Məmmədhüseyn Təhmasib və folklorumuzun bəzi ağrılı nöqtələri

 

Məmmədhüseyn Təhmasib - 110

 

Muxtar KAZIMOĞLU

 

 

Məmmədhüseyn Təhmasibin bir folklorşünas kimi gücü-qüdrəti ağrılı nöqtələri dərindən duyub Azərbaycan folklorunun ən vacib məsələləri ilə dünya nəzəri fikri səviyyəsində məşğul olmaqda, az öyrənilmiş məsələlərin elmi həllinə öz möhürünü vurmaqdadır.

 

Məmmədhüseyn Təhmasibin araşdırdığı və haqqında həlledici söz dediyi ağrılı nöqtələri sadalamaq istəsək, çox da uzağa getmədən ilk növbədə görkəmli alimin “folklor nədir?” sualı ətrafındakı mülahizələrini xatırlatmalı olarıq. Ona görə ki, folklor dedikdə yalnız xalq ədəbiyyatını başa düşən və bu ədəbiyyata da yazılı ədəbiyyat meyarları ilə yanaşan mütəxəssislərə tez-tez rast gəlmək olur. Bu gün folklor anlayışı birmənalı şəkildə başa düşülmürsə, folklor nümunəsinin araşdırılması öz metodologiyasına görə yazılı sənət nümunəsinin araşdırılmasından o qədər də fərqlənmirsə, onda Məmmədhüseyn Təhmasibin ciddi elmi fəaliyyətə başladığı 1930-cu illərin sonu, 40-cı illərin əvvəllərində folklora münasibətin daha acınacaqlı vəziyyətdə olduğunu təsəvvür etmək çətin deyil. Həmin illərdə dissertasiya mövzusu kimi götürüb üzərində işlədiyi “Xalq ədəbiyyatımızda mərasim və mövsüm nəğmələri” adlı elmi əsər Məmmədhüseyn Təhmasibin folklorşünas mövqeyi barədə çox söz deyir. Hər şeydən qabaq onu deyir ki, Məmmədhüseyn Təhmasib folklorun yalnız xalq ədəbiyyatı ilə məhdudlaşmadığını, şifahilik ənənəsi əsasında yaranan müxtəlif sənət sahələrini əhatə etdiyini ciddi şəkildə nəzərə alır; folklorun ilkin mahiyyətini və təməl prinsiplərindən birini mərasimlərlə bağlılıqda görür.

 

Xatırlatdığımız ilk irihəcmli və ciddi elmi əsərində Məmmədhüseyn Təhmasib ayin və mərasimlərin bir qayda olaraq folkloru sinkretik şəkildə ortaya çıxardığını, ayin və mərasimlərdə ən azı şairlik, bəstəkarlıq, müğənnilik, rəqqaslıq, aktyorluq kimi sənət sahələrinin vəhdətdə təzahür etdiyini xüsusi olaraq diqqətə çatdırır. Qədim cütçü nəğmələrindən, həmin nəğmələrin hansı şəraitdə və hansı şəkildə ifa edilməsindən bəhs edən folklorşünas yazır: “Burada söz, səs, musiqi və işin yaratdığı ahəngə uyğunlaşdırılan bədən hərəkətlərinin, yəni şairlik, musiqişünaslıq, müğənnilik və rəqsin ən ibtidai şəkillərinin möhkəm və mürəkkəb birliyi yaranmaqdadır”. Mövsüm və mərasim nəğmələrini ayrıca mətn kimi götürüb onların bədii-poetik xüsusiyyətlərindən danışmaq Məmmədhüseyn Təhmasibin bir folklorşünas kimi maraq dairəsinə daxil deyil. Məmmədhüseyn Təhmasibi maraqlandıran əsas məsələ indinin özündə belə çoxlarının o qədər də əhəmiyyət vermədiyi, amma folklorun əlifbası olan bir məsələ - mətnin ifa konteksti məsələsidir. Mövsüm və mərasim nəğmələrinin öyrənilməsində bu kontekst mətnin bədii-poetik cəhətlərini yox, arxaik-mifoloji mahiyyətini üzə çıxaran bir kontekstdir. Sovet hökümətinin dini fanatizmə qarşı amansız mübarizə apardığı bir şəraitdə, neçə-neçə folklorşünasın təzəcə repressiyaya məruz qaldığı bir mühitdə mövsüm və mərasim nəğmələrinin ifa kontekstini araşdırmaq gənc bir tədqiqatçı üçün siyasi baxımdan heç də sərfəli yol deyildi. Ona görə ki, mövsüm və mərasim nəğmələrinin ifa kontekstini araşdırmaq falçılıqdan, ovsunçuluqdan, bir çox ayinlərdən danışmaq demək idi.

