Emin Sabitoğlu və beş ulduz

 

Şahanə MÜŞFİQ

 

 

Siz heç səslərdən ibarət insanlar tanıyırsınızmı? Elə insanlar ki, onların adı gələndə gözlərindən öncə qulaqlarının yaddaşı yenilənir və uzaqdan, lap uzaqdan, sanki dörd tərəfini kol-kos basmış dar ağızlı quyunun dibindən qarışıq səslər əl uzadır sənə, yaddaşının bir küncündən yapışıb gün üzünə çıxmağa can atırlar.

 

Başlayırsan qulağının yaddaşını oyatmağa, sənə doğru əl uzadan əllərin harayına yetmək üçün yerini-yurdunu bilmədiyin “quyu”ya tələsirsən. Bir az sonra daha da diqqət kəsilirsən. Artıq o qarışıq səsləri bir-birindən ayırmağa başlayırsan. Görürsən, yox, bu, nədirsə, şirindi, doğmadı, elə səni çəkdikcə çəkir özünə. Gözlərindən xahiş edirsən ki, bəlkə onlar yetə köməyinə. Onlar da dikilir barmaqlarına. Başa düşürsən ki, bütün hikmət o quyunun dibindəki səslərdədir. Gərək onları çıxarasan ordan. Bir az da keçir və nəhayət, budur, artıq o səslər canlı-qanlı “gözünün qabağındadır”. Sən demə, qarışıq dediyin o səslər müxtəlif mahnıların melodiyalarıdır.

 

Situasiya sizə də tanışdırmı? Mənim üçün, adətən, bəstəkarlardır “səslərdən ibarət adamlar”. Sevdiyim, bəyəndiyim, mahnılarını dönə-dönə dinlədiyim bəstəkarın adından, simasından öncə musiqisini xatırlaram.

 

Emin Sabitoğlu da səslərdən ibarət adamdır, mənim aləmimdə. Noyabr ayında dünyaya gəlmişdi Emin Sabitoğlu. Elə noyabrda da dünyamızı cismən tərk etdi. Onun adı çəkiləndə burnuna “Ağ çiçəy”in qoxusu gəlir, “Dan ulduzu” üzünə təbəssüm edir, “Dağlar” bütün əzəməti ilə qarşında dayanır, “Bir axşam taksidən” “Uzaq yaşıl ada”ya düşürsən, “Kəpənək” qova-qova “Dərələr”də “Çiçək yağışına” tutulursan, “Gilavar” “Qəlbimin səsi” ilə yarışa girir, “Sirlə dolu dünya”da “Əsir payız küləyi”, “Gecə yağışı”nın altında “Alagözlüm” “Xoşbəxtlik mahnısı”nı zümzümə edir və bu zaman dilindən bütün möhtəşəmliyi ilə “Dayan, zaman, dayan” nidası qopur!

 

Azərbaycan musiqi tarixində öz adını qızıl hərflərlə yazmış Emin Sabitoğlu 600-dən çox mahnı, 9 operetta, 40-a yaxın film, neçə-neçə tamaşa musiqisi bəxş edib.

 

Azərbaycan estrada sənətini Emin Sabitoğlunun mahnıları olmadan təsəvvür etmək mümkün deyil. Eləcə də bir sıra tanınmış sənətçilərimiz var ki, onların səsini bu musiqilər, bu musiqiləri isə onların səsi olmadan təsəvvür etmək müşküldür.

 

Demək olar ki, bütün tanınmış müğənnilərimizin repertuarından ən azından bir dəfə Emin Sabitoğlu “küləyi keçib”. Ancaq elə sənətkarlarımız var ki, onlar tarixə məhz bu mahnılarla, bu mahnılar da onların səsləri ilə həkk olublar. Bu yazıda onlardan bir neçəsi haqqında söz açacağam.

 

E.Sabitoğlu yaradıcılığının erkən dövrlərində, hələ gənc ikən işləməyə başladığı ilk müğənnilərdən biri Xalq artisti Şövkət Ələkbərova olub. Bəstəkar yaradıcılıqda  ilk addımlarını məhz Şövkət xanımla birgə atıb, onun üçün bir neçə mahnı bəstələyib. Bu mahnılara görə 1968-ci ildə dövrün sanballı ödüllərindən olan Komsomol mükafatı ilə təltif edilib. “Dərələr”, “Ağ çiçək”, “Sənin üçün”, “Qəlbimdə qaldın”, “Güllər”, “Lay-lay”, “Azərbaycan”, “Nə olar”, “Ey dan ulduzu”, “Ağ xalatlı həkimlər” və başqa mahnılar üstündən illər, onilliklər keçməsinə baxmayaraq, hələ də yaddaşlarda, ürəklərdə yaşayır, sevilir.

