Akademik Bəkir Nəbiyevlə bağlı "Bəkirnamə" kitabının təqdimatı olub

 

Şəlalə MƏHYƏDDİNQIZI

Azərbaycan Radiosunun redaktoru

 

AMEA Mərkəzi Elmi Kitabxanasında "Bəkirnamə" kitabının təqdimatı olub.

 

Akademiyanın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəylinin aparıcılığı ilə keçən tədbirdə ədəbiyyatşünaslıq elmində belə əsərlərin, elm xadimləri haqqında portret kitabların yazılmasının vacibliyindən bəhs edilib. Bu mənada ictimaiyyətə yenicə təqdim olunan "Bəkirnamə"nin qəhrəmanının ədəbiyyatşünaslıq elmində qoyduğu zəngin irsindən söhbət açılıb.

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Fuadın qələmə aldığı "Bəkirnamə" kitabı ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, iki dəfə Dövlət Mükafatı almış akademik Bəkir Nəbiyevin əziz xatirəsinə ithaf edilib.

 

Müəllif kitabın giriş hissəsində alimin öz sözlərinə istinadən "Elə bilirsiniz ki, məni unutmaq olar?!" başlıqlı yazısında onunla bağlı xatirələrini işıqlandırıb. Böyük alimin onun həyatında oynadığı roldan söhbət açıb. Belə bir düha sahibi ilə şəxsi tanışlığı fonunda, aralarındakı elmi müzakirələrin, hər dəfə onunla söhbətində elmə, ədəbiyyata həvəsinin necə vüsət aldığını dilə gətirməyə çalışıb.

 

Esmira Fuad elmin zirvəsinə yüksələn bir ziyalımızın şəxsi portretini yaratmağa müvəffəq olub. Oxucuya qəhrəmanının alimlik fövqündən də yüksəkdə duran insani keyfiyyətlərini açmağa cəhd edib. Onun elm aləmində olduğu kimi, adi həyatda da sadə bir insan, nəcib, ürəyiyuxa bir sima kimi insanlığın ən ali zirvəsinə ucaldığını dilə gətirməyi düşünüb.

 

"Bəkirnamə"nin ön sözündə "Ədəbi tənqid ağırlıqlı ədəbiyyatşünaslıq irsi" adlı yazıda akademik İsa Həbibbəyli Bəkir Nəbiyevin elmi fəaliyyətinə geniş şəkildə nəzər salıb, əsərlərini, monoqrafiyalarını bir-bir xatırladaraq onların təhlilini verib.

 

İsa Həbibbəyli yazır: "Akademik Bəkir Nəbiyev (1930-2012) Azərbaycanın böyük ədəbiyyatşünaslıq elmində imza sahibi olaraq geniş dairədə tanınmış, elmin, ədəbiyyatın və mədəniyyətin inkişafına şərəflə xidmət etmişdir... Ümumiyyətlə, onun altmış il ərzində yaradılmış elmi əsərlərini yazılma tarixindən, janrından və ya həcmindən asılı olmayaraq vahid elmi sistem birləşdirir. Bu əsərlərin problemləri, təhlil üsulları, yanaşma və müqayisə metodları, yazı tərzi yalnız və yalnız Bəkir Nəbiyevə məxsusdur. Bu mənada qələmindən çıxan elmi əsərlərini Azərbaycan ədəbiyyatşünaslığının mükəmməl bir "Bəkirnamə"si adlandırmaq olar. Fikrimizcə, "Bəkirnamə" - həm də akademik Bəkir Nəbiyev haqqında yazılan əsərlərin məcmusu mənasını da ifadə edir..."

 

"Bəkirnamə" kitabında müəllif Esmira Fuad alimin ömür yolunu vərəqləyir. Onun uşaqlıq illərindən üzü bəri cərəyan edən hadisələri nəql edir. Babasının kimliyindən soraq verir. Qəbələnin Mıxlıqovaq kəndindən olan Molla Nəbinin Ağdaşa pənah gətirməsindən, təsadüfdənmi və ya da bilərəkdən Ağdaşın Üçqovaq kəndində məskunlaşmasından, dövrünün xeyirxah insanı olmasından və onun övladlarının el-oba arasında böyük nüfuz sahibi kimi ad qazanmasından, atasının başına gətirilən müsibətlərdən, balaca Bəkirin və onun qardaşı Mahmudun anasına həyan olmasından, halal zəhmətə qatlaşmasından, evə çərək gətirməsi üçün ən ağır işlərdə çalışmasından və elmə gələn yollarından, anası Seyid Zəhra xanımın xeyir duasından doğan işığın Bəkirin həyatına düşməsindən bəhs edir. "Bəkirnamə" kitabında alimin tərcümeyi-halı bədii boyalarla verilir. Müəllif bədii lövhələrdən istifadə edərək canlı süjet xətti əsasında olanları təsvir etməyə çalışıb.

