Ədəbiyyat
tarixçiliyi: universal akademizmdən akademik universaliyaya
AKADEMİK İSA
HƏBİBBƏYLİNİN "ƏDƏBİ
ŞƏXSİYYƏT VƏ ZAMAN" KİTABINDAN QAYNAQLANAN
DÜŞÜNCƏLƏR
Tehran ƏLİŞANOĞLU
(Əvvəli ötən
sayımızda)
Akademik
İsa Həbibbəyli Məmməd Səid Ordubadi haqqında
oçerkini "Böyük ədəbiyyat nəhəngi"
adlandırır və lap yaxınlaracan sovet
yazıçıları sırasında
andığımız ədibi dünya ədəbiyyatının
"nəhəng"lərindən biri - Lev Nikolayeviç
Tolstoyla yanaşı gətirməklə yenidən kəşf
edir: "Böyük Lev Tolstoy rus ədəbiyyatının
tarixində malik olduğu səviyyə etibarilə hansı yeri
tutursa, Məmməd Səid Ordubadi də Azərbaycan ədəbiyyatında
həmin mövqeyə sahibdir.
Məmməd
Səid Ordubadinin məşhur tarixi romanları, xüsusən
"Dumanlı Təbriz", "Qılınc və qələm"
özünün monumentallığına, əzəmətinə
görə, epoxanın eposunu yaratmaq xüsusiyyətlərinə
görə Lev Tolstoyun "Hərb və sülh"
romanı ilə müqayisə oluna bilər...".
Yaxud Xalq
şairi Səməd Vurğunun xalq arasında olan
"xalqın şairi" kultunu bir daha təsbit etməklə
("Xalq şairi Səməd Vurğun haqqında
söz"), daha bir - "Akademik Səməd Vurğun"
adlı geniş tədqiqatında İsa Həbibbəyli
şairi həmçinin, yeni
rakursdan - hərtərəfli humanitar biliyə malik fitrətən
alim kimi kəşf edir, AMEA-nın təsisçilərindən
biri olmasının heç də təsadüfi
olmadığını zəngin faktlar və məntiqi dəlillərlə
isbata yetirir: "Səməd Vurğun üçün ədəbiyyat
və elm cəmiyyəti irəli aparmağın, insanı
daha da inkişaf etdirməyin böyük vasitəsidir. Səməd Vurğunun elmdən qidalanan əsaslı
yazıçı sözü respublikada ədəbiyyatın
yüksəlişinə təkan vermişdir. Onun ədəbi təcrübədən,
yazıçı təxəyyülündən gələn
idealları nəzəri səviyyədə ifadə etməsi
elmi intellektual düşüncənin yetkinliyində, dərinliyində
öz əks-sədasını tapmışdır. Bu dərin, yetkin və həm də emosional
düşüncənin doğurduğu ideyalar nəticə
etibarilə cəmiyyətin sözü səviyyəsində
ümumiləşmişdir".
XX əsr dünya ədəbiyyatının bestsellərindən
olan "Əli və Nino" romanını Azərbaycan ədəbiyyatına
yalnız müstəqillik illəri qaytara bilmişdir. Akademik İsa
Həbibbəyli daha bir addım atır. "Məhəmməd
Əsəd bəy dünyası və Orxan Aras" məqaləsində
romanın müəllifi Qurban Səid imzasının
arxasında duran, "barəsində haqlı-haqsız
mübahisələrin kəsilmədiyi" Məhəmməd
Əsəd bəyin də, geniş həyat və
yaradıcılıq materialları əsasında, milli ədəbiyyat
tarixində birdəfəlik yerini müəyyənləşdirir:
"Əsərlərindən görünür ki, Qurban Səid
- Məhəmməd Əsəd bəy üçün Azərbaycan
hər şeydən üstün olmuşdur. "Əli və Nino" romanı Azərbaycan
haqqında Avrasiya təfəkkürü ilə
yazılmış möhtəşəm bədii əsərdir.