 

Emin Sabitoğlunun mahnılarını ən çox ifa edənlərdən biri də mərhum sənətkarımız Xalq artisti Mirzə Babayev olub. Mirzə Babayev, demək olar ki, bütün ömrü boyu onun mahnılarını oxuyub. Repertuarında bəstəkarın sırf onun üçün yazılmış əsərləri də vardı, başqaları ilə birgə oxuduğu mahnılar da. Məsələn, “Kəpənək” mahnısını Mirzə müəllim də oxuyub, Yalçın Rzazadə də, “Dayan, zaman, dayan” bəstəsini onunla yanaşı, Flora Kərimova da ifa edib. Mirzə Babayevin ifasındakı ən məşhur Emin Sabitoğlu bəstələri, heç şübhəsiz, “Deyir, ayrılma məndən”, “Toyun mübarək olsun” (“Bəyin oğurlanması” filmi), “Kəpənək”, “Şeyda bülbülümsən”, “Axtar sən məni” və daha bir neçə nəğmədir. Müğənninin repertuarında Emin Sabitoğlu bəstələrindən Xalq artistləri Flora Kərimova və Briliyant Dadaşova ilə birgə ifa etdiyi duetlər də var. “Səndən xəbərsiz”, “Düşürsən yadıma” kimi mahnılar bunlara misal ola bilər.

 

“Gəzir ölkələri nəğməm dünyada,

Dünyanın xoşbəxti mənəm dünyada!”

 

Bəstəkarın insan həyatının nadir anlarından birinə - xoşbəxtliyə həsr etdiyi bu gözəl mahnının ən məşhur ifaçısı Xalq artisti Zeynəb Xanlarovadır. Z.Xanlarova da çox uzun illər Emin Sabitoğlu ilə yaradıcı əməkdaşlıqda olmuş, onun mahnılarına öz möhürünü vurmuş sənətkardır. Hətta vaxtilə Moskvada mərhum bəstəkarın Zeynəb xanımın ifasındakı mahnılarından ibarət val da işıq üzü görüb. “Gözüm yaşla dolmasınmı?”, “Əsir payız küləyi”, “İnsaf da yaxşı şeydir”, “Esmira”, “Alagözlüm”, “Nə danışdın, nə dindin”, “Bilmirəm necəsən”, “Qəlbimin səsi”, “Eylədi” kimi Emin Sabitoğlu bəstələri bənzərsiz Zeynəb Xanlarova səsi ilə dillər əzbərinə çevrilən nəğmələrdir.

 

Emin Sabitoğlunun ən sıx çalışdığı müğənnilərdən biri də Xalq artisti Flora Kərimova olub. Xanım sənətkar 1960-cı illərin sonundan 1980-ci illərin axırına qədərki uzun bir dövrdə bir sıra Emin Sabitoğlu bəstələrinin ilk ifaçısı olub. Üstündən illər keçsə də, hələ də dillərdə gəzən “Bir axşam taksidən...”, “Bağışla”, “Sənin üçün”, “Belə ola həmişə”, “Bakı, sabahın xeyir!”, “Uzaq yaşıl ada”, “Fikir eləmə”, “Keçə bilmirəm” kimi nəğmələr bu iki sənətkarın Azərbaycan və dünya incəsənətinə bəxş etdikləri incilər sayılır. Onların sənət dostluğu o qədər möhkəm olub ki, uzun müddət Emin Sabitoğlunun yoxluğunu qəbul edə bilməyən sənətkar onun yaradıcılıq gecəsində nakam, vəfasız dünyaya üsyan edərək, qəhərlənir, mahnı oxuya bilmir və dodaqlarından “qocalıq pis şey imiş!” - cümləsi süzülür.

