Cəfər
Cabbarlını xatırlayarkən
Xalq yazıçısı Anar
yazır
Xalq yazıçısı Anarın yeni qələmə
aldığı “Keçən keçdi, olan oldu” adlı
xatirə-romanı çapa hazırlanır. Romandan bir
parçanı “Səhər-səhər” rubrikasında
oxucularımıza təqdim edirik.
1991-ci ildə
Azərbaycan öz milli müstəqilliyini bərpa edəndən
sonra ötən
illərin bir çox dəyərlərinə,
anlayışlarına, ədəbi faktlarına münasibət
yerli-dibli dəyişdi. Unudulmuş, daha
doğrusu, sovet rejiminin unutdurmağa məhkum etdiyi adların,
əsərlərin üzə çıxarılması, mədəni
devriyyəyə qaytarılması, əlbəttə, müsbət
haldır. Cəfər Cabbarlının
bioqrafiyasının da sovet dönəmində qaranlıqda
qalmış səhifələri - Cümhuriyyət
dövründə ictimai-siyasi və ədəbi fəaliyyəti
işığa çıxarıldı, “Ədirnənin fəthi”, “Trablis
müharibəsi” pyesləri,
milli və türkçü ruhlu şeirləri nəşr
olundu. Amma nə yazıq ki, mənəvi həyatımızda
daim yer alan “yelləncək” prinsipi burda da özünü
göstərir, yəni bir tərəfə yönəlmə
tamam əks tərəfə gedişlə əvəz olunur.
Bir yana əyintinin yerini başqa yana əyinti tutur.
“Ağa qara deyilirdisə, indi də “qaraya ağ” deyilir.
Bu prinsip bir çox hallarda bəzi müəlliflərin Cəfər
Cabbarlıya çağdaş münasibətində də
özünü biruzə verir. Cəfər Cabbarlının ədəbi-ictimai
fəaliyyətinin bəzən yalnız vaxtilə “Müsavat”
partiyasının üzvü olmasıyla, millətçilik və
türkçülük ruhunda yazılmış əsərləriylə səciyyələndirir,
yaradıcılığının
böyük və mühüm hissəsi - sovet
dövründə yazdıqları ya nəzərə alınmır,
ya da - daha betər - tamam tərs yozulur.
Çox dəyərli
araşdırmaları, kitabları olan, mənim də hörmət bəslədiyim nisbətən
cavan tarixçilərimizdən biri
Cəfər Cabbarlı haqqında yazır ki,
“Böyük dramaturq heç
bir zaman sovet ideologiyasını
qəbul etmədi və sonadək bütün əsərlərində istismarçı bir rejimə
qarşı etiraz səsini
ucaltdı”.
Cəfər
Cabbarlı hansı
istismarçı
rejimə qarşı, hansı
əsərində etiraz edib görəsən - “Sevil”də, “Almas”da, “Yaşar”- da?
Axı, tarixçinin bu iddiaları bu və başqa pyeslərin konkret mətnləriylə heç
cür düz gəlmir. Hətta bütünlüklə sovet
ideologiyası qəliblərinə uyğun yazılmış
və Cabbarlının ən zəif mətnlərindən olan “Firuzə”
hekayəsini də əcaib-qəraib
şəkildə şəhr edir. (Əslində, müəllif
bunu heç hekayə kimi yazmamışdı, “Pravda” qəzetində
dərc edilmiş oçerki Azərbaycan türkcəsində hekayə kimi nəşr
olunmuşdu. Tarixçi isə bu oçerk-hekayəni belə
şərh edir ki, guya, burda dəyişib təzədən
qurulan Bakının tanınılmaz şəkildə yeniləşməsi tərənnüm
olunmur, qəbristanlığın yerinə park
salınmasına qarşı etiraz var. Cabbarlının mətni
belədir:
“Atamın da qəbrini tapmadım. Bu əbədi sükut
dünyasının yerində geniş, qəşəng bir
park əmələ gəlmişdi, atamın qəbrinin
üstündə isə bir çiçəklik
salmışdılar. Çılpaq qumlu
düzlər iki günün içərisində
çiçəkli bir bağa dönür, qəbristanlıq
mədəniyyət və istirahət parkına çevrilir”.
