Doktor Komarovski ilə görüş
PƏRVİN
Ötən həftə ukraynalı pediatr Yevgeni Komarovski
Bakıda qonaq oldu. Fairmont otelin girişində elə bir
izdiham vardı, sanki gələn hansısa şou ulduzu, yaxud
populyar aktyordur.
Gənc və gözəl anaların dəbdəbəli
geyimləri, oteli bürümüş bahalı parfüm
qoxusu ayrı bir ab-hava yaradırdı. Xəbərsiz adam burda bir həkimin
qəbulu olduğuna dünyasında inanmazdı, düşünərdi ki, yəqin
hansısa filmin qala gecəsi, yaxud yaraşıqlı xarici
aktyorların qonaq olduğu tədbirdir. Axı təxminən
600 gənc xanımı bir yerə ayrı hansı səbəb
toplaya bilərdi ki?! Müasir dövrdə
bir pediatrın bu qədər məşhurlaşması,
dünyada tanınması, həm də sevilməsi doğrudan
da təəccüblüdür. Ancaq həmin
görüşdə Komarovskinin populyarlığının
sirrini aça bildik.
Yevgeni Komarovski Ukraynanın Xarkov şəhərində
sadə bir ailədə doğulub. Xarkov Tibb İnstitutunu bitirdikdən
sonra kiçik bir əyalət xəstəxanasında Uşaq İnfeksion
şöbəsində çalışıb. Və
elə bütün Komarovski əfsanəsi, ömür yolu da
o zamandan başlayıb. Hazırda
telekanallardan birində “Komarovskinin məktəbi” layihəsini
aparan bu həkimi tanımayan yoxdur. Hələ
2000-ci ildə “Sağlam uşaq və onun sağlam
düşünən qohumları” kitabı (bu kitab müxtəlif
ölkələrdə nəşr olunub) ilə
tanınmağa başlayan həkim bu gün dünyanın ən
böyük otellərində master-klaslar keçir.
Y.Komarovskinin
məşhurluğunun bir neçə səbəbi var... Hər şeydən öncə onun işinin
uşaqlarla bağlı olması. Hər
şeyə peşəkar yanaşmanı tələb edən
müasir dünyada gənc valideynlərin
uşaqlarının sağlamlığına biganə
qalması, hər şeyi doğru-dürüst öyrənməməsi
mümkünsüzdür. Bu baxımdan
Komarovskinin verilişləri sanki hər sualına cavab verə
biləcək məsləhətçidir. Yeni doğulmuş körpənin
sağlamlığından tutmuş tərbiyəsinə kimi,
mərhələli şəkildə qulluğuna kimi hər
şeydən danışılır bu verilişlərdə.
Həm də necə danışılır...
Fairmont otelin böyük zalında üç saatdan
çox çəkən tədbirdə, daha doğrusu,
“Uşaq sağlamlığı haqqında miflər”
mövzusunda ustad dərsində Komarovskinin şöhrətinin
əsas səbəbini anladıq. Səbəb həm
uşaqlara, həm də öz işinə böyük
sevgidir. Komarovski bütün çətinlikləri
dərin bilgiləri, savadı ilə yanaşı, həm də
pozitiv xarakteri ilə sadələşdirir. Ona qulaq asdıqca adama elə gəlir ki, sadəcə
təmiz və sərin hava ilə hər xəstəliyi
müalicə etmək olar. Hansı xəstəlikdən
danışsan, nədən sual versən, Komarovski təmiz havanı,
otaqdakı rütubətin dərəcəsini vurğulayacaq.
Elə özü də Bakımızı
havası, suyu, təbiəti ilə kəşf etməyə
başlamışdı. Mühazirəsindən bir
neçə saat əvvəl İçərişəhəri
gəzməyə çıxan həkim jurnalistlərlə təəssüratlarını
belə bölüşmüşdü: “Düzünü desəm,
özüm də bilmirəm ki, artıq neçə
saatdı Bakıdayam. Sanki lap çoxdan burdayam. Fotolar çəkməyi
sevən adam kimi buranı çox bəyənirəm.
Artıq düşünürəm ki, Bakıya
yenidən qayıdım və səhər erkən saat
beşdə küçələr adamsız olanda gəzim və
fotolar çəkim”.
Elə
bizlərlə görüşünə də Bakı
haqqında fikirləri, təzə təəssüratlarıyla
başladı qonağımız: “Bilirsiz, Bakı mənim
üçün ilğım kimi idi. Çünki
illərlə, bəlkə yüz dəfələrlə
Bakıdan təşkilatçılarıma zənglər
edilirdi, bura gəlməyimi istəyirdilər, amma nədənsə
baş tutmurdu. İndi çox xoşbəxtəm.
Şəhəri gəzdim, yamyaşıl otu,
parıldayan günəşi görüb sevindim. Axı
bizdə orda çox soyuqdur indi...”