 

lll

 

Repressiyanın qurbanı olan atası Əhməd kişinin həbsi balaca Bəkiri həyatın bütün sınaqlarından keçirib. Ailəyə dəstək olmaq, kiçik yaşlarından çalışmaq və anasına kömək etmək arzusu ilə pinəçik etməyə hazır olan bu balaca oğlanın sonralar ən mötəbər şəxslərdən birinə, ədəbiyyat aləmində əsl söz sahibinə çevrilməsi, ən yüksək elmi titullara sahib olması, akademikliyə aparan yolları kitabın əsas süjet xəttini təşkil edir.

 

"Adını Bəkir qoydum, taleyini Tanri özü versin ..." sərlövhəli məqalədə akademikin anası ilə bağlı məlumat, uşaqlıq və gənclik illərinin ən yadda- qalan məqamları yazılıb. Müəllif Bəkir Nəbiyevin özündən eşitdiklərini, həyatının bütün rənglərini olduğu kimi təqdim etməyə çalışır.

 

Qəhrəmanın xarakterik obrazının real cizgilərini onun arxivində yer alan yazıları ilə tamamlamaq istəyir. Məsələn alimin türk dünyasına bağlılığını təsdiq edən, onun bir söz sahibi kimi təsirləndiyi məqamlardan birini yada salır. Qardaş Türkiyədə baş verən zəlzələdən əziyyət çəkən insanlara kömək etmək istəyi və bununla bağlı yazdığı şəxsi məktubunu oxuculara təqdim edir.

 

lll

 

"Bəkirnamə"də alimlərimizin, elm xadimlərimizin onunla bağlı xatirələrinə də yer ayrılıb. Bütün kitab boyu haqqında deyilmiş sözlərə rast gəlinir.

 

Professor Nizami Cəfərov: "Bəkir Nəbiyevin intellektual zənginliyi onun hissi-emosional həssaslığını bir zərrəcə olsa belə əskiltməmişdir. Mən həmişə müşahidə etmişəm ki, bu və ya digər məclisdə qeyri-adi hadisəyə ilk reaksiyanı məhz Bəkir müəllim verir... Bəkir müəllim ona görə həmişə qabaqda gedir ki, onun bütün fəaliyyəti xeyirxahlığa, insanlığa və həqiqətə əsaslanır. Bəkir müəllim böyük elmin, böyük mədəniyyətin hadisəsidir... Və bir addım yol gedir... Bizdən qabaqda..."

 

Professor Qəzənfər Paşayev: "Çətin və şərəfli elm aləmində usanmadan külüng çalan, ədəbiyyatşünaslıq elmimizin keşiyində müsəlləh əsgər kimi dayanan, yaşamağı yazıb-yaratmaq üçün qənimət sayan, böyük bir elmi müəssisənin görə biləcəyi vüsətli işləri təkbaşına görən, həyatı, yaradıcılığı, insanlara münasibəti, xeyirxahlığı, bəlağətli nitqi, müdrikliyi ilə örnək olan Bəkir Nəbiyev zirvəsi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu zirvədən ədəbiyyatşünaslıq elmimizin geniş üfüqləri apaydın görünür..."

 

Yazıçı Anar: "Bəkir Nəbiyev ədəbiyyatımızın ardıcıl, yüksək səriştəli, peşəkar araşdırıcısı, obyektiv təhlil və tənqid edən, dəyərləndirməyi bacaran görkəmli alim-ədəbiyyatşünaslarımızdandır. Bəkir müəllim ədəbiyyatımızın müxtəlif janrlarında-poeziyada, nəsrdə, dramaturgiyada, tənqid ədəbiyyatşünaslığının özündə meydana çıxan əsərləri, məhz bu janrların, bu sahələrin öz spesifik xüsusiyyətlərini nəzərə alaraq, onları həm milli, həm də ümumbəşəri estetik proseslərlə əlaqələndirərək qiymətləndirə bilir..."

