Sözün keçdiyi yerlər

 

MƏMMƏD ARAZIN QARŞIDAKI ANIM GÜNÜNƏ

 

Aydın QACAR

 

 

Torpağın üzü soyuq olur, - deyirlər, - söndürür emosiyaları, ovudur kədəri. Üstəgəl, 13 illik bir zaman!? Nə tez ötdü, nə tez gəldi-getdi bu illər...

 

Ancaq Məmməd Araz kədəri, onun poeziyasının büləndiyi kədər kimidi - duyğusal, nurlu, işıqlı! Özünün dediyi kimi - söz də, kədər də, elə “sözdü, qəhərdi, atdı, cilovdu, yəhərdi” və Məmməd Araz sözü bütün hallarda işıqdı, səhərdi.

 

Vəfatından sonra, Gülxanım müəllimənin (yoldaşının) bir etirafı məni çox mütəəssir etmişdi:

 

- Dörd divar arasında qalmaqdan bezirdi son vaxtlar... Adam içinə, çölə-bayıra çıxmaq istəyirdi,... özüm də xəstə idim. Həm də inanmazdım Məmməd belə tez gedə bilər əlimizdən.

Mexaniki olaraq:  

 

- Bəs niyə demirdiz? Mən elə bilirdim gəl-get sizi də, onu da narahat edər...

 

Və tezcə də sönmüşdüm, bu artıq gecikmiş “qayğıkeşlik” idi.

 

lll

 

... Ətrafımda dop-dolu bir səssizlik, sükut yaratmaq istəyirəm. Təkcə ruhumdan, içimdən gələn səslər eşidilsin. Lap yağışla birgə çilənə, küləksiz havada ağappaq qar kimi ələnə də bilər bu səssizlik. Mən də bu sükut içində, çox yox, - bir ya iki Məmməd Araz şeirinin, sözünün keçdiyi yerlərdən keçim; Məmməd Araz poeziyası ilə nəfəs-nəfəsə, ürək-ürəyə qalım. Təsadüfi səhifəni açıb, sıradan ixtiyari iki şeirlə təmas qurum.

Əslində, hər hansı şeiri təkrar oxumağa ehtiyac da yoxdu, Məmməd Araz qələmindən çıxan nə varsa, çoxdan hopub yaddaşıma, canıma; səhifə açmaq təsadüfi seçim etmək üçündü.

 

Çox dərinə də getməyəcəyəm, tez-tez Məmməd Arazdan söz açmağıma bəzən ağız büzənlər, qısqanclıqla yanaşanlar da olur. Ancaq belə adamlar unudurlar: idealı olmayan  insan özü cılızdı, eqoisdi. Bildirmək, yada salmaq istəyirəm: - bioloji sevgi bütün canlılarda olur, mənəvi sevgi isə yalnız insana məxsusdu.

Mənəvi dünyamı sözsüz, poeziyasız, ətəyinə, dizinə baş qoyduğum şeirlərsiz, təsəvvür edə bilmirəm.

 

Özümü tapdığım yazını, mətni, şeiri oxuyanda, öz ömrümü-günümü oxuyur, yaşadıqlarımı yenidən yaşayır, mənəvi rahatlıq tapıram.

 

Heç nə məni Söz qədər sərməst edə bilmir, bu sayaq bədii qənaətlərə çoxlarının şərik olduğuna da əminəm. Beləliklə:

 

YENƏ DƏ MƏMMƏD ARAZDAN!

 

Onu oxuyanda nəinki insanın, hətta daşın-torpağın, çölün-kövşənin də ağrısını, acısını duya, səsini eşidə bilirəm.

 

Onun sözləri hər bir oxucu ilə eyni soydan, eyni kökdən olur;

 

Onun sözlərinin, şeirlərinin canında, qanında deyilən, yazılan, görünən məqamlardan başqa görünməyən, ancaq insan ruhuna yaxın olan, sözün qançəkərliyimi deyim, ya nə deyim bilmirəm, - var ki, onu izah etmək olmur, - yalnız yaşamaq, duymaq olur.