Bundan başqa, Məhəmməd Əsəd bəy
- Qurban Səid Azərbaycan ədəbiyyatının ən
mükəmməl romançı-bioqrafıdır. Roman-bioqrafiyanı, yaxud bioqrafik romanı Məhəmməd
Əsəd bəy - Qurban Səid ardıcıl olaraq dalbadal
yazdığı əsərlərlə Avropa miqyasında
inkişaf etdirmiş, bu janrı daha da
populyarlaşdırmışdır. O, Avropanın və
ümumən dünya ədəbiyyatının məşhur
bioqraflarından biri kimi tanınır. Bu, Azərbaycan ədəbiyyatının
fəxri ola biləcək görkəmli
bir yazıçı olmaq deməkdir. Bütövlükdə
Məhəmməd Əsəd bəy Azərbaycan mühacirət
ədəbiyyatının qüdrətli
yaradıcılarındandır..."
Müasir humanitar elm iqrar edir ki, tədqiqatçının
tədqiqat predmetini daha yaxından duyması həm də onun
öz bioqrafisinin faktları ilə bağlıdır. Məsələn, Hans-Ulrix
Humbrext yazır ki, ilk dəfə dörd yaşında
valideynlərindən "ekzistensializm" sözünü
eşitməsi onun sonrakı ekzistensializm
araşdırmalarının dolayısı təkanvericisi
olmuşdur (bax: Hans-Ulrix Humbrext, "Müasir tarix" dəyişən
xronotopun indisində // Tənqid.net jurnalı, ¹ 5, 2008, s. 205). Bioqrafik faktorun əhəmiyyətini akademik İsa Həbibbəylinin
yaradıcılıq stixiyasında da müşahidə edirik.
Alimin böyük ədəbiyyata təması
və böyük elmə yolu ilk növbədə doğulub
boya-ərsəyə çatdığı Naxçıvan
torpağından güc alır. Bu, ədəbiyyatımıza
həmincə: Cəlil Məmmədquluzadə, Məmməd
Tağı Sidqi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar,
Məhəmməd ağa Şahtaxtlı, Eynəli bəy
Sultanov kimi böyük realistləri və maarifçiləri,
Hüseyn Cavid, Məmmədcəfər Cəfərov
("Yeni dövr ədəbiyyatşünaslıq məktəbinin
banisi"), Məmməd Araz ("Xalq şairi Məmməd
Araz") kimi böyük romantiklər və sarsılmaz mənəvi
iradə sahiblərini vermiş, habelə müasir
yazıçı və şairləri - Hüseyn
İbrahimovu ("Şəxsiyyətin və sənətin
bütövlüyü"), İslam Səfərlini
("Romantik pafosdan lirizmə. İslam Səfərli"),
Əyyub Abbasovu ("Əyyub Abbasov"), Cavad Cavadlını
("Ədəbiyyat və mətbuat cəbhəsində"),
Elman Həbibi ("Günəş doğan yerdə
poeziya"), Rüstəm Behrudini ("Bütövlük və
genişlik"), Asim Yadigarı ("Vətəndaşlıq
mövqeyi, plyus lirizm")...
yetirən həmin o münbit mədəni mühitdir ki,
bu gün İsa Həbibbəylinin akademik qələmində
bir daha dilə gəlib danışır, zamanın
sözünü, tarixin həqiqətlərini söyləyir.
Və bir anlıq tədqiqatçının nəzərləri
ilə ədəbiyyat tarixinə ən yaxından və ən
qədimdən - Nuhçıxandan baxanda bir çox səhifələr
yenidən və bir başqa görünür.
Bu yerdə, həmçinin, İsa Həbibbəylinin
tükənməz Mirzə Cəlil sevgisini də anmaq gərəkir;
yada salaq akademik elmdə ilk parlaq qələbəsi - "Cəlil
Məmmədquluzadə. Mühiti və müasirləri"
monoqrafiyasının (Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,
1997) əks-sədasını... Eyni
torpağın suyunu içib havasını
bölüşdüyü mütəfəkkirin iziylə
gedib, bu yol akademiki birbaşa çağdaş dünyaya
çıxarır. Mənəvi varis olaraq, Cəlil Məmmədquluzadənin
əsərlərini hər il dünya dillərinə
çevirtdirib, geniş ön söz və tanıtımlarla
- urdu, gürcü, Litva, macar dillərində çap etdirməsi
akademik İsa Həbibbəylinin mirzəcəlilşünaslığa
böyük töhfəsi, eyni zamanda, vətəndaşlıq
hünəridir. Bu baxımdan alimin kitabda yer alan
"Böyük demokrat Cəlil Məmmədquluzadə"
adlı növbəti tədqiqatı həm informativ əhatəsi
və fakt zənginliyi, həm də elmi sanbalı, müasir yanaşma
metodologiyası ilə ədəbiyyat tarixçiliyinə
örnək olası misallardandır.