 

Tədqiqat zamanı folklorun öz təbiətindən çıxış etməyə çalışan Məmmədhüseyn Təhmasib o vaxt onun üçün sərfəli olmayan yolla getməyə məcbur idi. O, mərasim folklorunun mahiyyətini dərindən duyan bir təfəkkür sahibi kimi məcbur idi göstərsin ki, falçılıq prosesindən danışmadan fal nəğmələri olan vəsfi-halların əsas funksiyasından danışmaq məntiqsizlikdir. Ovun uğurlu keçməsinə, qurdun ağzını bağlamağa, küləyin kəsməsinə, yağışın yağmasına, günün çıxmasına magik təsir göstərmək üçün oxunan nəğmələri ovsunçuluqdan təcrid olunmuş şəkildə öyrənmək Məmmədhüseyn Təhmasibə, yəqin ki, absurd bir iş kimi görünürdü. Belə olmasaydı, Məmmədhüseyn Təhmasib təbiətə magik təsir göstərməyə yönəlmiş ayin və mərasimlərdən geniş bəhs etməz, bir sıra nəğmələri Günəşi dəvət, Qodu-qodu, Xıdır Nəbi, Kosa-kosa və digər oyun-mərasimlər tərkibində araşdırmaya cəlb etməyi vacib bilməzdi. Araşdırma boyu ara-sıra əfsanə və rəvayətlərə, nağıl və dastanlara istinad edilməsi bir daha göstərir ki, Məmmədhüseyn Təhmasib mərasimlərə bağlılığı mövsüm və mərasim nəğmələri ilə məhdudlaşdırmır və bu bağlılığı folklorun digər janırlarına da aid olan bir prinsip kimi görünür.

 

Şifahi xalq ədəbiyyatının, bütövlükdə folklorun yazılı və professional sənətdən fərqini doğru-düzgün başa düşməkdə ifa prosesini nəzərə almağın nə qədər vacib olduğunu diqqətə çatdırmaq istəyən Məmmədhüseyn Təhmasib yazır: “Xalq ədəbiyyatı ifaçısı ifadə etdiyi hər bir əsəri öz anladığı, öz istədiyi şəklə salır. Hətta eyni əsər eyni məclisdə iki ifaçının ifasında tamamilə başqa-başqa şəkillərə düşə bilər. Bu isə hər bir ifaçının özünəməxsus olan yaradıcılığı deməkdir. Müşahidələr sübut etmişdir ki, eyni nağıl bir peşəkar nağılçının ifasında daha çox qəhrəmanlıq xüsusiyyətləri kəsb etdiyi halda, bir başqasının ifasında tərbiyəvi mahiyyət alaraq didaktik bir əsər halına düşə bilər. Hətta... eyni əsər öz dinləyicilərinin tərkibinə görə bir-birindən tamamilə fərqli şəkillərdə ifa edilir.

 

