Əjdər Olun "Portretlər"inin
qəhrəmanları...
...GÜRCÜ OXUCULARIN DA
SEVİMLİ OBRAZLARINA ÇEVRİLİR
Bu yaxınlarda Tbilisinin
"Universal" nəşriyyatında Azərbaycan yazıçısı
Əjdər Olun "Portretlər" adlı hekayələr kitabı gürcü dilində işıq üzü görüb. Kitabın redaktoru Quri
Otobaiya, tərtibçisi
Rafiq Hümmətdir.
Kitab artıq gürcü ictimaiyyəti tərəfindən
maraqla qarşılanıb.
Gürcüstan Yazıçılar Birliyinin sədri Bağater Arabuli “Portretlər” haqqında təəssüratlarını bölüşərkən bildirib:
"Həmkarımız Əjdər
Olu gürcü dilində çap olunmuş "Portretlər"
kitabının işıq
üzü görməsi
münasibətilə təbrik
edirik. Onun gürcü yazıçıları
və ziyalıları
arasında çoxlu dostları var. Biz belə fikirləşirik ki, onun "Portretlər"inin
qəhrəmanları gürcü
oxucuları üçün
də sevimli personajlara çevriləcəklər.
Bu kitab Azərbaycan
və Gürcüstan
mədəniyyətləri arasında dostluq münasibətlərinin dərinləşməsində
müstəsna rol oynayacaq.
Ölkələrimiz arasında mədəni əlaqələrin tarixi kökləri var. Biz yazıçılar
bu ənənələri
daim davam etdirməliyik. Mən çox şadam
ki, bu yaxınlarda
Gürcüstan Yazıçılar
Birliyinin tərkibində
Azərbaycan bölməsi
yarandı. Bölmənin sədri isə şair Allahverdi Təkləli (Əhmədov)
təyin olundu. Əminəm
ki, Azərbaycan və gürcü ədəbiyyatlarının təbliğində
bu bölmə yüksək peşəkarlıq
nümayiş etdirəcək.
Biz istəyirik ki, ildə azı
iki dəfə Azərbaycan və gürcü yazıçılarının,
təbii ki, tərcümə olunmuş
almanaxlarını çap
edək. İnanıram ki, Azərbaycan bölməsi hər iki ölkə arasında mədəni əlaqələrin genişlənməsinə
öz töhfəsini
verəcək. Bu minvalla hər iki xalqa sülh
və əmin-amanlıq
arzulayıram".
"Tsiskari" ("Səmanın
qapısı") jurnalının
baş redaktoru,
professor Amiran Qomarteli isə bu barədə söhbət
əsnasında deyib:
"Əjdər Olun
"Portretlər" kitabının
gürcü dilində
çap olunması bizim ictimaiyyət üçün əlamətdar
hadisədir. Jurnalın növbəti sayında
istedadlı Azərbaycan
yazıçısının iki hekayəsini dərc etməyi planlaşdırırıq. Biz öz səhifələrimizdə
vaxtaşırı Azərbaycan
yazıçılarına da
geniş yer veririk. Məsələn, Elçin Əfəndiyevin,
Yusif Səmədoğlunun,
Afaq Məsudun əsərlərini,
gənc yazıçı
Jalə İsmayılı,
şairlərdən Allahverdi
Təkləlini, Rafiq Hümməti artıq çap etmişik. Gələcəkdə də bu ənənələri davam
etdirəcəyik. Mən xüsusilə
qeyd etmək istərdim ki, Gürcüstanda və Azərbaycanda tanınan çox istedadlı bir gənc - Oqtay Kazımlı tərcümə sayəsində
çox uğurlu fəaliyyət göstərir.
Mən onun yaradıcılığını
yüksək qiymətləndirirəm.
O, mənim tələbəm
olub və son illərdəki məhsuldar
işinə görə
gələcəyinə böyük
ümid bəsləyirəm.
Bu gün biz tərcüməçi
və yazıçı
İmir Məmmədli
ilə də sıx əməkdaşlıq
edirik. Oktyabr ayının 11-də Gürcüstan Yazıçılar
Birliyi sədrinin və şair Allahverdi Təkləlinin təşəbbüsü ilə
bizim Yazıçılar
Birliyində Azərbaycan
bölməsi yarandı.
Bu bölməyə Gürcüstanda yaşayan
azərbaycanlı yazıçılar
üzv seçiliblər.
Əminəm ki, bölmə
iki xalq arasında mədəni körpü olacaq”.
Gürcüstan Yazıçılar Birliyi Azərbaycan bölməsinin rəhbəri Allahverdi Təkləli də fikirlərini bölüşüb: "2017-ci il oktyabrın 11-də Birliyin akt zalında Azərbaycan bölməsinin yaranması rəsmi olaraq elan edildi. Bölmənin yaradılmasında məqsəd Azərbaycan və gürcü ədəbiyyatı və mədəniyyətlərinin bir-birinə inteqrasiyasını təşkil və təmin etməkdir. Bundan əlavə, Azərbaycan bölməsinin orqanı kimi "Körük" jurnalını çap etməyi planlaşdırırıq. Bu da Gürcüstanda yaşayıb-yaradan yazarların yetişməsində mühüm rol oynayacaq. "Körük" jurnalı həm Gürcüstanın, həm də dünya ədəbiyyatı və mədəniyyətinin yayımında böyük rol oynayacaq. Tanınmış ədibimiz Əjdər Olun "Portretlər" kitabının gürcü dilində nəşri və gürcü oxucularının ixtiyarına verilməsi 2017-ci ilin mühüm ədəbi hadisəsidir. "Portretlər"də toplanmış əsərlər Əjdər Olun yaradıcılığında xüsusi yer tutur. Mən həmkarıma yaradıcılıq uğurları diləyirəm”.
Tbilisidə çıxan "Sözün işığı" qəzetinin baş redaktoru, elmlər doktoru, Gürcüstan Yazıçılar Akademiyasının, Gürcüstan və Azərbaycan Yazıçılar birliklərinin üzvü Əziz Dəlivəlovun fikrincə, Əjdər Olun "Portretlər" kitabının gürcü dilində çap olunması Azərbaycan və Gürcüstan ədəbi əlaqələrinin daha da genişlənməsinə öz töhfəsini verəcək.
Qeyd edək ki, "Portretlər" artıq İvane Cavaxişvili adına Tbilisi Dövlət Kitabxanasına, Gürcüstan Yazıçılar Birliyinə və onun Azərbaycan bölməsinə, həmçinin, "Tsiskari" jurnalının redaksiyasına hədiyyə olunub.
Nəriman
ƏLİYEV
525-ci qəzet.-2017.-30 noyabr.-S.7.