(sözlərin altını mən
cızdım - A.)
Məqalə
müəllifi isə bu mətndən belə nəticə
çıxarır:
“Təbiidir ki, hansı bir kəs öz atasının qəbrinin
dağılmasına sakit və razılıqla qəbul edər
ki? C.Cabbarlının əsərlərinin əksəriyyəti
belə maraqlı məqamlarla doludur”.
Bu üsülla dünyada hər şeyi tərs
çevirib əksini sübut etmək olar.
Cəfər
Cabbarlı nadir istedad sahibi idi, alovlu azəri türk vətənpərvəri
idi, yaradıcılığına da məhz o dövrdə, bu ideallarla və
ideyalarla başlamışdı. Sovet
quruluşu elə ilk illərində onu həbsə atdı, əqidəsindən
döndərməyə cəhd etdi, sonra isə öz ideoloji
məqsədləri üçün istifadə etməyə
çalışdı. Böyük sənətkar
kimi Cəfər Cabbarlı, əlbəttə, əqidəsindən
dönmədi, amma bu əqidəni mövcud rejimin
çızdığı çərçivələr
daxilində, onun qarşıya qoyduğu tələblərə
az-çox uyğunlaşdıraraq şah əsərlərini
yaratdı.
Gənclik
çılğınlığıyla yazılmış ilk
səhnə əsərlərini (bura “Ədirnənin fəthi”
və “Trablis müharibəsi”ndən başqa, “Vəfalı Səriyyə”,
“Solğun çiçəkər”, “Nəsrəddin şah”
pyesləri də daxildir) və o dövr şeirlərini qiymətlənirsək də, ədalət
və həqiqət naminə deməliyik ki, Cəbbarlının ən əsas, ən güclü səhnə
əsərləri (“Aydın” və “Oqtay Eloğlu”ndan
başqa) sovet dövründə və sovet idealları ruhunuda
yazılmışdır. “1905-ci ildə”, “Sevil”,
“Almas”, “Yaşar”,
“Dönüş”, hətta müəyyən anlamda “Od gəlini”
dediklərimə sübutdur. Amma burda bir mühüm və bəlkə də həlledici
cəhəti xüsusi vurğulamaq lazımdır. Sovet ideologiyası və sənət prinsipləri əsasən
bu əsərlərin baş qəhrmanlarının
simasında təcəssüm olunur. Cabbarlının
pyeslərində isə bu qəhrəmanlar (əsərlərə
ad vermiş Baş
qəhrəmanlar!) həmin əsərlərin bədii cəhətdən
ən zəif, ən sönük obrazlarıdır - Eyvaz
Əsriyan, Almas, Yaşar, hətta müəyyən dərəcədə
Sevil canlı surətlərdən çox müəyyən
ideyaların sxematik ruporlarıdır. Sovet ədəbiyyatı
qarşısında qoyulan mütləq müsbət qəhrəman tələbinə
Cabbarlının fitri istedadı başqa personajlar, canlı, ətli-qanlı,
dip-diri insan surətləri yaratmaqla cavab verirdi. Və bu
canlı obrazlar əsərin mənfi qəhrəmanları
olurdu, onların
mahir rəssam fırçasıyla, yağlı
boyayla çəkilmiş dolğun portretləriylə müqayisədə baş “müsbət qəhrəmanlar” solğun plakat kimi
görünürdü. Bu mənada Cəfər Cabbarlı sənəti
doğrudan da sovet ideologiyası tərəfindən ram
olunmamışdı. Bura pyeslərin ifadəli, canlı xalq
dili, duzlu yumoru, gərgin və kəskin süjet quruluşu əlavə
olunduqda Cabbarlı teatrı səhnəmizin əbədi sərvətinə
çevrildi, əlçatmaz zirvəsinə yüksəldi. Hələ
Cəfər Cabbarlının dilimizə
qazandırdığı yeni sözləri, kəlmələri,
onlarla yeni kişi və qadın
adlarını demirəm.