Beləliklə, tamamilə mübaliğəsiz demək olar ki, yazılı ədəbiyyatdan fərqli olaraq, xalq ədəbiyyatına aid olan hər bir əsərin ifaçısı eyni zamanda, həm də ifa etdiyi əsərin müəyyən dərəcədə... yaradıcısıdır”. Folklor nümunəsinin ifasını “yenidən yaratma prosesi” sayan Məmmədhüseyn Təhmasib bu prosesdə ifaçı marağını və dinləyici tələbini mühüm amillər kimi diqqətə çatdırır. Bu o deməkdir ki, məzmununda mərasim elementləri olsa da, mərasimin tərkibində yox, mərasimdən kənarda ifa olunan əfsanə, rəvayət, nağıl, dastan, lətifə və s. kimi janrlarin ifa prosesi söyləyici və dinləyici münasibəti üzərində qurulur. Bu janrlar içərisində özünün yaranma yoluna görə ən mübahisəli olanı dastan janrıdır. Çünki bu janrın mənsub olduğu və aparıcı yer tutduğu aşıq yaradıcılığının özü bütövlükdə mübahisə doğuran bir sahədir və həmin mübahisə açıq və ya örtülü şəkildə bu gün də davam edir. Mübahisənin kökü aşıq yaradıcılığı nümunələrinin bir çoxunda, xüsusən möhürbəndlə bitən gəraylı, qoşma, təcnis, divani, müxəmməs və digər şeir janrlarında müəllifin bəlli olmasında və bu cəhətdən aşıq yaradıcılığının yazılı ədəbiyyata yaxınlaşmasındadır. “Azərbaycan xalq dastanları (orta əsrlər)” adlı fundamental əsərində Məmmədhüseyn Təhmasib aşıq yaradıcılığındakı müəlliflik məsələsini bir az da qabardır və bu müəllifliyi nəinki aşıq şeirlərində, həm də dastanlarda axtarır, məşhur dastanlarmızdan hər birini hansısa ustad sənətkarın yaratmasını tədqiqat boyu xüsusi bir ideya kimi irəli sürür. Məmmədhüseyn Təhmasib belə hesab edir ki, “Dədə Qorqud” dastanının təməlini Dədə Qorqud adlı bir ozan, “Koroğlu”nun təməlini “Koroğlu” adlı bir şair, “Əsli-Kərəm”, “Qurbani”, “Abbas-Gülgəz” dastanlarının təməlini Dədə Kərəm, Qurbani, Aşıq Abbas Tufarqanlı kimi ustad aşıqlar qoyublar. Məsələnin bu cür qoyuluşu, yəni aşıq yaradıcılığında müəllif məsələsinin bu şəkildə qabardılması Məmmədhüseyn Təhmasibi heç də “aşıq yaradıcılığı şifahi ədəbiyyatdan daha çox yazılı ədəbiyyata bağlıdır” qənaətinə gətirib çıxarmır. Niyə? Ona görə ki, Məmmədhüseyn Təhmasib folklor nümunəsinin yaranma və yaşama mexanizmini çox gözəl bilir.

 

Məmmədhüseyn Təhmasib çox gözəl bilir ki, folklor nümunəsi nə göydən düşür, nə yerdən çıxır, folklor nümunəsini hazır qəliblər əsasında ayrı-ayrı fərdlər yaradır, hamıya tanış və doğma bir tərzdə ərsəyə gələn nümunə dərhal kütlə içinə yol tapıb, hamının ortaq sərvətinə çevrilir. Məmmədhüseyn Təhmasibin qəti qənaətinə görə, müəllifin bir çox hallarda bəlli olması aşıq yaradıcılığını şifahi ədəbiyyat mahiyyətindən uzaqlaşdıra bilmir. Aşıq yaradıcılığında şifahi ədəbiyyat ənənəsinin qorunub saxlanmasının səbəbini Məmmədhüseyn Təhmasib belə izah edir: “Aşıq yaradıcılığına mənsub hər bir kiçik, yaxud böyük əsər xüsusi mənada məlum, bəlli tək “müəllif”ə malik əsər olsa da, eyni zamanda, həm də kollektiv yaradıcılıq məhsuludur. Bunun... müxtəlif səbəbləri var ki, ən əsasları aşağıdakılardır: 1. Hər bir aşıq öz əsərini yaradarkən özündən qabaq yaşayıb-yaratmışların kollektiv yaradıcılıq məhsuluna çevrilmiş irsindən əzəmi dərəcədə faydalanır. Bu zəngin xəzinənin bəzən hətta hazır sujetlərindən, təsvir vasitələrindən, üslub xüsusiyyətlərindən, hazır spesifik ifadələrindən... və s. istifadə edir. 2. Yaradılan hər bir əsər ağızlara düşür, ustad və yaxşı peşəkar aşıqların ifasında dəyişir, işlənir, cilalanır, mükəmməlləşir. Sözün həqiqi mənasında bir fərdin əsəri olmaqdan daha çox kollektiv yaradıcılıq məhsuluna çevrilir. Bütün bunlara görə də bizdə aşıq yaradıcılığı folklorun özünəməxsus spesefik xüsusiyyətlərə malik bir qolu, bir sahəsi adlandırılır”. Deməli, hansısa müəllif tərəfindən yaradılması aşıq ədəbiyyatı nümunəsinin dəyişib, cilalanıb kollektiv yaradıcılıq məhsuluna çevrilməsinə mane ola bilmir. Hazır ifadə formalarından istifadə olunan aşıq ədəbiyyatı nümunəsində fərdi uslubdan danışmaq xeyli dərəcədə çətinləşir.

