Saday Budaqlı gənc ədiblərlə
görüşdü
Noyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Gənclərin budəfəki qonağı
yazıçı, tərcüməçi
Saday Budaqlı olub.
Tədbiri “Dünya ədəbiyyatı”
jurnalının baş
redaktoru, ədəbiyyatşünas
və tərcüməçi
Seyfəddin Hüseynli
giriş sözü ilə açaraq iştirakçıları salamlayıb,
qonağı gənc ədiblərə təqdim
edib. S.Hüseynli, yazıçını uzun zamandan bəri
tanıyan qələm
dostu kimi, S.Budaqlı haqqında fikirlərini bölüşmək
üçün əvvəlcə
şair, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə söz verib. Q.Ağsəs S.Budaqlının “Nisgil”,
“Qoca”, “Firuzə qaşlı sırğa” hekayələri, “Çat”
kitabı, “Master və
Marqarita” tərcümələri
fonunda həyatı və ədəbi yaradıcılığı haqqında
düşüncələrini açıqlayıb. Onu Azərbaycan
dilinin saflığını
qoruyan, bu dildə ustalıqla yazan ən istedadlı
nasirlərdən biri kimi dəyərləndirib.
Deyib ki, Saday Budaqlı
ana dilimizi nə qədər mükəmməl bilsə
də, əsərlərində
ilk baxışdan sadə,
adi cümlələr
yazır. Bu da həm özünü,
həm də oxucunu yormamaq məqsədi daşıyır.
Saday Budaqlının əsərlərini
oxumağı gənc
yazarlara məsləhət
görən şair deyib ki, bu
əsərlərlə necə
yazmağın sirlərinə
yiyələnmək olar.
Şair onun tərcüməçi
kimi fəaliyyətindən
də söz açıb və qeyd edib ki,
Saday Budaqlı tərcümə işinə
də son dərəcə
ciddi, məsuliyyətli
yanaşır.
Tədbirin aparıcısı Seyfəddin
Hüseynli də Saday Budaqlı haqqında düşüncələrini
bölüşüb. O deyib ki, 1990-cı illərin əvvəllərində Saday
Budaqlını cəmiyyətə
təqdim edən, onun formalaşmasında, tanınmasında bilavasitə
rol oynayan mühit, sistem dağıldığından, yazıçının
yaradıcılığında bir müddət durğunluq yaşandı,
ədəbiyyatdan uzaqlaşdı.
Saday Budaqlı imzası ilə yaxından tanış
olmaq istəyən gənclərə S.Hüseynli,
ədibin öz əsərlərindən, müsahibələrindən
əlavə, Xalq yazıçısı Elçinin,
Fəxri Uğurlunun onun kitablarına ön sözlərini oxumağı tövsiyə
edib. S.Hüseynlinin fikrincə, tənqidçi
İradə Musayevanın
S.Budaqlı haqda məqalələrini oxumaqla
da yazıçının
ədəbi şəxsiyyəti
və yaradıcılığı
barədə dolğun
təəssürat almaq
olar. S.Budaqlının
əsərlərinin üslub-texnika
keyfiyyətləri barədə
də söz açan S.Hüseynli onun hekayə və povestlərinin, eləcə də “Zədə” romanının
“fikir-düşüncə axını” tərzində
yazılmış dəyərli
nümunələr olduğunu
deyib. S.Hüseynli yazıçının yaradıcılığının dünya ədəbiyyatındakı
qaynaqlarına da toxunub, Azərbaycan nəsrinin bu günü və gələcəyi baxımından
S.Budaqlının nəsrinin
önəmini diqqətə
çatdırıb. Qonağı
usta və fədakar tərcüməçi
kimi də təqdim edən S.Hüseynli onun tərcüməsində Bulqakovun
“Master və Marqarita”,
İşiquronun “O günlərdən
qalanlar” romanlarının
dəyərini xüsusi
vurğulayıb.
