Kamal Abdulla və onun
Dastan poetikası
Cəlil NAĞIYEV
(Əvvəli ötən şənbə
sayımızda)
Kamal Abdulla tam haqlı olaraq göstərir ki, ən qədim
insanın (neandertal), meşə adamının (Meşə
dövrü) bədii-poetik düşüncəsindən
danışmaq olmaz.
O, bu barədə
yazır: “Bədii-poetiklik rüşeymləri, əlbəttə
ki, bizi ibtidai insanın ilkin yaşam məkanına - meşəyə
aparmır. Meşədə ibtidai insanın Təbiətlə
qaynayıb-qarışdığı məkan və zamanda
olsa-olsa təsəvvürlərin ümumiləşdirilməsi
prosesi başlaya bilərdi” (səh. 42). Dünya
Mağara mədəniyyətindən də
çıxış edərək inamla demək olar ki,
Mağara rəsmləri müəyyən qədər estetik cəhətdən
inkişaf etmiş insanların bədii
yaradıcılığıdır. Məhz Mağara mədəniyətində
“müstəqimlik”, “realistik təsvir” ünsürləri
folmalaşmağa başlamışdır. Doğrudur,
tədqiqatçının dediyi kimi, “Mağarada o
dövrün ən mədəni intibahı
yaşanırdı” (səh. 44). Amma müəllifin
“Mifoloji təsəvvürlər primitiv, ibtidai formasından,
nüvə variantlarından başlayaraq ilkin narrativ süjet xətti
daxil olmaqla məhz Mağarada formalaşırdı” (səh.
44) fikri ilə tam razılaşmaq olmaz. Belə
ki, bu dövrdə hələ mifologiyadan (“narrativlikdən”) bəhs
etmək olmaz. Mifyaratma (“narrativlik” dövrü xeyli sonralar, hətta folklor
yaradıcılığındın da sonra baş
vermişdir. İbtidai, bəsit, ilkin bədii
yaradıcılıq heç şübhəsiz ki, folelor
formasında yaranmışdır. Doğrudur,
müəyyən müddətdən sonra folklor (əfsanə,
rəvayət) və mif eyni vaxtda iç-içə, yan-yana
yaranmış, ona görə də elə
qaynayıb-qarışmışdır ki, indi onları
bir-biridən ayırmaq mümkün deyil. Bu
baxımdan daha universal, KDQ dastanı həmfolklordur, həm
mifologiyadır, həm dindir, həm də adi həyati (sosial-məişət
məzmunlu) bir əsərdir.
Əlbəttə, bədii-poetikliyin yaranma tarixini dəqiqliklə
göstərmək mümkün deyil. Bu gün bəşəriyyətə
məlum olan ən qədim abidələr öz dərin və
zəngin bəlii-poetikliyi ilə seçilir. Buradan belə bir nəticəyə gəlmək olar
ki, hələ yazı yaranmazdan çox-çox əvvəllər
də bədii-poetiklik tendensiyası, bədii
yaradıcılıq sistemi mövcud olmuşdur. Bu dövrü şərti olaraq folklor dövrü,
yaxud elə mif dövrü də adlandırmaq olar. Kamal
Abdullanın haqqında bəhs etdiyi “autentik mif dövrü”
bunun üçün ən münasib zaman
ölçüsü ola bilər. Amma mif
dövrü, hər halda Mağara dövründən sonra ola bilər. Bununla belə, KDQ
dastanının Mağara dövründən dəhs etmək
mümkündür. Dastanda tədqiqatçının
da istinad etdiyi xeyli sayda motiv, süjet, hətta obraz var ki,
bunlar bir qədər şərti də olsa bu dastanın ən
qədim köklərindən xəbər verir və bu
dövrü cəsarətlə Mağara dövrü
adlandırmaq mümkündür.