 

Tamamilə haqlı olaraq Məmmədhüseyn Təhmasib dastan yaradıcılığında aşığın fərdi üslubundan danışan tədqiqatçılara öz etirazını bildirir. Ustad aşıqların şeirləri əsasında sonradan başqa aşıqların dastan yaratması və həmin dastanın yurd hissəsində dastan müəllifinin, şeirlərində isə ustad aşığın üslubunun özünü göstərməsi ilə bağlı fikirlərə etiraz edən Məmmədhüseyn Təhmasib yazır: “Yaranan kimi elə o şəkildə yazıya alınmayan dastanların heç birinin yurd hissəsində heç bir vəchlə “müəllif” üslubu yaşaya bilməz. Dastanın yurd hissəsinin üslubu, onu yaradan müəllifdən daha çox hər dəfə onu ifa edən aşığın təhkiyə üslubudur. Belə olmasaydı, dastanların ayrı-ayrı variantları, versiyaları əmələ gəlməzdi”. Əlbəttə, burada Məmmədhüseyn Təhmasib dastan ifaçısının “təhkiyə üslubu” ifadəsini şərti olaraq işlədir və bununla şifahi yaratma və yaşatma ənənəsinin başqa bir vacib məsələsini vurğulamaq istəyir. Görkəmli folklorşünasın bu məqamda vurğulamaq istədiyi məsələ variant və versiya məsələsidir. Variant və versiya məsələsi ortaya çıxanda istər-istəməz düşünməli və öz-özünə sual verməli olursan: Ədəbiyyat fənninə az-çox maraq göstərən orta məktəb şagirdinin də əzbər bildiyi bu məsələyə lazımi şəkildə fikir veririkmi, folklor toplularının tərtib və nəşr olunmasında, folklor nümunələrinin araşdırılmasında çoxvariantlılıq əsaslı olaraq nəzərə alınırmı? Suala müsbət cavab verə bilmiriksə, deməli, variant və versiya da folklormuzun ağrılı yerlərindən biri sayıla bilər.

 

Variant və versiya məsələsinə Məmmədhüseyn Təhmasibin münasibətinə gəlincə, tərəddüdsüz-filansız deyə bilərik ki, araşdırmalarında həmin məsələnin əsaslı şəkildə nəzərə alınması baxımından da Məmmədhüseyn Təhmasib ustad folklorşünasdır. “Azərbaycan xalq dastanları (orta əsrlər)” monoqrafiyasında ustad folklorşünasın tədqiqata cəlb etdiyi variant və versiyaların miqyası kifayət qədər genişdir. Bu genişlik barədə aydın təsəvvür yaransın deyə bir-iki faktı xatırladaq: monoqrafiyada “Abbas-Gülgəz” dastanının 7, “Qurbani” və “Şah İsmayıl-Gülzar” dastanlarından hər birinin 10, “Tahir-Zöhrə” dastanının 20 variantı araşdırmaya cəlb edilir. Variantlar, həmçinin, versiyalar əsasında aparılan müqayisə dastanların yaranma mənbələrini, dastanlarda tarixi hadisələrin əks olunma dərəcəsini, dastanların kim tərəfindən yaranmasını üzə çıxarmağa, bir çox başqa məsələləri aydınlaşdırmağa yaxından kömək edir. Dastanlarımızın qidalandığı mühüm mənbələrdən biri “Dədə Qorqud” boylarıdır. “Basat”, “Səgrək” və “Bamsı Beyrək” boyları əsasında neçə-neçə dastanın yaranmasını çoxlu nəşr və arxiv materialları əsasında araşdıran Məmmədhüseyn Təhmasib “ər arvadın toyunda” beynəlxalq sujetinin dəyişib “adaxlı adaxlının toyunda” formasına düşməsi və “Bamsı Beyrək”, “Aşıq Qərib” dastanlarında məhz o şəkildə öz əksini tapmasından söhbət açır.