 

Bəstəkarın qızı professor Ceyran xanım Mahmudova söhbətimizdə sözügedən və digər müğənnilərlə atasının iş prosesini belə xatırladı: “Evimiz iki otaqdan ibarət olduğuna görə Emin Sabitoğlu çox zaman evdə yox, nənəmgildə - babam Sabit Rəhmanın evində yaradıcılıq məşqləri keçirirdi. O dövrdə Televiziya və Radionun səsyazma studiyasında da məşqlər, səsyazmalar olurdu. Şövkət Ələkbərovanın və Zeynəb Xanlarovanın isə adətən evlərinə gedirdi. Mirzə müəllim, əksinə, bizə gələrdi. Atam yazdığı mahnıları bizə dinlədər, məndən, anamdan kiminsə musiqisinə oxşayıb-oxşamadığını soruşardı. Əgər elə bir oxşarlıq olardısa, onda mütləq həmin hissəni dəyişərdi. İşinə ciddi yanaşan hər insan kimi o da fərqlənməyə, özünməxsus tərz yaratmağa çalışardı. O dövrdəki bəstəkarların da hər birinin öz dəsti-xətti vardı”.

 

Elə Ceyran xanımdan öyrənirik ki, Emin Sabitoğlunun son əsərlərindən biri Molyerin librettosuna yazılmış “Meşşanın zadəganlığı” operettası olur. Təəssüf ki, bəstəkar onu orkesləşdirməyə vaxt tapmadığından əsər hələ də səhnəyə qoyulmayıb: “Ancaq notları var. Onu orkesləşdirmək üçün bəstəkar axtarışındayıq. Bununla bağlı bir çox bəstəkarlara müraciətimiz olub. Mən çox istərdim ki, həmin əsər orkesləşdirilsin və səhnəyə qoyulsun”.

 

Emin Sabitoğlunun həyat və yaradıcılığının uzun bir dövrü müğənni Xədicə Abbasova ilə bağlıdır. Hətta son dövrlərdə bəstəkar, demək olar ki, bütün mahnılarını məhz Xədicə xanım üçün yazıb. Onun Emin Sabitoğlu yaradıcılığından ilk ifa etdiyi mahnı “Payız gəldi” mahnısı olub. Xədicə xanımın özünün də dediyi kimi, bu fəslin onların həyatında mistik bir rolu var. Müğənni müsahibələrinin birində bu haqda danışarkən deyib: “Mən də, Emin müəllim də payızda doğulmuşuq. İlk dəfə Emin müəllimin mahnısını 10 yaşımda payızda eşitmişəm. Özünü 17 yaşımda Rəşid Behbudov adına Mahnı Teatrında məhz payızda görmüşəm. Beş il sonra İsveçdə qastrol səfərində yenə payızda qarşılaşdıq. Bu payız silsiləsi bizim həyatımızın tilsimi halına gəlmişdi. Bizim toyumuz da payız fəslində oldu. Ancaq həyatımızın ən ağır payızını 2000-ci ildə Emin müəllimi itirəndə yaşadıq. Bizim payızda kəsişən yollarımız payızda da ayrıldı”.

 

Xədicə Abbasova Emin Sabitoğlu adını ilk dəfə, özünün də dediyi kimi, 10 yaşında Şövkət Ələkbərovanın ifasında “Dərələr” mahnısının müəllifi kimi eşidir və bu musiqiyə aşiq olur. Musiqinin müəllifinin Emin Sabitoğlu olduğunu öyrənəndən sonra isə həmin bəstəkarı təqib etməyə, yeni çıxan bütün mahnılarını dinləməyə başlayır. Ondan sonra Flora Kərimovanın “Bakı, sabahın xeyir!” mahnısı ilə yenidən bu sevgi alovlanır. Beləliklə, bu ad onun həyatına əbədilik daxil olur: “Uzaqdan-uzağa Eminin həsrəti ilə yaşayırdım. 1974-cü ildə ilk dəfə məni ona müğənni kimi təqdim edəndə dedi ki, bu qara qızı hardan tapmısız, bundan müğənni olmaz, səhnəyə yaraşmır. Bundan çox pis olmuşdum. Üstündən beş il keçdikdən sonra İsveçdə keçirilən Azərbaycan günlərində yenidən qarşılaşdıq. Artıq mən dəyişmişdim, böyümüşdüm. Emin müəllimə həmin görüşümüzdə beş il öncəki sözünü xatırlatdım. Beləcə bizim yaxın ünsiyyətimiz, əməkdaşlığımız başlandı. İlk dəfə “Güllər və “Payız gəldi” mahnılarını ifa etdim”.

