İslamda müasir fəlsəfi-ideoloji mövqe: Əllamə Məhəmməd İqbal

 

Bəsirə ƏZİZƏLİYEVA

Filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Noyabrın 6-dan 8-dək Pakistanın paytaxtı İslamabadda Muslim İnstitutu tərəfindən təşkil olunan, Pakistanın mənəvi qurucusu, görkəmli islam alimi, filosofu, şairi və ictimai-siyasi xadimi Məhəmməd İqbalın 140  illiyinə həsr edilmiş "Əllamə Məhəmməd İqbal" adlı Beynəlxalq konfrans keçirildi.

 

Azərbaycan, Türkiyə, ABŞ, Almaniya, Fransa, Rusiya, Türkmənistan, Sudan, İran, Tacikistan, Misir, Əfqanıstan, Çin, Ukrayna və digər bir çox ölkələrdən dəvət olunan alim və tədqiqatçıların iştirak etdiyi konfransda "Məhəmməd İqbal və Azərbaycan" mövzusundakı məruzə ilə çıxış edib ölkəmizi təmsil etməkdən qürur duydum.

 

Yaradıcılığı və dünyagörüşü üç mühüm düşüncə sistemi - İslam, hind və Qərb ədəbi-fəlsəfi fikri əsasında formalaşan Məhəmməd İqbal (1877-1938) urdu ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi olub. İslam düşüncəsi və təsəvvüf fəlsəfi təlimini dərindən öyrənməsi və həmin təməl üzərində Qərb fikir sistemini mənimsəməsi M.İqbalın yaradıcılığında Şərq və Qərb dini-fəlsəfi dünyadərkini sintezləşdirməyə şərait yaradıb. Təsəvvüfə xüsusi meyl edən ədibin böyük türk sufi mütəfəkkiri və şairi Mövlanə Cəlaləddin Rumi yaradıcılığından bəhrələndiyini və ilham aldığını xüsusi qeyd etmək lazımdır. Mövlana Cəlaləddin Ruminin əsərləri ona dərindən  təsir göstərib. M.İqbal, eyni zamanda, Əfzələddin Xaqani, Nizami Gəncəvi, Mahmud Şəbüstəri kimi klassik Azərbaycan şairlərinin əsərlərindən də bəhrələnib.

 

M.İqbal şair, filosof, vəkil və müəllim kimi fəaliyyət göstərib. Maarifçi və islahatçı olan M.İqbal, eyni zamanda, siyasi fəallığı ilə seçilmiş, Hindistanın şimal-qərbində hind müsəlmanlarının dövlətinin yaradılması uğrunda mübarizə aparmışdır. Bütövlükdə isə M.İqbal Pakistan dövlətinin mənəvi qurucusu hesab edilir.

 

M.İqbalın düşüncələrinin əsasında kamil insan ideyası dayanır. Mütəfəkkir şair islam cəmiyyəti, eləcə də, bütün dünyada insan mənliyini mərkəzi qüvvə kimi qəbul edib, yaradıcı və mənəvi münasibətləri insan toplumunun problemlərinin həllində vacib amil kimi qiymətləndirib. M.İqbalın Şərq və Qərb ictimai və fəlsəfi fikrindən əxz etdiyi məsələlər də bu əhəmiyyətli məsələyə istiqamətləndirilib.

 

M.İqbal islam dininin mövqeyindən çıxış edir, eyni zamanda, onun müasir dünyadakı rolunu düzgün mövqedən dəyərləndirirdi. Urdu dilində yazdığı məşhur "Bang-i Dera" ("Karvanın çağırışı") əsərində yazırdı: "Dostum, mən müsəlmanam, Tövhid sahibiyəm. Bu həqiqətə əvvəldən inanmışam. Var olan hər şeyin nəbzində həyat əlaməti bundadır. Və müsəlmanın təsəvvürü bundan güc alır".