Cəfər
Cabbarlı bu sözün hər mənasında zəmanəsinə
bağlı sənətkar idi. “Sevil” pyesi öz vaxtında qadın
azadlığı uğrunda mübarizədə rol
oynamışdısa, neçə-neçə qadının
çadranı atmasına səbəb
olmuşdusa, bu günün özündə də bu problem
aradan qalxmayıb. Qadınların, o cümlədən, gənc
qadınların çadrayla qapanmaq meyillərinin
artdığına görə yox, ona görə ki, sevilləri
müti ev qadını kimi saxlamağa çalışan və kənarda
edilyalara əylənən balaşların da, növbənöv
əbdüləlibəylərin də kökü kəsilməyib.
Əsriyanların, Volodinlərin qup-quru təbliğat şüarlarını
bir qırağa atsaq, erməni-müsəlman ədavətinin
köklərinə varmaq, ənənəvi rus siyasətinin bu
işdə barmağını görmək baxımından
“1905-ci ildə” pyesi bu gün daha aktual səslənir. “Atan kazaklardır!” - əfsus
ki, bu gün də belədir.
Bazar iqtisadiyyatına keçdiyimiz şəraitdə haram pulların gücüylə
harınlaşmış
dövlət bəylərin kasıb mühəndis aydınların namusuna belə təcavüz
etdiyinə şahid oluruq. Bu gün belə Altunbəylər
sənəti və sənətkarı var-dövlətləriylə alçaldacaqlarına və ənamlarıyla
şirnikdirib ələ alacaqlarına inanırlar. Niyə də inanmasınlar? “Olmasın bir
quyunun gəliri”
şantan qadını Sussannaya qol da düzəltdirmək
olar. Sənətimizin, teatr həyatımızın
bugünkü mənzərəsi bizi “Oqtay Eloğlu”
dövrünə də, “Dönüş” mərhələsinə
də qaytarmırmı?
“Oqtay
Eloğlu” pyesindən
bir replika həmişə atamı riqqətə gətirirdi. Ədəbiyyat tariximizə yaxşı bələd
idi. Nəsiminin, Xətainin, Füzulinin, Vaqifin, Vidadinin,
Seyid Əzim Şirvaninin, Aşıq Ələsgərin,
Sabirin bir çox şeirini əzbər bilirdi. Amma yada saldığı bəzi ifadələr, cümlələr
onu elə təsirləndirirdi ki, bəzən gözləri
dolurdu. Belə mətnlərdən biri Sabirin “Ey dərbədər
gəzib, ürəyi qan olan çocuq, Ey ehtişami-milləti
talan olan çocuq” beyti, biri Hadinin “Qoymuş miləl
imzasını ovraqi həyata, yox millətimin xətti bu imzalar
içində” misraları, biri də bayaq dediyim kimi Cəfər
Cabbarlının pyesindən
Oqtayın sözləri idi:
“Səfil xalq, nə bağırırsan. Səndə sənətkar
bir qadın yox, varsansa yarat, yaratmırsansa sus, uzan öl”.
Rəsul
Rza yazır:
“Cəfər Cabbarlı ilə harda, necə tanış
olduğumu yada sala bilmirəm. İndi xatirələrimin
vərəqlərini çevirib uzaqlarda qalmış illəri,
ayları və günləri bir-bir yoxladıqca mənə elə
gəlir ki, biz onunla həmişə tanış idik”.
Rəsul
Rza da, Hüseyn Mehdi kimi, başqa azapçılar kimi Cəfər
Cabbarlını yerli yersiz (daha çox yersiz) tənqid edərmişlər,
atamın da çap olunmuş bir məqaləsində sərt
sözlər var. Amma elə həmin illərdə “Sevil” və “Yaşar” tamaşalarını mətbuatda yüksək qiymətləndirib.
1931-ci ildə oktyabrın 22-də “Gənc işçi” qəzetində
dərc olunmuş retsenziyada Rəsul Rza yazırdı:
“Yaşar”
əsərindən danışmaq, bugünkü Şura
türk dramaturgiyasının əhəmiyyətli bir müvəffəqiyyətindən
danışmaq deməkdir, əsərin tamaşaya
qoyulması sağlam və müvəffəqiyyətli bir
işdir”.
