Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri. İranla çətin dialoq

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

Vilayət QULİYEV

 

 

1918-ci ildə Azərbaycan dövlətini qurmaq, iki ilə qədər yaşatmaq və gələcək milli dövlətçiliyimizin zəmininə, bünövrəsinə çevirmək kiçik bir qrup milli liderin yaratdığı möcüzə idi.

 

Yeni milli dövlətin üzləşdiyi çətinliklər hansı idi?  Yəqin ki, yaxın tarixi keçmişimizin şanlı tarixi ilə maraqlanan hər kəsə bəlli faktlardır. Amma bir daha sadalayaq: Azərbaycan adlı dövləti qonşular da, yeni dünya nizamı yaratmaq istəyən Avropa və Amerika gücləri də qəbul  etmirdilər. Vilson prinsipləri dünyanın kiçik dövlətlərə bölünməsinə qarşı idi. Qırmızı və ruslar biri-birlərinin qanını içsələr də, Azərbaycana münasibətdə yekdil mövqedən çıxış edir - ölkəmizi “vahid və bölünməz Rusiyanın” tərkibində görürdülər. Özü tarixi türk torpaqlarında yaranmış oyuncaq Ermənistan yalnız Osmanlı imperiyasının 6 Şərq əyalətinə deyil, Kür çayına qədər bütün Azərbaycan torpaqlarına  da iddialı  idi. Gürcüstan ölkəmizin şimalını - Zaqatala və Balakən bölgəsini öz sərhədləri daxilinə qatmaq iştahasını gizlətmirdi. Hətta dar gündə köməyimizə gəlib Bakını daşnak-bolşevik işğalından qurtaran qardaş Türkiyədə də Azərbaycanı müstəqil, demokratik və dünyəvi  türk Cümhuriyyəti deyil, Osmanlı imperatorluğunun bir əyaləti kimi görmək istəyən qüvvələr vardı.

 

Öz dövlətini idarə edə bilməyən, çar Rusiyası və Böyük Britaniyanın əlində girinc qalan müsəlman və şiə İran da Azərbaycan Cümhuriyyətinə münasibətdə “qonşudan qalma dala” siyasəti yürüdürdü. Dünyanın yeni siyasi xəritəsinin cızıldığı ərəfədə bir vaxtlar rus silahına yenildiyi, Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Rusiyaya güzəştə getdiyi Şimali Azərbaycanı yenidən özünə birləşdirmək istəyirdi. Kəsrəvilik ideologiyası hələ meydana çıxmasa da, bənzər düşüncə tərzi idarəçilərinin əksəriyyəti (hakim Qacar sülaləsi daxil) türk olan İran hakimiyyət dairələrində artıq özünə kök salmağa başlamışdı. İranın türk əhalisinin guya səlcuqilərin hakimiyyəti dövründə zorla türkləşdirilmiş farslar olduğu haqqında uydurmaya geniş rəvac verilirdi. Araz çayından şimaldakı torpaqların heç vaxt Azərbaycan deyil, sadəcə Aran, yaxud Arran adlandırıldığı, Azərbaycanın isə yalnız İrana məxsus bir toponim olduğu iddia edilirdi. Bu baxımdan da Ə.Topçubaşovun rəhbərlik etdiyi Sülh heyəti Paris konfransı zamanı İran nümayəndələrinin cəfəng iddialarına meydan verməmək üçün bir çox sənədlərdə təmsil etdikləri dövləti Qafqaz Azərbaycanı Respublikası kimi tanıtmışdılar.

 

İstanbulda olduğu günlərdə digər qonşu dövlətlərin nümayəndələri kimi İran rəsmiləri ilə görüşüb onların mövqeyi və gələcəklə bağlı planları barədə öz hökumətini məlumatlandırmağı zəruri saymışdı.

 

Türklərin idarə etdiyi fars dövlətinin İstanbul elçisi ilə söhbətdən də göründüyü kimi İran-Azərbaycan münasibətlərindəki ilk qarşıdurma və fikir toqquşması bir qədər üstüörtülü şəkildə də olsa, hələ Osmanlı paytaxtında başlamışdı. Osmanlı türklərinin siyasətindən narazılığını gizlətməyən  səfir Mirzə Mahmud xan həm açıq şəkildə, həm də müəyyən işarələrlə guya Azərbaycan əhalisinin əslində türk olmadığını, tarix boyu mədəniyyət və mentalitet baxımından daim İrana bağlandığını, Azərbaycan Cümhuriyyətinin isə sadəcə bir Osmanlı layihəsi kimi meydana çıxdığını, yeni Turan sevdasına düşmüş pantürkist İttihad və Tərəqqi liderlərinin  istəyi ilə qurulduğunu sübut etməyə çalışmışdı.