 

Görkəmli folklorşünas təkzibolunmaz dəlillər gətirib “Aşıq Qərib”in “Bamsı Beyrək” təsiri altında yaranmasını sübuta yetirməklə kifayətlənmir və öz təhlillərində daha dərin qatlara enməyə təşəbbüs göstərir. O, “Bamsı Beyrək” boyundakı “Parasarın Bayburd hasarından pırlayıb uçan” təyininə əsaslanıb belə hesab edir ki, “boyun istifadə etmiş olduğu daha qədim, daha arxaik variant-məxəzdə Beyrək nə kafir qızının köməyi ilə zindandan xilas olurmuş, nə də öz atını tapıb, ona minib düşmən əlindən qurtarırmış. O, “Parasarın Bayburd hasarından pırlayaraq” uçub gəlirmiş. Yəqin yazıya köçürən son dastançı, yaxud katib bunu “cahiliyyət dövrü”ndən qalma ağlabatmaz “əfsanə” sayaraq dəyişmiş, “kafir qızı” ilə, sonra da atla əvəz etmişdir”. Uçmaqla bağlı arxaik ünsürün təsdiqini Məmmədhüseyn Təhmasib “Aşıq Qərib”də tapır. Görkəmli folklorşünas belə hesab edir ki, həmin arxaik ünsür “Aşıq Qərib”ə də keçib və dastanın Soltana Məmmədova adlı söyləyicidən yazıya alınmış bir variantında Qərib Tiflisə atla yox, qanadla uçaraq gəlir. Məmmədhüseyn Təhmasib uçmaqla bağlı arxaik elementin daha bir tutarlı dəlilini dastanın başqa variantlarındakı qoşmalarda görür:

 

Hələbdə xəbəri verdilər bizə,

Günorta zamanı mən çıxdım düzə.

Mədəd deyib, gəlib çıxdım Tiflisə,

Mövlam qanad verdi, uçdum da gəldim.

 

Azərbaycan dastanlarının variant və versiyalarını ciddi şəkildə nəzərə alan, 1938-1965-ci illər arasında 100-dən çox dastan toplamaqla bu sahədə faktik materiala dərindən bələd olan, istifadə etdiyi toplama, nəşr və arxiv materiallarını dünya nəzəri fikri səviyyəsində dəyərləndirməyi bacaran Məmmədhüseyn Təhmasib dastanların janr təsnifatını verməklə folklor elmimizdəki boşluqlardan birini doldurmuş olur. Məmmədhüseyn Təhmasibə qədər folklorşünaslıqda dastanların təsnifi təcrübəsi ilə, təbii ki, qarşılaşırıq və bu təcrübədə dastanların yaranma dövrü, dastanların qidalandığı mənbə və dastanların ifadə etdiyi məzmun əsas prinsiplər kimi götürülür, təsnifat həmin prinsiplərə nəzərən aparılır. Məsələn, V.Proppun təsnifatında dastanların meydana çıxdığı ictimai formasiyalar əsas götürülürsə, V.Jirmunski və H.Zərifovun təsnifatında dastanların məzmunu və mənbəyi əsas götürülür. V.Jirmunski və H.Zərifov özbək dastanlarını belə təsnif edirlər: 1. bahadarlıq eposu; 2. əsgəri-hərbi povest; 3. tarixi məzmunlu dastanlar; 4. roman-dastanlar; 5. “Koroğlu” silsiləsi; 6. mənşəyini yazılı ədəbiyyatdan götürən dastanlar. Azərbaycan ədəbiyyatşünaslığında Məmmədhüseyn Təhmasibə qədərki dastan təsnifatından danışsaq, ilk növbədə, Həmid Araslı və Feyzulla Qasımzadənin adını çəkməliyik.