 

“MƏMMƏD ARAZ QAYASI”, DEKABR 1986.

 

Eldə-obada daşa, qayaya ad vermək ənənəsi var: Gəlin qaya, Toğlu qaya, Ballı qaya, Çadırdaş, Qaval daş və sair.  ...Bir gün Məmməd Araz çobanlardan məktub alır, yazırlar: - Kəlbəcərin “Sarıbulaq” dərəsindəki bir qayaya, sal daşa “Məmməd Araz kürsüsü” adı vermişik.

 

“Fərmanına, təltifinə alqış, ey çoban” - deyib kövrələn Məmməd Araz, xəyalən o qayanın, o çoban hədiyyəsinin görüşünə gedir:

 

Məmməd qaya, Qaya Məmməd

Xoş gördük sizi...

Olsa-olsa, mən olaram adi daş çapan:

Çopur qaya, Qara Məmməd,

Xoş gördük sizi!

 

Beləcə, özünəməxsus salamı, nidası, sözü ilə - daha bir vətən qayasına, vətən daşına əl çəkir, üz qoyur. Sən demə, günlərin birində özü də, üstünə - “Bu daş altda Məmməd Araz yaşayır” yazılmış, Vətən qayasına, Vətən daşına - dönəcəkmiş.

 

Hər zaman - “Şair qayalara, dağlara söykən” - deyən, dağlara güvənən şair, Məmməd Araz qayasına da üz tutub: - “İnsanlığım, daşlığıma söykən, qürrələn  deyir, daş dilində: “danış görüm, a daş qardaş” sorğusu ilə, o, lal qayanı da dindirir.

 

Sözün, fikrin zirvəsinə bax:

 

-  Danış, görüm...

Eşidim yox ha!

 

Əslində bu oxucu yozumundan, fantaziyasından asılıdı, misranı adi formatda da başa düşmək olar, “görmək” mənasında da.

 

Şeirdə bu qatlar məni daha çox çəkir. Zövq alıram, bu qatlarda gəzişməkdən, açıqlama cəhdləri etməkdən. Ancaq qısa olsun deyə bu təfsirlərə keçməyəcəyəm. Sadəcə şeirin axarına düşüb, sözün keçdiyi yerlərdən keçmək, sözlə çəkilmiş təbiət mənzərələrinə tamaşa etmək, bəlkə də yüzüncü dəfə heyrətlənmək istəyirəm: 

 

Bu görüşü göydən baxan qartal da duyur,

Qanadından lələk salır - təbərrük üçün.

Qabaq-qənşər qayalıqda kəklik oxuyur,

Var  ol səni, xallı pəri, bu təbrik üçün.

 

Elə bil mənzərə filminə baxır, kəklik səsi eşidirik, deyilmi...

 

Sonra itən nitqinin, batan səsinin gileyi, şikayəti səslənir:

 

A dağ çayı, səs vermişdin səsindən mənə,

Bir yaz günü nəfəsimdən qapdılar onu.

Yumalayıb, tapdalayıb palçıq yerinə

Üzü bomboz divarlara yapdılar onu.

 

Bilən bilir, son anacan itirdiyi səsi gəzib Məmməd Araz, - əriyib səs, qeyb olub səs  ürəyinin vulkanında...

1970-ci ilin o məşum günündən (ədalətsiz qərarla işindən uzaqlaşdırılıb tənqid, təqib olunması, xəstəlik tapmasından) neçə onilliklər ötsə də, - əfsus və əfsus!!! Hələ də “yuxarıdan aşağıya yağan daşları, aşağıdan yuxarıya qaytara” bilmirik! Hələ də tufan olub, külək olub “beyinlərdə, ürəklərdə daş yara” bilmirik! “Fərhad külək” necə yıxsın bu daşları Şair?..