Tədqiqatçının
bu materiallara müraciət etməsi, onların ən qədim
“psixopraqmatik” köklərini aşkar etməsi və
psixopraqmatikliyin “bədii-poetizmin maddi əsası” sayması məntiqli
və ağlabatandır. KDQ dastanının
maraqlı istiqamətlərindən (həm də bədii-poetikliyin
bariz nümunəsi kimi) semiotika və psixoanalizin
qarşılıqlı münasibəti problemidir. Folklor və mifologiya ilə əlaqədar, eləcə
də klassik yazılı ədəbiyyatla bağlı
psixologizm istiqamətində çoxsaylı araşdırmalar
aparılmışdır. Bir qayda olaraq bu
araşdırmalar folklorun ümumi (ənənəvi) psixoloji
məqamlarının təhlilinə həsr olunurdu. Bədii yaradıcılıqda (hətta incəsənətdə
də) insan psixologiyası müxtəlif aspektlərdə
öz əksini tapır.
Məlum olduğu kimi, 19-cu yüzilin ikinci
yarısında dünya bədii ədəbiyyatında yeni bir
ədəbi istiqamət - psixoloji realizm yaranır, bir qədər
sonra isə 19-cu yüzilin sonları - 20-ci yüzilin əvvəllərində
ədəbiyyatın bu istiqaməti modernizmə də sirayət
edir. Son dövrdə isə psixologizm adı altında
formalaşan istiqamət postmodernist ədəbiyyatın bir
növü kimi özünü göstərir. ABŞ
semiotiki və folklorşünası Alan Dandes 60-90-cı illərin
tədqiqatlarını əks etdirən “Folklor: semiotika və/və
yaxud psixoanaliz” adlı kitabında Şimali Amerika
hindularının və qaradərililərin (zəncilərin)
müasir dövrdə yaratdıqları folklor nümunələrində
psixoanaliz hadisəsini araşdırmış və bu sahədə
maraqlı nəticələr əldə etmişdir. Eyni
zamanda, onu da nəzərə almaq lazımdır ki, bu problem ən
qədim folklor və mif materialarında daha qabarıq şəkildə
əks olunub və Kamal Abdullanın “Gizli Dədə Qorqud”
mövzusuna həsr edilmiş monoqrafiyalarında bu
paradiqmanın, yəni bədii psixologizmin psixoanaliz istiqaməti
kifayət qədər geniş şəkildə
araşdırımlşdır. Bu yazının
müəllifi də 70-ci illərdən başlayaraq “Kitabi-Dədə
Qorqud” dastanında psixologizm və psixoanaliz mövzuda bir
sıra beynəlxalq elmi konfranslarda çıxışlar
etmiş, məqalələr çap etdirmişdir.
KDQ-da psixoanaliz və psixopraqmatik ünsürlərin
aşkar edilib araşdırılması bu aktal problemin həlli
yolunda ən vacib addımlardan biridir. Kamal Abdulla haqlı
olaraq hesab edir ki, psixopraqmatik istiqamət “ibtidai bədiipoetizmin
yaranma səbəblərinədən” biri olmuşdur (səh.
47). Kamal Abdulla barəsində bəhs
olunan kitabının “Müqəddimə” adlanan hissəsində
bütün bu və bu qəbildən olan bir çox digər
nəzəri və metololoji problemlər əks olunmuşdur.
Bu
kitabın “Mifoloji dan söküləndə bədii-poetik
enerji axtarışları” adlanan birinci hissəsində isə
tədqiqatın əsas problematik nüvəsini təşkil
edən “autentik mif”, “mağara” mədəniyyəti, autentik
mifin bədii-poetik energiyasının potensialı və nəhayət
“Dəşti-Müstəqimiyyə” anlayışının
mahiyyəti, prinsipləri və inkişaf
qanunauyğunluqları KDQ dastanın bədii-poetik
materialları əsasında immanent təhlil aspektində
araşdırılmışdır.