 

Cənubi Qafqazda çar Rusiyasının süqutundan sonra yaranan  hər üç dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərinin müəyyən tarixi dövr ərzində İran şahlarının hökmü altında olması faktdır. Lakin işin qəribə cəhəti türk əsilli Qacar idarəçilərinin iddialarının yalnız Azərbaycana qarşı yönəlməsi idi. Tarixi faktlara əsaslansalar, onlar İrəvan xanlığının baş şəhərini özlərinə paytaxt seçmiş ermənilərə münasibətdə də eyni, bəlkə də daha sərt  iddiadan çıxış etməli idilər. Amma görünür, bir tərəfdən Avropadan çəkinən, o biri tərəfdən isə Azərbaycan əhalisinin yeni tarixi-siyasi şəraitdə  Rusiya-İran dilemmasında ikincini seçəcəklərinə ümid bəsləyən İran diplomatiyası yalnız Azərbaycana təzyiq yolunu tutmuşdu. Amma Əlimərdan bəyin nüfuzu və diplomatik məharəti sayəsində Paris sülh konfransının gedişində İran nümayəndə heyətinin neytrallaşdırmaq, onların antiazərbaycan çıxışlarının qarşısını almaq mümkün olmuşdu.

 

Aşağıda Azərbaycan Cümhuriyyətinin fövqəladə və səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun İranın Osmanlı imperatorluğundakı səfiri Mirzə Mahmud xanla söhbətinin yazısını təqdim edirəm.

 

Ə.TOPÇUBAŞOVUN İRAN ELÇİSİ MİRZƏ  MAHMUD XANLA SÖHBƏTİNİN YAZISI

 

16 noyabr 1918-ci il saat 12.30 - 13.30

 

Babi-alinin demək olar ki, tam qarşısında yerləşən və mənə 18 ildən bəri tanış olan İran səfirliyinin binası xeyli köhnəlib. Amma yenə təmiz və abırlı  saxlanır. Bu ümumən farsların, xüsusən də onların təmsilçilərinin səciyyəvi keyfiyyətidir.

 

Katib Mustafa bəy Vəkilovla alt mərtəbədəki rahat kabinetə daxil oluruq. Mebellərin üstündə fars gerbi var, hər tərəfə xalça döşənib. Beş dəqiqə sonra İran elçisi də gəlir və fransızca bizə divanda əyləşməyə yer göstərir. Mən özümü təqdim edirəm və bilərəkdən “Qafqaz” sözünü xüsusi vurğulayıram.

 

Mən: Özümü təqdim etmək şərəfinə nail olum - Qafqaz Azərbaycanının fövqəladə və səlahiyyətli naziri (filankəs). Və mənim katibim (filankəs).

 

Fars elçisi: (fransızca) Exellance (Zati-aliləri- fr.), sizi daha əvvəldən tanımaq şərəfinə nail olmuşam, haqqınızda oxumuşam və eşitmişəm.

 

Mən: (fransızca) Exellance, məgər siz türkcə danışmırsınız?

 

Fars elçisi: Türkcə hər şeyi başa düşürəm, ancaq danışa bilmirəm. (Bundan sonra bütün söhbət fransız dilində davam edir). Məni görməyə gəldiyinizə  görə çox şadam. Deməliyəm ki, uzun müddət burada olan nümayəndəniz Rəsulzadə ilə yaxşı tanışam. Onunla əvvəllər Tehranda da görüşmüşdük.

 

Mən: Səhv etmirəmsə, siz Birinci İran məclisinin sədri olmusunuz?