 

Soruşursan:

 

- Qılıncımı  bürmələyib, qalan səsimi

Şəhriyara pay yolladım, bilməm aldımı?

Nigaransan:

Şəhidlərin qəbri üstə yanan səsimi

Yanan qandı, duyan duydu...

Danan oldumu?”

 

beləcə,.. şair çiyninə yığılmış - “yerin-göyün ağır yığını” ilə şeirin sonuna, yaxınlaşırıq... Çoban hədiyyəsinə, sal daşa söylədiyi, son iki misra isə uvertüradı, daş himnidi, Məmməd Araz harayı, Məmməd Araz mənəmliyidi:

 

Mən duyuram sən olmağın ağırlığını,

Ey mən-qaya, mən olmaq da asan iş deyil...

 

Bəli, asan deyil Sən olmaq, Məmməd əmi! Heç sənsiz olmaq da asan deyil, bunu da bilirsənmi?...

 

Məmməd Araza nə var: daş ömrü də yaşadı, mamır, duman, şeh ömrü də;  Quşla quş dilində danışdı, daşla daş dilində, şehlə duman-çən dilində. Biz neyləyək: haqsızlıq, çirkab içində itib batdığımız bu yalan dünyada?..

 

Yenə də dar ayaqda güvənc yerimiz Məmməd Araz sözü, Məmməd Araz şeiri olur. O, sənəti, sözü, şeiri ilə dünən də, bu gün də, hələ neçə-neçə onilliklər, yüzilliklər sonra da insanlara mənəvi sığınacaq, təskinlik yeri olacaq.

 

Haşiyə: Yersiz görünsə, bağışlayın! Bu son misraları mən kiçik improvizasiya və yumorla az qala hər gün işlədirəm. Dərs oxumaqdan bezən, tıncıxan nəvəmin də qulağına birinci misranı pıçıldayır, halına acıyıram; - Ev işlərinin çoxluğundan gileylənən xanıma da, - “mən bilirəm sən olmağın çətinliyini,” - deyib guya toxtaqlıq verir, ovudur, sonra da nümayişkaranə divana çöküb: “Ey mən qaya, mən olmaq da asan iş deyil” - söyləyib qıcıqlandırıram...

 

lll

 

Daha bir şeirin, - “Duman ömrü” (1967) şeirinin qanadlarında keçək sözün sarılıb keçdiyi yurd yerlərindən, vətən göylərindən:

 

Ölüm istəyirəm. Qəfil bir ölüm.

Bir kibrit ölümü. Barıt ölümü.

Bir anda bir ovuc dumana dönüm,

İstədiyim səmtə tutum yönümü.

 

Görüm, hər qonanda dağlar qaşına,

O dağdan, o çəndən necə yazmışam?!

Görüm, hər enəndə bulaq başına,

Çiçəkdən, çəməndən necə yazmışam?!

 

Görüm dumanlara qoşula bilmək,

Ayrılıb didərgin olmaq, necədir?!

İstəksiz dərədən daşına bilmək,

İstəksiz dərəyə dolmaq, necədir?!

 

Görüm bir necədir yerlərə hopub,

Vətən torpağının şehinə dönmək.

Kiçik bir qayanın döşündən qopub,

Böyük bir dünyanın mehinə dönmək...

 

Şeirin rəvan, sakit, canlı ruhu adamın öz ruhunu da çəkib aparır o aləmə. Sözün ağuşunda nə bu dünyadan xəbərin olur, nə də şeirin bitməsindən. Çünki şeir bitsə də xəyal, fikir qanad açıb uçur hələ göylərdə. O ucalıqda isə, sözün sehrindən çıxmaq çətin olur. Əlin - ayağın nərgiz, bənövşə ətirli o dərələrin şehində islanmayınca ayıla bilmirsən. Fikirləşirsən, təəccüblənirsən: doğrudan ha, duman öz istəyi ilə hərəkət etmirmiş ki! “İstəksiz dərədən daşına bilmək, istəksiz dərəyə dolmaq necədi”- qayğısına, intizarına, nigaranlığına heyran olursan!

