Nizaminin poetik dili yeni tədqiqatlarda
MƏNZƏRƏ
MƏMMƏDOVANIN NİZAMİ GƏNCƏVİ
DİLİNİN LEKSİK ÜSLUBU İLƏ BAĞLI
TƏDQİQATI BARƏDƏ QEYDLƏR
Nizami əsərlərini dil və üslub baxımından izləmədən, onun klassik Şərq söz sənətindən necə faydalanmasını araşdırmadan şairin yaradıcılığı haqqında tam və ətraflı fikir söyləmək mümkün deyil.
Nizaminin
yüksək söz sənətkarlığını bütövlükdə dərk
etmək üçün
onun müraciət etdiyi, Şərqin poeziya dili olan
fars dilindəki
leksik kateqoriyaların
Nizami qələmində
bədii-estetik vasitələrə
necə çevrildiyini
izləmək, şairin
fars dilinin dil vahidlərinin sintaktik imkanlarından necə istifadə etməsinə diqqət yetirmək vacibdir.
Azərbaycan klassiklərinin farsca
qələmə aldığı
əsərlərinin dil
və üslub məsələləri filologiyamızda
az tədqiq
edilmiş sahədir. Bu sahədə fundamental tədqiqatlara ehtiyac var. Məhz belə tədqiqatlar nəticəsində
şairin fərdi üslubunun özəllikləri
açıqlanır, dilimizə
olan tərcümələrdəki
təhriflər meydana
çıxır. Bütün bunlar
nəzərə alınaraq,
Nizaminin söz sənətkarlığının, poetik üslubunun araşdırılması ümumilikdə,
filologiyanın və şərqşünaslıq elminin
aktual tədqiqat mövzularından sayıla
bilər. Bu baxımdan filologiya üzrə fəlsəfə
doktoru Mənzərə
Məmmədovanın "Nizami
Gəncəvi dilinin leksik üslubu ("İskəndərnamə" əsəri
əsasında)" mövzulu
doktorluq dissertasiyası
və oxşar adlı monoqrafiyası filologiyamızda əhəmiyyət
kəsb edən tədqiqatlardandır. Fars dilinin dərin qatlarına nüfuz edə bilən Mənzərə Məmmədova
2009-cu ildə "Şərəfnamə"
əsəri əsasında
iki cildlik "Nizami Gəncəvi dilinin lüğəti"ni nəşr
etdirmişdir.
Həmin lüğət təqdim
olunan tədqiqat işi üçün bir zəmin idi. "Nizami Gəncəvi dilinin leksik üslubu" adlı tədqiqatda "İskəndərnamə" əsərinin
dili tədqiqata cəlb olunmuşdur. Araşdırmada "İskəndərnamə"nin leksik vahidlər və məcazlar sistemi, bədii təsvir vasitələri,
üslub özəllikləri,
söz yaradıcılığının
maraqlı məqamları,
üslubi antonim və sinonimlərin funksional xüsusiyyətləri
araşdırılmışdır.
Tədqiqatın, "Nizami Gəncəvinin
"İskəndərnamə" əsərində təşbihlər"
adlanan I fəslində
müəllif zəngin
misallar əsasında
əsərdəki təşbihlərin
qrammatik göstəricilərini
tam qruplaşdırmış, təşbih obrazlarının
sahələr üzrə
təsnifatını vermişdir.
Tədqiqatın bu fəslində "İskəndərnamə"də
bədii obraz kimi işlənən zoonimlərin semantik-funksional xüsusiyyətləri
müəyyənləşdirmiş, səma cisimlərinin və qədim silah adlarının təşbih obrazı kimi istifadə olunmasının səciyyəvi
məqamlarını izlənmişdir.
Şairin, mineralogiya və zərgərlik sahəsindən istifadə
edərək, yaratdığı
təşbihlər maraqlı
illüstrativ material əsasında
təqdim olunmuş, təbiət hadisələrini,
zaman bölgüsünü,
oyun və məişət əşyalarının
adlarını əhatə
edən leksemlərin,
toponimlərin, etnonimlərin,
somatik adların, fitonimlərin, tarixi, dini, mifik obrazların
əsərin təşbihlər
sistemində tutduğu
yer araşdırılmışdır.
Müxtəlif sahələri əhatə
edən bədii obrazları, təşbih növlərini sistemləşdirən
tədqiqatçı, onların
yerləşdiyi müxtəlif
söz birləşmələrini
də qruplaşdırmışdır.
