Qənbər Şəmşiroğlunun şeirləri

 

EYLƏR, EYLƏR

 

Yaxşı münasibət, yaxşı qonşuluq

Həmişə üzünü eylər, eylər.

Pis danışıq, pis hərəkət, pis adət

Təmiz ürəkləri dağ eylər, eylər.

 

Yaman arvad, yaman övlad, yaman qız,

Daim yaramıza bağlayacaq duz,

İgidsənsə bu işlərə dayan, döz,

Qəmlər ürəyində çağ eylər, eylər.

 

Əvvəldən qismətin gətirsə əgər,

Yaxşı münasibət dünyaya dəyər.

Layiqlilər bostanına gül əkər,

Əl qoysa kolluğu bağ eylər, eylər.

 

GÖRMƏDİK

 

İnanın, qardaşlarım,

Bu il burda dağ görmədik.

Qatıq-qaymaq yoxa çıxdı,

əməlli yağ görmədik.

 

Başa düşmədik işdi,

Qəflətən bir tufan keçdi,

Elə güclü dolu düşdü,

Bircə meyvə sağ görmədik.

 

Yavaş-yavaş səpələdi,

Sonra bərk külək elədi,

Hər vaxtdakı tək elədi,

bostan, bağ görmədik.

 

Heç kəs əsirgəmir varın,

Nazikbədən, yekəqarın,

Yeyib-içən qonaqların

Damağını çağ görmədik.

 

Üz tutduqsa hansı yana

Geri döndük yana-yana.

Yaxınlaşdıq bir çobana,

Bircə qoyun sağ görmədik.

 

Hərdən qalxardıq Kəpəzə,

Deyib-gülə, gəzə-gəzə.

Yığışıb edərdik məzə,

Bir yol yığıncaq görmədik.

 

Avqust, 2017

 

ŞƏMŞİRİN OCAĞINDAYAM

 

Dostuma məktub

 

Narahat olmağa dəyərmi, qardaş?!

Bilirəm ömrümün çağındayam.

Dağlardan enmişəm, yoxdu zirvələr,

Dünyanın adi bir bucağındayam.

 

Hər kəsin özünün təmənnası var,

Quşların qonmağa öz yuvası var,

Şikayət etməyin mənası var,

Anamız torpağın qucağındayam.

 

Elələri var ki, məni güdüllər,

Bəziləri baxıb qibtə edillər,

Hələ ki, nəfəsim gəlir, şükürlər,

Qənbərəm, Şəmşirin ocağındayam.

 

NƏ ETMƏK OLAR

 

Çalışıb cəhd etsən gecə gündüz,

Dost söz eşitməsə, etmək olar.

Layiqli şum edib qovurqa çəksən,

Dənə bitməsə, etmək olar.

 

Özü yaxşı bilir bizi Yaradan,

Kimə nəyi göndərəcək haradan.

Xoş nəğmə gözləsən qara qarğadan

Bülbül tək ötməsə, etmək olar.

 

Olsa da uğurun, xoş günlü çağın,

Haq tərəfdən yanmalıdır ocağın.

Qarşısına löhrəm çıxan ulağın

B ir addım getməsə, etmək olar.

 

Daim yaxşılığa can atan insan,

Bilməzsən pisliklər gələcək hardan.

Sırtılıb, sürtülüb, tərpənməz şeytan,

Yox olub itməsə, etmək olar.

 

ÇOXDAN BİLİRƏM

 

Özünü dost deyib atma ortaya,

Sən necə dostsansa, çoxdan bilirəm.

Səs salma ki, hər gəlir əlindən,

Alovsan, odsansa, çoxdan bilirəm.

 

Yeri gəlsə, söyləyirsən qohumuq,

Uzun müddət bir məsləkdə olmuşuq,

Çoxlarını yorub yolda qoymuşuq,

Qohumsan, yadsansa, çoxdan bilirəm.

 

Getmək istədiyin yerdən gəlirəm,

Ad-sanını dəftərimdən silirəm,

Demə ki, hər şeyi yaxşı bilirəm,

Necə insansa, çoxdan bilirəm.

 

YAXŞIDI

 

Tanımadan adamlara pis demə,

Hamı pis olmaz ki, kimsə yaxşıdı.

Bəzisini başa salmaq çətindi,

Hər kəs əməlini bilsə yaxşıdı.

 

Adam var, şad olur pis tutanda,

Danışaraq ayaq üstə yatanda,

Dəryalarda gəmiləri batanda,

Qeyrətlə köməyə gəlsə yaxşıdı.

 

Çoxdu pula qeyrətini satanlar,

Əyri yolla məqsədinə çatanlar,

Mərdiməzar, aralığı qatanlar,

Belələri lap tez ölsə yaxşıdı.