Həm həkimin öz dediklərindən,
həm də təşkilatçılarla söhbətlərdən
məlum oldu ki, Komarovskinin Bakıya gəlişi heç də
sadə olmayıb. Təşkilatçılardan
biri olan “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin
rəhbəri Təranə Məmmədovayla hələ bir
neçə gün öncədən söhbət edib bu
işin incəliklərini öyrəndim. “Loqos”
Psixoloji və Nitq İnkişafı Mərkəzi bir çox
nüfuzlu, dünyada tanınan alimləri, həkimləri
Bakıya dəvət edib seminarlar keçirir. Təranə
xanım belə insanların ölkəmizə gəlişini
son dərəcə mühüm hesab edir: “Bizim mərkəz
Yevgeni Komarovskinin mühazirəsinin təşkilatçısı
deyil, biz sadəcə bu işdə həmkarıq. Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsi, “Paşa sığorta” şirkəti
və “Pampers” ilə birgə bu işi həyata keçiririk.
Komarovski öz zamanının qədrini bilən,
ümumiyyətlə, özünün dəyərini bilən
insandır. Bilirəm ki, onunla
danışıqlar uzun müddət davam edib. Amma belə bir insanın ölkəmizə gəlməsi,
gənc analara məsləhət verməsi çox gözəldir.
Biz “Loqos” olaraq uşaqlarımızın
sağlam böyüməsini, gələcəklərinin
parlaq olmasını arzulayırıq. Komarovski
kimi alimlər, həkimlər isə ümumiyyətlə,
insanlığa, dünyaya xidmət edir. Çünki
uşaqları düşünmək, elə dünyanı
düşünmək deməkdir”.
Tədbir boyu qonağımız uşaqlar, onların xəstəlikləri,
valideynlərin savadsızlığından doğan problemlər
haqqında ürəkdən, həm də ağrıyla
danışdı. Əslində,
Yevgeni Komarovski son dərəcə xarizmatik,
maraqlı şəxsiyyət kimi saatlarla şəxsi
düşüncələrini bölüşə,
özündən, özəl həyatından danışa
bilərdi. Amma onun məqsədi verilmiş
vaxtdan səmərəli istifadə etmək idi. Uşaq
xəstəlikləri haqqında miflər, yəni
yanlış düşüncələr haqqında bir az danışandan sonra suallara cavab verən həkim
çox pozitiv mühit yaratmışdı. Axı
mövzu xəstəlik, problem, hətta bəzən də
ölümlərdisə, bu pozitiv, xoş əhval-ruhiyyəyə
səbəb nədir? Məsələ
burasındadır ki, Komarovski savadlı həkim, alim olmaqdan əlavə
həm də öz işini fərqli şəkildə təqdim
etməyi bacaran istedadlı adamdır. Bəzən
rəqibləri onu incitmək üçün şoumen
adlandırırlar, ciddiliyinə, savadına kölgə
salmağa çalışırlar. Amma sonsuz sayda
verilişləri və hətta qiyabi şəkildə, yəni
elə planşet, noutbuk ekranlarından müalicə etdiyi
uşaqların valideynlərinin məmnunluğu, ona sevgisi
tamam ayrı reallığı göstərir... Uzun illər uşaq reanimasiyasında işləyən
həkimin çox ağrılı xatirələri də var.
Dinlədikcə bu cür ağrıyla yaşayan adamın
pozitiv ovqatı, nikbin ruhu qoruyub saxlaması insanı heyrətləndirir.
“O ağrıyla yaşamaq çətindir, -
deyir Komarovski. - Bir gecədə
otuz uşaq gətirmişdilər reanimasiyaya. Hamısı da
infeksion xəstəlikdən ölümcül hala
düşmüşdülər. Ölümlə
üz-üzə idilər. 29-nu xilas edə
bildim. Amma yalnız biri...” Bu məqamda Komarovskinin
gözlərinə dərin bir kədər çökür:
“29 nəfəri xilas etmək sevindirmir adamı, amma birinin
ölümü ömürlük bədbəxt edə bilir” -
deyir. “Siz təsəvvür edirsiz, gündüz
həyatla ölüm arasında çarpışan uşaq məndən
soruşur ki, Jenya dayı, mən bu axşam öləcəm?!
Və həmin axşam ölür...” Komarovskinin
ardıcıl izləyiciləri ondan sonsuz sayda bu cür ürək
dağlayan xatirələr eşidiblər. Ona görə
əsasən onu tanıyanlardan ibarət olan auditoriya
üçün bu söhbətlər tanış
idi. Elə bu ağrılardan xilas olmaq
üçün, bu cür yaşaya bilmədiyi
üçün Komarovski reanimasiyada işini dayandırıb.