 

Xalq şairi Qabilin vaxtilə Bəkir Nəbiyev haqqında yazdığı bir poeziya nümunəsi də kitabda yer alıb.

 

Kim özünü dartır, çəkir.

Qoy, yadına düşsün, Bəkir.

Fikirləşsin yaxşı-yaxşı

Gərək sadə olsun kişi...

Bəkir bakir sözündəndir;

Bəkirimin bakirliyi,

Bəkirimin təmizliyi

Adından yox, özündəndir.

Ömür qaş-göz arasında,

Biz də növbə sırasında.

Sükan Allah əlindədir,

Gəmi fələk dəryasında... 

 

"Bəkirnamə kitabında" "Gündoğar ölkəyə səyahət" adlı yazıda alimin Yaponiya səfəri işıqlandırılır. "Sokrat və Əflatunun vətəni qədim Yunanıstanda" olan günləri xatırlanır. Arazı adlayarkən "Təbrizin küçələri dolanbadolan" xalq mahısını zümzümə etməsi eşidilir. Onun Şəhriyar poeziyasına sevgisindən xəbər tuturuq. "Şərqin möcüzəsi: Çin Xalq Respublikasına səfəri", "Okeanın o tayında: Yaxın-uzaq Amerikada" olması, "İki cahan şairi Nəsimi"nin məzarını ziyarət etməsi və s. səfərlərindan soraq verilir...

 

Esmira Fuad Bəkir Nəbiyevin gözəl ailə başçısı olmasına da diqqət çəkir. Ailə üzvləri, həyat yoldaşı Ədalət xanımla, övladları ilə görüşüb və onların da söhbətlərini qələmə alır.

 

Oğlu Sadıx atası haqqında deyir: "Atam iman sahibi idi, səhərini dua ilə açıb, gecə yuxusuna da dua edə-edə gedərdi. Dinin-imanın mahiyyətinə varırdı, onu dinin görünən təzahürlərindən çox, mahiyyəti cəlb edirdi. Din onun üçün hər şeydən əvvəl Tanrının bəndələri üçün qoyduğu vicdanlı, halal zəhmətlə sürülən, haqq-ədalətə əsaslanan həyat qaydalarının məcmusu idi. Onun indiki zəmanədə çox qəribə görünən ədalətlilik mövqeyi vardı; yaxşılara və imkansızlara kömək eləmək, ən zəiflərə belə şans vermək, insanların dərdinə şərik olmaq sanki həyat prinsiplərinə çevrilmişdi..."

 

Akademikin qızı Leyla İmanovanın xatirələrində də ibrətamiz məqamlar və bugünkü gəncliyimizə örnək ola biləcək əsl ailə nümunəsi modeli hesab edilən həyati gerçəkliklər əksini tapıb. O danışır ki, anam sanki qoruyucu mələk kimi atamın zövqlə geyinməsinə, vaxtlı-vaxtında keyfiyyətli qidalanmasına, normal yuxu rejiminə diqqət verir və qayğısına qalırdı. Bir insan kimi bir-birlərini çox qiymətləndirir, bir-birinin hisslərinə, rəyinə, mövqeyinə, zəhmətinə dəyər verir və hörmətlə yanaşırdılar. Evdə tez-tez elmi söhbətlər edərdilər... Atamın elmi işlərinin ilk rəyçisi, əsərlərinin ilk oxucusu anam olardı. Anamın şərhləri, məsləhətləri sağlam mündəricəli olardı, onun sözünə, fikrinə atam hörmətlə yanaşar, müzakirə edər və əksər hallarda qəbul edərdi..."

 

"Bəkirnamə"nin redaktoru, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovanın son söz əvəzi yazdığı şeiri ilə kitaba nöqtə qoyulur.

 

Dili şirin, nitqi rəvan,

Ürəyi saf, fikri əlvan,

Sözün karvanına sarvan,

Bələdçiydi, Bəkir müəllim!

 

"Bəkirnamə" kitabı alimin elmi irsini araşdıranlar üçün də dəyərli mənbə olacaq. Qalaq-qalaq əsərlər yazan, haqqında çoxlu fikirlər səslənən Bəkir Nəbiyevin bütün fəaliyyətinə bu kitabda nəzər salınıb, ədəbiyyatşünaslıq elmindəki xidmətlərindən, çalışdığı bütün sahələrdən qısa və müfəssəl məlumatlar öz əksini tapıb.

 

525 ci qəzet.-2017.-29 noyabr.-S.4.