Mif yaradıcılığı konsepsiyası daim
mübahisə obyekti olmuşdur. Kamal Abdulla da Rolan Bart,
Klod Levi-Stros kimi görkəmli strukturalist alimlərə
istinad edərək belə hesab edir ki, “mif
yaradıcılığı tarixin hələ
olmadığı yerdən başlanır” (səh. 53). Bu fikir bir qədər mübahisəlidir. Təbii
ki, mif (obrazlı ifadə forması olaraq uydurma deməkdir) elə
mifdir, mif
tarix deyil. Ancaq onu da nəzərdən
qaçırtmaq lazım deyil ki, dünyanın ən sistemli
mifologiyalarından biri olan qədim yunan mifologiyasında xeyli
tarixi faktlar öz əksini tapır. Məsələn,
məlum olub və sübut edilib ki, Troya haqqında mifologiya
heç də sırf fantaziya məhsulu deyil, məhz tarixi
hadisələr əsasında yaranıb. “İliada”
və “Odisseya” əsərləri əsasında
Şlimanın tarixi Troyanı kəşf etməsi, yunan-Troya
müharibələrinin mifik uydurma deyil, tarixi fakt olması
bunu bir daha sübut edir. Aydın məsələdir ki, burada
mifologiyanın janrına uyğun olaraq xüsusi bədii
yaradıcılıq ünsürlərindən gen-bol istifadə
edilib (allahlar haqqında, Polifem və s. haqqında süjetlər).
Bu kontekstdən yanaşıldıqda, KDQ dastanında da
olan bəzi mifoloji süjetlərin tarixi mənbələrə
əsaslandığını demək mümkündür.
Məlum olduğu kimi, KDQ dastanında fərqli
mifoloji süjetlər mövcuddur. Burada həm sırf
fantastik səciyyəli (Təpəgöz), həm dini səciyyəli
(totemizm, şamanizm və islam - Əzlail süjeti) kimi mifik
süjetlər və motivlər olduğu kim, Dədə
Qorqud, Xanlar xanı Bayandır xan, Qazan xan, Beyrək, Əkrək
və Səkrək obrazları və İç oğuz,
Dış oğuz məsələsi ilə əlaqədar
tarixi mənbələrə əsaslanan süjet və motivlər
də əks olunub. Mif yaradıcılığının
yaranma dövründən və inkişaf mərhələrindən
bəhs edən Kamal Abdulla bu şifahi xalq
yaradıcılığı növünün tarixəqədərki
və klassik dövrlərə aid olduğunu qeyd edir və o,
xüsusi olaraq mifin tarixəqədərki, primitiv (bəsit),
“dansökülən” mərhələsi üzərində
dayanaraq onu P.A.Plüttonun təbirilə “autentik mif”
adlandırmağı məqsədəuyğun sayır.
Dünya-aləm, varlıq haqqında düşünmək,
varlığın metafizik, ontoloji, transendental mahiyyətini dərk
etmək üçün “autentik mifin” immanent təhlil (tənqid)
metodunu seçmək bəlkə də ən düzgün
araşdırma yoludur. Bu kontekstdə, təbii ki, mifin tarixlə
qarşılaşdırılması
(uyğunlaşdırılması) mümkün
olmadığına, hansısa konkret tarixi mənbələrə,
məxəzlərə istinad olunması mümkün
olmadığına görə, məhz immanent təhlil
köməyə gələ bilər. “Autentik
mif dövrü mifin ən qədim dövrüdür”
anlayışından çıxış edən tədqiqatçı
deyir ki, “qədim insan hər şeyi mifoloji prizmadan baxaraq nəzərdən
keçirir və qəbul edir” (səh. 60).