Elə həmin
1931-ci il noyabrın 24 də, yenə də
“Gənc işçi” qəzetində yazırdı:
“Ümumiyyətlə,
“Sevil” pyesinin qoyuluşu Türk İşçi
teatrının bir müvəffəqiyyəti
və irəliyə doğru addımı hesab edilməlidir”.
Hər
halda, görünür, Cəfər Cabbarlı azapçılara ehtiyatla
yanaşırmış. Atamın xatirələrində də
bu etiraf
olunur:
“Cəfərin
“1905-ci ildə”
pyesinin yanılmıramsa, elə birinci
tamaşasından sonra qəzetlərin
birində kəskin retsenziya çıxmışdı. Bu məqalənin
müəllifi Cəfəri
dünyanın bütün
mövcud olan və olmayanlarında
günahlandırırdı. Üç-dörd
yoldaşla Kommunist küçəsiylə üzü
yuxarı gedirdik. Cəfərə rast gəldik.
Dayandıq. Salamlaşdıq.
Cəfər çox hərarətlə
danışmağa başladı. - Mən nə yazsam, tənqidi
əvvəlcədən hazırdır - deyirdi - Siz də susub
durusunuz. Cəfəri tənqid edəndə
maşallah təbiniz rəvan olur. Ancaq...
Görünür, danışmağa çətinlik
çəkirdi. Bəlkə də bu bir çəngə pambıq kimi adamın
boğazına soxulan Bakı küləyinin təsirindən
idi. Bəlkə də daxili bir həyəcan onu sakit danışmağa
qoymurdu. Söhbətimiz xeyli sürdü.
Mən məqalədən çox narazı olduğumu dedim. Elə bil
Cəfərin gözlərində bir maraq oyandı. Diqqətlə üzümə baxdı. Elə bil məni birinci dəfə
görürdü. Bəlkə də bu
sözü gözləmirdi. Çünki
o zamanlar bizlərdən də tez-tez Cəfərin əsərləri
haqqında haqlı-haqsız mülahizələr yürüdənlər
var idi. Ancaq mənim dediklərim həqiqət
idi, məqalə elə insafsız, ədalətsiz və qərəzlə
yazılmışdı ki, ədəbiyyata yaxın olmayanlar
da bunu hiss edirdilər. Bir neçə
gündən sonra Azərbaycan Dram teatrında
çağırdığımız disputda məqalə
müəllifini suya salıb çıxartdıq. Onda sağ-salamat yer qoymadıq. Cəfər
son dərəcə riqqətlənmişdi. O, gənclərin
bu müdafiəsindən çox məmnun qalmışdı.
Sonra bir söhbət zamanı dedi ki, “düzü, mən elə bilirdim elə siz də o məqaləçinin
fikrini müdafiə edəcəksiniz. O, “məqaləçi”
sözünü bir acı təbəssümlə dedi”.
Bu söhbəti atamın da dilindən eşitmişdim. “Məqaləçinin”
adını da deyirdi, amma mən bu adamın adını faciəvi
taleyinə görə çəkmirəm. Bir də
atam xatilərində yazdığı “suya salıb
çıxartdıq”, “onda sağ-salamat yer qoymadıq”
sözlərinin yerinə çox daha sərt və kobud ifadələr
işlədirdi.
Atam Cəfər
Cabbarlının onu “Dönüş” tamaşasına dəvət
etdiyini də xatırlayır:
“Oxucu soruşa bilər ki, o zaman Cəfər Cabbarlı
tanınmış bir dramaturq, on-on beş illik ədəbi təcrübəyə
malik olan bir yazıçı idi. Rəsul Rza isə yenicə ədəbi
mühitə ayaq basan, cəmi-cümlətanı beş-on şeirin,
üç-dörd hekayənin və bir neçə məqalənin müəllifi idi. Necə
olurdu ki, Cəfər onunla ədəbi mübahisələrə
girişir və əsəri haqqında ondan rəy eşitmək
istəyirdi? Əvvəla, ona görə ki, C.Cabbarlı
son dərəcə
təvazökar bir adam idi. O, əsərləri haqqında ən adi
adamların rəyini dinləyirdi. İkincisi, o zaman Azərbaycan Proletar
Yazıçılar assosiasiyasının böyük
nüfuzu vardı. Mən də bu təşkilatın
aktiv üzvlərindən biri idim. Dəfələrlə
tamaşaların ictimai baxışı zamanı bizim
nümayəndələri gözləyir, pərdəni
açmırdılar. Bəli, belə
vaxtlar vardı”.