Təşbihlərin ətraflı təhlilini
verən müəllifin,
araşdırmanı əsərdəki
təşbihlər sisiteminin
müfəssəl cədvəli
ilə tamamlaması tədqiqatçının topladığı
materialın zənginliyindən
və Mənzərə
xanımın Şərq
poeziyasına xas olan nəfis söz sənətini gözəl bilməsindən
xəbər verir. "Nizami Gəncəvinin "İskəndərnamə
əsərində işlənən
üslubi antonimlər"
adlanan II fəsildə tədqiqatçı,
əsərdəki antonimlərin
mövzu müxtəlifliyini
zəngin misallar əsasında qruplaşdırmışdır.
Tədqiqatçı, nominativ antonimlərdən əlavə, şairin fərdi üslubundan xəbər verən üslubi antonimlərin, oppozisiya qruplarının təsnifatını da vermişdir. Həmin fəsildə dərin elmi analiz nəticəsi kimi üslubi antonimlərinin tərəflərinin qrammatik formalarının müəyyənləşdirilməsi də elmi baxımdan xüsusi maraq doğurur. Dissertasiyada 61 bölgüdə təqdim olunan oppozisiyalar əsərdəki əksiliklərlə bağlı bütün məqamları tam əhatə etmişdir. Bütün bu təsnifatlar dərin elmi analiz və ümumiləşdirmə əsasında əldə edilən bölgüdür. Həmin bölgülər Nizaminin əhatə edən təzadlar silsiləsini tam əks etdirə bilmişdir. "Nizami Gəncəvinin "İskəndərnamə" əsərində üslubu sinonimlər" adlı III fəsildə tədqiqatçı, əsərdə yer alan sinonimlərin semantik, üslubi funksional xüsusiyyətlərini müəyyənləşdirmişdir. İskəndərin epitetlərinin sinonim sırası xüsusi tədqiqat obyekti kimi daha geniş işlənərək, Nizami qələminin fərdiliyinin maraqlı məqamlarını üzə çıxarmışdır. Eləcə də, İran şahı Dara, dahi Firdovsi ilə bağlı üslubi sinonimlər geniş təhlil olunmuşdur. Tədqiqatın bu hissəsində "İskəndərnamə" əsərindəki söz yaradıcılığı ilə bağlı məqamlar da tədqiq olunmuş, maraqlı nəticələr əldə edilmişdir. Nominativ feillərin üslubi sinonimlərinin poetik mətndəki üslubi-funksional rolu da bu fəsildə araşdırılmışdır. III fəsildə üslubi sinonimlərin zənginliyini əks etdirən ətraflı cədvəlin verilməsi daha yeni tədqiqatlara cığır açır. Tədqiqatda diqqətəlayiq məqamlardan biri də dəyərli şərqşünas alim Qəzənfər Əliyevin "İskəndərnamə"nin Azərbaycan dilinə tərcüməsindəki bəzi məqamlarla bağlı bir sıra maraqlı qeydlərin təqdimidir.
Nizami dövründə fars dilinin vəziyyətini, onun leksik-semantik və qrammatik xüsusiyyətlərini öyrənmək baxımından əhəmiyyətli olan bu tədqiqat və tədqiqata cəlb edilən problemlər, yeni araşdırmalar diktə edərək, gələcək tədqiqatlar üçün zəmin yaradır. "İskəndərnamə"nin dil və üslub özəlliklərini digər klassiklərimizin farsdilli əsərləri ilə müqayisə etmək üçün istiqamət verir. Bu da Mənzərə xanımın çoxillik pedaqoji fəaliyyətindən doğan bir məqamdır. O, elmi tədqiqat yolunu seçən gəncləri düşünür, əsəri ilə onlara yeni tədqiqatlar üçün istiqamət verir. Bəhs etdiyimiz tədqiqata əsaslanıb, bir daha təsdiqləmək olar ki, Nizaminin poetik dili özlüyündə mürəkkəb bir idraki-linqvistik prosesdir. Bu prosesin bəzi maraqlı məqamlarının açılmasında bu dəyərli tədqiqatın öz yeri vardır. Sonda qeyd etməliyik ki, təqdim olunan dissertasiya və monoqrafiya klassiklərimizin farsdilli əsərlərinin dil və üslub məsələlərinin tədqiqi sahəsində, nizamişünaslıqda elmi-nəzəri və praktiki əhəmiyyətə malik olan, dəyərli bir elmi tədqiqatdır. Ömrünün 50 ilindən artığını Nizaminin tədqiqinə həsr etmiş və şairin söz dünyasınının bütün cığırlarına yaxşı bələd olan Mənzərə Məmmədova, əslində, filologiya və şərqşünaslıq elminin nizamişünaslıq sahəsində yeni bir cığır açan alimdir.
Şəfəq
ƏLİBƏYLİ
Filologiya üzrə elmlər doktoru, professor
525-ci qəzet 2017.- 28 noyabr.- S.6.