 

Emin Sabitoğlunun son mahnılarından biri “Mən sizə gələcəm”dir. Sanki əbədi ayrılığın qapıda olduğunu hiss edən bəstəkar istəkli xanımı və bir çox nəğmələrinin təkrarsız ifaçısı Xədicə Abbasovadan həmin mahnını ifa etməsini istəyir. Xədicə Abbasova aralarındakı o söhbəti belə xatırlayır: “Sentyabr ayında Bakıda konsert verib Türkiyəyə qayıdarkən, Emin mənə dedi, mən həyatda olmayanda sən bu mahnını Azərbaycan üçün oxuyarsan. Düzü, çox pis oldum. Ancaq yenə də zarafata salıb dedim ki, ay Emin, Allah gecindən versin, amma elə bir şey olarsa, mən bu mahnını sənə oxuyacam ki, mən sənə gələcəm. Hiss etdim ki, xoşuna gəldi, gözləri doldu. Və mən bu mahnını onun 60 illik yubileyində səhnədə Emin üçün oxudum”.

 

Ölümünə bir ay qalmış Emin Sabitoğlu Rəsul Rzanın sözlərinə “Mən niyə baxıram yollara yenə” misraları ilə başlayan mahnısını yazır. Bu mahnını da Xədicə xanıma təqdim edəndə, artıq dözməyən həyat yoldaşı, nəsə hiss edibmiş kimi: “Axı, sən son zamanlar niyə belə mahnılar yazırsan, ürəyim sıxılır belə sözlərdən” - deyir. Bəstəkar isə onu oxumasında təkid edir və mahnını yazdırırlar.

 

Ölümündən 16 gün öncə, özünün doğum günü ziyafətindən sonra isə “Əlvida, Xədicəm” mahnısını yazır Emin Sabitoğlu. Bu, bəstəkarın son əsəri olur. Xədicə Abbasova onun “Aman ayrılıq”, “Çiçək yağışı”, “Can Azərbaycan”, “İllər”, “Aşıq Gəncəli dağlar”, “Bilməz idim”, “Gecə yağışı”, “Sıravi Əhməd”, “Gəmi gəlir uzaqlardan”, “Görəydim səni”, “Sirlə dolu dünya”, “Hara tələsir qatar” kimi məşhur bəstələrinin də mahir ifaçısıdır.

 

Emin Sabitoğlu mahnılarını sanki müğənnilərin səs tembri, diapazonu ilə yanaşı, xarakteri ilə də uyğunlaşdırırdı. Məsələn, fikrimcə, “Şeyda bülbülümsən”, “Kəpənək”, “Toyun mübarək olsun” kimi mahnıları həyatda çılğın, baməzə, yenilikçi kimi tanınan Mirzə Babayevdən başqası o cür şirin, doğma oxuya bilməzdi. Eləcə də “Dərələr”, “Dağlar”, “Ağ çiçəyim” Şövkət Ələkbərova təmkininə, “Xoşbəxtlik mahnısı”, “İnsaf da yaxşı şeydir”, “Bilmirəm necəsən” kimi mahnılar Zeynəb Xanlarova şuxluğuna, “Bir axşam taksidən”, “Bağışla”, “Uzaq yaşıl ada”, “Bakı, sabahın xeyir!” Flora Kərimova lirizminə, “Mən sizə gələcəm”, “Aman ayrılıq”, “Payız gəldi” isə Xədicə Abbasova sevgisinə yaraşardı.

 

Emin Sabitoğlu yalnız Azərbaycanın deyil, bütün dünyanın musiqi tarixinə həkk olunan əsərlərin müəllifi kimi əbədiyyət qazanıb. Əsərləri oxunduqca bəstəkar yenidən doğulur, dinləndikcə həyatını davam etdirir. Mahnıda dinləyicilərinə “Mən sizə gələcəm” deyən bəstəkar sevgi, xeyirxahlıq, saflıq dolu hər musiqisi ilə təkrar-təkrar evlərin, könüllərin qonağı olur!

 

525-ci qəzet  2017.- 25 noyabr.- S.24.