Akademik İsa Həbibbəylinin tədqiqatçı
kimi ağırlığını şərtləndirən,
təmin edən digər bir önəmli faktor - klassik ədəbiyyatşünaslıq
tərbiyəsi almasıdır. Yeri gəldikcə adlarını andığı
və isnad etdiyi Məmməd Cəfərdən - dərin nəzəri
fəhm, Həmid Araslıdan - israrlı tədqiqat əzmi,
Əziz Mirəhmədovdan - əlahəzrət faktın həqiqəti,
Yaşar Qarayevdən - miqyaslı kontekst yanaşması
akademikin predmetə, tekstə, mətnə münasibətində
öyrəndiyi cəhətlər, tədqiqatçılıq
xasiyyətini təyin edən əlamətlərdir. Onun hər bir tədqiqatında əsaslı nəzəri
bilgi (nəzəriyyə), gərgin axtarışlardan hasil
olan araşdırma nəticələri (tarix) və müasir
dəyərləndirmə prizması (tənqid) hakimdir. Bununla belə, İsa Həbibbəylinin akademik dəst-xəttində
heç bir filoloq-alimdə olmadığı qədər təxəyyül
genişliyinə də yer var; mülahizələrində fakt
həqiqətindən doğan fərziyyələr tarixin məntiqi
ilə uyuşur, vəhdətdə çıxış edir.
"Nizami
Gəncəvi: Azərbaycandan dünyaya" məqaləsində
alim ədəbiyyat tarixçiliyində mövcud olan bir
ehtimalı xatırladır: "Memarlığın daş
"Xəmsə"sini yaratmış Əcəmi
Naxçıvaninin söz sənətinin "Xəmsə"sinin
qüdrətli yaradıcısı ilə görüşməsi
bu iki böyük dühanın bir-birinə hörmət və
ehtiramının ifadəsi olardı. Eyni əsrdə
vahid ölkə daxilində yaşayan bu qədər nəhəng
sənətkarların bir-birini görməyə,
tanımağa ehtiyac duymamaları qeyri-mümkündür.
Hər ikisinin Atabəylər dövlətinə
yaxın olmaları da onların görüşünü
şərtləndirir". Və həmin
görüşün məhz harada (Naxçıvan şəhərində)
və nə vaxt ("daha çox XII əsrin səksəninci
illərinin ikinci yarısında")
mümkünlüyünü məntiqi dəlillərlə
yerinə qoyur.
Bu
baxımdan akademik İsa Həbibbəylinin ədəbiyyat
tarixçiliyində sanki "Mendeleyev cədvəli"nə
xas boşluqları ləğv etmək, tədqiqatçıların
üzə çıxardığı gerçək, lakin hələ gərəyincə
kəşf olunmamış faktları, hadisələri, ədəbi
şəxsiyyətləri məntiqi sırasına otuzdurmaq əzmi
müşahidə olunur. Məsələn, Azərbaycan ədəbiyyatının
nə zamandır gah "gecikmiş orta əsrlər" və
gah da "yeni dövrün başlanğıcı" kimi
öyrənilən tarixi əraziləri (XVII-XVIII əsrlər,
XIX əsrin əvvəlləri), Cəfər Cabbarlının
bircə dəfə müəyyənləşdirdiyi
"Füzuli tilsimi"nin tilsimindən qurtula bilmirdi. "Erkən
yeni dövr" deyə təyinat verdiyi həmin epoxanın
tarixi missiya və parametrlərini
akademik iki aparıcı tendensiya və ədəbi şəxsiyyətin
- Saib Təbrizi ("Klassik poeziyada yeniləşmə meyilləri
və Saib Təbrizi") və Molla Pənah Vaqifin
timsalında ("Molla Pənah olan şair") təsbit etməklə
milli ədəbiyyatın öz inkişaf məntiqini "bərpa"
etmiş olur, hələ nə qədər də yeni tədqiqatlara
zərurəti ortaya çıxarır. "Beləliklə,
XVII əsr ədəbiyyatı Məhəmməd Füzuli ilə
Molla Pənah Vaqif arasında mühüm bir körpü
funksiyasını yerinə yetirmişdir... Aydın surətdə
görünür ki, XVII əsrdə ədəbiyyatın həyatiləşməyə
doğru prosesləri genişlənmişdir. Ona
görə də ədəbiyyat XVII əsrin epik-didaktik meyillərini
yaşamadan, birdən-birə realist şeirə keçə
bilməzdi. Bu mənada XVII əsr Azərbaycan
poeziyasına Məhəmməd Füzuli lirikasının
davamı olmaqla bərabər, həm də Molla Pənah Vaqif
şeirinin əvvəli kimi baxmaq lazımdır. Bu, Azərbaycan ədəbiyyatında özünəməxsus
yeri və əhəmiyyəti olan xüsusi bir mərhələdir".