 

Qeyd etməliyik ki, bu ədəbiyyatşünaslar əlavə bölgülərə çox da yer vermədən qəhrəmanlıq dastanları və məhəbbət dastanları bölgüsü üzərində dayanırlar. Məmmədhüseyn Təhmasib özündən əvvəlki təsnifatları nəzərə almaqla, əldə olan 150-ə yaxın irili-xırdalı dastan nümunəsinə əsaslanaraq, Azərbaycan dastanlarının dolğun təsnifatını verir. Dolğunluğun birinci göstəricisi ondan ibarətdir ki, Məmmədhüseyn Təhmasib qəhrəmanlıq və məhəbbət dastanları ilə yanaşı, dastanlarımızın başqa bir növünün də olduğunu aşkara çıxarır: ailə-əxlaq dastanları. Təsnifatda dolğunluğun ikinci mühüm göstəricisi isə odur ki, görkəmli folklorşünas qəhrəmanlıq və məhəbbət dastanlarının heç də yekcins olmadığını, daxilən neçə-neçə növə ayrıldığını inandırıcı şəkildə ortaya qoya bilir. Məmmədhüseyn Təhmasib təsnifatında qəhrəmanlıq dastanları üç daxili növə ayrılır: 1. qədim bahadırlıq nağılları, sehrli nağıllar və əsatiri görüşlərlə səsləşən qəhrəmanlıq dastanları; 2. tarixi hadisələrlə səsləşən qəhrəmanlıq dastanları; 3. adi qəhrəmanlıq dastanları. Məmmədhüseyn Təhmasib təsnifatında qəhrəmanlıq dastanları kimi, məhəbbət dastanları da üç daxili növə ayrılır; 1. məhəbbətlə qəhrəmanlıq hüdudlarında dayanan dastanlar; 2. əsil məhəbbət dastanları; 3. məcazi məhəbbətə həsr edilmiş dastanlar. Məhəbbət dastanlarının, məzmunca rəngarəngliyi və müxtəlifliyi Məmmədhüseyn Təhmasibi bu dastanlarla bağlı əlavə bir daxili bölgü aparmağa vadar edir. O, əsil məhəbbət dastanlarının dörd, məcazi məhəbbət dastanlarının isə iki növünü müəyyənləşdirməli olur.

 

Görkəmli folklorşünasın nəzərində əsil məhəbbət dastanlarının növləri bunlardır: 1. nağıllarla bağlı məhəbbət dastanları; 2. qədim eposla bağlı məhəbbət dastanları; 3. yazılı ədəbiyyatla bağlı məhəbbət dastanları; 4. orijinal məhəbbət dastanları. Görkəmli folklorşünasın nəzərində məcazi məhəbbətə həsr edilmiş dastanların isə növləri bunlardır: 1. astral dastanlar; 2. rəmzi dastanlar.

 

Faktik və nəzəri materialı incələyib dərin ümumiləşdirmələr aparmağın məhsulu olan bu təsnifatın təfsilatına varmadan Məmmədhüseyn Təhmasibin tarixi bir qənaətini - qəhrəmanlıq və məhəbbət dastanlarının yaranma şəraiti və dastanlarımızın bu iki növünün qarşılıqlı əlaqəsi ilə bağlı mühüm bir mülahizəsini xatırlatmaq istəyirik. Həmin qənaət və mülahizənin nədən ibarət olduğunu xatırlatmazdan qabaq qeyd etməyi vacib bilirik ki, qəhrəmanlıq və məhəbbət dastanlarının qarşılıqlı əlaqəsi ozan sənəti ilə aşıq sənətinin qarşılıqlı əlaqəsi deməkdir. Ona görə ki, məhəbbət dastanları XVI-XVII əsrlərdən etibarən ozan sənətinin yox, aşıq sənətinin məhsulu kimi meydana çıxır.

 

(Ardı var)

 

525-ci qəzet  2017.- 25 noyabr.- S.9;16.