 

M.İqbal əsərlərini urdu, fars və ingilis dillərində yazıb. Mütəfəkkir şairin urdu və fars dilində yazdığı əsərləri, əsasən, mənzum əsərlərdən ibarətdir. Bunlarla yanaşı, filosof ədibin tərtib etdiyi əsərlər, kitablar da mövcuddur.

 

M.İqbalın dünyagörüşü və yaradıcılığının əsasında islam düşüncəsi dayanır.  M.İqbal artıq 1911-ci ildən sonra islam şairi kimi tanınmağa başlamışdır. Bununla yanaşı, M.İqbalın nəsr və nəzmlə yazılmış əsərlərində müxtəlif məsələlərə də toxunulur.

 

M.İqbalın yaradıcılığı və dünyagörüşü kamil insan ideyasının ədəbi, dini-fəlsəfi və ictimai-siyasi şərhinə yönəlib. Mütəfəkkir şairə görə, kamil insan səviyyəsinə yüksələn yaradıcı şəxsiyyətlər insanlara həqiqətin yolunu göstərirlər. "Peyam-i Meşrik" ("Şərqdən xəbər") əsərində mütəfəkkir şair yazır:  "Şairliyin kəmalı aydın, açıq söz söyləməkdir. Sirlərə vaqif olan ariflər yalnız rəmz və eyhamla danışarlar. Sabahlara qədər fəryad, yüzlərlə bəlalı sabah, yüzlərcə atəşli ah! Nəticəsi bir gözəl şeir".

 

Kamil insan və Yaradan arasındakı əlaqələr, Allahın insandakı təcəllisi M.İqbalın kamil insan konsepsiyasında ön plandadır. Özünü dərk etməklə qəflət pərdəsini qaldıran insanlar ilahi yaradılışın mahiyyətini də dərk edirlər. "Peyam-i Meşrik" əsərində deyir: "Kimi arayırsan? Çünki o bütün zühuruyla meydanda, sən örtük altında gizlisən. Onu ararsan özündən başqasını görə bilməzsən, özünü ararsan ondan başqasını tapa bilməzsən".

 

Gözündən pərdəni qaldıran insanın yeganə yolu Eşqi-Mütləqə qovuşmaqdır, "Esrar-ı Hodi" ("Mənliyin sirləri") əsərində, şairə görə, atəşi sönən eşq Kəbədə doğulub bütxanədə ölər.

 

"İslamda dini düşüncənin yenidən doğuşu" əsərində M.İqbal insanın Allahın yaratdığı bütün varlıqlar içərisində yaradıcı həyata şüurlu bir şəkildə daxil olmağa layiq və qadir olan yeganə varlıq kimi qiymətləndirir və insanı yaradıcı ilahi gücün qəlbində yer tutduğunu söyləyir. "Cavidnamə" əsərində şair yaradıcı insanları belə dəyərləndirir: "Qalib, yaradıcı, bacarıqlı və təsir gücünə malikdir. Torpaqdandır, lakin nurlu varlıqların təbiəti ilə quldur, lakin Mövlanənin sifətiylə. Onun qəlbi hər iki aləmdən ehtiyacsızdır; ümidləri az, qayələri böyükdür. Onun adətləri ürəkaçan, onun gözü sehrbaz, danışıqda mülayim, arayışda atəşli, təmiz qəlbli və munsifdir".

 