"Ədəbi şəxsiyyət və zaman"
kitabında Azərbaycan ədəbiyyatının min illik
mündəricə və gəlişmələri
ayrı-ayrı problemlər və ədəbi şəxsiyyətlər
ətrafında nəzərdən keçirilsə də, qeyd
olunduğu kimi, konseptual bütövlükdə təqdim
olunur. Kitabda ədəbiyyatşünaslığın
bir çox janrlarında: nəzəri problem məqalə
("Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi
görüşləri və "nazimi-ustad" məsələsinə
yenidən baxış", "Molla Nəsrəddin" və
füyuzatçılar", "Məhəmməd Hadi
yaradıcılığının sənətkarlıq
xüsusiyyətləri", "Yeni dövr ədəbiyyatşünaslıq
məktəbinin banisi"), həyat və
yaradıcılıq oçerki ("Mirzə Ələkbər
Sabirimiz", "Hüseyn Cavid və sənəti",
"Məsləki tərcümeyi-halı olan şair",
"Əliqulu Qəmküsarın ədəbi taleyi: sənətdə
və həyatda", "Ustad Məhəmmədhüseyn
Şəhriyar" və s.), monoqrafik tədqiqat
("Böyük demokrat Cəlil Məmmədquluzadə",
"Akademik Səməd Vurğun", "Böyük ədəbiyyat
nəhəngi"), ədəbi portret ("Marağalı
Əvhədi", "Cahana sığmayan şair",
"Molla Pənah olan şair", "Xoş gördük,
Mirzə Fətəli Axundzadə", "Milli istiqlal
şairi Bəxtiyar Vahabzadə" və s.), esse ("Ədəbiyyat
və zaman", "Məhəmməd Füzuli
yaradıcılığında aşiq"), publisist
araşdırma ("Rəşid bəy Əfəndiyevin iki məktubu",
"Firidun bəy Köçərlinin Qoridən
yazılmış məktubları" və s.), ədəbiyyatşünaslıq
resenziyası ("Eynəli bəy Sultanov kimdir sualının
ilk elmi cavabı"), yubiley oçerki ("Nizami Gəncəvi
haqqında söz", "Ədəbiyyatda milli istiqlal (Məhəmməd
Əmin Rəsulzadə)", "Vətən həsrətli
Ceyhun Hacıbəyli", "Müstəqillik
işığında Əli bəy Hüseynzadə" və
s.), ədəbi proses icmalı ("Müstəqilliyin şərəfli
yolu və ədəbiyyatı"), portret cizgiləri
("İsa Hüseynovdan İsa Muğannaya:
axırıncı əlyazma və bütöv dünya",
"Yaş o yaş deyil ki (Fikrət Qoca)") və s.
yazıları vahid bir istiqamət - ədəbiyyat
tarixçiliyi bir araya gətirir. Belə ki, nə
zamandır çoxsaylı mülahizələr və nəzəri
sxemlər içərisində dolaşıb-qalan ədəbiyyat
tarixçiliyimizə İsa Həbibbəyli sınaqdan
çıxmış akademik ölçüləri
qaytarır. Ədəbi şəxsiyyətin ədəbiyyat
tarixində yeri; həyatının geniş və təfərrüatlı
faktları; yaradıcılığının ideya-məzmun
istiqamətləri və janrlar üzrə təhlili;
ayrı-ayrı yaradıcılıq sahələrində rolu,
yenilikçi mövqeyi və poetikası; dövlətçilik
(azərbaycançılıq) baxımından ideoloji dəyəri;
öyrənilməsinin vacibliyi, aktuallığı, tarixi və
problemləri, müasirlik çəkisi və gündəmliyi...