Saday Budaqlı
gənc ədiblərə
özünün ədəbiyyata
gəlişi, ilk qələm
təcrübələri, təhsil
aldığı və
yazıçı kimi
yetişdiyi mühit barədə ətraflı
məlumat verib. Azərbaycan
ədəbiyyatının dünya
söz sənəti ilə bağlılığı,
oxucu-yazıçı münasibətləri
haqqında maraqlı fikirlər söyləyərək,
gənclərə yaradıcı
insanın ciddi, ardıcıl zəhmət
sayəsində yetkinləşməsinə
dair tutarlı örnəklər verib: “Yazıçı üçün
ilkin şərtlərdən
biri tək qalmağı bacarmasıdır.
Bir mühüm cəhət də sözü hiss etmək, duymaq bacarığıdır.
Söz özü əslində diridir. Şərt onun enerjisini,
canlılığını hiss edə bilməkdir. Bu da zəhmətdən
keçir. İşlədikcə insan dünyaya yuxarıdan aşağı
baxmağı, müşahidə
etməyi öyrənir,
yazmaq, hadisələrə,
əşyalara müxtəlif
rakursdan baxmaq vərdişi qazanır.
İmkan
daxilində yazıçı
eyni vaxtda, rejimlə yazmağa çalışmalıdır. Gənc qələm sahibi yazarkən heç zaman öz içindən
keçənlərdən qorxmamalıdır.
İnsan bütünlüklə
yaxşı və ya pis ola bilməz. Yazıçı “bunu yazsam, cəmiyyət haqqımda nə düşünər?”
- deyə fikirləşməməli,
əvvəlcə özü
ilə səmimi olmalı, öz içindən qaçmamalıdır”.
Özünün yazıçılıq təcrübələrindən çıxış edərək gənc ədiblərə məsləhətlər verən S.Budaqlı deyib: “Fasilə verəndə yazını elə yerdə saxlamaq lazımdır ki, gələn dəfə o yazıya qayıdanda qaldığın cümlədən sonra nə yazacağını biləsən. Mən həmişə yazılarımda ilk cümlənin nə olacağını bilirəm. Çox zaman son cümləni də bilsəm belə, bəzən yazı prosesində o cümlə dəyişə bilir. Birinci cümlə mütləq oxucuya hekayə və ya qəhrəman haqqında ilkin informasiya verməlidir. Hekayələrimdə adətən, qəhrəmanlara ad qoymuram. Çünki oxuculardan hər biri özünü o qəhrəmanda tapa bilər. Oxucu onu kim olaraq görürsə, deməli, o qəhrəman da odur”.
Yazıçı özünün “Sulu qar”, “Əclaf” hekayələri, “Fevral” povesti örnəyində əsərlərinin yaranması, yazı prosesi haqqında da danışıb.
Daha sonra gənc ədiblər onları maraqlandıran mövzularda qonağa suallar veriblər, görüş diskusiya şəklində davam edib.
Müasir ədəbiyyatımız haqqında sualı cavablandıran yazıçı deyib ki, hazırda ədəbi mühitdə bir canlanma var: “On-on beş il öncəyə qədər ictimai proseslərin təsiri ilə, iqtisadi səbəblər üzündən insanlar ədəbiyyatdan xeyli uzaqlaşmışdı. İndi isə yenidən ədəbiyyata qayıdış müşahidə olunur. Bizim dövrdə təkcə iki ədəbi jurnal, bir qəzet vardısa, indi fəaliyyətdə olan ədəbi portallar, qəzetlər, jurnallar gənclər üçün geniş imkanlar yaradır. İndi ədəbiyyata həvəs var, insanlar kitaba, mütaliəyə qayıdır”.
Görüşdə ədəbiyyatın insana, cəmiyyətə təsiri məsələsi də müzakirə olunub. Yazıçı qeyd edib ki, ədəbiyyat insanı və ya cəmiyyəti dəyişməyə borclu deyil, o sadəcə hisslərə təsir edə, insan öz içindəki suallara oradan cavab tapa bilər. Ədəbiyyat dünyanı gözəlləşdirmək, insanı tərbiyələndirmək missiyasına iddialı deyil. Oxuduğundan nəticə çıxarmaq, onu həyatına tətbiq edib-etməmək insanın öz seçimidir.
Sonda yazıçı gənc ədiblərdən Emin Süleymanov, Emin Akif, Ulucay Akif, Elnur Xəzrinin yeni şeirlərini dinləyib.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 25 noyabr.-
S.14.