“Qədim insan” varlıq haqqında özünün ən
bəsit təsəvvürlərini arxetip olaraq ilkin bədii-poetik
(metaforik) formada ifadə edir. Kamal Abdulla bu konsepsiyaya uyğun olan
“Qarşı yatan ala dağ” tezisini nümunə kimi
göstərir və onun məntiqi interpretasiyasını
verir. Məlum
olduğu kimi, bir sıra qədim xalqlar kimi Azərbaycan mifik və
mistik dünyagörüşündə də dağ fenomeni
totem, müqəddəs, mistik varlıq kimi
formalaşmışdır (Məsələn, elə oğuz
mifologiyasında da deyildiyi kimi, qız-gəlinlər dağa
baxanda yaşmaq tutarlar). Təbii ki,
“Qarşı yatan ala dağ” ən qədim türk-oğuz
mifyaratma ənənəsində bədiipoetik nümunədir
və heç şübhəsiz ki, dastan
yaradıcılığının əsas atributlarından
birini təşkil edir. Bu ifadədə
mifik süjet və ilkin narrativliek ünsürü var. Qədim
insan əzəmətlilik, ucalıq hisslərini ifadə edən
dağa bir canlı varlıq kimi, totem kimi (əksər ibtidai
etnosların və Uzaq Şərq xalqlarının
mifologiyasında da olduğu kimi, bütün maddi aləmin -
meşə, daş, çay və s. canlı olması)
baxmışdır. Bu ifadə ilə əlaqədar
Kamal Abdulla bu ifadənin mifik xronotop hadisəsi olduğunu
göstərir və yazır: “Qarşı yatan ala dağ”a
xronotopik rakursdan baxsaq, görərik ki, bu hərəkətdə
olan zamanla, hərəkətsiz məkanın mifoloji təsəvvürdə
birləşdirilməsi cəhdidir” (seçmə müəllifindir C.N.)
(səh.61). Bu
tipli xronotop hadisəsi bədii-poetik yaradıcılıq hadisəsi
olaraq dastan poetikasında müəyyən funksional rol
oynayır (ilkin metaforik təfəkkürün yaranması, təbiət
və cəmiyyət, Xaos və Kosmos əlaqələri və
s.).
Təbiət və Cəmiyyət münasibətləri əksər qədim bədii ədəbiyyat nümunələrində olduğu kimi, KDQ-da da bir sıra parlaq nümunələrdə əks olunmuşdur. Bunu, xüsusilə öz mövzüsüna görə dastanın ən qədim mifoloji parçası olan “Basat Dəpəgözi öldürdigi” boyda müşahidə etmək olar. Bu boy, demək olar ki, “autentik mif” anlayışını özündə ehtiva edən ən tipik nümunədir. Azərbaycan nağıllarında da əks olunan “Təpəgöz-Kəlləgöz” obrazı arxetip olaraq bu dastanın xüsusi mifik ünsürüdür. Belə ki, bəzi qorqudşünaların da (məs. X.H.Koroğlu) qeyd etdiyi kimi, qədim yunan mifologiyasında təsvir olunun Siklop - Polifemdən də qədim tarixə malik olan KDQ-dakı Təpəgöz Təbiət-Cəmiyyət münasibətlərinin parlaq bədii ifadəsidir. İkinci, bu boyda Təpəgözü məğlub edən (mifik - təbiət qüvvəsinə qalib gələn) məhz təbiətin qoynunda böyümüş, aslan südü ilə bəslənmiş Basat obrazı öz qədimliyi ilə diqqəti cəlb edir. Bu obrazı, tərəddüd etmədən altı min ildən artıq tarixi olan şumer dastanı “Gilqameş haqqında dastan”da olan Enkidu obrazı ilə müqayisə etmək olar (Gilqameş-Enkidu qarşıdurması). Burada, hətta süjet uyğunluğu da var. Belə ki, ilahi mənşəli Gilqameşə yalnız təbiətdə böyümüş insan qalib gələ bilər (ilahi - pəri mənşəli Təpəgözlə aslan südü ilə qidalanıb, təbiət qoynunda böyüyən Basat kimi). Bu mifik fraqment Xaosun (ilkin təbiətin) Kosmosa (mədəni cəmiyyətə) çevrilməsi prosesini aydın şəkildə ifadə edir. Basat obrazı da KDQ dastanının çox diqqətçəkən obrazlarından biridir. Bu obrazın şəxsində həm qədimlik (Təbiət - Xaos), həm də müasirlik fenomeni ifadə olunub. Təsadüfi deyil ki, məhz bu obraz özünün totemik mənşəyinə işarə vurur: “Anam adın sorar olsan - Qaba Ağac!, Atam adın deirsən - Qağan Aslan!”
(Ardı var)
525-ci qəzet.-2017.-25 noyabr.-S.18.