Həm haqqında çəkilən televiziya verilişlərindən birində, həm də Bakıdakı görüşdə danışdığı bir hadisə əslində, təkcə işdən yox, bütün dünyadan küsməyə bəs edərdi: “Təsəvvür edin, gecədir və reanimasiyanın şüşəli qapısı döyülür və siz orda dayanan adamın siluetindən bilirsiz ki, bu, xəstə körpələrdən birinin anasıdır. Amma o uşaq elə indicə ölüb, onu xilas etmək mümkün olmayıb. Qapını açıb o anaya deməlisiz ki, övladı ölüb. Və qapını açanda görürsüz ki, ana əlindəki süd şüşəsini sizə uzadır, körpəsini yedizdirməyinizi istəyir... Bundan sonra yaşamaq çətindir!” Bəli, zəif insan, yaxud elə ortabab gücü olan adi bir adam bu ağrıyla, bu travma ilə yaşaya bilməzdi. Amma Komarovski kimi istedadlı, xeyirxah insan bu cür ağrılarını daha “səmərəli” şəkildə istifadə edib. Öz işini populyarlaşdırmaq və daha çox insana, daha çox valideynə, uşağa kömək etmək qərarına gəlib. Ona görə dəfələrlə dediyi, verilişlərində uzun-uzadı izah etdiyi məsələlər haqqında təkrar suallar veriləndə həkim qonağımız inciyə bilir: “Axı mən o videoların hamısını sizin üçün yükləmişəm internetə, həm də tamamilə müftə. İstəsəydim parol qoyub bu yolla da pul qazana bilərdim. Amma istəmirəm, hər kəsin rahat şəkildə bu videolardan faydalanmasını, övladını xoşbəxt, sağlam böyütməsini istəyirəm”. Uşaqların xoşbəxtlik resepti isə onun üçün sadədir... Onun fikrincə, uşağa özünü mənasız bir səbəbdən həlak edən, fəda edən, yuxusuz gecələrdə xəstəlik tapan ana-ata yox, xoşbəxt valideynlər lazımdır. Xoşbəxt valideyndir hər şeyin müalicəsi. Əlbəttə, Komarovski dərmanların, peyvəndlərin effektini istisna etmir, daha doğrusu, bunun - yəni tibbi-peşəkar yanaşmanın hər şeydən vacib olduğunu söyləyir. Amma bununla belə, az qala, şairanə bir ovqatda, əsil yazıçı yanaşması ilə mənəvi aləmin, ruhi halın həlledici olmasını da vurğulayır. Bütün bu qeyri-adiliyi ilə çağdaş doktor Aybolitə çevrilib Komarovski, yəni uşaqların nifrət etdiyi, valideynlərin aqressiya ilə yanaşdığı, qəliz tibbi terminlərlə danışan həkimə yox, sadəcə, Jenya dayıya, ailələrin əzizinə... Təsadüfi deyil ki, 2010-cu ildə Komarovski Ukraynanın ən xarizmatik kişisi seçilib. Onunla bərabər xanımlardan müğənni Vera Brejneva ən gözəl xanım seçilib. Model görkəmli Vera ilə sadə, adi bir görünüşü olan Yevqeni Oleqoviçin eyni ada layiq görülməsi təəccüblüdür. Axı Komarovski model deyil, aktyor, müğənni deyil. Amma bununla belə insanların simpatiyasını qazanıb, sevimlisinə çevrilib.
Tədbir boyu qonağımıza Azərbaycan üçün spesifik olan suallar verildikcə zal gülməkdən uğunub gedirdi. Məsələn, çöpçü arvadların müalicə üsulları, yaxud türkəçarələr, üzərriklər və s. Komarovski üçün də gülməli idi, əlbəttə. Amma o, millətin bu cür adətlərinə də hörmətlə yanaşır və hər halda anaların özfəaliyyətlə məşğul olmamasına çalışırdı. Üç saatdan çox çəkən tədbirdə həkimin auditoriyaya hörmətini, millətimizə sayğısını duymaq olurdu. Həmçinin, İnstaqram səhifəsində də İçərişəhərin məşhur “Brilyant əl” filminin çəkildiyi yerlərdə gəzintisini, “Çort poberi” deyib gülməsini, Məşədi İbada qoşulub fotolar çəkdirməsini müşahidə etdik.
Tədbirin sonunda Komarovski Bakıya yenidən gəlmək arzusunu dilə gətirdi: “Bu dəfə ümumi mövzularda danışdım, suallara cavab verdim ki, sizlərin əsas problemini anlayım. Növbəti səfərimdə konkret sizləri narahat edən mövzuda danışacağam”. Bizlər də bu görüşdən xoş təəssüratlarla ayrıldıq, kaş ki uşaqlarımız ağrımasın, xəstələnməsin, biz sadəcə, Komarovskiyə dostumuz, əzizimiz, doğmamız kimi qulaq asaq... Axı doktor Komarovski doğrudan da belədir - televizor, planşet, telefon ekranlarında da doğmadır!
525-ci qəzet 2017.- 25 noyabr.- S.10.