- İsa Həbibbəylinin janrından asılı olmayaraq hər
bir yaradıcılıq oçerki, arxasında ciddi tədqiqat
durmaqla, ədəbiyyat tarixçiliyinin konkret modelini təqdim
edir.
Ədəbiyyat tarixçiliyinin predmetini tarix təşkil etsə də, fənnin zərurətini müasirlik diktə edir. Ədəbi şəxsiyyətlər tarixin uzaqlığından keçib məhz müasirlik işığında əsl miqyas və dəyər kəsb edir. Bu baxımdan müasirliyin özünü ədəbiyyat tarixçiliyi meyarları ilə qiymətləndirmək, müasirlərə "müasirlik işığında" dəyər vermək daha çətindir. Bununla belə, akademik İsa Həbibbəyli "Müasirlik işığında" örnək verdiyi: Anar ("Xalq yazıçısı Anar: gerçəkliklə ideal arasında"), Elçin ("Xalq yazıçısı Elçinin özü və sözü"), Nəriman Həsənzadə ("Nəriman Həsənzadənin mənzum-poetik dramaturgiyası"), Yusif Səmədoğlu, Vaqif Səmədoğlu ("Səmədoğlu ədiblər") portret-oçerklərində akademik ölçülərə eynən riayət etməklə bu dəfə yaradıcı müasirlərimizin tarixi obrazını işıqlandırır, məhz müasirliyin tarixini cızır.
Ümumən, müasirlik və tarixin sərhədlərini təyin etmək, hər bir tarixi mərhələnin bitib müasirliyə adladığı hüdudları müəyyənləşdirmək ədəbiyyat tarixçiliyinin ümdə problemlərindəndir. Xüsusən "müasirliyin tarixi"ni yazanda bu, ikiqat çətin olur, çünki tarixin keçdiyi yolun perspektiv planını təyin etmək lazım gəlir. "Müstəqilliyin şərəfli yolu və ədəbiyyatı" məqaləsində akademik İsa Həbibbəyli ilk dəfə olaraq yaşadığımız müstəqillik dövrü ədəbiyyatının tarixi parametrlərini müəyyənləşdirir; tipoloji xüsusiyyətlərini, təşəkkül və inkişaf yolunu nəzərdən keçirməklə, eyni zamanda, "Müstəqillik andı" adı altında bir sıra ədəbi şəxsiyyətlərə diqqət cəlb edir. "Ədəbiyyatda vətəndaşlıq və professionallıq" (Hidayət), "Elmilik və bədiilik: paralelliklərin vəhdəti" (Kamal Abdulla), "Şair-vətəndaş Sabir Rüstəmxanlı", "Zəlimxan Yaqub sənətinin özünəməxsusluğu", "Yazıçı-publisist Elmira Axundova", "Bütün yönləri ilə yaradıcı (Rəşad Məcid)", "Cəmiyyətin və mənəviyyatın bədii dərki (Hüseynbala Mirələmov)", "Həyati proseslərin axarında (Xeyrəddin Qoca)", "Şairlər günü"ndə Nurəngiz Gün", "Günəş hənirli nəğmələr (İsa İsmayılzadə)", "Bütövlük və genişlik (Rüstəm Behrudi)" və s. kimi yaradıcılıq portretlərində həm də yaşadığımız "müasir tarix" dəyişən dünya kontekstində bütün rəngarəngliyi ilə ədəbiyyatdakı izlərini bəlirtə bilir.
"Ədəbi şəxsiyyət və zaman" kitabı müasirliyin yükünü çəkən universal bir ədəbi şəxsiyyətin - akademik İsa Həbibbəylinin akademik elmə layiqli tarixi töhfəsidir. Kitab bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda start götürən on cildlik Azərbaycan ədəbiyyatı tarixini müjdələməklə, yeni fundamental tədqiqatlara inam oyadır.
525-ci qəzet.-2017.-24 noyabr.-S.4.