Məlumdur ki, təsəvvüf və islama söykənən Şərq fəlsəfi poeziyasında ölüm yenidən doğuşa bir vasitə kimi dəyərləndirilir. Fani dünyanın buxovlarından xilas olaraq kamillik yolu tutmuş insanlar üçün ölüm həqiqətin üzərindəki pərdəni qaldırmaq, ilahi başlanğıca qovuşmaq anlamında dərk olunur. Bu düşüncələri davam etdirən M.İqbal fani və gerçək dünyaya doğulmağı çox mənalı və obrazlı şəkildə müqayisə edir, ikisi arasındakı fərqi diqqətə çatdırır. "Cavidnamə" mənzuməsindən oxuyuruq: "Sən ey yaxşı adam, doğulmaq yolundan bu dörd cəhətli dünyaya gəldin. Yenə doğulmaq sifətiylə bayıra çıxa bilərsən, bəndləri qıra bilərsən! Bu ikinci doğuş su və torpaqdan deyil, onu sahib dil olan bilir! O doğum məcburidir, bu öz ixtiyarına görə; o pərdələrdə gizlidir, bu aşikardır. O doğum ağlamaqla olur, bu gülməklə, yəni o, arayandır, bu, bulan. O kainatda mövcuddur və seyr etməkdədir, bu, tamamilə cəhətlərdən bayırda dolaşmaqdadır. O, gündüz və gecələrə möhtacdır, o biri üçün gündüz və gecə yalnız minikdir. Uşağın doğulması qarnın parçalanmasındandır, ərənlərin doğulması aləmin çatlamasındandır".

 

M.İqbal insan və Yaradan münasibətində cüz və küll nöqteyi-nəzərindən çıxış edirsə də, orijinal tərzini və dünyadərkini kölgədə qoymur. "Esrar-ı Hodi" əsərində deyir: "Mən bir zərrəyəm, lakin günəş mənim malımdır. Yaxamda yüzlərcə səhər vardır".

 

M.İqbalın yaradıcılığında ictimai-siyasi görüşləri, milləti və müsəlman dünyası haqqındakı fikirləri önəmli yer tutur. Əsərlərini və fəaliyyətini müsəlmanların elmi, mədəni, sosial və siyasi müstəvidə inkişafına həsr etmiş M.İqbal ədəbi-fəlsəfi fikirlərində islam dininin ucalığını göstərməyə çalışırdısa, ictimai fəaliyyəti ilə müsəlmanların və millətinin dünya xalqları arasında layiqli yer tutması uğrunda mübarizə aparırdı. M.İqbal, ilk növbədə, Allaha üz tuturdu: "Ya rəbb, sən can və təni yaradansan! Bu pərişan dərdlinin sənə iki cüt sözü var. Bu əski dünyada fitnələr görürəm. Bu fitnələr mənim içimdə də var, cəmiyyətdə də! Aləm sənin əmr və hökmünlə cızdığın tale yolundan ayrılmadan dünyaya gəldimi, yoxsa onu başqa Allah yaratdımı?" Nümunə gətirdiyimiz "Nə etməli, ey Şərq millətləri!" əsərində  M.İqbal türk millətinə də öz münasibətini bildirmişdir. Şairə görə, müsəlman millətlər arasında müasiri olduğu dövr üçün doqmatik yuxudan oyanıb özünü dərk etmiş yeganə millət türklərdir. Şair türklər haqqında yazır: "Türklərə qapalı qapılar açıldı... Sən də mənliyin ətəyinə yapış. Onsuz kimsəyə nə mülk, nə də din verilir. Taleyini öz əli ilə yazan millətə Allah ululuq verir".

 

Bu əsərində M.İqbal milli məsələlərə, millətin inkişafına əngəl olan cəhətlərə diqqət edərək ictimai görüşlərini ifadə etmişdir. M.İqbal dini və ictimai fikirlərinin ortaq müstəvisində çox əhəmiyyətli məsələləri ortaya qoymuşdur. Şairə görə, milli inkişaf üçün müstəqil mücadilə həlledici amildir. "Kəndlisi başqası hesabına əkin əkən millətlə Allah məşğul olmaz" deyən M.İqbal ilahi qüvvə və ağıl münasibətlərinə aydınlıq gətirmişdir: "Ənəlhəqq ilahiyyət məqamından başqa bir şey deyil. Ona layiq olan vardırmı, yoxdurmu? Əgər bunu bir fərd söyləyərsə, ona xitab edilər. Əgər bunu bir millət söylərsə, yersiz deyildir. Ənəlhəqq sözü hər budağın üzərində, qanında şeh damcıları olan bir millətə layiqdir. Belə millətlərin millətlər arasında məqamı yüksəkdir. İki dünyada lider o millətdir ki, yaratmaq işindən bir an dayanmaz, ona yuxu və yorğunluq haramdır". M.İqbal dini ehkamları fəaliyyətsizliyin səbəblərindən olan "tale" bəhanəsinə əsas gətirilməsini qəbul etmirdi. Şair müsəlmanlığı millət uğrunda çalışmaqda, mübarizədə görürdü. M.İqbal Avropa dövlətlərinin Şərqdəki müstəmləkə siyasətinə qarşı çıxır, bu yolda özünəməxsus şəkildə türklərdən örnək almağa çalışır: "Osmanlı türklərinin sözü yaxşı anladıqlarını eşitdim, kim onlara mənim bu qərib şeirimi çatdıracaq?"