 

Fars elçisi: Bəli, Exellance. Bəli. (Burada yanlışlığa yol verilib. Birinci İran Məclisinin sədri Sani əd Dövlə ləqəbi ilə tanınan və Məşrutə inqilabı zamanı terrorçular tərəfindən öldürülən Mortəza Qulu xan Hidayət (1856-1911) idi. O, maliyyə naziri vəzifəsinə təyin olunandan sonra sədrlik qısa müddətə Mirzə Mahmud xana keçmişdi.  - V.Q.) Rəsulzadə də burada olub. Təəssüf ki, görüşə bilməmişik. Görüşmək bir yana qalsın, iki dəfə üz-üzə gəlmişik, onda da heç bir-birimizə baş endirib təzim etməyə də imkan tapmamışıq. Exellance, bağışlayın ki, başınızı ağrıdıram.  Sizi inandırıram ki, bu söhbəti sanki öz yaxın, doğma adamıma danışan kimi danışıram. Axı biz sizinlə qardaşıq. Elə deyilmi, Exellance? Amma öz aramızdır, bir vaxtlar nə qədər dəhşətli səhvlər buraxılıb. Eyni zamanda, qətiyyən şübhə etməməlisiniz ki, biz farslar azadlığınıza ürəkdən sevinirik. Əgər ermənilərlə gürcülər Qafqazda müstəqil dövlətlərini qururlarsa, müsəlmanlar nə üçün eyni addımı atmamalıdırlar? Aydın məsələdir ki,  müstəqilliyinizə qarşı ola bilmərik, əksinə, onu alqışlamalıyıq.

 

Mən: Sizə çox minnətdaram. Belə olduğuna qətiyyən şübhəmiz yoxdur.

 

Fars elçisi: Econtez, Exellance (Bağışlayın, Zati-Aliləri - fr). Siz qurduğunuz dövlətə “Azərbaycan” adı vermisiniz. Bunu necə başa düşək?  Bu,  İran hüdudlarında yerləşən əsl Azərbaycana iddianız kimi anlaşılmamalıdır ki?

 

Mən: Qafqaz azərbaycanlılarının belə iddiası olmayıb və indi də yoxdur. Həm də Azərbaycan coğrafi termindir. Azərbaycanın bir hissəsi Qafqazda, digər hissəsi isə İranda yerləşir.

 

Fars elçisi: Yox, Exellance. Haqqında danışdığımız məsələ coğrafiya hüdudlarından kənara çıxır. Sonra. Siz özünüzü Azərbaycan türkləri sayırsınız. Amma öz aramızdır - ümumən Qafqazda və İranda türklər yerli-dibli yoxdur. Əhali hamısı farsdır. Sizin ata-babalarınız da fars olub.

 

Mən: İcazə verin...

 

Fars elçisi: (sözümü həyəcanla kəsərək) Yox, Exellance, ardına qulaq asın. Sizin bütün sivilizasiyanız, mədəniyyətiniz, adət-ənənələriniz, geyiminiz - hamısı farslardakı kimidir.

 

Yeri gəlmişkən, günahı tək sizdə axtarmaq da doğru deyil. Ton həmişə buradan verilib. Urmiya, Soyuq-Bulaq, Təbriz  daxil Azərbaycan və Zaqafqaziya müsəlmanları - bunlar hamısı türklər olmayan yerdə türk axtarmaq fikrinə düşən istanbullu siyasilərin işləridir.

 

Mən: Bağışlayın, xalqların mənşəyi ilə məşğul olan elm sahəsi var. Nəhayət, farsların ölkəmizə rəğbətlə yanaşdıqlarını bilirik. Özünüz də bunu az əvvəl təsdiq etdiniz. Biz dost və qardaş olmuşuq, indən sonra da dost və qardaş kimi qalacağıq. Ümid edirəm, hətta zərurət yaransa, İran bizə yardım da göstərəcək. Eyni zamanda, inanıram ki, şəxsən siz özünüz də bunu edərsiniz, Exsellance!

 

Fars elçisi: Əlbəttə edərəm. Amma hisslər bir şeydir, dövlətin maraqları və siyasəti tamamilə başqa şeydir. Heç kəs ölkəsinə qəsd olunduğunu görəndə sakit dayana bilməz və dayanmamalıdır. Belə bir qəsd isə buradan qaynaqlanır. Almanlarla birlikdə əleyhimizə planlar qururdular. Aydın məsələdir ki, yerlərdəki insanlarımız heç kəsə rəğbət bəsləmir, heç bir iddianı qəbul etmirdilər. Hamının düşüncəsi yekdil idi. Onlar ölməyə razı olardılar, amma vətənə xəyanət etməzdilər. Bizim bu düşüncəmizə buradakılarla almanlar qan tökməklə cavab verirdilər. Az adamımız həlak olmadı. Mən əvvəlcə məsələyə Seyid Hilmi paşanın, sonra isə Tələt paşanın diqqətini cəlb etdim. Birinci qətiyyən dövlət adamı deyildi.