Tamaşa
qurtarandan sonra atam ona xas olan sözü şax üzə demək
adətiylə Cəfər
Cabbarlıya
“Dönüş”ün başqa əsərlərindən
zəif olduğunu söyləyib.
“Cəfər
həyəcanla -
yox, yox - dedi - “Dönüş” mənim bu vaxtacan yazdığım və
bundan sonra yazacağım əsərlərimin
hamısından yaxşıdır.
Birdən onun səsi dəyişdi. Gözləri elə bil ki, yaşardı. Qolumdan tutdu və alçaq bir səslə “ata, ana öz şikəst balasını bütün övladlarından çox istər” - dedi”.
Ədəbiyyatşünaslığımızda da “Dönüş”ü Cabbarlının zəif əsəri kimi qiymətləndirirlər. Amma şəxsən mən bu məsələdə nə ədəbiyyatşünaslığımızla, nə atamla, nə də Cəfər Cabbarlının özüylə razıyam. Məncə, “Dönüş” müəllifin digər əsərlərindən heç də zəif deyil, bu gün də öz əhəmiyyətini saxlamış canlı, oynaq, yumorlu bir pyesdir, teatr həyatından, aktyorların səhnədə və səhnə arxasında davranışlarından dəqiq müşahidələrlə dolu şıdırğı komediyadır. Teatr cəmiyyətində işləyərkən çox çalışdım ki, bu əsər yenidən səhnəyə çıxsın. Heyif ki, baş tutmadı.
Cəfər Cabbarlının ölüm xəbərini atamla anam Moskvada təhsil alarkən orada eşidiblər və bu acı xəbər onlara çox ağır təsir edib.
Nigar Rəfibəyli “Muşfiqi düşünərkən” adlı xatirələrində yazır:
“34-cü ildə unudulmaz sənətkarımız Cəfər Cabbarlının ölüm xəbərini Moskvada aldıq. Gəncliyimin fırtınalı illərində mənə böyük qardaşı əvəz etmiş, sevdiyim bir sənətkarın ölümü məni sarsıtmışdı. Bir neçə il sonra isə dostumuz, qardaşımız Müşfiqin itkisi ürəyimizdə yeni bir yara açdı”.
Anam danışardı ki, Cəfər nədənsə mənim aktrisa olmağımı, teatrda oynamağımı, kinoda çəkilməyimi istəyirdi. Dəfələrlə “məndə səhnə istedadı yoxdur” desəm də, israr edirdi.
Atam da ömrü boyu Cəfər Cabbarlının xatirəsini əziz tuturdu, onun ailəsiylə əlaqə saxlayırdı. Nazım Hikmət Bakıya gələndə onu Cabbarlının qəbri üstünə, sonra isə dramaturqun indi muzey olmuş mənzilinə apardı. Bu məclisdə mən də iştirak edirdim və Nazıma “Aydın” pyesindən parçalar oxuyanda böyük şairin dedikləri haqqında “Kərəm kimi” kitabımda yazmışam.
Cəfər Cabbarlıya yaxın adamlardan olan yorulmaz kino işçisi Məmməd Əlili xatırlayır:
“Cəfərin Rəsula münasibəti
çox yaxşı idi. Bunu sonralar, Cəfər özü
olmayanda da hiss elədim. Rəsulun anası rəhmətə
getmişdi. Cəfərin həyat
yoldaşı Sona xanım o vaxt bərk xəstə idi.
Məni çağırtdırdı, dedi ki, mən dura bilmirəm,
al bu pulu Cabbarlı ailəsi adından bir əklil düzəltdirib
apar Rəsulgilə. Cəfərim Rəsulun xətrini
dünyalarca istəyirdi”.
Cəfər Cabbarlının 70 illiyi keçiriləndə
Rəsul Rza yubiley komissiyasının sədri oldu və təntənələrin
layiqli keçirilməsi üçün əlindən gələni
etdi.
525-ci qəzet 2017.- 25 noyabr.- S.11-12.