 

Təbiətin - qasırğa əlindən, tufan əlindən qaçırıb - dumanı dərədə saxlamasını bilirdim, “Dərə” şeirindən. Hətta “Ürəyi dolanda təbiət hərdən, çəkilib gecələr ağlar burada” - sirrindən də hali idim. Ancaq duman istəyi ağlıma gəlməmişdi. Sözlə çəkilmiş bu təbiət lövhəsinə baxdıqca baxmaq istəyir adam.

 

Mən də Məmməd Araz kədərini, dağ döşünə yatmış ağappaq dumana bənzədirəm həmişə; bu duman dağı, dərəni tutsa da, bir güntutarlıq şeh qoyub,  tez də çəkilib gedir, göylərə qalxıb bulud olur, bulaq olur, nur, işıq, yağış, qar olur; gözəl vətən şeiri, şeirin vəsf etdiyi vətən qayaları, vətən daşları olur. Dağları daha bir boy ucaldır, şairin özü ucalıqda, vətəni vəsf edən şeiri ucalıqda edir!

Musa Urudun iki misrası var:

 

Dağ var duman altındadı,

Dağ var dumandan ucadı!

 

Bu şeir tamamıilə başqa anlamda yazılsa da, mən öz yozumumda elə bilirəm, misralarda təsvir olunan hər iki dağ da, bu dağları tutan duman da elə Məmməd Arazdı.

 

Çox istədiyim bir uşaqlıq dostum var: Mirqadir. Naxçıvanda yaşayır, lirikadan kasaddı bir az, mən Məmməd Araz haqda həyəcanla söz açanda deyir:

 

- Ə, mınnan olsa, deyəcək, dünyada nə qədər dağ-daş var, hamısını Məmməd Araz tikib-qurub. Təpələri o düzüb bu Qabıllının üstünə... Ə, bəsdi daaa bə... Ta nə qədər Məmməd Araz olar?! 

 

Mənsə ümidləri, gümanları bir-birinə calaya-calaya özümü inandırmağa çalışıram ki, şeirlərində, şeirləri keçən hər bir vətən nişanəsində, vətən rəmzində, çəkilib şeir yazdığı otaqda indi də Məmməd Araz ruhu dolaşır, yaşayır... Və nə qədər o şeirlər yaşayacaq, xatırlanacaqsa, Məmməd Araz da boy verib öz ucalığında duracaq.

 

Bəlkə də bunlar hamısı, özünü ovutmaq üçün yozulan yuxular, çəkilən ahlardı...

 

Nə bilim, vallah... Mənim üçün ən gözəl rəsm sözün, poeziyanın dili ilə yaradılan təbiət lövhələridi. Ruhu şad olsun Məmməd Arazın, Allah ömür versin Musa Yaquba, Ramiz Qusarçaylıya! Onlar sözlə təbiət lövhələri yaradıb, şəkil çəkiblər, oxucuya bu lövhələrdən, bu şeirlərdən mənəvi zövq almaq qalır təkcə.

 

Məmməd Araz, sözü sal qaya kimi necə oynadır, necə tərpədirsə, eləcə də söz başlayır adamı oynatmağa, tərpətməyə.

 

Deyirlər, hər bir şair ölümü, gedişi ilə dünyanın işığı bir az da azalır. Ancaq tam razılaşmaq olmur bu deyimlə. Cəmi ikicə şeirindən, görün, nə qədər işıq doldu, nur doldu qəlbimizə, dünyamıza... Və Məmməd Araz öz ömründən kəsərək yüzlərlə, belə şeirlər - işıqlar yandırıb dünyamız üçün. 

 

Vəfatının 13-cü ildönümündə, daha bir anım günündə də ruhu şad olsun Məmməd əminin! 

 

 

525-ci qəzet.-2017.-25 noyabr.-S.17.