 

Mən: Amma Exellance, mənim bildiyim qədər siz türk dostusunuz.

 

Fars elçisi: Bəli, doğrudur. Amma o da doğrudur ki, mənim türk dostu, yaxud firəng dostu olmağım yalnız İran üçündür. Çünki ilk növbədə İranın dostuyam. Öz ölkəmi sevirəm, onun maraqlarını qorumalıyam.

 

Mən: Doğrudur.

 

Fars elçisi: Exellance, sizə deməliyəm ki, mən mömin müsəlmanam, öz dinimə bağlıyam, Quran oxuyuram. Bu mənada müsəlmanların bütün uğurlarına sevinir, uğursuzluqlarına kədərlənirəm. Bax, indi sizin oturduğunuz kürsüdə vaxtı ilə Tələt paşa oturmuşdu. Mən ona Aya Sofiyanın minarələrinin birinin yıxılması barədə gördüyüm yuxunu danışdım. Bədbəxtlikdən o yuxu tezliklə çin oldu - Bağdad süqut etdi. Təəssüflər olsun ki, o zaman Qolts paşa öldü. Xəlil paşa kimi bonvivanlar (əyləncə düşkünü, öz keyfi üçün yaşayan- V.Q.) isə aydın məsələdir ki, Bağdadı müdafiə edə bilməzdilər, onu qoruyub-saxlamağa qadir deyildilər. Belə cənablara əyləncə məclisləri, əzilib-büzülən gözəlçələr, şərab lazımdır. Şübhə yox idi ki, artıq Bağdadın süqutu ilə hər şey itirilib.

 

Mən: Amma bunlar hamısı keçmişdə qalıb, indi isə...

 

Fars elçisi: (sözümü kəsərək) Yox, qulaq asın, Exellance. Bu cənablar öz ölkələrini məhv etdilər, sonra bizim məmləkəti  də o günə salmaq istəyirdilər. Bilirsiniz, onlar nə iş görürdülər? Öz əsgərlərinin çörəyini, paltarını, ayaqqabısını əlindən alırdılar. Kef məclisləri düzəldir, banklara 100 milyonlarla pul yatırırdılar, avtomobillərdə gəzirdilər, qanlarını tökməyə, vətəni qorumağa göndərilən zavallı əsgərlər isə aclıqdan, soyuqdan ölürdü, cır-cındır içində, ayaqyalın gəzirdilər. Məgər vətənə xidmət belə olur? Səhv dalınca səhv, hamısı da biri-birindən kobud?! Tarixdə misli görünməmiş nümunədir!

 

Mən: Bəli, haqlısınız. Səhvlər çox olub. Amma kim səhv etmir ki? Yenə deyirəm: bunlar hamısı artıq tarixdir. Daha yaxşı gələcək qurmaq üçün bu gün bir-birimizə kömək etməyimiz  lazımdır. Ürəkdən arzulayıram ki, İran bu yolu tutsun. İran bizim Azərbaycanın böyük qardaşıdır. Fars məmləkətinə sevgi və rəğbətimiz güclüdür.

 

Fars elçisi: Buna inanıram. İran da sizə münasibətdə eyni hissləri bölüşür. Öz adımdan əmin edə bilərəm ki, bacardığım hər işdə faydalı olmağa çalışacağam. Təbii ki, mən də ziyarətinizə gələcəyəm. Amma xahiş edirəm, istədiyiniz vaxt çəkinmədən, heç bir rəsmiyyət gözləmədən  buyurub gəlin. Məni sevindirərsiniz. Diqqətinizə görə çox minnətdaram (Otaqdan çıxır, bizi vestibülə qədər ötürür).

 

Rus dilindən tərcümə: Vilayət Quliyev

 

525-ci qəzet.-2017.-25 noyabr.-S.19.