 

DÜNYA ÖZÜ ƏLƏKDİ

 

Dedim sənə, gedəcəyik dünyadan,

Niyə küsdün, küsmək nəyə gərəkdi?!

Bilməlisən, Yer üzünü büsbütün,

Dünya özü təmizləyən ələkdi.

 

Eləsi var, alda keçir şeytanı,

Səs-küyülə zəbt eləyir cahanı.

Yar-yaraşıq tez aldadır insanı,

Hamı deyir: bu ki, xalis mələkdi.

 

Söz verənin sözü doğru olmalı,

Deyilənlər qulağında qalmalı,

Gediriksə bir nişanə qalmalı,

Hər bir kəsə namus, qeyrət gərəkdi.

 

Yağış yağıb çökəklərdə göllənər,

Qurbağa da şükür edib dillənər,

Kətəyən payızda qopub hellənər,

Onu qovan küləkdi ki, küləkdi.

 

Getdiyi yoldaca yıxılır biri,

Ömrünü tərk edir, qalmayır diri,

Yaxşı bilməliyik biz bu sirri,

Bu işləri düzən, qoşan Fələkdi.

 

BİLİNMƏLİDİ

 

Əzəldən obada, eldə qayda var:

Kim kimdən küsdüyü bilinməlidi.

Pislik edən cəhd eləsə, edər,

Axırı pisliyi bilinmədimi.

 

Dastan deyib, kələk gəlmək fənd deyil

İşin sonu olacaq - bənd deyil,

Qılıncım Misridi: dönən, sərt deyil,

Qılıncın kəsdiyi bilinməlidi.

 

Xəlbirdən kiçikdi gözü ələyin,

Daş qum olmaz - dərk edənə qoy deyim,

Əsməklə işləri əyən küləyin

Hayandan əsdiyi bilinməlidi.

 

ELƏ GÖZƏLDİ

 

Gecə-gündüz cəhd elədi, çalışdı,

Axırı əlinə gəldi-gəldi.

Zalım oğlu dərk eləyib düşünmür,

Tutduğu əngəldi ki, əngəldi.

 

Gücü çatar-çatmaz elə saraşdı,

Söz eşitmədi, həddini aşdı.

Bərk ayaqda zingildəyərək qaçdı,

Qiymət alıb yüksəldikcə yüksəldi.

 

Gördük ki, bu adam dərsini aldı,

Hər yerdən qovdular ortada qaldı,

Əyri düzə elə bilir sualdı,

Elə yaraşıqlı, elə gözəldi.

 

AXI

 

Ay o taydan keçən xanım,

Mən bu tayda qaldım axı.

Səni dünən görən andan

Bil ki, heyran oldum axı.

 

Ətrafımız gül-çiçəkdi,

Üzün çiçəkdən göyçəkdi,

Dediyim düzdü, gerçəkdi,

Baxa-baxa öldüm, axı.

 

Boyun mərmərdən tökülüb,

Dilin şərbətə bükülüb,

Yanımda güllər əkilib,

Mən çiçəktək soldum axı.

 

GEDİR

 

Günümüzü yola saldıq,

Gün getsə ömür gedir.

Yüz yalvarsan "astaca get",

Bizə heç demir, gedir.

Gün dolanır, ömür gedir.

 

Biri minib arabaya,

Üz tutub bir xarabaya,

Özü bilmir hara gedir,

Düşünmür bahara gedir,

Gün dolanır, ömür gedir.

 

Görmürük getdiyi yolu,

Qaydalarla həyat dolu.

Güclüdür qanadı-qolu,

Hara gəldi cumur, gedir,

Gün dolanır, ömür gedir.

 

Səsi-küyü çox olanlar,

Dünyaya səda salanlar,

Hər kəsdən xərac alanlar,

Qəm-kədəri udur gedir.

Gün dolanır, ömür gedir,

Artıq bir söz demir gedir.

Gün dolanır, ömür gedir.

 

KƏSİLDİ

 

Axşam-sabah zəng edərdim həmişə,

oldu qəflətən ara kəsildi?!

Deyirdin bu dostluq çıxmaz yadımdan,

Bəlkə işin düşüb dara, kəsildi.

 

Aramızda xətir-hörmət var idi,

Sözümüz bir, məsləkimiz bir idi.

Aralığa hansı şeytan yeridi,

Ümidimiz ilk bahara kəsildi.

 

Olmuşuq aralı, olmuşuq uzaq,

Gəlib çatır mənə söz qalaq-qalaq.

Demişdin ki, eyni səmtə yol alaq,

Üzünü döndərdin hara, kəsildi?

 

525-ci qəzet 2017.- 23 noyabr.- S.8.