum və gözəl publisist Şakir Yaqubova təşəkkürümü bildirir, - Əllərin var olsun, - deyirəm. Ona cansağlığı arzu edirəm".
... Bir ona təəssüflənirəm ki, unudulmaz dostumla səhhətimin ucbatından vidalaşa bilmədim...
525-ci qəzet.-2017.-22 noyabr.-S.8.