 

M.İqbalın milli məsələləri daim diqqətdə saxlaması, eləcə də bütün bunları dini münasibətlərlə birlikdə şərh etməsi təsadüfi deyildir. Dövrün ümumi ictimai-siyasi vəziyyəti sözügedən tendensiyanı aktuallaşdırırdı. İngilislərin yanında çalışan, ingilis tərbiyyəsini görən hind müsəlmanları Qərbin islam dini haqqındakı anlayışsızlığı qarşısında islam mədəniyyətini müdafiəyə çalışaraq müsəlmanlıqda islahatlar etməyə qalxmışdılar. M.İqbal da XIX əsrin əvvəllərindən etibarən fəal şəkildə müşahidə edilən bu prosesin yeni mərhələdəki davamçılarından idi. Təsadüfi deyil ki, o, Cəmaləddin Əfqaninin "Milli birlik" düşüncəsindən təsirlənən gənc müsəlman qrupun üzvlərindən idi. Eyni zamanda, M.İqbal türk ictimai fikrində mühüm rol oynamış M.A.Ersoy, P.S.Halim Paşa, Ziya Gökalp kimi şəxsiyyətlərin fikirlərindən də bəhrələnmişdir. Sözügedən ictimai xadimlərin adları M.İqbalın "Cavidnamə" əsərində də yer almaqdadır.

 

M.İqbal müsəlmanları köləlikdən xilas olmağa, öz azadlığı uğrunda mübarizə aparmağa çağırırdı. "Bal-i Cibril" ("Cəbrailin qanadı") əsərində yazır:  "Ey islam milləti, yüksəklik istəyirsənsə, yüksək mübarizəyə başla, bu dünyada üstünlük şahin kimi yüksəklərə yönəlməkdədir, bil!"

 

"Bal-i Cibril" əsərində müsəlmanlara müraciət edərək onlara digər xalqlar kimi öz müqəddəratı uğrunda çalışmağın zəruriyyətini də göstərirdi.

 

M.İqbal millət uğrunda, azadlıq naminə şərəfli ölümə hazır olduğunu da şeirlərində ifadə etmişdir: "Aləmdə erkəklər kimi yaşamaq mümkün deyilsə, ərlər kimi can vermək əsl həyata qovuşmaqdır".

 

M.İqbal zəngin həyat və yaradıcılıq yoluna malik mütəfəkkir ədib, ictimai-siyasi xadim olmuşdur. M.İqbal həm ədəbi, fəlsəfi, dini, elmi və ictimai-siyasi əsərləri, həm də milləti və bütövlükdə, müsəlman dünyası uğrunda apardığı mübarizəsi ilə Şərq dünyasının böyük simalarından biridir. Klassik Şərq ədəbiyyatı, yeni dövr maarifçilik düşüncəsi, İslam modernizminin layiqli davamçısı olan M.İqbal XX əsrdə Şərq və Qərb dünyasında islam dini və müsəlman dünyagörüşünü yeni təmayüllərlə vəhdətdə ifadə edərək yaratdığı əsərləri ilə mühüm tarixi missiyasını həyata keçirmişdir.

 

525-ci qəzet  2017.- 23 noyabr.- S.4.